Koroğlunun düzgün
anlaşılmayan sözləri
Bu günlərdə istəmədən bir neçə
gəncin söhbətinə qulaq şahidi oldum. Söhbətin
mövzusu mərdlik və qəhrəmanlıq idi. Çox
ağıllı fikirlər söyləyirdilər. Söhbət
əsnasında onlardan bir ayrılıb gedərkən zarafatla
dedi: "Atalar deyib ki, igidlik ondur - doqquzu qaçmaq, biri isə
heç gözə görünməməkdir". Nədənsə
bu ifadə diqqətimi daha çox cəlb etdi. Görəsən,
xalq qəhrəmanımız bu sözləri hansı mənada
deyib?
Kiçicik bir araşdırma apardım. Öz
mülahizələrimə və tədqiqatçılarımızın
fikirlərinə istinadən "İgidlik ondur - doqquzu
qaçmaqdır, biri heç gözə görünməmək"
ifadəsi barədə doğru hesab etdiklərimi sizlərin də
nəzərinə çatdırmaq istərdim.
Əvvələn, bu ifadə, gəncin dediyi kimi,
atalar sözü tək işlənsə də, saf atalar
sözü deyil, ən azından konkret müəllifi
vardır. Məlum dastanın baş qəhrəmanı olan
Koroğlunun düşünülmüş şəkildə
dediyi sözlərdir. Bəziləri qəhrəmanın həmin
ifadəni zarafatla, istehza ilə
dediyini söyləyirlər. Unutmayaq ki, sözün
düzünü elə zarafatla deyərlər.
Eposun məzmunundan məlum olur ki, can qurtarmaq
üçün meydandan
qaçmağı qəbul etmir Koroğlu. Belə
düşünənlərə və hərəkət edənlərə
istehza edir. Məsələn, dastanın "Qars səfəri"
qolunda dəlilər minarənin qapısını
açırlar, Koroğlu bayıra çıxır. Qars
paşasını nə qədər axtarırsa, tapa bilmir.
Deyir ki, "Eybi yoxdu. Bu da bir cür igidlikdir. Bu cür
adamların igidliyi ondur, doqquzu qaçmaqdı, biri heç
gözə görünməmək". Həmin epizoda istinadən
tədqiqatçı İ.Sadiq "Azərbaycan
"Koroğlu" eposu (I kitab)" əsərində
göstərir ki, bu ifadədə əslində
"paşaların qorxaqlığı, cəsarətsizliyi,
ürəksizliyi öz ifadəsini tapıb, yəni bu atalar
sözü ilkin variantda onların qorxaqlığını
ifadə etmək üçün işlədilib, sonralar
atalar sözünə çevrilib. Axı Koroğlu
paşanın qaçmağını da igidlik sayır".
Amma burdakı sözlər həqiqi mənada yox, ironiya ilə
deyilib. Çünki Koroğlunun öz qoşmasında dediyi
kimi, "Mərd dayanar, namərd qaçar". Bir də
unutmayaq ki, belə paremiyalarda bədii niyyətin çevik
qavrayışına xidmət edən məcazilik olur, onlar
işlənmə məqamı və şəraitə
uyğun olaraq fərqli məna kəsb edə bilirlər. Bu
vahidlərə formal məntiq prinsipləri ilə yanaşmaq
düzgün deyil. Ona görə ki, onların sırasında
ironiya, hətta sarkazm... məzmunlu nümunələrə də
rast gəlmək mümkündür.
Öz qoşmasında "Bizim elin dəliləri, Girər
meydana mərd olu, Ölüncə meydandan qaçmaz, Girəndə
meydangərd olu", - deyən Koroğlu kimi bir qəhrəmanın
meydandan qaçmağı hünər sayması və hətta
bunu təbliğ etməsi qətiyyən inandırıcı
deyil. "Həmzənin Qıratı
qaçırması" qolunda isə Koroğlu özü
haqqında qətiyyətlə belə deyir: "Koroğluyam,
qoç oğluyam, qoçam mən, Çətindi ki, mərd
meydandan qaçam mən, Havada dövr edən tərlan
quşam mən, Sarlar şikarımı ala qoymaram". Saz
havasında bunları oxuyan bir qəhrəman necə
"İgidlik ondur - doqquzu qaçmaqdır, biri heç
gözə görünməmək" ifadəsini həqiqi
mənada söyləyər?!
Bizcə, bu ifadədə hərbi-siyasi çalar var,
yəni hərbi taktikanın, döyüş fəndinin
obrazlı ifadəsidir. Unutmaq lazım deyil ki, belə ifadələr
hər şeydən əvvəl bədii düşüncə
məhsuludur və məcazi obrazlar, rəmzi deyimlər
hesabına formalaşır.
İfadədəki "qaçmaq" bizim başa
düşdüyümüz kimi, düşmən
qarşısından qaçmaq yox, döyüşdə
sürətli hərəkət etmək mənasındadır.
"Gözə görünməmək" isə
görünməyən yerdə mövqe tutmaq və oradan
hücum etmək mənasındadır. Dastanda işlənmiş
"Çıxın qarınca tək dolun hər yandan"
misrası da buna işarədir. Beləliklə, ifadədə
Koroğlunun igidlik fəlsəfəsinin əsas müddəası
öz əksini tapıb - modelləşdirilib.
Tədqiqatçıların yekdil fikrincə, bu, bir fənd,
feil, hiylə, siyasətdir, başqa sözlə, hərbi
manevdir (aldadıcı hərəkətdir). Bu mənada
Koroğlu müəyyən məqamda hərdən
qaçmağı məqbul sayır. Bunu onun Dəmirçioğlunu
Ərzuruma yola salarkən verdiyi məsləhət də
sübut edir. Amma bu qaçmaq aradan çıxıb sadəcə
can qurtarmaq kimi yox, düşmənlə vuruşmağın
bir fəndi, yenidən geri dönməyə işarə kimi
başa düşülməlidir. Koroğlu
qoşmalarının birində işlənmiş "Mərd
meydandan qaçmaz, qaçsa, aldadı" misrasındakı
fikir də bunu sübut edir. "Qaçıb aldatmaq,
düşməni çaşdırmaq" bir
döyüş taktikasıdır. Həm hərbi güc, həm
də düzgün fənd - hərbi strategiya və taktika
(doqquzu fənd, biri zor) Koroğlu qələbələrinin rəhnidir.
Dastanın V.Xuluflu nəşrində Koroğlu belə
səciyyələndirilir: "Koroğlu igid, qoçaq...
olmaqla bərabər, həm də çox ağıllı və
fəndgir bir adam imiş". Ona görə də "həmişə
qalib gələrmiş". Təsadüfi deyil ki, yaxın
dostu Aşıq Cünun da Koroğlunu Məhbub xanıma belə
nişan verir: "Bilmək olmaz onun min-min felini". Cəfər
paşaya isə aşıq öz qəhrəman dostunu belə
tanıdır: "Mərd meydandan qaçmayıbdı
yaşında..."
M.Kazımoğlu özünün "Xalq
gülüşünün poetikası" əsərində
yazır: "Koroğlu bu fikirdədir ki, mərdin meydandan
qaçması məhz düşməni aldatmaq
üçündür. Bunu nəzərə alan K.Vəliyev
yazır: "İgidlik ondur, doqquzu qaçmaq, biri heç
gözə görünməmək, - deyimini Koroğlunun məhz
trikster funksiyası və dönərgəlik qabiliyyəti ilə
bağlamaq daha düzgündür". M.Qıpçaqla birgə
"Türk savaş sənəti" adlı kitab yazıb
çap etdirmiş Ə.Əsgər isə Koroğlunun
meydandan qaçmağını türk savaş sənətinin
hücum və geriyə çəkilmə taktikasının
(aypara taktikası və ya Turan türk taktikasını yada
salın - İ.V.) tərkib hissəsi adlandırır.
Meydandan qaçmağın bir fənd-fel olduğunu igidliklə
bağlı məşhur Koroğlu deyiminin başqa
variantları da təsdiq edir. Paris nüsxəsində həmin
deyim bu variantdadır: "İgidlik altıdı, beşi hiylədi,
biri isə zor". (Bir başqa mənbədə isə
oxuyuruq: "İgidlik ondur: biri zordur, doqquzu fənd" -
İ.V.) Deyimin Koroğlu dilindən, onun öz fikri kimi verilən
bu variantı bir daha göstərir ki, meydandan qaçmaq
Koroğludan ötrü hiylə (fənd) işlətməyin
bir üsuludur". Və düşünülmüş hərbi
taktikadır. Yüksək sərkərdəlik qabiliyyətinin
ifadəsidir. Qələbəni təmin edən üsullardan
biridir.
Unutmayaq ki, bu cür ifadələrdə uluların bizə
çatdırmaq istədikləri mənanı tapmaq o qədər
də asan olmur. Bunun üçün "mənanı daha dərindən
başa düşmək bacarığına sahib olmaq" əsas
şərtdir. İfadələrin "məğzində,
mayasında hifz edilən dərin mənanı, müdrik fikri
tam anlamaq, dərk etmək üçün insana, doğrudan
da, müəyyən bir düşüncə potensialı,
mütaliə səriştəsi tələb olunur".
Araşdırmaçılar Honek və Templin fərziyyələrinə
görə, belə ifadələrin qavranılması müxtəlif
mərhələlərdə baş verir. Öncə,
eşidilən ifadənin ilkin mənası, daha sonra isə
onun ifadə etdiyi əsas məna başa
düşülür.
Gəlin, əvvəlcə tələsmədən belə
ifadələrin ilkin yox, əsas mənalarını başa
düşməyə çalışaq, sonra onların
"defektli" olub-olmaması barədə fikir söyləyək.
Yoxsa, ifadənin ilkin mənası fikrimizi
çaşdırıb, bizi yanlış səmtə yönəldə
bilər.
İmran VERDİYEV
Əməkdar müəllim
525-ci qəzet .- 2025.- 28 fevral(№38).- S.15.