Elektron siqaretlər
tütün məhsullarından da zərərlidir
Son zamanlar ölkədə elektron siqaretdən istifadə
edənlərin sayı xeyli artıb. Xüsusən də bu
siqaretlərdən istifadə edənlər arasında yeniyetmə
və gənclər üstünlük təşkil edir. Səhiyyə
Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi
elektron siqaretlərlə bağlı vətəndaşlara
müraciət edib. Bildirilib ki, son illərdə elektron siqaretlər
(veyplər) dünya miqyasında milyonlarla insanın gündəlik
həyatının ayrılmaz hissəsinə çevrilib.
Ənənəvi siqaretlərə alternativ olaraq təqdim edilən
bu cihazlar xüsusilə gənclər və qadınlar
arasında geniş yayılıb: "Rəngarəng
dizaynlar, müxtəlif meyvə və şirniyyat dadı
effekti, marketinq strategiyaları və sosial mediada geniş reklam
olunması elektron siqaretləri gənclər üçün
cazibədar hala gətirir. Bu məhsulların əsas hədəf
auditoriyası ilkin mərhələdə siqareti tərgitmək
istəyən insanlar olsalar da, son illərin statistikaları
göstərir ki, veypdən istifadə daha çox əvvəllər
siqaret çəkməyən şəxslər, xüsusən
yeniyetmələr və gənclər arasında sürətlə
yayılmağa başlayıb".
Səhiyyə Nazirliyindən bildirildiyinə görə,
veyplərin sağlamlıq üçün riskləri barədə
araşdırmalar artdıqca, onların heç də zərərsiz
olmadığı, əksinə, müəyyən hallarda ənənəvi
tütün məhsulları qədər, hətta daha təhlükəli
ola biləcəyi ortaya çıxdı. Veyp mayelərinin tərkibində
müxtəlif kimyəvi maddələr, o cümlədən
nikotin, ağır metallar və insan orqanizminə təsir edən
bir çox zərərli komponentlər mövcuddur. Elektron
siqaretlərin tərkibində tütün olmadığı
üçün onların daha az zərərli olduğu
düşünülür, lakin bu, yanıldıcı təsəvvürdür.
Nikotinin yüksək dərəcədə asılılıq
yaratması ilə yanaşı, ürək-damar, tənəffüs
və sinir sisteminə mənfi təsirləri elmi
araşdırmalar tərəfindən təsdiqlənib.
Mütəxəssislər deyir ki, elektron siqaretlərin
istifadəsi zamanı havaya buraxılan buxar yalnız istifadəçi
üçün deyil, ətrafdakı insanlar üçün
də təhlükə yaradır. Passiv veyp istifadəsi nəticəsində
ətrafda olan şəxslər də nikotin və digər
kimyəvi maddələri inhalyasiya edirlər. Bu isə
xüsusilə uşaqlar, hamilə qadınlar və tənəffüs
xəstəlikləri olan şəxslər üçün
ciddi təhlükə yaradır. Bundan əlavə, elektron
siqaretlərin tüstüsünün olmaması və
dumanının xoş qoxuya malik olması onların qapalı
məkanlarda istifadəsini daha da artırır. Əgər
siqaretin tüstüsü və qoxusu qadağan olunmuş məkanlarda
dərhal hiss edilirsə, veyp aerozolları daha az nəzərə
çarpır. Bu səbəbdən bəzi istifadəçilər
veypləri nəqliyyatda, restoranlarda və digər ictimai yerlərdə
rahatlıqla istifadə edirlər. Bu isə cəmiyyət
üçün daha geniş sağlamlıq problemi yaradır
və bu cihazların diqqətdə saxlanılmasının
vacibliyini ön plana çıxarır.
Bəzi insanlar hesab edirlər ki, elektron siqaretlər ənənəvi
siqaretlər qədər zərərli deyil. Bunu hətta
siqareti tərgitməyin ən səmərəli üsulu kimi
qəbul edənlər də var. Elektron siqaret nikotinli və
nikotinsiz olmaqla iki qrupa bölünür. Lakin əksər
istehsalçılar onun tərkibinə mütləq nikotin
daxil edir və nəticədə elektron siqaretlər də
sağlamlıq üçün eyni dərəcədə təhlükəli
olur.
Amerikalı alimlər müəyyən ediblər ki,
elektron siqaretlərə əlavə edilən nanə və
mentol insan orqanizmində ciddi xəstəliklərə səbəb
olur. Müşahidələrə görə, elektron siqaretlərdə
olan pulegon kimyəvi maddəsi insanda xərçəng
yaradır. Bu maddənin tərkibində nanədən
alınan yağ var. Həmin yağ əvvəllər konfet və
saqqıza əlavə edilirdi. Amma bir il əvvəl ABŞ
Qida məhsullarına və dərman vasitələrinə
sanitar nəzarət idarəsi tərəfindən onun istifadəsi
qadağan edilib. Maddənin qadağan edilməsinə səbəb
isə tərkibində orqanizm üçün xərçəng
riski yaradan vasitə olmasıdır.
Kopenhagen Universitetinin alimləri də elektron siqaretin
orqanizmə zərərli təsirini sübut ediblər.
Araşdırmalar göstərib ki, bu siqaretlər ağciyər
xəstəliklərini artırır, damarlarda tromb yaradaraq,
ürək-damar xəstəliklərinə, cinsi problemlərə,
həmçinin ürək tutması, insult, stenokardiyaya səbəb
olur.
Həkim-terapevt Şəhla Abbaslının sözlərinə
görə, elektron siqaretin zərərli
tərəfləri heç də adi siqaretdən az deyil.
Siqaretin insan orqanizmi üçün ən təhlükəli
tərəfi onun tərkibindəki minlərlə kimyəvi
maddənin, ən təhlükəli isə qətranın
olmasıdır. Həkimlər də ən əsas buna görə
insanlara siqaretdən imtina etməyi məsləhət
görür. Siqaret aludəçiləri isə
çıxış yolunu elektron siqaretdən istifadədə
görürlər. Amma yanılırlar, siqaretin tərkibində
olanlar demək olar ki, elektron siqaretdə də mövcuddur,
buxar halına gətirilən nikotin, xüsusi bitki
yağları, toksik maddələr və s. Bunlar insan
sağlamlığı üçün birbaşa təhlükədir.
Adi siqaretdən fərqli olaraq elektron siqaretdə nikotin maye
şəklində olur. Elektron siqaret içindəki spiral
batareyanın köməyi ilə isinir. İstifadə
zamanı onu çəkən insan tütün
tüstüsü ilə deyil, tütün buxarı ilə nəfəs
alır. Nəticədə nikotin insan orqanizminə daha tez
sorulur və müxtəlif xəstəliklərə gətirib
çıxarır. Elektron siqaretlərin mayelərinin içərisində
olan konsertləndirilmiş maddələr tənəffüs
sisteminə ciddi təsir edir.
Həkim-terapevt bildirir ki, insanların elektron siqareti zərərsiz
hesab etməsi çox yanlışdır. Ondan istifadə
ürəyə ciddi təsir edir. Ürək
döyüntülərini artırır, hətta infarkta səbəb
olur. Elektron siqaretlərin onkoloji xəstəliklər yaratmaq
riski də var. Diş ətinə və dişə təsiri
adi siqaretdən az deyil. Elektron siqaret tənəffüs
sistemini qıcıqlandırır, ağciyərlərə təhlükə
törədir. Ona görə də ondan mümkün
olduğu qədər uzaq durmaq lazımdır. Unutmaq olmaz ki,
istənilən yad cismin, ağciyərin tanış
olmadığı zərərli tüstünün tənəffüs
yollarına getməsi zamanla patologiyalara gətirib
çıxarır. Bəzi insanlar elektron siqaretdən istifadə
edib düşünürlər ki, daha az zərər görəcəklər.
Amma təəssüf ki, belə deyil: "İstər adi
siqaret, istərsə də elektron siqaret təsirini dərhal
göstərmir. Zamanla zərərləri və orqanizmə
vurduğu fəsadlar ortaya çıxır. Elektron siqaretin
istifadə tarixi artdıqca, onların həqiqətən də
ciddi əlavə təsirlərinin olması artıq üzə
çıxmağa başlayır".
Tibb üzrə ekspert, professor Adil Qeybulla bildirib ki, əsasən,
gənc və orta nəslin maraq göstərdiyi elektron siqaretlərin
kanserogen effekti adi siqaretdən geri qalmır: "Bəzi
insanlar elektron siqaretlərin zərərsiz olduğunu bəhanə
edərək, ondan istifadə edirlər. Əslində isə
bu, bəzilərinin uydurduğu yalandır. Çünki bu
siqaretin tərkibindəki süni, aromatik maddələr həm
birbaşa, həm də buxar şəklində nəfəs
yoluna daxil olur. Bu da insan sağlamlığı
üçün çox ziyandır. Bu səbəbdən
elektron siqaretlərin istifadəsindən çəkinmək
lazımdır. Təəssüflər olsun ki, son vaxtlar
elektron siqaretlər bəzi insanların əlində biznesə
çevrildi. Hesab edirəm ki, biz genofondu qorumaq istiqamətində
işlər görməliyik. Ümumdünya Səhiyyə Təşkilatı
onun ziyanını sübuta yetiribsə və bununla bağlı
rəylər ortadadırsa, biz də bəzi ölkələr
kimi ondan imtina etməliyik. Beynəlxalq təşkilatların
bu məsələ ilə bağlı tövsiyələrinə
qulaq asmalıyıq. Ölkədə elektron siqaretlərin
ziyanlı olması ilə bağlı təbliğat işləri
aparılmalı və onun ölkəyə gətirilməsi
qadağan olunmalıdır. Bu zərərli vərdişdən
insanlar əl çəkməlidirlər".
Azad İstehlakçılar Birliyinin (AİB) sədri
Eyyub Hüseynov bildirib ki, rəhbəri olduğu birlik elektron
siqaretlər çıxandan bəri birmənalı şəkildə
bunun əleyhinə olub. İlk dəfə Yaponiyada istehsal edilən
və dünya ölkələrinə ixrac olunan, son olaraq
Çində, ABŞ-da istehsalı davam etdirilən bu siqaretlər
çox təhlükəlidir. Elektron siqaretlərin təhlükəsi
heç də tütündən az deyil. Çünki bu
siqaretlərdə istifadə edilən yağların mənşəyi
və tərkibi bəlli deyil. Elektron siqaretlər hətta
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən
də sertifikatlaşdırılmayıb. Ümumiyyətlə,
siqaret ərzaq malı hesab olunur. Elektron siqaretlər isə nə
siqaretdir, nə də elektron mal. Əgər siqaret olsaydı,
ona aksiz markası şamil olunardı və dövlət
qurumları tərəfindən nəzarət edilərdi.
Tütün məmulatlarının reklamı qadağan
olduğu halda, bu siqaretlərin satışı ilə məşğul
olan şirkətlər külli miqdarda bukletlər yayırlar,
sosial şəbəkələrdə və saytlarda özlərinin
reklamı ilə məşğul olurlar. Çünki
tütün məmulatı deyil.
E.Hüseynov vurğulayıb ki, bu yolla siqaret
asılılığından qurtulmaq mümkün deyil:
"Siqaret çəkmək məişət
narkomaniyasıdır. Ondan qurtulmaq üçün isə sadəcə
olaraq, iradə lazımdır. Elektron cihazın istifadəsi,
ilk növbədə, psixoloji faktora dayanır. Bununla da vərdişin
xəyali ziyansızlığını dərk edərək
insanlar bir çox hallarda ondan adi papirosa nisbətən daha
çox istifadə etməyə başlayır. Orqanizmin, demək
olar ki, fasiləsiz olaraq nikotin və
daşıyıcının tərkibinə daxil olan digər
maddələrlə təmin olunması ona ciddi ziyan vurur. Nəticədə
qan dövranı, sinir sistemi, damarlar, böyrək, qara ciyər
əziyyət çəkir. İnsan orqanizminin elektron siqaretə
reaksiyası adi siqaretə olduğu kimidir və ondan istifadə
zamanı nəfəsə oksidativ stress və xərçəng
yaradan birləşmələr gedir. Həmin birləşmələr
adi siqaretlərdə olandan az olsa da, xəstəliyi
yaratmağa yetərlidir".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 27 fevral(№37).- S.8.