“Xocalı – XX əsrin soyqırımı”

 

 

Fevralın 26-da Milli Kitabxanada “Xocalı – XX əsrin soyqırımı” adlı ənənəvi kitab sərgisi açılıb.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova çıxış edərək bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinin ən fəlakətli, ən dəhşətli səhifələrindən biridir. Ermənilərin törətdiyi Xocalı soyqırımı bir tərəfdən hərbi cinayətdirsə, digər tərəfdən dinc əhaliyə qarşı törədilmiş kütləvi terror aktıdır. Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq.

Qeyd olunub ki, Milli Kitabxana hər il soyqırımının ildönümü ərəfəsində müxtəlif tədbirlər, kitab sərgiləri, elektron məlumat bazası və virtual sərgilər, eləcə də kitab təqdimatları keçirir.

Dövlətimizin Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və tanıdılması istiqamətində apardığı geniş miqyaslı işləri xüsusi qeyd edən direktor müavini Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilmiş elektron məlumat bazası haqqında məlumat verib.

Qeyd edilib ki, “XX əsrin faciəsi – Xocalı soyqırımı” adlı elektron məlumat bazası “Rəsmi sənədlər”, “Xocalı rayonu”, “Xocalının Milli qəhrəmanları”, “Soyqırımı haqqında”, “Xocalı şəhidləri”, “Şahidlərin söylədikləri”, “Ermənilərdən etiraflar”, “Ermənilər tərəfindən dağıdılmış abidələr”, “Xocalıya ədalət!” kampaniyası”, “Xocalı soyqırımının tanınması”, “Xocalı soyqırımı mədəniyyətdə”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Xocali-soyqirimi/index.html linkindən istifadə edə bilərlər.

“Xocalı – XX əsrin soyqırımı” adlı ənənəvi kitab sərgisində isə Xocalı soyqırımı, erməni qəsbkarlığının qanlı fəsadlarından bəhs edən Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

 

525-ci qəzet .- 2025.- 27 fevral(№37).- S.9.