Sertifikasiya - müəllimin
bütün fəaliyyəti qiymətləndirilən
mühüm prosedur
"İSLAHATLAR NƏTİCƏSİNDƏ ƏN
ZƏİF MÜƏLLİMLƏR DAHA GƏNC VƏ
İSTEDADLI MÜƏLLİMLƏRLƏ
ƏVƏZLƏNƏCƏK"
Son iki il ərzində 5 min 300 müəllim
sertifikatlaşma imtahanlarında uğur qazanmadığı
üçün işindən kənarlaşdırılıb.
Elm və təhsil naziri Emin Əmrullayev deyir ki, müəllimlərlə
aparılan iş ağrılı prosesdir. Əsasən də
ona görə ki, imtahanlarda yaxşı nəticə göstərməyən
müəllim təhsil sistemindən
uzaqlaşdırılır.
Nazir bildirib ki, növbəti üç il ərzində
də bu islahatlar davam etdiriləcək: "İslahata
başlayanda sıfırdan yox, mənfi 1-dən
başlayıb sıfıra getmək əsas problemdir. Əgər
dəyişikliyi indidən etməsək, bəzi müəllimlərin
sonrakı 20-30 il fəaliyyətini düşününcə
nəticə heç də ürəkaçan olmaz".
E.Əmrullayev vurğulayıb ki, 2026-cı ilə qədər
ölkə üzrə bütün fənn müəllimlərinin
sertifikatlaşdırma imtahanlarına cəlbi nəzərdə
tutulur: "Əgər islahatlarımız uğurla davam etsə,
nəticəsi zəif olan müəllim sayı azalacaq, amma
bir müəllimə düşən şagird sayı da
artacaq. Eyni zamanda gənc müəllimlərin də təhsil
sahəsində sayı 20 faiz artacaq. İmtahan nəticələrinə
baxsaq, gənc müəllim məzunlarından çox az sayda
zəif nəticə göstərən olub. Böyük əksəriyyət
testdən uğurla keçib. İslahatlar nəticəsində
ən zəif müəllimlər daha gənc və
istedadlı müəllimlərlə əvəzlənəcək".
2022-ci ildən etibarən dövlət ümumi təhsil
müəssisələrində işləyən təhsilverənlərin
mərhələli şəkildə
sertifikatlaşdırılması prosesinə
başlanılıb. Sertifikatlaşdırılma prosesinin
keçirilməsində əsas məqsəd ümumtəhsil
müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti
ilə məşğul olan, ali və orta ixtisas təhsilinə
malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin
yoxlanılmasıdır. Eyni zamanda, sertifikatlaşdırma
zamanı müəllimlərin peşə
yararlılıqlarını yoxlamaq, onların peşəkar
inkişafına nail olmaq və təlim ehtiyaclarını
öyrənməkdir. Sertifikasiya zamanı müəllim
müstəqil qiymətləndirilmədən keçirilir, onun
biliyi, səriştəsi müəyyən olunmuş qaydalar əsasında
dəyərləndirilir və konkret parametrlər əsasında
aparılan qiymətləndirmə nəticəsində onun
pedaqoji yararlılığı müəyyənləşdirilir.
Sertifikasiya diaqnostik qiymətləndirməni
tamamlamalıdır. Bu baxımdan sertifikasiya müəllimin
bütün fəaliyyətini qiymətləndirən
mühüm prosedurdur. Yəni bu prosesə müəllimlərin
təkmilləşmədən keçmələri, dərslərinin
qiymətləndirilməsi, dərslərinin monitorinqi və
sair daxil ola bilər.
Sertifikatlaşdırma iki mərhələdən -
test və müsahibə mərhələsindən ibarətdir.
Test imtahanı mərhələsində namizədlərə
120 dəqiqə müddətində bloklar üzrə 60 sual təqdim
olunur. Bunlar təlim strategiyası və təlim metodikası
olmaq üzrə iki yerə ayrılır. Təlim
strategiyası üzrə: müasir təlim metodları və
üsulları, fəal-interaktiv təlim texnologiyaları,
interaktiv dərsin mərhələləri və ona verilən
tələblər, kurikulumun mahiyyəti və məzmunu,
innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri
mövzularını əhatə edir. Təlim metodikası
üzrə isə, buraya fənnin tədris metodikası sahəsində
yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim
fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə
verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi
metodları, qiymətləndirmənin növləri və məqsədləri
mövzuları daxildir. Hər bir düz cavab bir bal kimi müəyyən
edilir. Müəllimlər tərəfindən
cavablandırılmayan suallar sıfır bal kimi qeyd olunur.
İmtahanda 30 və daha artıq bal toplayanlar müsahibə mərhələsinə
buraxılır. Həmin mərhələdə 20 bal toplayan
namizədlər sertifikatlaşdırılır.
Təhsil eksperti Nadir İsrafilov bildirib ki, təhsilverənlərin
dövrün tələblərinə cavab verməsi
üçün onların sertifikasiyasının keçirilməsi
olduqca vacib məsələlərdən biridir. Təhsilverənlərin
sertifikasiyasının keçirilməsi müəllimlərə
müəyyən imkanlar yaradacaq. Bu da müəllimlər
üçün olduqca vacibdir: "Təhsilverənlərin mərhələli
şəkildə sertifikatlaşdırılması prosesi təqdirəlayiq.
Çünki dünyanın bütün ölkələrində
sertifikatlaşdırma müəllimlərin peşəkarlıq
səviyyəsinin yoxlanması üçün tətbiq olunur.
Azərbaycanda bu prosesə ötən ildən
başlanılıb. Cəmi bir dəfə - 1994-cü ildə
müəllimlərin attestasiyası keçirilib və bu,
formal xarakter daşıyıb. 2014-2017-ci illərdə isə
diaqnostik qiymətləndirmə keçirilib. Bu qiymətləndirmə
peşəkarlıq səviyyəsinin müəyyən edilməsi
deyil, müəllimlərin bilik və bacarıqlarının
diaqnostik qiymətləndirməsi ilə bağlı olub.
Zaman-zaman sertifikasiya ilə bağlı qaydalar təkminləşdirilməlidir.
Çünki dövr dəyişib. Təhsilverənlər də
dövrün tələblərinə cavab verməlidir".
Onun sözlərinə görə, müəllim əməyinin
qiymətləndirilməsi, onların maddi və mənəvi
stimullaşdırılmasına yönəlik mexanizmlərin tətbiqi,
heç də yeni məsələ olmayıb, sovet dönəmindən
bəri tətbiq olunan bir prosedurdur. Sertifikatlaşdırma -
dövlət ümumi təhsil müəssisələrində
pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul
olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin
peşəkarlıq səviyyəsinin və peşə
yararlılığının yoxlanılması prosedurudur. Azərbaycanda
dövlət ümumi təhsil müəssisələrində
işləyən təhsil verənlərin peşəkarlıq
səviyyəsinin və peşə
yararlılığının yoxlanılması məqsədi
ilə həmin işçilər "Təhsil
haqqında" qanunda nəzərdə tutulan qaydada
sertifikatlaşdırmaya cəlb olunurlar: "Sertifikasiyada
müəllimlərin öz sahəsinə uyğun bilik və
bacarıqlarının qiymətləndirilməsi, nəticələrə
əsasən karyera inkişafı nəzərdə tutulur.
Müəllimlik kifayət qədər ciddi, ən vacib, cəmiyyətin
tərəqqisinə təsir edən peşədir. Odur ki,
müəyyən müddətdən bir müəllimlər
biliyini nümayiş etdirməlidirlər. Yəni bu prosedurun məqsədi
kimlərisə işdən azad etmək yox, ümumi təhsil
müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti
ilə məşğul olan, ali və orta ixtisas təhsilinə
malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin
və peşə yararlılıqlarının
yoxlanılması, onların peşəkar inkişafına nail
olmaq və təlim ehtiyaclarını öyrənməkdir.
Hesab edirəm ki, sertifikasiya müəllimin daim öz üzərində
işləməsi və peşə fəaliyyətinə məsuliyyətinin
artırılmasına xidmət edir".
Millət vəkili Ceyhun Məmmədov deyir ki,
Sertifikasiya prosesi ümumitəhsil məktəblərində dərs
deyən müəllimlərin savadlılıq dərəcəsinin
müəyyənləşdirilməsi üçün
münasib üsul hesab edilir: "Hesab edirəm ki,
hazırkı dövrdə müəyyən mərhələ
üçün sertifikasiya imtahanlarının keçirilməsinə
ehtiyac var. Nəzərə alsaq ki, illər öncə təhsilimizdə
baş verən səbəblər nəticəsində bəzi
məktəblərimizdə müəyyən xoşagəlməz vəziyyətlər
yaranıb. Ona görə də hazırda Elm və Təhsil
Nazirliyi bu məsələdən çıxış yolunu
sertifikasiyada görür və bu proses davam edir. Ancaq mən
düşünürəm ki, sertifikasiya uzunmüddətli
proses olmamalıdır. Biz sertifikasiya ilə paralel olaraq universitetlərdə təhsilin
keyfiyyətinin artırılması, məzmunun gücləndirilməsi
istiqamətində də addımlar atmalıyıq. Bu proseslər
paralel getməlidir".
Təhsil eksperti Kamran Əsədov sertifikasiyanın təhsilimiz
üçün zəruri olduğunu bildirib: "Azərbaycan
təhsilinin səviyyəsini müəyyənləşdirmək,
artırmaq üçün yeganə vasitə bu tipli yoxlama
prosesləridir. Məhşur bir ifadə var: "Heç bir təhsil
sisteminin səviyyəsi müəllimin səviyyəsindən
artıq ola bilməz". Sizin müəlliminiz nədirsə,
təhsil sisteminiz də odur. Birmənalı şəkildə
müəllimlərin bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsini
həyata keçirməliyik.
Azərbaycanın müstəqilliyi dövründə
akkreditasiya 1994-cü ildə olmuşdu. Ondan sonra 2014-2018-ci illərdə
orta ümumitəhsil məktəblərində
çalışan müəllimlər diaqnostik qiymətləndirilməyə
cəlb edildilər. Ardınca yeni prosesi - sertifikasiyanı
görə bilirik. 2009-cu ildən etibarən orta məktəbin
kadr bazası üçün müəllimlərin işə
qəbulu üzrə müsabiqəyə (MİQ) start verilsə
də, sonrakı prosesdə hətta yüksək balla qəbul
olunmuş müəllimlərin yoxlanılması həyata
keçirilməmişdi. Buna görə də sertifikasiya zəruridir".
Ekspert müəllimlərin sertifikasiyaya cəlb edilməsinin
təhsilin keyfiyyətinə təsir edəcəyini bildirib:
"Müəllimlərin sertifikasiyaya cəlb edilməsi
onların bilik və
bacarıqlarını artırmasını zəruri
edir. Hazırda gözləntilərimizin
ikinci tərəfi müəllimlərimizin öz üzərlərində
işləməsi, özlərini inkişaf etdirmələridir.
Çox təəssüflər olsun ki, hətta nazirlik yeni dərslikləri
çap edəndə belə, bəzi müəllimlər həmin
vəsaitləri oxumurdu. Dərs prosesində ümumi, köhnə
bilikləri əsasında iştirak edirdilər. Sertifikasiya
müəllimlərimizin bilik və
bacarıqlarını artıracaq. Onların tədris etdiyi dərsdə
də keyfiyyət artımı görəcəyik. Müəllimlər
öz üzərlərində işləyirlər.
Bütün müəllimlər hazırlaşırlar, kitab
oxuyurlar. Bu, onların uşaqlara verəcəkləri biliyə
də öz təsirini göstərəcək. Hətta 1-2
ildən sonra təhsilin keyfiyyəti artacaq".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 28 fevral(№38).- S.13.