"Qalalıyam,
qalalı..."
Azərbaycan xalq mahnısı "Qalalı" ən
məşhur, ən sevilən xalq mahnılarındandır desək,
yanılmarıq. Bu mahnı nəinki Vətənimizdə, eləcə
də bir çox xarici ölkələrdə də
tanınır, sevilir və məşhur ifaçıların
repertuarında yer alır. Dəfələrlə
dünyanın tanınmış vokalçılarının
ifasında "Qalalı" xalq mahnısını dinləmişəm.
Məşhur İtaliya bəstəkarı luçano Berio
(1925-2003) 1964-cü ildə "Messo-soprano və ansambl
üçün xalq nəğmələri" əsərinin birinci hissəsini
yazır. Bəstəkar müxtəlif ölkələrin xalq
mahnılarını aranjiman edərək silsiləyə daxil
edir. Amerika, İtaliya, Siciliya, Fransa xalq mahnılarından ibarət
silsilə "Qalalı" Azərbaycan xalq mahnısı ilə
tamamlanır. Bu maraqlı fakt məni çoxdan
düşündürürdü. Tanınmış
İtaliya bəstəkarı Luçano Berionun
"Qalalı" Azərbaycan xalq mahnısına müraciət
etməsini araşdırmağı
düşünürdüm. Hər dəfə özümə
də məlum olmayan səbəbdən bunu sonraya
saxlayırdım. Bu yaxınlarda ABŞ-ın Los-Anceles şəhərində
yaşayan gəlinimiz Culia (nəvə Rəşid Behbudov həyat
yoldaşı ilə ABŞ-da yaşayır) zəng etdi ki, Kaliforniya
Universitetindən (UCLA) sizinlə danışmaq istəyirlər.
Kaliforniya Universitetinin musiqi fakültəsi, məşhur bəstəkar
Luçano Berionun 100 illik yubileyini qeyd edəcək və həmin
tədbirdə əsərləri səslənəcək. O
cümlədən də, bəstəkarın "Messo-soprano və
ansambl üçün xalq nəğmələri" silsiləsi
ifa olunacaq. Silsilədə "Qalalı" mahnısı da
yer aldığına görə onlar bu mahnının
sözlərini daha dəqiq tələffüs etmək
üçün Azərbaycandan olan kimləsə məsləhətləşmək
istəyirmişlər. Los-Ancelesdə yaşayan və
çalışan gəlinimiz Culia Behbudov artıq Kaliforniya
musiqi aləmində tanındığı üçün
onunla əlaqə saxlamışlar. Culia də onları mənə
yönləndirdi. Mənə zəng edən xanım Kati
Lyunch Universitetin musiqi fakültəsinin opera bölməsində
sonuncu kursda təhsil alır. Kati Lyunch Luçano Berionun
"Messo-soprano və ansambl üçün xalq nəğmələri"
silsiləsini tədbirdə ifa edəcək. Gənc tələbə-müğənni
heç cür inana bilmirdi ki, Rəşid Behbudovun ailə
üzvləri ilə təsadüfən birbaşa əlaqə
yarada bilib. Dediyinə görə, Luçano Berionun "Xalq nəğmələri"
silsiləsini hazırlamağa başlayanda əsərdə Azərbaycan
xalq mahnısı kimi qeyd olunan "Qalalı"
mahnısını orijinalda dinləmək istəyib.
Axtarışları nəticəsində Rəşid Behbudovu
tanıyıb və ilk dəfədən onun səsinə,
ifasına valeh olub.
Amerikalı gənc tələbə-müğənni
"Qalalı" mahnısında nədən bəhs
edildiyini bilmək və Azərbaycan dilində sözləri səlis
tələffüs etmək istəyi ilə bizimlə təsadüfən
əlaqə qura bilmişdi. Luçano Berionun Kaliforniya
Universitetində qeyd olunacaq 100 illik yubileyində Rəşid
Behbudova həsr olunmuş sərgi də düzənlənəcək
və ifasından nümunələr səsləndiriləcək.
Biləndə ki, bu il ölməz müğənninin 110
illiyi tamam olur, universitet rəhbərliyi qarşısında təşəbbüslə
çıxış edib ki, böyük yubiley tədbiri
hazırlasınlar. Kaliforniya Universiteti bu təşəbbüsü
maraqla qarşılayıb və artıq hazırlıqlara
başlanılıb.
Amerikalı gənc tələbə-müğənni
həm də məndən "Qalalı" xalq
mahnısı haqqında məlumatları və eyni zamanda bəstəkar
Luçano Beriyanın bu mahnını necə eşidə biləcəyi
haqqında düşündüklərimi məqalə şəklində
yazmağımı xahiş etdi. Məqalə Universitetin
yubileyə həsr olunmuş xüsusi nəşrində
çap olunacaq. Bu gözəl fürsəti dəyərləndirməmək
doğru olmazdı. Ona görə də Azərbaycan,
Şuşa, mədəniyyətimiz, musiqimiz haqqında
tanıdıcı məlumatlarla yanaşı,
"Qalalı" xalq mahnısının bəstəkar
Luçano Berio yaradıcılığında əks
olunması və dünyanın tanınmış
vokalçıları tərəfindən ifa olunması
haqqında geniş məqalə yazıb göndərdim.
Açığı, çoxdan istəyirdim bu
mövzunu araşdırım. Bu, bir fürsət oldu. Musiqi
tariximiz üçün maraqlı faktlar, məlumarlar üzə
çıxdı. Onları yazmağı qərara aldım
ki, qalsın.
Şuşa şəhərinin ikinci adı
"Qala" olduğunu hər kəs bilir.
Şuşalılar özlərinə "qalalı" deyirlər.
"Qalalı" mahnısı da şuşalı
anlamına gəlir. Demək, bu mahnının da yaranma
etimologiyası Şuşa ilə bağlıdır.
Doğrudur, Azərbaycanın çox yerində "Qala"
toponiminə rast gəlinir. Amma mahnının Şuşa ilə
bağlılığı şübhəsizdir.
Beləliklə, "Qalalı" xalq mahnısı
haqqında ilk yazılı məlumata 1927-ci ildə çap
olunmuş "Azərbaycan türk el nəğmələri"
məcmuəsində rast gəlinir. Məcmuə Üzeyir bəy
Hacıbəyovun və Müslüm Maqomayevin nota
aldığı xalq mahnılarından ibarət qiymətli
topludur. Bir çox gözəl xalq mahnılarımızla
yanaşı, "Qalalı" mahnısı da topluda yer
alıb. "Qalalı" mahnısını Müslüm
Maqomayev Cabbar Qaryağdıoğlunun ifasından nota alıb və
topluya daxil edib. "Azərbaycan türk el nəğmələri"
toplusundakı mahnılar Üzeyir bəy Hacıbəyov və
Müslüm Maqomayev tərəfindən nota
alınmış və harmonizasiya edilmişdir.
Mahnıların materiallarını Zülfüqar Hacıbəyov
və xanəndə Cabbar Qaryağdıoğlu təqdim ediblər.
Toplu Müslüm Maqomayevin ümumi redaktəsi ilə
çap olunub.
Mahnının geniş populyarlıq qazanması və
sevilməsi 1940-cı illərin ikinci yarısına təsadüf
edir və əfsanəvi sənətkarımız Rəşid
Behbuvovun adı ilə bağlıdır.
1945-ci ildə məşhur "Arşın mal
alan" filminin ekranlara çıxması ilə Rəşid
Behbudovun ulduzu parlamağa başladı. O, nəinki Azərbaycanda,
ucsuz-bucaqsız SSRİ məkanında, dünyanın müxtəlif
ölkələrində milyonların kumirinə çevrilir.
Həmin illərdə gənc bəstəkar Tofiq Quliyevlə
tanış olan və yaradıcılıq ünsiyyətinə
başlayan Rəşid Behbudov ardı-arası kəsilməyən
qastrol səfərlərinə dəvət olunur.
Tanışlığın ilk günündən möhkəm
dostluğa çevrilən bu ünsiyyətin nəticəsində
bir-birindən gözəl nəğmələr yaranmağa
başlayır.
Rəşid Behbudov hələ uşaq
yaşlarında atası, dövrünün çox
böyük xanəndəsi, mahir muğam bilicisi və
ifaçısı Məcid Behbudovun ifasında gözəl
xalq mahnılarını eşitmişdi. Gənc
yaşlarından başlayaraq o da bu mahnıları həvəslə
ifa edirdi. Tofiq Quliyevlə tanışlıqdan sonra Rəşid
Behbudov atasından eşitdiyi bir neçə xalq
mahnısını yenidən işləməyi xahiş edir.
Qeyd etməliyəm ki, Rəşid Behbudovun xalq
mahnılarına çox həssas münasibəti var idi.
Verdiyi minlərlə konsertin eləsi yox idi ki, görkəmli
sənətkar həmin konsertdə bir neçə xalq
mahnısı ifa etməsin. İstər Azərbaycanda, istər
SSRİ məkanında, istərsə də çoxsaylı
xarici ölkələrə səfərləri zamanı
bütün konsertlərində mütləq və mütləq
Azərbaycan xalq mahnılarını repertuarına daxil edirdi.
Tofiq Quliyev, Səid Rüstəmov, Fikrət Əmirov, Niyazi,
Vasif Adıgözəlov, Süleyman Ələsgərov, Rafiq
Babayev və digər bizim görkəmli bəstəkarlarımız
Rəşid Behbudovun təklifi ilə xalq
mahnılarımızı onun ifası üçün yenidən
işləyirdilər. Yaradıcılığının lap əvvəlindən
ömrünün sonuna qədər bu ənənəyə
sadiq qalan ölməz sənətkar xalq
mahnılarımızı müxtəlif versiyalarda, müxtəlif
müşayiətlərlə, fortopiano ilə müşayiətdən
tutmuş böyük simfonik orkestrin, instrumental ansamblın,
xalq çalğı alətləri ansamblının,
estrada-simfonik orkestrinin müşayiəti ilə ifa edərək
bizə əmanət qoyub.
Beləliklə, 1946-cı ildə Tofiq Quliyev Rəşid
Behbudovun təklifi ilə "Qalalı" xalq
mahnısını onun ifa tərzi üçün işləyib
hazırlayır. Böyük sənətkar
saysız-hesabsız konsertlərində "Qalalı" xalq
mahnısını ifa edir və hər dəfə
mahnını özü elan edərdi. "Azərbaycan xalq
mahnısı "Qalalıyam, hey, qalalı" - deyərək
tamaşaçıları bu gözəl mahnının ruhuna
kökləyərdi. Özü də bunu elə şövqlə,
elə həvəslə elan edərdi ki,
tamaşaçılar elə bu elandan riqqətə gələrdilər.
Bununla ölməz səmətkarımız ata yurduna,
Şuşaya ehtiramını bildirərdi. O, "Qalalıyam,
hey, qalalı" mahnısını özünəməxsus
şövqlə, həvəslə ifa edərdi. Doğma
Şuşanı tərənnüm etməkdən zövq
alardı.
1948-ci ildə Moskva şəhərində vinil vallar
istehsal edən SSRİ Nazirlər Soveti yanında İncəsənət
İşləri Komitəsinin "Aprel zavodu"
"Qalalı" mahnısı da daxil edilmiş Rəşid
Behbudovun növbəti valını buraxır. Məlumdur ki,
SSRİ-də vinil valların istehsalı dövlət nəzarətində
idi. Hər hansı bir ifaçının valını
buraxmaq üçün hökumət səviyyəsində qərar
verilirdi. Mahnı yazılanda əvvəl bədii şuradan
keçər, sonra isə radio efirlərinə, konsert səhnələrinə
buraxılardı. Radio efirləri vasitəsi ilə
populyarlıq qazanan mahnı val şəklində
tirajlanardı. Demək, 1948-ci ildə "Qalalı"
mahnısı bütün SSRİ-də artıq kifayət qədər
populyar idi. Həmin valın bir üzündə
"Güloğlan", digər üzündə isə
"Qalalı" xalq mahnıları yer almışdı.
Tofiq Quliyevin işləməsi ilə mahnıları Rəşid
Behbudov öz dövrünüm məşhur pianoçusu
Fişmanın müşayiəti ilə ifa etmişdi. Rus mətninin
müəllifi Q.Stroqanov idi. Ölməz sənətkarın
Azərbaycan musiqisinin təbliğində daha bir özünəməxsusluğu
da ondan ibarət idi ki, o, bizim xalq mahnılarını, bəstəkar
mahnılarını Azərbaycandan kənarda, keçmiş
SSRİ şəhərlərində ifa edərkən
mahnının bir və ya iki bəndini rus dilinə və ya həmin
respublikada məskunlaşmış xalqın dilinə tərcümə
etdirərdi. Xarici ölkələrdə isə həmin
ölkənin dilində Azərbaycan mahmılarını ifa
edərdi. Çin dilində, hindu, tamilli, ərəb, bolqar,
fin, ispan, fars, portuqal, alman, fransız, əfqan, macar, rumın
və başqa dillərdə Azərbaycan mahnısının
bir ya iki bəndini ifa edərdi ki, dinləyici təkcə
musiqimiz haqqında deyil, bu mahnıda nədən bəhs edilməsi
haqqında da məlumatlı olsun.
1948-ci ildə iki xalq mahnımızla buraxılan val
qısa zamanda geniş populyarlıq qazanmışdı. Ona
görə də elə həmin ildə SSRİ Kənd Təsərrüfatı
Maşınqayırma Nazirliyinin Perm şəhərində
yerləşən Kirov adına zavod - KAMA zavodu tərəfindən
həmin val - "Qalalı" və "Güloğlan"
mahnıları yazılmış val yenidən çap
olunaraq dövriyyəyə buraxılır. 1948-ci ildə
Moskvanın "Aprel zavodu" valı təkrar buraxır.
İndi artıq yazı olan hissəsi qırmızı rəngdə.
Bundan əvvəl valın yazı hissəsi tünd bənovşəyi
rəngdə idi. Eyni ildə, yəni 1948-ci ildə artıq
dördüncü dəfə bu val istehsal olunur. Bu dəfə
Moskva Vilayət Soveti Xalq Təsərrüfatı Komitəsinin
val istehsalı zavodunda. Beşinci dəfə isə SSRİ Mədəniyyət
Nazirliyinin Riqa (Latviya) val istehsalı zavodu 1948-ci ildə həmin
valı baraxır. Göründüyü kimi, Rəşid
Behbudovun ifasında "Qalalı" və
"Güloğlan" xalq mahnılarının yer
aldığı vinil val olmazın şöhrət
qazanmışdı. Valların tirajı haqqında məlumat
əldə edə bilməsəm də, bu, SSRİ
dövründə dövlət sirri sayılırdı, hər
halda söhbət milyonlarla tirajdan gedirdi. O dövrdə
"Qalalı" mahnısı SSRİ kimi ucsuz-bucaqsız ərazini
əhatə edən nəhəng bir dövlətdə
çox məşhur idi.
Sonrakı illərdə də Rəşid Behbudov
"Qalalı" mahnısını eyni həvəslə,
eyni şövqlə, eyni fəxarətlə hər yerdə məharətlə
ifa edirdi. Yuxarıda qeyd etdiyim kimi, böyük sənətkar,
alovlu vətənpərvər Rəşid Behbudov
ömrünün sonuna qədər hər konsertində
"Qalalıyam, hey, qalalı" deyərək səhnələri
titrədərdi.
1951-ci ildə görkəmli bəstəkar Cahangir
Cahangirov "Qalalıyam" mahnısının
melodiyasından skripka və orkestr üçün
yazdığı konsertin 3-cü hissəsində (final)
köməkçi mövzu kimi istifadə etmişdir.
1960-cı ildə SSRİ-nin məşhur
"Melodiya" firması Rəşid Behbudovun ifasında
mahnılardan ibarət xarici ölkələrdə
yayılması üçün xüsusi albom-vinil val buraxır.
Valın zərfi rus və ingilis dillərində tərtib
edilib. Valın 1-ci üzündə Azərbaycan xalq
mahnısı "Qalalı", (Azərbaycan və rus dilində),
türk xalq mahnısı "Halvaçı" (türk
dilində), 2-ci üzündə Efiop xalq mahnısı
"Almaz (Amhar dilində), Hind mahnısı (Hind və Urdu
dilində) yer alır. Böyük tirajla və müxtəlif
xarici ölkələrdə geniş yaymaq üçün
buraxılan bu val Rəşid Behbudovun bütün dünyada
milyonların sevimlisi olmasına dəlalət edirdi. Bu val ilə
bağlı maraqlı məlumatlara aşağıda yenidən
qayıdaram. İndi isə "Qalalı"
mahnısının digər toplularda nəşr olunmasına
diqqət edək.
1965-ci ildə Moskvada "Musiqi" nəşriyyatı
Davud Məmmədbəyovun tərtib etdiyi "Azərbaycan
xalq lirik mahnıları" toplusunu çap edir.
"Qalalı" mahnısı da topluda yer alır. Toplunun
qeydlər bölümündə yazılır:
"Qalalı. 1920-ci illərdə xanəndə Cabbar
Qaryağdıoğlunun təqdim etdiyi materiallar əsasında
Müslüm Maqomayev not yazısını tərtib
etmişdir. "Azərbaycan türk el nəğmələri"
toplusunda "Qalalıyam" adı ilə nəşr olunub.
N30 (1927).
Həyatsevərliyi səbəbindən bu qədim
mahnı bu gün də dinləyicilər tərəfindən
uğur qazanmaqdadır. Xüsusilə, SSRİ Xalq artisti Rəşid
Behbudovun gözəl ifasında "Qalalı"
mahnısı dinləyicilərin sevgisini
qazanmışdır..." ("Musiqi" nəşriyyatı,
Moskva, 1965. Səhifə 120)
Qeyd etməliyəm ki, 1930-cu, 50-ci, 60-cı, 70-ci illərdə
Səid Rüstəmov, Tofiq Quliyev, Cahangir Cahangirov və digər
bəstəkarların redaktəsi və işləməsi ilə
nəşr edilən "Azərbaycan xalq mahnıları"
toplularında da "Qalalı" mahnısı yer
almışdır. Eyni zamanda böyük sənətkarımız
Rəşid Behbudovun ifasında yuxarıda qeyd etdiklərimdən
başqa, daha bir neçə dəvə "Qalalı"
mahnısı buraxılan vinil vallara daxil edilmişdir. Bu
yazıda məqsəd bütün bunları sadalamaq deyil.
Araşdırmanın məqsədi "Qalalı" xalq
mahnısının dünyaca məşhur İtaliya bəstəkarı
Luçano Berionun yaradıcılığında yer
almasına diqqəti cəlb etmək istəyirəm. Əvvəlcə
bəstəkar Luçano Berio haqqında məlumatla
tanış olaq.
İtaliyalı bəstəkar, dirijor, pedaqoq
Luçano Berio 1925-ci ildə Liquriya vilayətinin İmperiya şəhərində
musiqiçi ailəsində anadan olub. İkinci Dünya
müharibəsində iştirak edib və yaralanıb.
Müharibədən sonra Milan konservatoriyasında bəstəkarlıq
və dirijorluq ixtisası üzrə təhsil alıb. 1951-ci
ildə ABŞ-a köçüb və orda təhsilini davam
etdirib. Keçən əsrin 50-ci illərində
yaradıcılığının ən parlaq əsəri
olan "Simfoniya"nı yazıb. Bu əsər Nyu-York
filarmoniyası orkestrinin 125 illiyinə həsr olunmuş tədbir
üçün yazılıb və Leonard Bernstayna həsr
olunub. 1965-1972-ci illərdə Cülyard musiqi məktəbinin
bəstəkarlıq üzrə professoru və bu məktəbin
"Yeni musiqi" ansamblının yaradıcısı kimi fəaliyyət
göstərib. 1972-ci ildə Luchano Berio İtaliyaya
qayıdıb. 1974-cü ildən 1980-ci ilə qədər
Parisdə İRCAM mərkəzində elektroakustik musiqi
şöbəsinin direktoru kimi çalışıb. 1987-ci
ildə İtaliyada Florensiya şəhərində "Tempi
Reale" musiqi mərkəzini yaradır. 1994-2000-ci illər ərzində
Harvard universitetinin fəxri bəstəkarı seçilir.
"İtaliya Respublikası qarşısında xidmətlərinə
görə" ordeni ilə təltif olunub. 1988-ci ildə London
Kral Musiqi Akademiyasının fəxri üzvü seçilib.
1994-cü ildə Amerika İncəsənət və Elm
Akademiyasının fəxri xarici üzvü seçilib.
1989-cu ildə Ernst fon Simens Musiqi mükafatına layiq
görülüb. 2000-ci ildə Rim Santa-Çeçiliya
Milli Akademiyasının prezidenti seçilir.
Luçano Berio 2003-cü ildə Rimdə
dünyasını dəyişib.
1964-cü ildə Luçano Berio "Messo-soprano və
ansambl üçün xalq nəğmələri" silsiləsi
tərtib edir. Daha doğrusu, dünyanın müxtəlif
xalqlarına məxsus 11 müxtəlif mahnını bir silsilədə
birləşdirərək onları aranjiman edir. Bu silsilə 2
Amerika, 3 Fransa, 2 İtaliya, 1 erməni, 1 Siciliya, 1 Sandrina xalq nəğməsindən
və "Qalalı" Azərbaycan xalq mahnısından ibarətdir.
Əsər ilk versiyada səs, fleyta, klarnet, arfa, alt,
violonçel və perkussiya (dəfə bənzər zərb
aləti) üçün nəzərdə tutulub. 1973-cü
ildə əsər böyük simfonik orkestr üçün
aranjiman olunur. Qeyd edək ki, Luçano Berio bu əsəri ilk
həyat yoldaşı amerikalı müğənni Keti
Berberiana həsr edib. Əsərin ilk ifaçısı da elə
Keti Berberian olub.
Yuxarıda qeyd olunduğu kimi, Luçano Berio
İkinci Dünya müharibəsində cəbhəyə
yollandığı ilk gündə qolundan yaralanır.
Müharibədən sonra Milan konservatoriyasında təhsil
aldığı zaman qolundakı yaradan əziyyət çəkdiyinə
görə bəstəkarlıq sinfində təhsil almağa
qərar verir. Eyni zamanda Luçano Berio konservatoriyanın vokal
siniflərində müğənniləri müşayiət
etməklə çörəkpulu qazanırdı. Elə
burda da o, ilk həyat yoldaşı, Amerikadan gəlmiş Keti
Berberianla tanış olur.
Yuxarıda qeyd etdiyim kimi, SSRİ-nin məşhur
melodiya firması xarici ölkələrdə yaymaq
üçün 1960-cı ildə Rəşid Behbudovun ifa
etdiyi mahnılardan ibarət vinil val buraxmışdı.
"Qalalı" xalq mahnısının da yer
aldığı bu val, həqiqətən də,
dünyanın müxtəlif ölkələrində
geniş yayılmışdı. Artıq Amerika Birləşmiş
Ştatlarında yaşayan bəstəkar Luçano Berio xalq
mahnılarına böyük maraq göstərdiyinə
görə belə bir valdan yan keçə bilməzdi.
Valı dinlədikdə "Qalalıyam"
mahnısını çox bəyənir və mahnını
1964-cü ildə yazdığı "Xalq
mahnıları" silsiləsinə daxil edir. Mahnı bəstəkarın
o qədər xoşuna gəlir ki, onunla əsərini bitirir.
Rəşid Behbudov həmin vala daxil edilən
"Qalalı" mahnısının iki bəndini və nəqarətini
Azərbaycan dilində, son bənd və nəqarəti isə
rus dilində ifa edib. Bəstəkar Luçano Berio da valdan
mahnının sözlərini eşitdiyi kimi də qələmə
alıb. Dünyanın müxtəlif ifaçıları da əsəri
belə ifa edirlər. Mahnının sözləri valdan
köçürüldüyünə görə təhriflərə
yol verilib. Həm də Rəşid Behbudov, adətən,
mahnılarda bəzi melodik dəyişikliklər edərək
öz avazını, ifa tərzini əlavə edərdi.
"Qalalı" mahnısında da bəstəkar Rəşid
Behbudova məxsus melodik dəyişiklikləri olduğu kimi
saxlamışdır.
"Xalq nəğmələri" əsərində
Luçano Berio "Qalalı" mahnısını Azərbaycan
sevgi mahnısı kimi qeyd edib. Bu əsər Avropada, Amerikada
demək olar ki, bütün musiqi təhsili ocaqlarında tədris
planına salınıb. Təhsil ocaqlarının vokal
şöbəsində təhsil alan tələbələr
"Xalq nəğmələri" əsərini öyrənir
və ifa edirlər. Dünyanın ən məşhur
müğənniləri də bu klassik əsəri konsert
proqramlarına daxil edirlər.
Don Aoşou, Nora Qubiş, Donasyen Mişel-Danzak, Yelena
Rubin, Xedviqa Fassbender, Yard van Nes, Elina Qarança və
başqa dünya şöhrətli ifaçıların
ifasında Luçano Berionun "Xalq mahnıları" əsərinin
və bu əsərin tərkib hissəsi olan
"Qalalı" xalq mahnısının lent yazıları
internet şəbəkələrində geniş
yayılıb. Hələ neçə-neçə məşhur
müğənni bu əsərə müraciət edəcək,
nə qədər gənc tələbə bu əsəri
öyrənəcək. Budur, Rəşid Behbudov sənətinin,
sənətkarlığının gücü, qüdrəti.
Doğma Şuşasına həsr olunmuş mahnını elə
şövqlə, elə ecazkarlıqla, elə məhəbbətlə
oxuyub ki, sözün əsl mənasında, mahnı
bütün dünyaya yayılıb. Bu əsəri ifa etmək
istəyən ifaçı istər-istəməz əsərdə
istifadə olunan mənbələri araşdırır,
mahnıların kökünü tapmağa
çalışır.
Yazımı böyük şairimiz Bəxtiyar Vahabzadənin
Rəşid Behbudovun xalq mahnılarımıza münasibətinı
dəyərləndirərkən qələmə
aldığı fikirlə bitirmək istərdim: "Budur
xalqına, millətinə bağlılıq. Budur xalqına,
millətinə xidmətin adı. Budur xalqın malına
münasinət".
Kamil ŞAHVERDİ
Rəşid Behbudov Fondunun direktoru
525-ci qəzet .- 2025.- 27 fevral(№37).- S.12-13.