Saz necə düzəldilir?
SAZBƏNDLİK - TARİXƏN
MƏDƏNİYYƏTİMİZİN İNKİŞAFINA
XİDMƏT ETMİŞ ƏHƏMİYYƏTLİ
SƏNƏT SAHƏSİ
Musiqi alətləri hazırlayan sənətkarlar
arasında sazbəndlərin öz yeri, öz çəkisi
var və bu sənət bu gün də qorunub
yaşadılmaqdadır.
Sazbəndlik aşıq sənəti ilə qoşa
addımlayıb həmişə. Ancaq təəssüflə
qeyd etmək lazımdır ki, aşıq sənəti,
aşıq mühitləri və ustad aşıqlarla
bağlı indiyədək çoxsaylı elmi-tədqiqat
işləri aparılıb, elmi monoqrafiyalar və kitablar nəşr
olunsa da, nədənsə, sazbəndlik bir sənət sahəsi
kimi ciddi elmi araşdırmaya cəlb olunmayıb. Sazbəndlərlə
bağlı "Sazımız - sazbəndimiz" adlı ilk
kitab tərəfimizdən 2011-ci ildə nəşr olunub.
2023-cü ildə isə rəhbərlik etdiyim "Ozan
Dünyası" Aşıq
Yaradıcılığının Təbliği ictimai
birliyinin layihəsi kimi, "Sazbəndlik sənəti və
sazbəndlər" ("Bakı Mətbəəsi" ASC,
2023) adlı kitabı elmi ictimaiyyətə və geniş
oxucu kütləsinə təqdim etdik.
Sazbəndlik özünəməxsus incəlikləri
olan, sazbənddən peşəkarlıqla yanaşı,
aşıq sənətinə, bütövlükdə mədəniyyətimizə
dair zəngin bilik və geniş dünyagörüşü
tələb edən spesifik bir sənət sahəsidir.
Tarixən bir çox ustad aşıqlar həm də
sazbəndliyi bacarmış, yəni ən azından öz
sazlarını özləri təmir edə bilmişlər.
Bu sıradan Əmrah Gülməmmədov, Hüseyn
Saraçlı, Aslan Kosalı və digərləri kimi
böyük sənətkarları göstərə bilərik.
Bəzi sənətkarlar isə həm
aşıqlığı, həm də sazbəndliyi qoşa
yaşatmışlar.
Diqqətçəkən bir məqam da ondan ibarətdir
ki, aşıqlıqda olduğu kimi, sazbəndlikdə də sənətin
ailədə atadan oğula, oğuldan nəvəyə
keçməsinə - sənətkarlıq şəcərəsinə
rast gəlinir. XX əsrin ən böyük sazbəndlərindən
olmuş Usta Xudunun sənət yolunu oğlu Fərman və nəvəsi
Niyaməddinin bu gün uğurla davam etdirməsi dediklərimizin
əyani sübutudur.
lll
Simli çalğı alətlərinin yaranmasına
dair bir çox əfsanələr vardır. Bir rəvayətə
görə, qartalın parçaladığı heyvanın
bağırsaqları ağacın budaqlarına
dolaşır, quruyub tarıma çəkilmiş
bağırsaq külək əsdikcə titrəyərək
müxtəlif səslər verməyə baslayır və bu
səsləri eşidən qədim insanlar ilk simli
çalğı alətlərini yaradırlar.
Burada müəyyən qədər həqiqətəuyğunluq
var. Belə ki, tarixən simli çalğı alətlərinin
gövdəsi, qolu və kəlləsi müxtəlif ağac
növlərindən, simləri və qoluna
bağlanmış pərdələr isə müəyyən
üsullarla heyvan bağırsağından hazırlanıb.
Saz təzənə (mizrab) ilə çalınan simli
musiqi alətidir. O, ulu ozan sənətinin
davamçısı olan aşıq və saz-söz sənətinin
ayrılmaz tərkib hissəsidir.
Türk mənəviyyatının rəmzlərindən
biri olan saz və sinkretik, yəni özündə
çalğı, oxuma, şeir demə, söz və dastan
ifaçılığı, aktyorluq və rəqs (plastika) sənətlərini
birləşdirən saz-söz sənəti Azərbaycan milli
mədəniyyətinin ən qədim qatları ilə
bağlıdır. Qədim türkdilli xalqlarda şaman, qam,
baxşı, yanşaq, varsaq və nəhayət, ozan kimi
tanınan sənətkarlar bugünkü aşığın
əcdadları sayılırlar. Ozan sənəti əsrlər
boyu böyük təkamül yolu keçərək
aşıq sənətinə çevrildiyi kimi, qopuz da ona
oxşar təkamül yolu keçərək saz aləti
şəklini alıb.
Saz artıq Şah İsmayıl Xətainin
dövründə (XVI əsr) indiki şəklini
almışdı. Şah İsmayıl Xətainin
könül oxşayan qoşmalarının birində saz belə
tərənnüm edilir:
Bir gün ələ almaz olsam mən sazım,
Ərşə dirək-dirək çıxar mənim
avazım.
Dörd iş vardır hər qarındaşa
lazım:
Bir elm, bir kəlam, bir nəfəs, bir saz.
Azərbaycan sazı türkdilli xalqlar arasında
yayılmış saz və ona oxşar alətlərdən
çalğı texnikası, akustikası baxımından
özünəməxsus üstünlükləri ilə
seçilir.
Sazın çanağı tut ağacının
seçmə növlərindən, qolu isə qoz
ağacından hazırlanır. Sazın hazırlanmasında
hər şeydən əvvəl ağac materialının
keyfiyyətinə diqqət yetirilməlidir. Məşhur sazbənd
Usta Xudunun oğlu, bu sənətin ləyaqətli
davamçısı Fərman Xuduoğlu bu barədə belə
deyir: "Usta gərək hər şeydən əvvəl
işlədəcəyi ağac materialını seçə
bilsin, hər ağacdan saz düzəltməsin. Yəni yaxşı
sənətkar əvvəlcə materialı seçməyi
bacarmalı, sonra işə baslamalıdır. Bu da ustadan
böyük qabiliyyət tələb edir. Usta ağaca baxanda
bilməlidir ki, bu ağacdan nə çıxar. Bilməlidir
ki, bu ağac güneydə (dəmyə yerdə) bitib, yoxsa
quzeydə (sulu yerdə). Bunların möh-kəmliyində və
çəkisində fərq olur. Əlbəttə, dəmyə
yerdə bitən ağac daha yaxşıdır. Sazın
çanağında istifadə ediləcək taxtada bunlar
mütləq nəzərə alınmalıdır. Amma bəzən
görürsən ki, mən də sazbəndəm deyən
biri hansısa ustadın düzəltdiyi sazı götürüb
yüzdə yüz hər şeyi (taxtanın
qalınlığını və s.) eynilə təkrarlayır.
Daha nəzərə almır ki, bu ağac hansı mühitdə
böyüyüb, onun taxtasının möhkəmliyi,
çəkisi necədir..."Saz düzəltmək
üçün seçilən ağacın yaşına və
hansı mühitdə - quzeydə, yoxsa güneydə yetişməsinə
mütləq diqqət yetirilməlidir. Ağacın
yaşından çox şey asılıdır. Məşhur
sazbəndlər hər ağacdan saz düzəltməyib,
keyfiyyətli ağac materialı üçün el-el, oba-oba
gəzib, daha çox 80-100 yaşlı ağaclara
üstünlük veriblər. Çanağın düzəldilməsində
istifadə olunan tut ağacı kimi, sazın qolu düzəldilən
qoz ağacının da quzeydə, yaxud güneydə bitməsi
nəzərə alınmalıdır. Tut ağacı ilə
qoz ağacının uzlaşması, bir-birinə uyğun gəlməsi
də vacib şərtdir. Yəni müxtəlif şəraitdə
yetişmiş ağaclardan taxtanı eyni qalınlıqda
yonmaq olmaz. Ağacın məsamələrinə əsasən
taxtanın (qabırğaların) çəkilmə istiqaməti
xüsusi rol oynayır. Qabırğalarda məsamələr
ya perpendikulyar, ya da maili olmalıdır. Quzeydə bitən
ağacdan alınan taxta güneydə bitən
ağacınkına nisbətən nazik olmalıdır.
Güneydə bitən ağac yaxşı qaralır,
qurutduqdan sonra onu istənilən formaya salmaq olur. Quzeydə bitən
ağaclar isə sulu olduğundan yaxşı qaralmır, əyilməyə
meyilli olur. Adicə barmağın tərindən canına su
çəkir.
Saz düzəltmək üçün
seçilmiş ağacın kəsilmə vaxtı mütləq
nəzərə alınmalıdır. Kəsilən ağac
qabığı soyulmadan kölgədə, gün dəymədən
ən azı 8-10 il qurudulmalıdır. Gərək ağac
yazda torpaqdan canına su çəkməmiş kəsilsin.
Ümumiyyətlə, ağacların şirəvermə dərəcəsi
ən çox yanvar, fevral aylarında azalır.
Çanağın hazırlanması üçün nəzərdə
tutulmuş ağacı da bu aylarda kəsmək
lazımdır. Bu, onunla əlaqədardır ki, şirəsi
çox olan ağacdan hazırlanmış çanaq bir qədər
quruduqdan sonra çatlayır və yaxud deformasiyaya
uğrayır. Çanaq yonulduqdan sonra uzun müddət xüsusi
temperaturda, qaranlıq yerdə ən azı 2-3 il
qurudulmalıdır.
İstənilən çalğı alətinin, o
cümlədən sazın çanağını
hazırlamaq üçün kəsilmiş ağac gövdəsini
ikiyə bölüb, özəyi çıxarmaq
lazımdır. Təcrübə göstərir ki,
yaşı çox və özəyi boş olan ağacdan
istifadə etmək daha məqsədəuyğundur.
Sazbəndlər Kövrək Murad və Bafəli
Adıgözəlov da saz düzəltməyin vacib şərtlərindən
danışarkən deyirlər ki, bu məqsəd
üçün istifadə olunan tut və qoz ağacları nə
qədər yaşlı olsa, bir o qədər
yaxşıdır.
Tut ağacından 50 sm-lik kötük kəsdikdən
sonra onu 4 hissəyə bölmək lazımdır ki, tərsini,
avandını biləsən. Ağacın gün döyən
tərəfindən sazın sinəsi üçün istifadə
etmək lazımdır. Geridə qalanlardan isə
qabırğa üçün istifadə etmək olar. Yeri gəlmişkən,
bəzən qabırğa düzəltmək üçün
qaraağac, çinar və gilasdan da istifadə edənlər
olsa da, bu ağacların heç birindən alınan
taxtanın əyilmə effekti tut ağacındakı kimi
olmur. Qoz ağacını isə 1 m uzunluqda kəsmək
lazımdır ki, qurudarkən uclarda əmələ gələn
çatları kəsib götürdükdən sonra qol
düzəltmək üçün normal uzunluq qalsın.
Sazı düzəldərkən hər bir hissənin
ölçülərinə diqqət etmək də vacib
şərtdir, yəni bunların da öz standartları var.
Beçə (qolu çanağa birləşdirən
hissə), qol, aşıqlar və sazı beçəyə və
içəri yamşağa birləşdirən ağac
çüylər (mismar əvəzi ağacdan düzəldilən
hissələr) qoz ağacından olur. Tut ağacından isə
sazın çanağı - qabırğalar və sinə
düzəldilir. Ana qabırğanın qalınlığı
5 mm olmalıdır, hündürlüyü isə sazın
çanağının böyük və ya kiçikliyindən
asılıdır. Ana sazın ana qabırğasının
bir ucunda eni 12-14 sm, o biri ucda isə 4-5 sm olmalıdır. Bala
qabırğalar isə 5-6 sm enində olsa, kifayətdir.
Saz böyük və ya kiçikliyindən asılı
olmayaraq aşağıdakı hissələrdən ibarətdir:
1. Qabırğa; 2. Beçə içəri
yamşaq; 3. Ağac çüylər; 4. Çöl
yamşaq; 5. Xatabənd qoliçi oyma; 6. Sinə (döş);
7. Daraq; 8. Sinə xərək; 9. Baş xərək; 10.
Aşıqlar (burma qulaqlar); 11. Pərdə; 12. Sim
bağı; 13. Sim; 14. Təzənə; 15. Qayış
(çiyinə keçirmək üçün) bəndləri;
16. Köynək.
Əsas saz hesab edilən tavar sazın ümumi
uzunluğu 1.200 mm, çanağının dərinliyi 200 mm
olur. Təmiz qara sazın normal çəksi onun
ölçülərindən asılı olaraq 700 qramdan 1100
qramadək olur. Balaca sazın çəkisi isə 300-400 qram
olmalıdır.
Digər simli çalğı alətlərində
olduğu kimi, saz da üç əsas hissədən ibarətdir:
1. Çanaq (gövdə). Burada səs rezonansı
yaranır, formalaşır və güclənir.
2. Beçə. Sazın çanağını qol
hissə ilə birləşdirir.
3. Qol. Çanağa rezonans verən simlər qolun
üstündən keçərək sol əlin barmaqları
ilə hissələrə bölünür ki, bu da müxtəlif
səslərin alınmasına imkan verir.
Çanağın gövdəsi bir-birinə bərkidilmiş
tək sayda (adətən 9) taxta "qabırğa"lardan
ibarətdir. Bu "qabırğa"lar qol ilə
çanağı birləşdirən "küp"
adlı kiçik hissənin üzərində
yığılır.
Hazır olmuş çanağa qol əlavə edilir.
Bu zaman qol ilə çanağın tarazlığına
xüsusi fikir vermək lazımdır. Qol çanağa birləşdirildikdə
dəqiqliyi tam saxlamaq üçün xüsusi xətkeşlərdən
istifadə edilərək, qolun kəllə ilə birləşdiyi
hissə 5 mm aralı qoyulur ki, simlər köklənərkən
qol qabağa gəlib öz yerini alsın. Qol hissəni
hazırlayarkən materialın möhkəmliyinə xüsusi
fikir vermək lazımdır, çünki alət kökləndikdə
güclü təzyiq altında olan qolda əyilmə (çəngəl)
ola bilər.
Çanaq ilə qol birləşdikdən sonra
sazın üz hissəsi quraşdırılır. 5 mm
qalınlığında tut və ya qoz ağacından
hazırlanmış üzlük əsasən, bəzir və
ya zeytun yağı ilə yağlanıb bir neçə
gün saxlanılır. Yağı tamamilə özünə
çəkdikdən sonra o, odun üstünə tutularaq
qurudulur (bişirilir). Bir neçə gündən sonra bu
proses bir daha təkrar edilir. Hazır olmuş üzlük
xüsusi ağac yapışqanı ilə
çanağın üzərinə bərkidilir.
Sazın səslənməsi onun necə
quraşdırılmasından çox asılıdır.
Çanaqlar tam quruduqdan sonra onun iç və çöl tərəfləri
bir qədər də yonulub hamarlanır və bundan sonra qol, kəllə
və başqa hissələri quraşdırılır.
Çanağın üzərində qoyulmuş böyük
xərək simlərin ehtizazını qəbul edir və
çanağın daxilindəki boşluğa verir. Bu
boşluqda formalaşan səs dalğaları yenidən üz
hissəyə qayıdır. Bu halın bir neçə dəfə
təkrarı nəticəsində səs güclənir,
uzanır, beləliklə, dolğun tembrli səs
çalarları əldə olunur.
Alətin quraşdırılmasında, əsasən,
sümükdən və balıq yağından bişirilərək
hazırlanmış taxta yapışqandan istifadə edilir.
Hissələr hamarlandıqdan və təmizləndikdən
sonra üzərlərinə isti halda nazik yapışqan
sürtülür və üst-üstə qoyularaq
güclü təzyiqlə sıxılır. Bütün hissələr
birləsdikdən sonra aşıqlar və pərdələr
quraşdırılır.
Qola 16-17 pərdə
bağlanılır. Sazbənd Usta Xudunun sayəsində qol,
beçə və sinə pərdələri (pərdə və
yarımpərdələrlə birlikdə) 23-ə
çatdırılıb. Azərbaycanda ölçüləri
ilə fərqlənən iri tavar sazın 11, ana sazın 9, bəzən
8 simi, ondan bir qədər yığcam orta, yaxud qoltuq
sazın 6, bəzən 7 simi, kiçik cürə sazın isə
4-6 simi vardır. XX əsrdə ilk dəfə ustad
aşıq Əmrah Gülməmmədov sazı təkmilləşdirərərk
11 simli edib.
Sim - sazın qoluna çəkilmiş metal sim simli
musiqi alətlərində, o cümlədən sazda səs rəqslərinin
mənbəyidir. Qədim zamanlarda sim ağac
qabığından, bitki lifi və ya heyvan (at və s.)
tükündən hazırlanırdı (ASE, VIII cild).
Müasir dövrdə isə əsasən metal (polad) simlərdən
istifadə olunur. Metaldan olan simlər daha güclü və təmiz
səs versə də, ifa zamanı barmaqla sıxarkən ipək
və bağırsaqdan hazırlanmış simlərə nisbətən
daha sərt olur. Bir vaxtlar simlər yüksək keyfiyyətli
poladdan hazırlanıb, gümüş suyuna
salınarmış. Onlar heç zaman paslanmaz və çox
az halda qırılarmış.
Simlərin baş tərəfi ilgək edilərək
çanağın aşağı tərəfində yerləşdirilmiş
xüsusi simgirlərə keçirilir. Simgir metal, ebonit və
yaxud möhkəm ağac materialından hazırlanır.
Simlər çanaq üzərində
düzülüşünə görə üç qrupa
bölünür: 1. Alt simlər. 2. Orta simlər. 3. Üst
simlər. Melodiya alt simlərdə çalınır. Buna
görə də ona "zil simlər", bəzən də
"barmaq simləri" deyilir. Bu simlər dəyişməzdir.
Sazı çalarkən tutma qaydasına uyğun olaraq, alt cərgədə
yerləşdiyinə görə belə adlanır. Orta simlər
(alt və üst simlərin arasında yerləşdiyinə
görə belə adlandırılır) - müvafiq
aşıq havasına görə səsin yüksəkliyini dəyişir.
Üst simlər də (sazı çalarkən tutma
qaydasına uyğun olaraq, üst cərgədə yerləşdiyinə
görə belə adlanır) dəyişməz simlərdir və
funksiyasına görə "dəm simlər" adlanır.
(Bax: "Ozan-aşıq ensiklopediyası", II cild, "Gənclik"
nəşriyyatı, Bakı, 2020, səh. 275)
Xərək - simli musiqi alətlərində, o
cümlədən də sazda simin səslənən hissəsini
məhdudlaşdıran və simlərin rəqsini üst
dekaya ötürən ağac hissədir. Sazda üç xərək
olur: sazın çanağının üzərində - sinədə
yerləşən böyük xərək ərik
ağacından düzəldilir. Kiçik xərək qolun uc
hissəsinə yaxın yerləşir. Əsasən heyvan
buynuzundan düzəldilən alt xərək isə sinənin
arxasında, çanağın sinəyə yaxın yerində
yerləşir.
Simlər alt xərəkdən başlayaraq
böyük və kiçik xərəkdən keçdikdən
sonra kəllədəki aşıqlara birləşdirilir. Xərək
simləri sinədən yuxarı qaldırır, üzərində
simin yerləşəcəyi qədər məsamələr
açılaraq simləri eyni aralıqda yerləşdirir və
təzənə ilə çalğını asanlaşdırır
(Bax: "Ozan-aşıq ensiklopediyası", I cild. "Gənclik"
nəşriyyatı, Bakı, 2019, səh. 402).
Xərək simlərin ehtizazını musiqi alətinin
çanağına (gövdəsinə) ötürməklə
səsi gücləndirir.
Aşıq simli musiqi alətlərinin kəlləsində
simlərin sarıldığı zivanadır (balaca paya,
qulaq). Aşıqların hazırlanması üçün ən
yaxşı material armud ağacı sayılır (qoz
ağacından da düzəldirlər). Ondan
hazırlanmış aşıqlar kökü dəqiq
saxlayır, atmosfer təzyiqinə davamlı olur. Sazdakı
simlərin sayına uyğun olaraq da aşıq yerləşdirilir.
Pərdə bəzi simli musiqi alətlərinin, (tar,
saz, dütar, tənbur və s.) o cümlədən də
sazın qoluna bağlanılan bölmədir, müxtəlif
yüksəklikli səsləri bir-birindən ayırmaq
üçün istifadə olunur. Əvvəllər qoyun
bağırsağından nazik kəndir kimi eşilib emal
edilib, at tükündən hazırlanıb. Son vaxtlar da isə
daha möhkəm və davamlı sayılan kapron sapdan istifadə
olunur. Əsas pərdələrin hərəsinin öz
adı var: baş pərdə, şah pərdə, divani pərdə,
beçə pərdələr və s.
Sazın simlərini səsləndirmək
üçün təzənədən istifadə olunur.
Təzənə - sazın simlərinin səsləndirilməsi
üçün istifadə olunur. Əvvəllər albalı
və gilas ağaclarının, əsasən də meşədə
bitən yabanı gilas ağacının qabığından
düzəldilirdi. Son vaxtlarda sintetik materialdan düzəldişmiş
təzənədən daha çox istifadə olunur.
Sazın əsasən qol hissəsini və qismən də
çanağın kənarlarını sədəflə bəzəyirlər
ki, bu da sazbənddən ayrıca ustalıq tələb edir.
Çox hallarda alətin qolu və çanağın
yan tərəfləri təbii sədəflə bəzədilir.
Son zamanlar isə saza səsgücləndirici də əlavə
edirlər.
lll
Bu gün aşıq sənətinə yeniyetmələr
və gənclər arasında meyl və maraq gündən-günə
artmaqdadır. Bakıda və bölgələrdə fəaliyyət
göstərən uşaq musiqi məktəblərinin əksəriyyətində
saz sinifləri fəaliyyət göstərir. Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
universitetində "Aşıq sənəti" kafedrası
var, gənclər bu ali təhsil ocağında aşıq sənəti
üzrə bakalavr və magistr pillələrində təhsil
alırlar. Yəni gənclərin aşıq sənətinin sirlərinə elmi əsaslarla yiyələnmələri
üçün geniş imkanlar var. Ancaq təəssüf ki,
sazbəndliklə bağlı bunu demək mümkün deyil.
Bu sənət nəsildən-nəsilə yalnız fərdi
qaydada, əsasən atadan oğula ötürülməklə
bu günümüzə gəlib çatıb. Bu səbəbdəndir
ki, yuxarıda da qeyd etdiyimiz kimi, bu gün usta sazbəndləri
barmaqla saymaq olar. Onların heç birinin normal emalatxanası
yoxdur, bu sazbəndlərin hamısı özlərinə birtəhər
iş şəraiti
yardıblar. Halbuki rəssamlara olduğu kimi, sazbəndlərə
də emalatxana üçün yer ayırmaq olar. Onların
sayı elə də çox deyil və şərait yaradılması
da çətin olmaz. Bu, həm də sənətin qorunub
saxlanılması üçün vacibdir.
Sazbəndliklə bağlı bu gün vacib olan bir məsələ
də usta sazbəndlərin potensialından istifadə etməklə,
heç olmasa bir peşə liseyində bu sənətin tədris
olunması, gənclərə öyrədilməsidir.
Musa NƏBİOĞLU
"Ozan Dünyası" Aşıq
Yaradıcılığının Təbliği İctimai
Birliyinin sədri, Əməkdar mədəniyyət
işçisi
525-ci qəzet .- 2025.- 28 fevral(¹38).- S.14;15.