Elektron qaydada
şagird yerdəyişmələri nələr vəd edir?
MÜTƏXƏSSİSLƏR BU PROSESİN BİR
NEÇƏ CƏHƏTDƏN SƏMƏRƏLİ
OLDUĞUNU DÜŞÜNÜRLƏR
Fevralın 25-də saat 15:00-dan 2024-2025-ci tədris
ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi
prosesi başlanıb. Yerdəyişmə prosesi məktəbəhazırlıq
qrupları, I-X sinifləri əhatə edir. Şagird yerdəyişməsi
sy.edu.az elektron sistemi vasitəsilə aparılır.
Fevralın 25-dən XI siniflər üzrə şagirdlərin
yerdəyişməsi nəzərdə tutulmayıb. Ümumi
orta təhsil səviyyəsi üzrə buraxılış
imtahanlarına az müddət qaldığından IX sinif
üzrə yerdəyişmə prosesi 5 mart 2025-ci il saat
18:00-da dayandırılacaq və tədris ilinin sonunadək
aktiv edilməyəcək.
İstifadəçilərin fərdi məlumatlarının
təhlükəsizliyinin artırılması məqsədi
ilə Azərbaycan vətəndaşları və ölkə
ərazisində müvəqqəti və daimi yaşama icazəsi
olan xarici ölkə vətəndaşları sy.edu.az
saytında "Digital Login" vasitəsilə qeydiyyatdan
keçərək şəxsi kabinet yaradırlar.
Sy.edu.az sistemində sorğuların yerləşdirilməsi
prosesində hər hansı üstünlük hüququ tətbiq
edilmir. Valideynlər övladları üçün
seçdikləri ümumi təhsil müəssisəsində
tədris sinfinə uyğun boş yerlərə sorğu verə
bilərlər. Həmin müəssisədə boş yer
olmadıqda valideynlər övladlarını növbəyə
yaza bilərlər. Növbədə gözləyən
şagirdlərdən bacı/qardaşı həmin müəssisədə
təhsil alırsa, yaxud valideynlərindən biri həmin
müəssisədə işləyirsə, qeyd edilən
şagirdlərin növbəsi boş yer yarandıqda ilk
öncə sorğuya keçir. Valideynlərin şagird yerdəyişməsi
ilə bağlı hər hansı sualları yarandıqda
sy.edu.az elektron sisteminin əlaqə bölməsinə, ASAN
xidmət mərkəzlərindəki "Təhsil" pəncərəsinə,
MÜTDA-nın 146-2 çağrı mərkəzinə,
Regional Təhsil İdarələrinə müraciət edə
bilərlər. Ümumi Təhsil üzrə Dövlət
Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin
baş məsləhətçisi Fəridə Bilişzadə
deyir ki, vətəndaşın yaşadığı ərazi
ilə məktəb arasındakı məsafə 2 km-dən
çox olduqda, məcburi köçkün məktəblərinə
elektron yerdəyişmə edilə bilər. O qeyd edib ki, vətəndaşın
yaşayış ünvanına daha yaxın məsafədə
yerli məktəb mövcuddursa, bu halda məcburi
köçkün məktəblərinə yerdəyişmə
etməyə icazə verilmir: "Vətəndaşın
yaşadığı ərazi ilə məktəb
arasındakı məsafə 2 km-dən çox olduqda, məcburi
köçkün məktəblərinə elektron yerdəyişmə
edilə bilər. Vətəndaşın yaşayış
ünvanına daha yaxın məsafədə yerli məktəb
mövcuddursa, bu halda məcburi köçkün məktəblərinə
yerdəyişmə etməyə icazə verilmir".
Elm və Təhsil Nazirliyindən bildirilib ki,
şagirdlərin ölkədən xaricə və ya xarici
ölkələrdən Azərbaycanın məktəblərinə
yerdəyişməsi valideynlərin (digər qanuni nümayəndələrin)
ərizələrinin qeydiyyatı aparılmaqla sistem vasitəsilə
həyata keçirilir. Valideyn ilk əvvəl yerdəyişmə
etmək istədiyi məktəbə yaxınlaşaraq
övladının "Ümumi təhsil informasiya" alt
sisteminə daxil edilməsi üçün müraciət etməlidir.
Məktəb həmin uşağı bazaya daxil etdikdən
sonra valideynə övladının UTİS kodunu təqdim
edir. Daha sonra valideyn adi qaydada şagirdlərin elektron yerdəyişməsi
sistemində qeydiyyatdan keçərək sorğu yerləşdirir.
Valideyn (digər qanuni nümayəndə)
övladının işğal olunmuş ərazilərin
yerli təhsili idarəetmə orqanlarının tabeliyində
olan məktəbə (bundan sonra - məcburi
köçkün məktəbi) yerdəyişməsi
üçün sorğu yerləşdirərkən onun məcburi
köçkün olması elektron sistem vasitəsilə
yoxlanır. Valideynin məcburi köçkün
olmasını təsdiq edən sənəd elektron sistemdə
müəyyən edilməzsə, bu barədə müvafiq sənəd
skan olunmuş şəkildə sistemə yerləşdirilir.
Fəridə Bilişzadə qeyd edib ki, şagirdlərin
elektron yerdəyişməsi zamanı imtinaların əsas səbəbi
xarici dil uyğunsuzluğudur: "Digər əsas səbəb
yaşayış ünvanı ilə bağlıdır. Belə
ki, bəzən məlumatlar düzgün yüklənmir və
ya təqdim olunan arayışda qeyd edilən ünvan məktəbin
mikroərazisinə daxil olmur. Əgər şagirdin yerdəyişməsi
üçün müraciət edilən məktəbdə
xarici dil ilə bağlı uyğunsuzluq varsa, birmənalı
olaraq imtina verilir. Lakin məktəb ucqar ərazidə yerləşirsə
və yaxınlıqda alternativ məktəb yoxdursa, o halda yerdəyişmə
təsdiqlənə bilər".
Təhsil eksperti Cahid İmanlının dediyinə
görə, bu prosesdə 11-ci sinif şagirdləri iştirak
edə bilməz.
Buraxılış imtahanlarının verilməsi səbəbi ilə 9-cu sinif şagirdləri
üçün də qeydiyyat prosesi martın 5-nə qədər
davam edəcək. Valideynlər övladlarını yerdəyişmə
etmək üçün ilk öncə yerləşmək
istədiyi təhsil müəssisəsinə müraciət
etməlidir: "Şagirdin köçürülməsi
üçün şərtlər uyğun olarsa, məktəb
rəhbərliyi elektron qaydada şagirdə
çıxarış verir. Məhz həmin
çıxarışı oxuduğu məktəbə təqdim
etdikdən sonra şagird məktəbin
elektron bazasından çıxarılır. Şagirdlər
yeni məktəbə gedərkən onların şəxsi
işləri də özlərinə verilir. Lazım olduqda
yeni məktəb rəhbərliyi şagirdin müvvəfəqiyyət
göstəricilərini də arayiş şəklində tələb
edə bilər".
Təhsil eksperti Kamran Əsədov bildirib ki,
şagirdlərin yerdəyişmə prosesi valideynlər
üçün vacib və diqqət tələb edən bir
prosesdir: "Fevralın 25-də baş tutacaq bu proses
zamanı valideynlər bir sıra mühüm məqamları
nəzərə almalıdırlar ki, övladlarının təhsili
ilə bağlı problemlər yaşanmasın və yerdəyişmə
prosesində heç bir texniki və hüquqi maneə ilə
qarşılaşmasınlar. İlk növbədə,
valideynlər yerdəyişmə prosesinin qaydaları ilə
tanış olmalıdırlar. Şagirdlərin yerdəyişməsi
Təhsil Nazirliyinin elektron sistemində aparılır və
burada müəyyən prosedurlar mövcuddur. Hər bir valideyn
əvvəlcə övladını hansı məktəbə
köçürmək istədiyini dəqiqləşdirməli
və bu məktəbdə boş yerlərin olub-olmaması ilə
maraqlanmalıdır. Əgər seçilən məktəbdə
boş yer yoxdursa, müraciət qəbul edilməyə bilər.
Valideynlər övladlarını yeni məktəbə
köçürmədən əvvəl həmin təhsil
müəssisəsinin şəraiti, tədris səviyyəsi,
müəllim heyəti və akademik mühiti haqqında ətraflı
araşdırma aparmalıdırlar. Bəzi valideynlər
yalnız məktəbin coğrafi yerləşməsinə əsaslanaraq
yerdəyişmə edirlər, lakin bu, bəzən gözlənilən
nəticəni verməyə bilər. Əgər valideyn
övladının daha yaxşı təhsil almasını
istəyirsə, əvvəlcədən seçilən məktəblə
əlaqə saxlamalı, şagirdlərin akademik göstəriciləri
və məktəbin ümumi təhsil keyfiyyəti ilə
maraqlanmalıdır. Yerdəyişmə zamanı ən vacib
məsələlərdən biri də sənədlərin
düzgün şəkildə təqdim edilməsidir".
Ekspertin sözlərinə görə, bəzi hallarda
valideynlər övladlarının məktəb dəyişməsini
sırf şəxsi səbəblərə görə edirlər:
"Lakin burada əsas diqqət yetirilməli məqam odur ki,
şagirdin akademik uğurları və psixoloji
uyğunlaşması nəzərə alınsın.
Çünki tez-tez məktəb dəyişmək
uşağın təhsil prosesinə mənfi təsir
göstərə bilər. Yeni mühitə uyğunlaşmaq,
müəllim və sinif yoldaşları ilə yenidən əlaqə
qurmaq şagird üçün stresli ola bilər. Bu səbəbdən
valideynlər bu qərarı qəbul etməzdən əvvəl
psixoloji aspektləri də nəzərə almalıdırlar.
Əgər şagird orta məktəbdə yuxarı siniflərdə
oxuyursa və buraxılış imtahanlarına
hazırlaşırsa, məktəb dəyişmək bəzi
problemlər yarada bilər. Çünki müxtəlif məktəblərdə
tədris proqramlarının həyata keçirilmə tempi fərqli
ola bilər və şagird yeni məktəbdə əvvəlki
biliklərini uyğunlaşdırmaqda çətinlik çəkə
bilər. Bu səbəbdən, xüsusilə 9 və 11-ci
sinif şagirdlərinin yerdəyişməsi zamanı dərs
proqramlarının uyğunluğuna xüsusi diqqət yetirilməlidir.
Eyni zamanda, bəzi məktəblər valideynlərdən əlavə
ödənişlər tələb edə bilər. Dövlət
məktəblərində belə hallar qanunsuzdur və
valideynlər rəsmi dövlət qurumlarına müraciət
edərək bu cür ödənişlərdən
yayınmalıdırlar. Əgər məktəbə qəbul
zamanı valideynlərdən əlavə ödəniş tələb
olunursa, bu barədə Elm və Təhsil Nazirliyinə
şikayət etmək mümkündür. Nəticə
etibarilə, valideynlər yerdəyişmə prosesində
emosional deyil, rasional qərar verməlidirlər. Onlar yeni məktəbin
imkanlarını, şagird üçün uyğunluğunu
və akademik mühitini araşdırmalı, sənədləşmə
prosesini diqqətlə izləməli və
övladlarının təhsilinə heç bir mənfi təsir
göstərməyəcək şəkildə bu prosesi
tamamlamalıdırlar. Belə olduqda, şagirdin təhsil
keyfiyyəti və akademik inkişafı üçün ən
uyğun qərar qəbul edilmiş olacaq".
Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun
sözlərinə əsasən, şagird yerdəyişməsinin
elektronlaşdırılması bu prosesdə məktəb və
valideyn arasında olan məsafənin azaldılması,
valideynin təhsil müəssisəsi ilə təmasının
daha şəffaf şəkildə təşkilinə
yardım edir. Eyni zamanda prosesin elektronlaşdırılması
tədris ili ərzində şagird yerdəyişməsinin
hesabatlılığı, statistikası və digər bu kimi
məlumatların tez bir zamanda əldə edilməsinə
imkan yaradacaq.
Professor bildirib ki, şagirdlərin ümumi təhsil
müəssisələrinə elektron qaydada yerdəyişməsi
təhsilin inkişafı üzrə dövlət
strategiyası çərçivəsində həyata
keçirilən işlərin tərkib hissəsidir:
"Elektron xidmət ölkənin bütün ümumi təhsil
məktəblərində təhsil alan şagirdlərin bir məktəbdən
digər məktəbə yerdəyişməsini və ya eyni
məktəb daxilində sinfinin dəyişdirilməsi məqsədilə
müraciətlərini qeydə alan, bu müraciətlərin
elektron qaydada baxılmasını və icra edilməsini təmin
edən elektron xidmətdir. Bu elektron xidmətin
yaradılmasında başlıca məqsəd şagirdlərin
hərəkəti prosesinin elektron qaydada avtomatlaşdırılması
və nəticədə mümkün qədər insan
faktorunun azaldılması, prosesin sadələşdirilməsi
və vətəndaş məmnuniyyətinin təmin edilməsidir.
Sistem məktəb məlumatlarının əldə
olunması, yerli idarəetmə orqanları üçün nəzərdə
tutulan interfeys, valideyn interfeysi, qeydiyyat, uşağın
qeydiyyatı, yeni sorğunun yerləşdirilməsi, özəl
məktəblərə keçid halı, gözləmə
menyusu, sorğunun cari statusunu görmək imkanı, onlayn dəstək
kimi funksionallıqlardan ibarətdir".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 27 fevral(№37).- S.11.