Ödənc

 

Ay Vətən, canıma ruh əvəzisən,

Başına dolanım, başına dönüm.

Sinəndən dikələn gülün-çiçəyin

Baş qoyub yatdığı daşına dönüm.

 

 

Dağları bürüyən buludun olum,

Buluddan sıyrılan ümidin olum,

Yad əli çatmayan kilidin olum,

Səni sevənlərin xışına dönüm.

 

Səndən aldığımı güvənc eləyib,

Duyğumu duyana şətrənc eləyib,

Beş ili, on ili ödənc eləyib

Bir dəfə uşaqlıq yaşına dönüm!..

 

 

Yarpaq ömrü yaşamaram

 

 

Bir ağacın budağında

Bir yarpağı yel əsdirir.

Kövrəkləşən bir ömürdən

Ayrı ömrə tələsdirir.

 

Tər axıdır puçur-puçur,

Uçur - gülür, gülüb uçur.

Əsən yelin qanadını

Kirpiyiylə silib uçur...

 

Bir ümidin sabahına

Yol gedirəm aram-aram.

İnsanların yaddaşında

Yaşayaram ağac kimi

Yarpaq kimi yaşamaram...

 

 

Söz var...

 

Bax yoxuşa-enişə,

Eniş-yoxuş - əndişə...

Əyil torpağı dinşə,

Dinşə uğurdan qabaq.

 

Yol düşməyib dolaşıq,

Uğur üstə yol - açıq...

Cığır darsa, yola çıx,

Yol var cığırdan qabaq.

 

Qaralmamış bulud get,

Niyyətini durult, get...

Nağılları unut, get,

Söz var nağıldan qabaq...

 

 

Qu nəğməsi

 

Ürəyim uçunur ağ yağışlara,

Ürəyim uçunur, bilmirəm niyə.

Yağan yağışlara ovuc açmışam

Hər damcı kövrək bir nəğmədir deyə.

 

 Yenə yağış yağır, bu yaz səhəri

Torpaqdan nəğmələr cücərəcəkdir.

Təbiət bir ayrı həvəsə düşüb,

Torpaq ayrı biçim bar verəcəkdir.

 

Məhəbbət ömürün qu nəğməsidi,

Bir dəfə oxunur və... əbədiyyət.

Mənim məhəbbətim o vaxtdan bəri

Sənə xatirədi, dünyaya - heyrət...

 

Mənim məhəbbətim durudan duru,

Yağışda yuyunmuş su nəğməsidi.

A gülüm, hər nəğmə könülə yatmır,

Mənim məhəbbətim qu nəğməsidi...

 

 

Bu yağan yağışın ağ damlaları

Qu tükü kimi

Yenə tellərinə toxunaydı kaş...

Mənim məhəbbətim qu nəğməsidi,

Yerlərə-göylərə oxunmamışdan

Sənin ürəyində oxunaydı kaş...

 

 

 

Yolumuza

 

Bu ilin qışı tərs gəlib,

Qar düşəcək yolumuza.

Gözəlim, göylərin nəyi

var, düşəcək yolumuza.

 

Əzəl başdan dünya - gidi,

Çoxdan pas atıb kilidi...

Qar deyil, göyün sirridi,

Sirr düşəcək yolumuza.

 

Ağ istək yağa - təzə-tər...

Gülümsəyə budaq-çətir,

İl boyu gözlədim, yetər,

Şeir düşəcək yolumuza...

 

 

Ay gözəl

 

 

O nə qəhərdi görürəm,

Üz ürəyindən, ay gözəl.

Qoyma bir an uzaq düşə

Köz ürəyindən, ay gözəl.

 

Dillənsənə, a qəlbi daş,

Közə dönür üzümdə yaş...

Yel əsməmiş dinəydi kaş

Söz ürəyindən, ay gözəl.

 

De, nəyin ödəncidi bu,

Nəğməsini oxumur qu...

İnsaf elə, bir içim su

süz ürəyindən, ay gözəl.

 

Bir ağ göyərçinsən...

 

 

Nə geysən yaraşır, bu ki, sirr deyil,

Özün başdan-başa bir yaraşıqsan.

Dünyanın işığı öləziyərdi,

Dünya işığına düşən işıqsan.

Az-az görünürsən, axı nə vaxtdı

Qoyubsan Günəşi intizarda sən.

Səcdəyə gələcək sənə göy üzü,

Bir ağ göyərçinsən bu paltarda sən!..    

 

Onu tanımaq istəsən...

 

Günlərin birində Dan ulduzutək

Göylərdən könlümə enən sevgidən,

Gözümün nuruna dönən sevgidən

Hələ bir kimsənin xəbəri yoxdu.

 

Gündüzüm gecədi, gecələrimin

Üzümə güləsi səhəri yoxdu.

Bu dəli sevda

Çəməndə çiçəyə meh əvəzidi,

Çiçək ləçəyinə şeh əvəzidi.

Göydə ulduzların rəngi saralır

Qulaq kəsiləndə onun səsinə.

Günlərin birində görk olacaqdır

Sevgisiz sıxılan Yer kürəsinə!..

 

Mən sevdiyim gözəl, mən sevən gözəl

Elə bil gözəllik ilahəsidi,

Şirin təbəssümü incədən incə...

Sevgim dinə bilmir, dinib nə desin?

Desin? - necə desin, deməsin necə?..

 

İnsafsız gözəlim həsrət könlümü

Sevgi kitabıtək varaqlayaydı.

Yel əsə, saçları dolaşıq düşə,

Əllərim saçını daraqlayaydı...

 

Gözləyəm, gecikə, yollara baxam...

Gözümdən yollara yol salam - gələ...

Duya ki, cavabsız sualam - gələ...

Gələ məni məndən alan sevginin

Ömrünə-gününə son nəfəs kimi.

Gələ Füzulinin şeirlərindən

Qopan səda kimi, qopan səs kimi...

 

 

Ürək günahkardı...

Unutmaq üçün

Həsrət ocağında dağ olmalıyam,

Özüm öz içimdə boğulmalıyam.

Gündə neçə dəfə ölüb-dirilmək

Onsuz da ruhumu alıb, təzədən

Ruhsuz bədən kimi doğulmalıyam...

 

...Sevdiyim gözəlin gözləri - qara,

Sevdiyim gözəlin sözü şeirdi,

Ocağı şeirdi, közü şeirdi,

Tanrı xoş günündə yaradıb onu,

Yerişi, duruşu, özü şeirdi...

 

Nə deyim, ay gözəl, bu payız günü,

O adda gözəllik ilahəsinin

Hüsnünə heyrandı dünya büsbütün.

Bir dəfə güzgüyə baxmağın bəsdi

Mən sevən gözəli tanımaq üçün!..

 

 

Yoxdu

 

 

Fələyə bel bağlama,

Arşını, bezi yoxdu.

Az verər, çox istəyər,

Çörəyinin duzu yoxdu.

 

Duman olub çökürəm,

Sözdən şirə çəkirəm.

Tapdanıb birəm-birəm,

Salamat izi yoxdu.

 

Sevgidimi? - təklənib,

Torpaqdımı? - ləklənib...

Qəlbim sözlə yüklənib,

Qəlbimin sözü yoxdu.

 

Bu, istəkdi, bu qordu,

Həsrət dizimi yordu...

Sevgimin gözü kordu,

Gözümün gözü yoxdu.

 

Elinizin adı var,

Adı var, səyyadı var...

Sən adda cəlladı var,

Sən adda qızı yoxdu...

 

 Rəşid FAXRALI

525-ci qəzet .- 2025.- 27 fevral(№37).- S.15.