Seyran Səxavət yaradıcılığı
Türkiyədə elmi iş mövzusu olub
Türkiyənin Egey Universiteti Sosial Elmlər
İnstitutunun Türk dünyası ədəbiyyatları
kafedrasının magistrı olmuş Sayad Həsənlinin
hazırladığı dissertasiya Seyran Səxavətin
sosial-psixoloji romanlarına həsr edilib. "Seyran Səxavətin
həyatı, yaradıcılığı və
sosial-psixoloji romanları" ("Seyran Sahavet'in Hayatı,
Sanatı ve Sosyo-Psikolojik Romanları") başlıqlı
elmi iş "Ön söz", "Xülasə",
"Giriş", üç fəsil, "Nəticə"
və tövsiyələrdən ibarətdir. "Seyran Səxavətin
həyatı, ədəbi şəxsiyyəti və əsərləri"
adlı birinci fəsildə müəllifin həyatı, ədəbi
kimliyi və fəaliyyəti analiz edilib. "Seyran Səxavətin
romanları" adlı ikinci fəsildə isə
yazıçının sosial-psixoloji romanları -
"Daş evlər", "Nekroloq" və "Yəhudi
əlifbası" romanlarının geniş təhlili, eləcə
də romanların müqayisəli təhlili verilib.
"Sosial-psixoloji romanlarında cəmiyyət və fərd
problemi" başlıqlı üçüncü fəsildə
isə ədəbiyyat, cəmiyyət və fərd
anlayışlarının elmi ədəbiyyatda necə
işlənildiyi araşdırılıb və mövzunun əhəmiyyəti
vurğulanıb. Qeyd edək ki, Azərbaycan ədəbiyyatının
önəmli imzalarından olan və özünəməxsus
üslubu ilə seçilən Seyran Səxavətin
"Daş evlər", "Nekroloq" və "Yəhudi
əlifbası" romanlarının tədqiq edildiyi bu
dissertasiya ədibin əsərləri ilə bağlı ən
geniş və hərtərəfli araşdırmalardan biri
olmaqla yanaşı, onun romanlarının sosial-psixoloji aspektdən
incələndiyi ilk tədqiqatdır. Dissertasiya Türkiyənin
Milli Dissertasiya Mərkəzində ("Ulusal Tez Merkezi")
yayımlanıb.
"525-ci qəzet"ə açıqlama verən
Sayad Həsənli dissertasiya mövzusunun öz seçimi
olduğunu deyib: "Türkiyədə ali təhsilin
magistratura pilləsindəki proseslər Azərbaycandakından
fərqlidir. Əgər Azərbaycanda mövzular kafedra tərəfindən
yazılıb verilirsə, Türkiyədə tələbə
və elmi rəhbərin birgə qərarı əsasında
bu mövzu Şuraya təqdim edilir və Şura tərəfindən
mövzunun dissertasiya səviyyəsində
olub-olmadığına qərar verilir. Görkəmli
yazıçımız Seyran Səxavətin romanları
Türkiyə türkcəsinə tərcümə
olunmadığı üçün hazırkı Türkiyə
ədəbi və elmi cameəsi onun əsərlərinə
bir qədər yaddır. Yazıçımızın əsərlərində
kifayət qədər əhəmiyyətli məsələlərə
toxunmuş olsa da, qeyd etdiyim səbəbə görə əsərləri
Türkiyədə araşdırılmayıb. Magistratura
artıq elm yolunda atdığımız bir addım
olduğuna görə elmi işimdə orijinallığın
qorunması mənim üçün olduqca önəmli idi.
Ona görə də belə bir mövzu seçdim və daha
sonra şura qarşısında çıxış edərək
üzvlərə Türkiyədə nə üçün məhz
Seyran Səxavətin əsərlərinin analiz edilməsinə
ehtiyac olduğunu açıqladım. Bundan sonra mövzu
institutumuz tərəfindən təsdiqlənərək
haqqında dissertasiya yazılması üçün uyğun
görüldü. 233 səhifədən ibarət olan dissertasiyanın
ərsəyə gəlməsi təxminən iki il vaxt
aldı. Nəhayət, 2024-cü ilin iyun ayında onu
müdafiə etmək şərəfinə layiq oldum və
qısa müddət əvvəl isə Türkiyənin Milli
Dissertasiya mərkəzində yayımlandı. Bu prosesdə
yazıçımızın fəaliyyəti ilə
bağlı ölkədə əsas araşdırmaları
aparmış Xəyalə Əfəndiyevadan böyük
kömək almışam. İlkin mərhələdə
dissertasiyanın hazırkı halının üzərində
bəzi dəyişikliklər edib onu Türkiyə türkcəsində
elə Türkiyədə kitab halında yayımlamağı
planlaşdırırıq. Gələcəkdə, əgər
doktorantura təhsili alsam, mövzunu davam etdirib təhsilimi
başa vurduqdan sonra Seyran Səxavətin bütün
yaradıcılığını özündə əks
etdirən monoqrafiya hazırlamağı
planlaşdırıram".
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 26 fevral(№36).- S.9.