Cahana sığmayan
aşiq
esse
"Məndə sığar iki cahan,
Mən bu cahana sığmazam"
Nəsimi
Deyirlər, Şekspir haqqında yazılan kitabları
yan-yana düzsən, Londonun bütün küçələrini
tutar. Yəqin dahi Azərbaycan şairi Nizami Gəncəvi
haqqında da (şəhərin adını dəyişmək
şərti ilə) eyni fikri söyləmək olar.
Yazıçı barədə səkiləri örtəcək
qədər kitab yazılandan sonra yenə nəsə yazmaq, əlalxüsus
da yeni bir fikir söyləmək müşkül işdir. Necə
deyərlər, artıq yazılan yazılıb, deyilən
deyilib. Amma dünya poeziya zirvəsini beş dəfə fəth
etmiş dahinin sənin də mənsub olduğun milləti təmsil
etdiyini dərindən dərk edəndə, bu mövzu
insanı, maqnit dəmiri çəkən kimi çəkir.
Mən nə nizamişünas aliməm, nə də
bu mövqedən çıxış etmək fikrindəyəm.
Adi bir yazıçıyam və bu yazıda söyləyəcəyim
fikir və mülahizələr də, təbii ki,
yazıçı baxış bucağından görünən
müşahidələr olacaq. Dahi şairin
yaradıcılığından bəhs edərkən onun
mürəkkəb düşüncə dünyasını səciyyələndirən
bəzi incəliklərə toxunmağa çalışacam.
Başqa sözlə, bu monumental ədəbi gerçəkliyə
yeni bir nöqtədən baxmaqla yeni bir oxucu mövqeyi sərgiləməyə
cəhd edəcəm. Onu da deyim ki, bunu məqsədli şəkildə
etmək fikrindən çox uzağam. Sadəcə, Nizamiyə
sonsuz rəğbətim məni dinc buraxmır...
Nizami Gəncəvinin şah əsəri olan "Leyli
və Məcnun" barədə fikir söyləməyən,
ən azından bu əsəri oxuduqdan sonra uzun müddət
onun təsiri altında olmayan insan tapmaq çətindir. Mən
də həmin poemanı bir neçə dəfə oxumuş
(hətta sözügedən əsərin nəşrlərindən
birinin redaktoru olmaq şərəfinin şirinliyini
dadmışam), əsərdəki çoxşaxəli fikirlərin,
mürəkkəb təşbehlərin altqatına varmağa
cəhd eləmişəm.
Yəqin oxucular yaxşı bilirlər ki, dahi Nizami
"Leyli və Məcnun" poemasını
Şirvanşahı I Axsitanın
(1160-1198) sifarişi ilə
yazmamışdan öncə iki gəncin - Qeyslə Leylinin
ülvi məhəbbətindən bəhs edən çox sadə
(bəlkə də bir az primitiv) ərəb rəvayəti
mövcüd idi.
Bu yerdə qeyd etməliyəm ki, əsərin əsasını
təşkil edən həmin qədim ərəb rəvayətinə
görə, Qeys və Leyli qohumdurlar, daha dəqiq, onlar əmiuşağıdırlar,
ataları doğma qardaşdır. Amma Nizami Gəncəvinin əsərində
onlar qohum deyillər, hətta ayrı-ayrı tayfadan olan iki gəncdir.
Rəvayətdə deyilənə görə, onlar bir-birinə
olan hisslərini şeirlə ifadə eləyərmişlər,
yəni bir-birinə sevgi şeirləri həsr edər,
sonradan bu şeirləri gizlin yollarla bir-birlərinə
ötürərmişlər. Həmin şeirlər sinədəftər
insanların vasitəsiylə dildən-dilə keçərək
ərəb folklorunda özünəməxsus yer tutur. Hətta
deyilənə görə, bədəvi ərəblər,
indi də həmin şeirləri əzbər bilirlər və
yeri gəldikcə məclislərdə oxuyurlar. Güman ki, ərəb
şifahi xalq ədəbiyyatının bu uzunömürlü
nümunələrini rəvayətin qəhrəmanları
deyil, el şairləri yazıb göyərçinlər kimi
minilliklərin sonsuz fəzalarına buraxıblar.
Məlumdur ki, Nizami Gəncəviyə qədər də
ayrı-ayrı şairlər həmin rəvayəti qələmə
almış, nəzmə çəkmişlər, amma
görünür, o, məhz dahi Nizami Gəncəvi
yaradıcılığının yüksəkliyində qərar
tutmalı və orada abidələşərək əbədiləşməli
idi.
Bu barədə danışarkən hörmətli
oxucuların diqqətini çox maraqlı bir məqama yönəltmək
istərdim.
Məlum məsələdir ki, istənilən əsər
öz adından başlanır. Biz də haqqında fikir
yürütmək istədiyimiz əsərin sərlövhəsindən
başlayaq: "Leyli və Məcnun"... Nəyə görə
dahi şair öz əsərini "Leyli və Qeys" deyil,
"Leyli və Məcnun" adlandırdı? Leyli qadın
adıdır, amma Məcnun kişi adı deyil axı. Məcnunluq
Qeysin ruhi durumudur, onun ruhi vəziyyətini əks etdirən
bir haldır, yəni məcnunluq Qeysin qəlbinə, daxilinə
hakim kəsilən vəziyyətdir. Başqa sözlə, Qeys
sevəndən sonra Məcnun olub.
Bəli, Leyliyə olan alovlu sevgisi Qeysi çöllərə
salıb Məcnuna çevirib. Bir dəfə Məcnun səhrada
gəzə-gəzə gəlir, uçuq bir divarın
yanında dayanır. Qəflətən görür ki, divara
iki ad - Məcnun və Leyli - yazılıb. Oğlan
divardakı adlara baxır-baxır, birdən
yaxınlaşıb dəli bir ehtirasla Leyli adını
dırnaqlarıyla sıyırıb qoparmağa cəhd edir və
nəticədə sıyırır, Leyli sözünü Məcnun
sözünün yanından pozur. Bu hadisənin şahidləri
ondan soruşurlar ki, ey Qeys, sən niyə belə elədin,
Leylinin adını divardan niyə sildin, sən onu sevirsən
axı! Görün, Qeys onların cavabında nə deyir?
Əgər burada Məcnun sözü yazılıbsa, Leyli
sözünə ehtiyac qalmır, çünki Leyli Məcnunun
içindədir, Leyli Məcnunun qəlbindədir, nəhayət,
Leyli Məcnunun varlığındadır. Başqa sözlə,
Məcnunda həm Qeys var, həm də Leyli. Yəni o deyir ki,
mən bir Məcnun olaraq bir qabığam, zahirəm, Leyli isə
mənim məzmunumdur. Mən sadəcə çərçivəyəm,
Leyli həmin çərçivənin içində olan mənadır.
Belə ki, əgər Məcnun yazılıbsa, digər ada
ehtiyac yoxdur, sevilən xanımın adı sevən kişinin
adının içindədir, onun qəlbinin dərin qatlarındadır.
Bax, bu yerdə yuxarıdakı fikrimə
qayıdıram: müəllif - dahi Nizami ona görə Qeys
adını əsərin başlığına
çıxarmadı, onu Məcnun sözü ilə əvəz
elədi ki, bütün poemanın məğzi və mənası
Məcnun sözündədir.
Leylini İbn Salama ərə verirlər və o bir
axşam, Məcnunu sevdiyini ona da açıb deyir. Unutmayaq ki,
məkan Şərq, zaman orta əsrlərdir. Xanımın
öz qəlbinin dərinliyindəki ülvi sirri ərinə
açması çox müşkül, hətta o dövr
üçün ağlasığmaz bir işdir. Amma Leyli
özündə cəsarət tapıb bunu deyə bilir.
Nizami Gəncəvinin bu cür qadın obrazından bəhs
edərkən onun digər bir şedevrinin baş qəhrəmanı
- Şirin obrazı yada düşür. Sözsüz ki, biz azərbaycanlılar
üçün Nizaminin hər bir əsəri və
yaratdığı hər bir obraz əzizdir. Çünki
onlar azərbaycanlı zəkasından doğan, azərbaycanlı
təfəkkürünün məfkürəsində bişən,
sonradan bəşəriyyətə bəxş olunan əsərlər
və obrazlardır. Biz bununla daim fəxr edirik və həmişə
fəxr edəcəyik. Bəli, həmin daimyaşar obrazlardan
biri də qadın cürəti ilə Leylini xatırladan
"Xosrov və Şirin"dəki Şirin obrazıdır.
Şirinin nə qədər sərbəst olması, güman
ki, oxucuların yaxşı yadındadır. Bu, bir azərbaycanlı
xanımının obrazıdır. Hələ indi, XXI əsrdə
belə ara-sıra qadın emansipikasiyasından,
qadın-kişi bərabərliyi haqqında, qadın
hüquqları barədə danışırlar. Bizim ulu
şairimiz isə hələ orta əsrlərdə Şirin
obrazını, azad qadın obrazını yaradır.
Dahi Nizaminin əsərlərindəki qadın
obrazları haqqında, konkret olaraq Leyli haqqında
danışarkən bir məqama hökmən
toxunmalıyıq və mənə elə gəlir ki,
toxunacağımız həmin məsələ əsərin
dərinliyinə varmaqda bizə yardımçı olacaq.
Nizami Gəncəvinin baxış bucağından
qadın kimdir? Qadın qapıdır. Kişi həmin
qapıdan insaniyyət aləminə daxil ola bilər. Başqa
sözlə, gənc insan həmin qapıdan keçib kişi
ola bilər, bu sözün əsl mənasında sivil insan
dünyasına qədəm qoya bilər. Kişi yerə-göyə
sığmayan sevgisini götürüb həmin qapıdan
çıxıb çöllərə düşə,
ucu-bucağı olmayan, bütün sevgiləri öz
içində birləşdirən sonsuz aləmə də
üz tuta bilər... Məcnun kimi....
Kulturoloji baxımdan bəşər tarixi barədə
maraqlı bir konsepsiya mövcuddur. Bu sahədə
çalışan tədqiqadçıların fikrincə, mədəniyyətlə
çərçivələnmiş insan aləminə gəlməyin
və ordan çıxmağın yolları beş mərhələdən
ibarətdir: 1. Meşələr və vəhşi heyvanat aləmi,
2. Mal-qara və qoyun-quzu üçün otlaqlar, 3. Şəhərətrafı
təsərrüfat, 4. İnsanın özünün
qurduğu şəhərin ətrafına çəkdiyi
hasar və şəhərin alaqapısı və nəhayət
5. Şəhər. Beləliklə, insan sivillik daxilində
öz azadlığını darlaşdıraraq, hiss və
emosiyalarına mədəniyyət çıdarı vuraraq
özünün fəaliyyət sahəsini məhdudlaşdıra-məhdudlaşdıra
dar çərçivəyə salır. Başqa sözlə,
insan hələ ki, çöldədir, hələ ki, şəhərin
alaqapısından daxil olmayıb, onun hisslərinin meydanı
da, fəaliyyət sahəsi də hədsiz-hüdudsuzdur
Bu yerdə Məcnunla müqayisə etmək üçün
qədim dünya ədəbiyyatından başqa bir baş
personajı xatırlamaq istərdim. Söhbət qədim
şumer dastanından - "Bilqamıs"dan gedir. Orada
Bilqamısın özbaşınalığından bezən
çarəsiz insanlar tanrıya dua edərək yalvarırlar
ki, onun azğınlığının
qarşısını alsın. Tanrı onların bu
yalvarışlarının cavabında gildən
Bilqamıssayağı yeni bir igid yaradır və Enkidu
adlandırılan bu igidə də Bilqamısda olan
gücü-qüdrəti, xüsusiyyətləri verir.
Nə qədər qəribə olsa da, insanlara kömək
üçün yaradılan Enkidu da Bilqamıs kimi onları
incitməyə başlayır. Ov məqsədi ilə
qurulmuş tələləri, bərələri qırıb
dağıdır, otlaqları məhv edir, örüşdəki
ev heyvanlarını açıb buraxır və sair. Beləliklə,
Bilqamısdan tanrıya şikayət edən insanlar bu dəfə
Enkidudan Bilqamısa şikayət etməli olurlar.
Bilqamıs bir müddət düşündükdən
sonra belə bir çıxış yolu tapır: şəhərin
ən gözəl xanımını Enkidunun yanına göndərir.
Həm də bu gözəl xanıma tapşırır ki,
Enkidunu görəndə onun qənşərinə
paltarsız çıxsın. Çünki həmin igidin
insan aləminə daxil olması üçün onun qəlbində
kişi ehtirasını oyatmaq lazımdı.
Xanım Bilqamısın tapşırığına
tam dəqiqliyi ilə əməl edir, arayıb-axtarıb ipə-sapa
yatmayan igidi tapır. Onunla üz-üzə gələndə
özünü elə aparır ki, Enkidu ona vurulur və demək
olar, ətrafında hər şeyi, o cümlədən, vəhşi
heyvanları, hətta onlarla dostluğunu belə unudur. Bu
minvalla yeddi gün, yeddi gecə həmin qadınla birlikdə
qalır, qadın göstərdiyi nəvazişdən
savayı, ona isti xörək bişirir. Enkidu həyatında
ilk dəfə od-ocaq görür. Od-ocaq isə artıq ailə,
ev-eşik deməkdir, sivil insanların mədəni aləminə
gəlmək deməkdir. Beləliklə, igid öz
azadlığını unudur, yuxarıda dediyim kimi, qadın
onun önündə qapı kimi açılır, Enkidu həmin
qapıdan keçərək öz həyatının nəhayətsizliyini
məhdudlaşdırır, beş mərhələni
ardıcılıqla keçib şəhərə, yəni
hasarlı məkana, başqa sözlə, sivilliyə daxil
olur...
Əsrlər keçir, Məcnuna Leylinin timsalında
bir qapı açılır, yuxarıda dediyimiz kimi,
dünyalarca sevgisinin sığmadığı çəpərli
sahədən çıxıb çöllərə
düşür, əsrlər öncə Enkidu gəldiyi yolu
geri qayıdır və ucsuz-bucaqsız sonsuzluğa
qovuşur. Məcnun bu addımıyla göstərir ki, əsl
eşq, gerçək məhəbbət bir şəhərin
içinə, insanların yaratdığı çərçivəyə
sığmır. O, qapını arxasınca çırparaq
geniş fəzalara, aləmin sonsuzluğuna, həyatın
başlanğıcına, təbiətin ilkinliyinə can
atır.
"Leyli və Məcnun"dan sonra yazılan
bütün əsərlərin, ələlxüsus da qərb
ədəbiyyatındakı sevgi romanlarının baş qəhrəmanlarını
Məcnundan fərqləndirən başlıca cəhət də
məhz budur: Onlar sevərkən qapıdan içəri girməyə,
yəni qapalı məkana can atırlar, çünki
onların sevgisi də ora sığır, özlərini də
çərçivəli mühitdə daha rahat hiss edirlər.
Məcnun isə qapını arxasıyla şəstlə
örtüb öz sevgisi ilə birlikdə kainatın
sonsuzluğuna qovuşur.
İmir MƏMMƏDLİ
525-ci qəzet .- 2025.- 27 fevral(№37).- S.14.