Sarsılmaz Azərbaycan
- Pakistan əlaqələri
2025-ci il fevralın 24-də Pakistanın Baş naziri Məhəmməd
Şahbaz Şərif Bakıya rəsmi dövlət səfəri
edib. Ötən gün Prezident cənab İlham Əliyevin və
qonağı Məhəmməd Şahbaz Şərifin
iştirakı ilə sənədlərin imzalanması və
mübadiləsi mərasimi olub. Prezident cənab İlham
Əliyev və Məhəmməd
Şahbaz Şərifinin görüşü Azərbaycan-Pakistan
əlaqələrinin inkişafı perspektivlərinə yenidən
baxış imkanlarını göstərib. İki dövlətin
bir-biri üçün yerləşdikləri regionlarla
bağlı strateji tərəfdaş olmaları
üçün əlavə fürsət yaradıb.
Ölkə başçımız cənab İlham
Əliyev ikitərəfli görüşdə ölkələr
arasında güclü qardaşlıq əlaqələrindən
bəhs edərək bildirdi ki, “Bu gün güclü
qardaşlıq əlaqələrini bir daha vurğuladıq.
Xalqlar arasında əlaqələr də uğurla inkişaf
edir. Hər iki tərəfdən qonaqların artan sayı
haqqında məlumat verildi. Dövri əsaslarla uçuşlara
gəldikdə, əminəm ki, onların sayı artacaq. Cəmiyyətlərimizin
nümayəndələri arasında daha çox
qarşılıqlı əlaqənin şahidi
olacağıq. Əziz qardaşım, dəvətimi qəbul
etdiyinizə və Azərbaycana dövlət səfərinə
gəldiyinizə görə Sizə bir daha minnətdaram.
Ölkə lideri kimi fəaliyyətinizdə davamlı
uğurlar arzu edirəm. Sizin baxışınız və həyata
keçirdiyiniz islahatlar həqiqətən nəinki iradənizi
göstərir, o cümlədən iqtisadi sahədə, siyasi
sabitlik sahəsində və Pakistanın beynəlxalq arenada
qlobal iştirakçı kimi potensialında mühüm nəticələr
verir. Bütün bunlar gərgin əməyiniz və heyətinizin
işi sayəsində mümkün olmuşdur. Bir sözlə,
qardaş və dostlarınız kimi, Baş nazir Şərifin
müdrik rəhbərliyi ilə Pakistanın nailiyyətlərinə
çox sevinirik və fərəhlənirik. Biz qardaşlar
kimi bütün gələcək planlarımız və
işlərimizdə Sizinlə olacağıq”.
SSRİ dağılandan sonra Azərbaycan 1991-ci ilin 18
oktyabrında dövlət müstəqilliyini elan etdi. Bundan az
sonra, yəni dekabrın 12-də Pakistan Azərbaycanın
dövlət müstəqilliyini tanıdı. Beləliklə,
Pakistan Türkiyədən sonra Azərbaycanın müstəqilliyini
tanıyan ikinci ölkədir. Eyni zamanda Pakistan Xocalı
soyqırımını rəsmi olaraq tanıyan ilk ölkədir
və Azərbaycanın işğal olunmuş
torpaqlarının azad edilməsi əməliyyatında Azərbaycanı
açıq şəkildə dəstəkləyən
ölkələrdən biridir. Həmçinin Pakistan
Senatının Xarici əlaqələr Komitəsi Xocalı
faciəsini genosid kimi tanımışdır.
Azərbaycana münasibətdə önəmli
faktlardan biri də budur ki, Pakistan Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı öz qəti
mövqeyini bildirib. Azərbaycana dəstək verərək və
həmrəyliyini bildirərək bu günə kimi Ermənistanla
diplomatik əlaqələr qurmayıb. Onu bir dövlət kimi
tanımayıb.
Biz beynəlxalq təşkilatlarda hər zaman
bir-birimizin mövqeyini dəstəkləyən dost ölkələrik.
Pakistan bütün beynəlxalq platformalarda Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyib və Ermənistanın
ərazilərimizin işğalının
dayandırılmasını tələb edib. Müstəqilliyə
yenidən qovuşandan sonra dövlət
başçılarımız mütəmadi olaraq
qarşılıqlı səfərlər edir və müxtəlif
platformalarda ikitərəfli və çoxtərəfli əməkdaşlığa
dair fikir mübadiləsi aparırlar.
İki ölkə arasında diplomatik əlaqələr
1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra iki ölkə
arasında əlaqələr daim inkişaf etdirilib və
bugünkü müttəfiqlik səviyyəsinə çatdırılıb.
1993-cü ilin mart ayında Pakistanın Bakıda, 1997-ci ilin
avqust ayında isə Azərbaycanın İslamabadda səfirlikləri
fəaliyyətə başlayıb. 1993-cü ilin aprel
ayının 30-da BMT Təhlükəsizlik Şurasında qəbul
edilmiş, erməni qoşunlarının Azərbaycan torpaqlarından
qeyd-şərtsiz çıxarılmasını tələb
edən 822 nömrəli qətnamənin qəbul olunduğu
iclasa da Pakistan sədrlik edib və qətnamə Pakistan
hökumətinin birbaşa təşəbbüsü və səyi
nəticəsində qəbul olunub.
İki ölkə arasında təmaslar və
qarşılıqlı səfərlər Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyevin 1994-cü
ilin dekabrında Kasablankada Pakistanın o vaxtkı Baş naziri
Benazir Brutto ilə görüşündən sonra
başlayıb. Bu görüşlə ikitərəfli
münasibətlər yeni inkişaf mərhələsinə qədəm
qoyub. Azərbaycan Prezidenti cənab İlham Əliyev Pakistanla əlaqələrin
inkişafına xüsusi önəm verir və ölkənin
ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və
etimada əsaslanan yüksək səviyyəli münasibətlər
saxlayır. Ölkələrimiz strateji tərəfdaşdır.
Keçən il Prezident cənab İlham Əliyev Pakistana
dövlət səfəri çərçivəsində
xüsusi diqqətlə qəbul edilmişdi. Belə qəbullar
hər dövlət başçısının şərəfinə
təşkil edilmir. Bu, bizim bir-birimizə nə qədər
yaxın və doğma olduğumuzun nümayişidir. Baş
nazir Məhəmməd Şahbaz Şəriflə Prezident
İlham Əliyev arasında ikitərəfli və geniş tərkibdə
görüşlər keçirildi və bir sıra sənədlər
imzalandı. Dövlət başçılarımızın
mətbuata verdiyi açıqlamalarda Prezident İlham
Əliyev Pakistana 2 milyard dollardan artıq sərmayənin
yatırılmasına hazır olduğumuzu və bunun
üçün tələb edilən məsələlərin
bir ay ərzində müəyyən edilməsi
üçün tapşırıqlar verildiyini bildirdi.
Hökumətlərarası komissiyalarda və biznes
forumlarda qarşılıqlı investisiya imkanları
müzakirə olunur. Azərbaycan və Pakistan siyasi, iqtisadi, hərbi-müdafiə,
humanitar və mədəni sahələrdə əməkdaşlıq
edir. Azərbaycan Respublikası Pakistan İslam Respublikası
ilə münasibətlərə xüsusi əhəmiyyət
verir və bu əlaqələrin bütün sahələr
üzrə genişləndirilməsində maraqlıdır.
İki ölkə arasında humanitar sahədə əlaqələrin
inkişafında Heydər Əliyev Fondunun xüsusi rolu
vardır. 2015-ci ildə Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva
“Hilal-e Pakistan” ordeni ilə təltif edilmişdir. Ali məktəblərimiz
arasında da əməkdaşlıq var və
qarşılıqlı şəkildə ölkələrimizə
həsr edilmiş kafedralar yaradılıb. Pakistanın Baş
naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə
rəsmi səfəri çərçivəsində dövlət
başçılarımız arasında aparılmış
müzakirələr və imzalanmış sənədlər
ölkələrarası əlaqələrin inkişafına
yeni impuls verəcək. Bəli, Azərbaycan və
Pakistanın dostluğu əbədi və sarsılmazdır.
Rafiq Məmmədov,
Əməkdar müəllim
525-ci qəzet .- 2025.- 26 fevral(¹36).- S.9.