"Yoxluğun dən
saldı qara telimə..."
Qələbəmizdən sonra üçtərəfli
sazişin 4-cü bəndindəki "beş il" ifadəsi
o zaman çoxumuza bir narahatlıqla yanaşı, həm də
uzun görünmüşdü. Buna haqlı səbəblərimiz
də vardı, çünki illərlə çox təhlükəli
düşmənlə üz-üzə qalmışdıq.
Yurd-yuva həsrətilə iki nəsil yaşadı və
gözlədi. Səbrimizin tükəndiyi zamanda,
hamının gözlədiyi o əmr verildi və artıq
yetişən üçüncü nəsil Ali Baş
Komandanın əmri ilə silaha elə sarıldı ki, 30 il
sanki bir göz qırpımına çevrildi. Bir atalar məsəli
var: "El bir olsa, dağ oynayar yerindən". Bu həqiqəti
biz 44 gündə yaşadıq... Vətən fədaisi olan hərbçilərimizin
peşəkarlığı, qeyri-adi şücaəti sayəsində
qələbə sorağı bütün dünyanı heyrətə
gətirdi.
Şanlı qələbəmizin beşinci
ildönümünə doğru yol almışıq. Bu
gün haqqında söz açacağımız qəhrəmanımız
əslən Göyçə mahalından olan, ailəsilə
birlikdə el-obasından köçkün düşən,
intiqam hissilə böyüyərək peşəkar zabitə
çevrilən, Vətən müharibəsində
Murovdağ döyüşlərində həlak olan şəhid
mayor Elşad Həsənov, müsahibimiz isə
övladlarını əmanət etdiyi ömür-gün
yoldaşı Aksana xanım Həsənovadır.
- Söhbətə haradan istəyirsinizsə, oradan da
başlayaq...
- Elşadla tanışlığımızdan...
- Buyurun...
- Elşadla qohum idik, lakin bir-birimizi görməmişdik.
İlk dəfə məni toyda görüb və dediyinə
görə, ilk baxışdan da bəyənib. Sonra valideynlərinə
deyib ki, öyrənin o qız kimdir, kimlərdəndir. Bir həftədən
sonra Elşadın elçiləri qapımızı
döydü. Lakin mən razılıq vermədim. Səbəb
onu bəyənməməyim deyildi. Əvvəla, yaşım
az idi, ikincisi, Elşadı tanımırdım. Onun hərbçi
inadı qərarından geri çevirmədi, təkrar gələn
elçilərə bu dəfə "hə" dedim.
2004-cü ilin may ayında nişanlandıq, beş aydan sonra
isə ailə qurduq. Toyumuzdan iki həftə sonra isə
Elşad işinə qayıtdı. Çətin günlərim
elə o zaman başladı. Bir tərəfdən onun
yoxluğu, digər tərəfdən qayda-qanunlarına riayət
etməyə məcbur olduğum yeni bir ailə. Əslində
buna uyğunlaşmaq olardı, əgər Elşad yanımda
olsaydı. Mənim üçün çətin olduğunu
o bilirdi və yanımda olduğunu hiss etdirmək
üçün tez-tez mesajlar yazırdı. Onları təkrar
oxumaq üçün yazdıqlarını dəftərə
köçürmüşdüm, çünki təkrar
oxumaq mənə bir təsəlli idi. O dəftəri indi də
saxlamışam.
- Amma hərbçilərin ailələri adətən
yanlarında olur...
- Elşad Gədəbəydə xidməti vəzifədə
olduğundan yanına gəlməyimə razılıq verməyib
deyirdi ki, burada qaz, su yoxdur, sənə çox çətin
olacaq. Bu, təqribən iki il çəkdi, artıq
qızımızın bir yaşı vardı. Növbəti
məzuniyyətə gələndə mən qəti olaraq
bildirdim ki, ailəmizin bir yerdə olmağını istəyirəm.
Yenə də çətin olacağını bildirəndə
Elşada bir cavabım oldu: "Mən hərbçilə ailə
qurmuşamsa, bütün çətinlikləri də gözə
almışam". Bu sözlərimdən ürəklənərək
məzuniyyətdən sonra ev kirayələyib bizi yanına
apardı. Təbii ki, şəhər mühitində
böyüyən biri üçün ucqar dağ kəndində
yaşamaq, odun peçi qalamaq, su daşımaq o qədər
də asan deyildi. Lakin həm Elşada olan məhəbbətim,
həm ailənin bir yerdə olması bütün çətinlikləri
kölgədə qoydu.
- Və bir körpə uşaqla gəldiniz Gədəbəyin
dağ kəndinə...
- Tərəddüd etmədən gəldim və yeddi
il hər şeyə rəğmən, orada çox xoşbəxt
yaşadım. Qızımız böyüdü, birinci sinfə
getdi. Elə həmin ildə Elşadın təyinatını
Naxçıvana verdilər. Buna o qədər sevindi ki...
Çünki orada hərbçi ailələrinin yaşaması
üçün şəhərciklər vardı və
çətinliklərimiz olmayacaqdı. Mən çətinlik
haqqında artıq heç düşünmürdüm də,
əsas Elşad yanımızda idi. Orada oğlumuz Səid
dünyaya gəldi və bu minvalla aradan səkkiz il də
ötdü. 2019-cu ilin son ayları idi. İşdən gələndən
sonra dedi ki, otur sənə deyəcəyim var: "Bilirəm,
bura sizin üçün rahatdır, artıq
uyğunlaşmısınız da. Amma mən bir zabitəm və
harada oluramsa-olum, Vətənin hər yeri mənə
doğmadır. Əmrim gəlib, təyinatımı Şəmkirə
veriblər". Əvvəlcə mənə qərar vermək
çətin oldu. Sonda biz yığışıb Bakıya
gəldik, uşaqlarla anamgilə yerləşdik, Elşad
Şəmkirdə xidmətinə başladı. Əslində
özümüzə aid evimiz vardı, lakin orada heç
yaşamamışdıq. İkilikdə belə qərara gəldik
ki, öz evimizə köçək. Elşad bizim
üçün hər bir şərait yaratdı, yerbəyer
etdi, özü isə əbədi olaraq cənnətə
qovuşdu.
- Ata və iki övladı...
- Elşad körpə vaxtından nənə himayəsində
böyüdüyündən valideyin sevgisinə ehtiyacı
olub. Ata-ana qayğısından uzaq olduğundan Elşadın
içində böyük bir boşluq vardı. Ona görə
də boş vaxtlarını ancaq övladlarına həsr edərdi,
çalışırdı ki, onların yanında çox
olsun, birlikdə zaman keçirsin. Qızımız dünyaya
gələndə, birinci sinfə gedəndə Elşad
yanımızda ola bilmədi. Bu, bizə o qədər təsir
etmişdi ki... Yalnız bunu demişdi o zaman: "Mən Vətənin
keşikçisiyəm". Qızımız Aysunu tələbə
kimi də görmək Elşada qismət olmadı. 15 sentyabr
2020-ci il... Səid birinci sinfə gedəcəkdi. Uzun zaman idi
Elşadı görmürdük, həm pandemiya vardı, digər
tərəfdən də Tovuz hadisələrində də
iştirak etdiyindən gələ bilməmişdi. 14-ü
axşam saatlarında gözlənilmədən Elşad gəldi,
çox sevinirdi ki, Səidin ilk dərs günü
yanımızda olacaq. Amma müəyyən səbəblərdən
15-i dərs olmadı. Biz Səidə məktəbli
formasını geyindirdik, gül dəstəsini aldıq və
müəlliməsigilə getdik. Elşadın sevincinin həddi
yox idi, biz çox bixəbər idik.
- Sentyabrın 27-nə sayılı günlər
qalmışdı...
- Mən hər şeydən bixəbər idim.
Ayın 16-sı o, hərbi hissəyə qayıtmalı idi və
mən onun çantasını hazırlayırdım.
Uşaqların otağına keçib yuxuda olan
övladlarını öpüb çıxandan sonra
üzünü məndən gizlətsə də, göz
yaşlarını gördüm. Dedim ki, ay Elşad, niyə
pis olursan ki... Bu il məzuniyyətini götürməmisən,
tez bir vaxtda götürüb gələrsən,
uşaqlarınla da bol vaxt keçirərsən. Sözlərimə
əhəmiyyət vermədən tez-tez ayaqqabılarının
ipini bağlayırdı. Mənə heç nə bildirməsə
də, çox dolmuşdu. Hiss edirdim ki, mənə demək
istədiyi nələrsə var, amma susurdu. Taksi gəldi,
qapının ağzında məni qucaqlayıb dedi: "Səni
Allaha, uşaqları sənə əmanət edirəm.
Özünə də, onlara da yaxşı bax". Pilləkənlərdən
düşəndə arxasınsa su atıb dedim ki, su kimi get,
su kimi də gəl. Hardan biləydim ki, Elşadı sonuncu dəfə
yola salıram.
Sentyabrın 26-sı Elşaddan bir mesaj gəldi:
"Nə olacağını bilmirəm. Amma sən çox
güclü qadınsan, sevgiylə dolu anasan. Səni Allaha,
uşaqları sənə əmanət edirəm. Sonun nə
olacağını bilməsəm də, bil ki, səni həyatda
hər bir varlıqdan çox, həm də lap çox
sevmişəm. Biz çıxdıq". Əlim-ürəyim
əsməyə başladı. Tez zəng çaldım ki, nə
baş verdiyini özündən eşidim. Cavab vermədi, lakin
sonra özü görüntülü aradı. Bilmirəm niyə,
amma Elşadın o
görüntüsünü tez telefonun yaddaşına
saldım. Düzdür, keyfiyyəti aşağıdır,
lakin bu, Elşaddan qalan son şəkil oldu. Gecəni
gözümü yuma bilmədim, səhər açılanda
isə bütün telekanallarda, sosial şəbəkələrdə
müharibə xəbəri yayılmışdı. Dayanmadan
Elşada zəng vursam da, əlaqə yox idi. Az keçmədən
özündən zəng gəldi. Dedi ki, mən
yaxşıyam, sən heç narahat olma, tezliklə
Göyçəmizdən sənə şəkillər
göndərəcəyəm. Beləcə imkan olan kimi
gündə bir dəfə zəng vururdu, səsini
eşidirdim. Bütün Azərbaycanda olduğu kimi, nə gecəmiz
vardı, nə də gündüzümüz. Səksəkə
içində qalmışdım. Hər zəng gələndə
diksinirdim, elə bilirdim deyəcəklər ki, Elşad şəhid
olub. Baxmayaraq ki, müharibənin itkisiz olmayacağını
bilirdim.
- Bu olanları təkrar xatırlamağın çox
üzücü olduğunu anlayıram...
- Müharibənin altıncı günü idi - 2
oktyabr 2020-ci il... Gecə Elşaddan zəng gəldi. Həm
sevindim, həm də narahat oldum. Həyəcanla telefonu
açdım, səsini eşidəndə qəhərdən
boğulsam da, bunu bildirməməyə
çalışdım. Səsi mənə qəribə gəldi.
Soruşdum ki, yaralanmısan? Dedi: "Yox, hər şey
yaxşıdır. Sadəcə yorğunam, yuxusuzam".
Heç demə, sentyabrın 30-da qolundan və çiynindən
qəlpə yarası alıbmış. Sonra uşaqların
oyaq olub-olmadığını soruşdu. Aysunun
yatmadığını bilib onunla danışmaq istədi. Həmişəki
kimi ona tapşırıqlarını verdi. Sonda Aysun
atasına: "Ata, səni və əsgərlərimizi Allaha əmanət
edirəm" deyib ağladı. Elşad bir hərbçi
kimi nə qədər sərt xarakterli olsa da, bizə
qarşı çox həssas idi. Aysunun göz
yaşlarına dözməyib telefonu bağladı.
Üstündən az keçməmiş yenə zəng
çaldı. Həmişə qısa və konkret
danışan Elşad sanki sağollaşmaq istəmirdi. Yenə
tapşırıqlarını verdi və
sağollaşdı. Bu
danışıq sanki mənə sonuncu kimi gəldi. Səhər
açılar-açılmaz zəng çaldım, lakin əlaqə
yox idi. Gözlədim, zəng gəlmədi. Bir gün
keçdi, yenə də xəbər olmadı. Yalnız
oktyabrın 4-də xəbər bilmək üçün
Toğanaya gedən qardaşıma deyiblər ki, oktyabrın
2-si saat 11-12 arası Elşad və dəstəsi Kəlbəcər
uğrunda gedən döyüşlərdə şəhid
olub. Bunu məndən 21 gün gizlətdilər.
- Bilmək haqqınız idi...
- Təbii ki, bilməli idim və mən bu xəbəri
Elşadın xidmət etdiyi hərbi hissədə onun
otağında aldım. Güclə özümü
toplayıb bunu deyə bildim ki, bəs hanı mənim şəhidim?
Verin şəhidimi, aparım hamı kimi dəfn edim.
Cavabında bunu eşitdim: "Xanım, sizin şəhidi vermək
üçün gərək ağ bayraq qaldırıb
müharibəni dayandıraq. Bir zabit xanımı kimi buna
razısınız? Razısınızmı bu qədər
oğullarımızın qanı batsın?" O zaman
anladım ki, Elşadın nəşi düşmən tərəfdə
qalıb.
- Amma qalmadı...
- 68 gündən sonra tapıldı, 74-cü günündə
- 16 dekabr 2020-ci ildə II Şəhidlər xiyabanında dəfn
edildi. Ailə səadətimiz cəmi 16 il sürdü və
artıq beş ildir ki, nə səsini eşidirik, nə
üzünü görürük. Amma bir an da olsa, onu
özümüzdən uzaqda hiss etmirik. Tək bir arzum var -
onun verdiyi tapşırıqları layiqincə yerinə yetirmək,
övladlarını Elşadın görmək istədiyi səviyyəyə
çatdırmaq və cənnətdə onunla
görüşmək. Tanrı bunu mənə nəsib etsin.
SÖZARDI: Ağır
müsahibənin sonunda öyrəndim ki, Aksana xanımın
arada şeir yazmağı da var. Elşad həmişə ondan
soruşarmış ki, bəs mənə nə zaman şeir həsr
edəcəksən? Xanımı da zarafatla deyərmiş ki,
sən qocalanda... Elşad isə cəmi 39 il yaşadı və
həyat yoldaşının ona həsr etdiyi ilk şeirin məzmunu
da başqa oldu, oradakı hisslər də...
...Sən getdin, bürüdü evi duman, çən,
Həsrətlə yolunu gözləyərkən mən,
Üçrəngli bayraqdan kəfən geyən sən,
Ən uca zirvədə qanla yazdın ad,
Səni unutmaram, şəhidim Elşad!
Tamilla M-ZADƏ
525-ci qəzet .- 2025.- 27 fevral(№37).- S.10.