Alma xanım

 

Yaşı 70-ə çatmış qız idi Alma.

Simləri qırıq-qırıq saz idi Alma.

Camaatın dilində söz idi Alma;

- Anan ölsün, - deyirdilər, - Alma xanım!..

Anası çoxdan ölmüşdü

Alma xalası oğlunun üzüyünü qaytaranda.

Bacısıyla üz-göz oldu yazıq qadın,

Dərd, qınaqdan öldü getdi...

Anasından qarğış aldı Alma xanım.

- Səni görüm tək qalasan!

Ömrü boyu yalqız qaldı Alma xanım.

Sevdiyi də vardı, amma

gəlmədilər, almadılar...

Etibarlı oğlan idi,

subay öldü o yazıq da...

Qara, qara qəlbli, qaratikan adamlar,

Öldürdülər, ölmədilər,

Ki, sevənlər bir gün görsün dünyada...

Alma xanım savadlıydı, ziyalıydı,

abırlıydı, həyalıydı.

Özü haqda çox hörmətlə düşünürdü.

"O!" - deyirdi ürəyində özünə.

Bəzən güzgüdə baxanda üzünə

"O"na yazığı gəlirdi...

Daha aşiq olmadı...

Ev aldı, evində işıq olmadı...

Of!.. off!..

Axşamüstü

pəncərənin qabağında dayanıb

qollarını qucayardı,

Sinəsinə basmağa

Bircə uşaq olmadı...

Ox!.. oxx!..

Anan ölsün, Alma xanım!

Kim gördüsə Almanı:

- Üzgün gördük, - dedilər.

- Deyən gərək, nəyin çatmır,

küskün gördük, - dedilər.

Ətrafında bacı-qardaş,

qonum-qonşu tanış çox;

Bir-birinə oxşardılar

Adları fərqli idi.

- Oğul-uşaqdan gileyli,

Gün-güzəran da ki yox...

Hamısı, hamısı dərdli idi:

- Vallah, - deyirdilər, - sənin,

fikrin-zikrin

bizdən azdı...

Alma xanım fikirləşdi:

- Kaş bir uşaq olaydı,

Ondan sonra

miras davası olmazdı...

 

Son nəfəs

 

 

Ölüm alır bu adamı,

Ağacından yarpaq kimi...

Yağış yağır üzərinə,

Qımıldanmır, torpaq kimi...

 

Əhdi pozdu, baş götürüb

Qaçdı yastıq ortağından.

İnşallah, razı qalar

Bu gecəki yatağından...

 

Yol nişanı qaradır, yol

Gedib çıxır bilinməzə.

Son nəfəsi uçdu getdi,

O quş dönməz o qəfəsə...

 

Əli səndən üzülənlər

Gözlərini yoldan yığır...

Yerə-göyə sığmayan da

İki addım yerə sığır...

 

Yatağını yerdən "salıb"

Nöqtə qoyurlar yaşına.

Alnından tarix götürüb

Yazacaqlar başdaşına...

 

Nübar ELDARQIZI

525-ci qəzet .- 2025.- 27 fevral(№37).- S.15.