“Tramp Avropa ilə
bağlı məsuliyyətdən bezib”
Rasim Musabəyov: “Avropa istəyir ki, oturub hamıya
göstəriş versin, ibrət dərsi keçsin, amma bədəbəddə
sinələrini qabağa verməyə hazır deyillər”
Rusiya-Ukrayna müharibəsi artıq
dördüncü ilə keçib ki, davam edir. ABŞ
Prezidenti Donald Tramp müharibəyə son qoymaq
üçün bəzi addımlar atıb, təmaslar həyata
keçirib. Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov
“525”ə müsahibəsində ilk növbədə
Trampın bir ay ərzində bu istiqamətdəki
addımlarını dəyərləndirib:
- Prezident Tramp bu məsələlərə siyasətçi
yox, biznesmen kimi yanaşır. O deyir ki, bu, Avropa ölkələrinin
təhlükəsizlik problemidir, ona görə də zəhmət
çəkin, qolunuzu çırmalayın, probleminizlə məşğul
olun. Bu yükü nəinki ABŞ öz üzərinə götürmək,
heç bölüşmək də istəmir. Ona görə
də Trampın məqsədi qısa bir zamanda atəşkəsə
nail olmaqdır. Tramp Ukraynanın ərazisinin 600 min kv. km
olacağının, yoxsa 500 min kv. km qalacağının onu
o qədər də maraqlandırmadığını
heç gizlətmir də. Əsas atəşkəsi təmin
etməkdir. ABŞ daha nə maliyyə ayırmaq, nə
silah göndərmək, nə
də hərbi formada orda iştirak etmək fikrindədir.
Avropaya deyir ki, əgər siz davam etmək istəyirsinizsə,
qolunuzu çırmalayın, silahınız yoxdursa, mən
satmağa hazıram. Ancaq bundan sonra müftə heç nə
verəsi deyiləm. Əksinə, Ukraynaya daha əvvəl
etdiyi yardımların əvəzində təbii sərvətlərini
öz nəzarətinə almaq tələbi ilə
çıxış edib. Vəziyyət budur.
- Siz Trampın biznes maraqlarını qeyd etdiniz, belə
çıxır ki, Ukrayna ilə bağlı ədalətli razılaşma
olmayacaq?
- Beynəlxalq münasibətlərdə ədalət
axtarmaq sadəlövhlükdür, maraqlar hər şeyi həll
edir. Tramp gizlətmir ki, o, Avropa ilə bağlı məsuliyyətdən
bezib. Bildirir ki, ABŞ Avropaya pul xərcləyir, onların təhlükəsizliyini
təmin edir, onlar isə heç hərbi xərclərini
artırmaq istəyində deyillər. Təhlükəsizliyi
hələ də mən təmin edirəmsə, zəhmət
çəkin, bunun xərcini ödəyin. Yox, xərcini də
çəkmək istəmirsinizsə, hər şeyi
ABŞ-ın çiyninə yükləmək istəyirsinizsə,
nahaq belə düşünürsünüz. ABŞ istəyir
ki, Avropa öz təhlükəsizliyi ilə özü məşğul
olsun. Özü isə öz qoşunlarını, diqqətini
Sakit okeanına cəlb etmək istəyir. Əsas
maraqları, rəqibi - Çin ordadır.
- ABŞ-la Avropa İttifaqı arasında Ukrayna məsələsinə
yanaşmada fikir ayrılığı görünür. Sizcə,
Avropa ABŞ-ın Ukrayna ilə bağlı yekun qərarlarını
qəbul edəcək?
- Avropa İttifaqı vahid, siyasi, hərbi güc kimi
yoxdur. İqtisadi güc kimi mövcuddur. Bu gün Avropa
üçün əsas təhlükə mənbəyi
Rusiyadır. Başqa təhlükə mənbəyi yoxdur.
Halbuki Avropa İttifaqının əhalisi Rusiyanın əhalisindən
üç dəfə, iqtisadi gücü isə 10 dəfə
çoxdur. Onda adama deyərlər ki, təhlükəsizliyini
təmin etmək üçün lazımi tədbirləri həyata
keçir. Yox, onlar istəyirlər ki, oturub hamıya göstəriş
versinlər, ibrət dərsləri keçsinlər, amma bədəbəddə
sinələrini qabağa verməyə hazır deyillər.
Söhbət təkcə silahdan getmir, mübarizə aparmaq,
vuruşmaq istəmirlər. Əslində bu gün Avropada
vuruşan iki ordu var. Biri Ukrayna, o birisi Türkiyə ordusudur.
Yerdə qalanları heç silahları olanda da düz-əməlli
vuruşmağa daxilən hazır deyillər. İndi belə
ola halda, sənin böyüklüyünü də heç
kim qəbul etmək istəməyəcək. Bir halda ki, o
böyüklük iddianın arxasında güc durmayıbsa.
- Türkiyə demişkən, Ukrayna məsələsində
onun rolu nədən ibarət ola bilər? Biz bilirik ki,
Türkiyə bu cür məsələlərdə daha ədalətli
yanaşma ortaya qoyur, ölkələrin ərazi
bütövlüyü və suverenliyini qətiyyətlə
müdafiə edir. Biz bunu Suriyada və digər ölkələrə
yanaşmada gördük. Türkiyənin Ukrayna məsələsində
qəbul ediləcək qərarlara təsiri nə dərəcədə
ola bilər?
- Avropanın Türkiyəyə
münasibətdə heç də ədalətli
yanaşması yoxdur. Onlar da daim Türkiyədən istifadə
etmək niyyətindədirlər. Türkiyə Avropanın əvəzinə
sinəsini qabağa verən deyil. Amma təbii ki, Türkiyənin
yanaşmasını, mövqeyini hamı nəzərə
alır. Ukrayna prezidenti Zelenski Türkiyəyə səfər
etdi, Tramp Ərdoğana zəng vurdu, Rusiya Ankaraya xarici işlər
naziri Lavrovu və Federasiya Şurasının sədri
Matviyenkonu göndərdi. Anlayırlar ki, Türkiyənin bu
proseslərə müdaxilə etməsi vəziyyəti xeyli dəyişə
bilər. Lakin Türkiyə də boş yerə
özünü oda atası deyil.
Yada salmaq istəyirəm ki, məhz Türkiyənin səyləri
nəticəsində Ukraynadan taxılın tədarükünə
nail olundu. Onun təhlükəsizliyini də Türkiyə təmin
etdi. Girovların və əsirlərin dəyişməsində
də həmçinin. Rusiya-Ukrayna münaqişəsinin
nizamlanmasına dair ilk razılaşma da İstabulda əldə
olunmuşdu, təəssüf ki, Britaniyanın o vaxtkı
Baş naziri Boris Consonun müdaxiləsindən sonra
razılaşma təmin olunmadı. Halbuki o dövr
üçün əldə olunan ən uğurlu imkan idi.
Müharibədən bir ay keçmişdi, o boyda
dağıntılar yox idi. Rusiya Kiyevdən, Xarkovdan
qoşunları çıxarmışdı, onda
razılaşma əldə edilsəydi, indikindən qat-qat
yaxşı bir vəziyyət olardı. Təəssüf ki,
Avropa ölkələri razılaşmanın əldə
olunmasına maneə törətdilər, amma indi də önə
çıxmaqda tərəddüd edirlər. Türkiyə, təbii
ki, proseslərin nəbzini əlində saxlayır. İstisna
etmirəm ki, Putin-Tramp, mümkün Putin-Zelenski
görüşü elə İstanbulda da keçiriləcək
və Türkiyənin öz sözünü demək
imkanı olacaq. Ancaq Türkiyə digərlərinin əvəzinə
yükü çiyinlərinə götürüb
daşıyası deyil. Türkiyəni bu gün daha çox
maraqlandıran Suriyadır. Orda vəziyyəti tam nəzarətə
götürmək, sabitliyi təmin etməklə məşğuldur.
Suriya Türkiyə ilə həmsərhəd bir ölkədir
və orda onun üçün təhlükələr
mövcuddur, PKK-çılar və s. Ona görə də
Türkiyə sabitliyi tam şəkildə təmin etməlidir.
- Bayden administrasiyasının dövründə
Ukraynaya silahlar verildi, maliyyə yardımı ayrıldı, hərbçilər
üçün təlimlər keçildi. Ukrayna niyə
öz hədəfinə çatmadı? Dəstək kifayət
etmədimi?
- Ukrayna savaşdı, mən elə bir ordu, millət
tanımıram ki, üç il bu şəkildə Rusiya ilə
müharibə aparsın. Rusiya da istədiyinə nail ola bilmədi,
çünki ukraynalılar çox güclü müqavimət
göstərdilər. Sadəcə yardımlar Ukraynanın
gözlədiyi kimi olmadı. Qram-qram silah verirdilər,
çatdırılma gecikirdi, buna görə də Ukrayna
hazırladığı hücum əməliyyatlarını
istədiyi kimi həyata keçirə bilmədi. Problemlər
mövcud idi. Belə baxanda Ukrayna böyük, güclü
dövlətdir, amma Rusiya ilə müqayisədə onun
gücü kifayət etmədi. Məsələn,
Gürcüstan dörd gün müqavimət göstərə
bildi. Ukrayna isə üç ildir vuruşur. Ona görə də
mənə elə gəlir ki, Ukraynanın döyüş
qabiliyyətini, müqavimət göstərmək qabiliyyətini yüksək qiymətləndirmək
lazımdır. Ayrı cür yanaşma ədalətli
olmazdı.
- Əgər Ukrayna ərazi itkisi, sərvətlərini
ABŞ-ın nəzarətinə verməklə müharibənin
bitirilməsi ilə razılaşsa, bu, nə demək olacaq?
Ukrayna xalqı bunu necə qəbul edəcək?
- Biz 44 günlük müharibədə üç
min itki vermişdik, bu, bizim üçün çox
ağrılı idi. Mən özüm şəhidlərin dəfn
mərasimlərində iştirak etmişəm, çox
ağır idi. Ukrayna 30 dəfə çox itki verib, xeyli
yaralı var. Bu, əlbəttə ki, çox çətindir.
Orduda orta yaş 45-50 arasındadır. Həmin insanlar 3 ildir səngərlərdən,
xəndəklərdən çıxmırlar. Çox
ağır, çətin bir sınaqdır. Ukraynanın da
müqavimət gücü sonsuz deyil. Ukrayna əsas məsələni
həll etdi, Rusiyanın məqsədi Ukrayna dövlətini
dağıtmaq, qalan hissəsini özünə tabe etmək
idi. Buna nail olmadı və olmayacaq. Bizim üçün də
çətin bir vaxt var idi. Hələ ərazilərimizin 20
faizi işğal altında olanda mərhum Prezident Heydər
Əliyev götür-qoy etdi və doğru qərar verdi ki,
biz torpaqlarımızı azad etmək üçün vaxt
qazanmalıyıq. Ona görə də atəşkəs əldə
edildi. Amma sonda biz bütün ərazilərimizi geri
qaytardıq. İnanmıram ki, Ukrayna ərazilərin Rusiyaya
keçməyinə imza atsın. Mövcud vəziyyətlə
barışmalı olacaq, amma sonradan həmin Avropa ölkələrinin
Ukraynanın bərpası, güclənməsi ilə
bağlı hansı köməyi göstərəcəkləri,
Ukrayna xalqının yeni çağırışların
öhdəsindən nə dərəcədə gələcəyindən
çox şey asılıdır. Hər bir halda Ukrayna bir
dövlət kimi özünü qoruyub xəritədə
saxlamağı bacardı.
- Ukraynada yeni seçkilərin keçirilməsi
gündəmdədir. Sizcə, qeyd edilən məsələlər
Zelenskinin dövründə həllini tapacaq, yoxsa yeni hakimiyyətin?
- Yeni hakimiyyət də ola bilər. Burda qeyri-adi nəsə
yoxdur. Ukraynada dəfələrlə hakimiyyət dəyişiklikləri
baş verib. Seçkilər təkcə prezident seçkiləri
deyil, parlamentə də seçkilər keçirilməlidir.
Bu, təbii ki, sülh şəraitində
mümkündür. Atəşkəs təmin olunduğu
halda, Ukraynada seçkilər keçiriləcək. İndi
Zelenski olacaq, Zalujni gələcək, yaxud başqası, fərqi
yoxdur, amma sülhdən sonrakı dövr də çox
çətin olacaq. İnanmaq istərdim ki, Ukrayna dövlət
kimi toparlanıb yeni çağırışlara cavab tapacaq.
Ukrayna SSRİ dağılanda ən böyük hərbi
potensialı özündə saxlamışdı. Hər
şeyi darmadağın elədilər. Belə bir vəziyyət
yarandı ki, müharibə başlayanda qaldı asılı
vəziyyətdə. Tanklarının, artilleriyanın, təyyarələrinin
sayı az qala Rusiya ilə bərabər idi. Amma hər
şeyi dağıtdılar. Düşündülər ki,
Rusiya qardaş dövlətdir, Avropadan da təhlükə
yoxdur. Əldə olanları satdılar, dağıtdılar və
görürsünüz ki, necə çətinlik yarandı,
lazımi şəkildə cavab verə bilmədilər.
Ukraynanın hərbi sənayesi çox yüksək səviyyədə
idi, hər şeyi özləri istehsal edirdilər. Demək
istəyirəm ki, hazırlıq vaxtında getməli, imkanlar
düzgün istifadə olunmalı idi. Olmadı. Ancaq bundan
sonra daha belə səhvlərə yol verməməlidirlər.
Pərvanə SULTANOVA
525-ci qəzet .- 2025.- 27 fevral(¹37).- S.5.