Naxçıvan
tarixinə aid yeni tapıntılar
Naxçıvan Muxtar Respublikası əlverişli təbii-coğrafi
mövqeyə, qədim və zəngin tarixə malikdir. Azərbaycan
Xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən
qeyd olunduğu kimi, Naxçıvanın qədim, zəngin
tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindən
birini təşkil edir. Muxtar Respublika ərazisindəki hər
qarış torpağın, daşın altında abidələrimiz
- tariximiz yaşayır. Bu ərazidəki arxeoloji abidələr,
onlardan əldə olunan hər bir maddi-mədəniyyət
nümunələri həm Azərbaycan, həm də dünya
arxeologiyasında özünəməxsus yer tutur. Onların tədqiqi
bu ərazidə məskunlaşmış insanların məişət
və təsərrüfat həyatına aid yeni faktlar əldə
etməyə, xalıqımızın etnogenezisi və tarixi
abidələri ilə bağlı irəli
sürülmüş saxta fikirlərin heç bir elmi əsası
olmadığını sübut edir. Tariximizin daha dərindən
öyrənilməsində və təbliğində abidələrimizdən
əldə olunmuş arxeoloji materialların tədqiqi
mühüm elmi əhəmiyyət daşıyır. Bu cəhətdən
Ordubad rayonunun Tivi kəndi ərazisində aşkar olunmuş
maddi mədəniyyət nümunələrinin də elmi əhəmiyyəti
böyükdür. Onlar daşda yonulmuş insan təsvirlərindən,
üzərində on bir guşəli təsvir olan
daşın parçasından, mis sikkədən ibarətdir.
Daşda yonulmuş insan təsviri (şəkil 1).
Ordubad rayonunun Tivi kəndindəki XVI-XVIII əsrlərə
aid Meydan məscidində aparılan təmir işləri
zamanı torpağın altından çıxarılıb. Məsciddə
aparılan təmir tikinti işləri zamanı qırıq
şəkildə aşkar olunan digər daş artefaktlardan
birinin üzərində sxematik insan təsviri (şəkil 2
- 1), digərinin üzərində isə dairə içərisində
onbirguşəli təsviri çəkilib (şəkil 2 - 2).
Bu arxeoloji materiallar qırıq şəkildə aşkar
olunduğu üçün onların təyinatı
haqqında dəqiq fikir demək bir qədər çətindir.
Ehtimal etmək olar ki, hər iki arxeoloji material məscidin
içərisində olmuş qəbirə aid
parçalardır. Onların üzərindəki təsvirlər
də təsadüfən çəkilməmiş, müəyyən
semantikaya malik
İnsan təsvirlərinin yayılma arealı
araşdırma zamanı məlum olmuşdur ki, dünyanın
müxtəlif yerlərindəki aşkar olunmuş
qayaüstü təsvirlərdə belə insan təsvirləri,
Pireney yarımadasından Sibirə qədər olan geniş
bir ərazidə, Hələf, Anau, Samara, Cormo, Xatun mədəniyyətinin
abidələrində daşdan, sümükdən və gildən
düzəldilmiş insan fiqurları aşkar olunub. Daşdan
düzəldilmiş insan fiqurları forma və xüsusiyyətlərinə
görə bir-birindən fərqləndiyi üçün
onlara "venera", "balbal", "daşbaba",
"daşnənə", "bəngüdaş",
"bədiz" və sair adlar verilib. Ən qədim insan
heykəli qadına məxsus olub. Onu Avstraliyadakı Paleolit
dövrünə aid Villendorf abidəsində qeydə
almışlar. Bu daş insan fiquruna aşkar olunduğu yerinə
görə "Villendorf venerası" adı verilmişdi.
Azərbaycandakı arxeoloji abidələr içərisində
ən qədim insan fiquru Qobustanda Mezolit dövrünə aid Kənzə
yaşayış məskənində aşkar edilib. Paleolit və
Mezolit dövrü ilə yanaşı, digər dövrlərdə
də belə artefaktlar yayılıb. Qazax rayonundakı
Şomutəpə, Qarğalartəpəsi, Qarabağdakı
İlanlıtəpə, Cənubi Azərbaycandakı Təpə-Sərab,
Şərqi Anadoludakı Çatalhöyük, Dündartəpə,
Hacılar abidələrində və digər yerlərdə
belə arxeoloji materiallar aşkar olunub. Onların hər biri
müəyyən semantik mənaya malikdir. Ən qədim insan
fiquru qadına məxsus olmuşdur. Ana xaqanlığı
dövründə belə artefaktlar daha çox
yayılıb. Belə qadın fiqurları
"Ana-Tanriça"nı simvolizə edib. Onların Ana
xaqanlığı dövründə daha geniş
yayılmasının, "Ana-Tanriça"nı simvolizə
etməsinin başlıca səbəbi ondan ibarətdir ki, Ana
xaqanlığı dövründə qadın nəslin
yaradıcısı, tayfa ocağını qoruyub saxlayan, ilahi
qüvvə, bərəkət, firavanlıq mənbəyi,
paklıq, müqəddəslik rəmzi hesab edildiyi
üçün insanların dini-ideoloji görüşlərində
mühüm yer tutub. Onların əksəriyyətində
qadının əlləri, ayaqları, üzü şərti,
sxematik xarakterdə, digər xüsusiyyətləri isə bir
qədər qabarıq şəkildə verilib. Erkən Tunc
dövründə Ana xaqanlığının (matriarxat) Ata
xaqanlığı (patriarxat) ilə əvəz olunması nəticəsində
insanların dini-ideoloji görüşlərində,
düşüncə tərzinə dəyişikliklər
baş verib. Kişi təsərrüfat işlərində,
tayfanın idarə olunmasında əsas şəxs olduğu
üçün insanların dini-ideoloji görüşlərində,
düşüncə tərzində də özünəməxsus
yer tutub. Kişi fiqurları əyilməzliyi, məğrurluğu,
gücü, qüvvəti bildirib, "Ata-Tanrı"nı
simvolizə edib. Qadın fiqurları kimi, onlar da
"Əcdadlar kultu" ilə bağlı olub. Müəyyən
ritual ayinlərin icrasında istifadə edilib. İnsan
fiqurlarının "Əcdadlar kultu" ilə
bağlılıq təşkil etməsi, müəyyən
ritual ayinlərin icrasında istifadə edilməsi ilə
bağlı mənbələrdə xeyli məlumatlar
vardır. R.K.Balandin, S.A.Tokarev və digər tədqiqatçıların
bu haqda müxtəlif fikirləri var.
S.A.Tokarev əcdadlar kultunu dinin xüsusi forması
sayıb, onun türklərin dini-ideoloji görüşlərində,
mənəvi mədəniyyətində mühüm yer
tutduğunu qeyd edib. Tədqiqatçının fikrinə
görə, qadın heykəlləri ocağın ətrafında
heç də təsadüfən tapılmayıb. Onlar
qadının ocağın sahibi, odun qoryucusu olmasını
simvolizə edib. R.K.Balandin qadın heykəllərinin
ocağın ətrafına təsadüfən
qoyulmadığını düşünmüşlər,
hesab etmişlər ki, belə fiqurlar qadının qəbilə
başçısı, qəbilə ayinlərinin
icraçısı olmasını simvolizə edir və
bununla bağlı müəyyən dini ayinin icrasında
istifadə edilib. S.Rzasoya görə, türklərin mifoloji
düşüncəsində, dini-ideoloji görüşlərində
özünəməxsus yer tutan Oğuz xaqan obrazı da
"Əcdadlar kultu" ilə bağlılıq təşkil
edir. L.N.Qumilyov qeyd olunan məsələyə münasibət
bildirərkən "Əcdadlar kultu"nun Altay türklərində
əsasən əyanlar, əhalinin varlı təbəqəsi
arasında geniş yayıldığını söyləyib.
"Oğuz Xaqan", "Yaradılış",
"Kitabi-Dədə Qorqud" və digər qədim
türk dastanlarında da "Əcdadlar kultu"nun
insanların dini-ideoloji görüşlərində
özünəməxsus yer tutması ilə bağlı məlumatlar
vardır. "Oğuz Xaqan" dastanında Oğuz xaqan, "Yaradılış" eposunda
Qara xan, "Kitabi-Dədə Qorqud" dastanında isə Dədə
Qorqud (Qorkut Ata) əcdad kultunu simvolizə edib.
Meydan məscidində aşkar olunmuş daşın
üzərində dairə içərisində yonma üsulu
ilə çəkilmiş on bir guşəli təsvirin
semantikası ilə bağlı aparılan araşdırma
zamanı məlum olmuşdu ki,
bu tip təsvirlər günəşi simvolizə edir. Belə
təsvirlər müxtəlif yerlərdə aşkar olunub.
Onlar on, on bir, on iki və s. guşəli formada verilib. Onlar
Günəş inamı ilə bağlı olub. Azərbaycanla
yanaşı, dünyanın müxtəlif yerlərindəki
arxeoloji abidələrdə üzərində belə təsvirlər
olan artefaktlar keramika məmulatları, xalçalar, qəbir
daşları və sair aşkar olunub.
Tivi kəndinin ərazisində aşkar olunmuş
maraqlı arxeoloji materiallardan biri də çəkisi 5,96 qram
olan mis sikkədir. Sikkənin bir üzündə quş təsviri,
digər üzündə isə yazı vardır. Bu sikkə
ilə bağlı apardığımız araşdırma nəticəsində
onun üzərindəki yazının bütün elementlərini
oxumaq və dəqiq fikir demək çətin olsa da, üzərində
bu tip quş təsvirləri olan sikkələrin hansı dövrə
aid olduğunu müqayisəli araşdırma nəticəsində
müəyyən etmək mümkündür. Bu istiqamətdə
tərəfimizdən aparılan müqayisəli
araşdırma nəticəsində məlum olmuşdur ki, belə
mis sikkələrdən Səfəvilər dövlətinin
son dövrlərində istifadə edilməsi ilə
bağlı Ə.Rəcəblinin "Monetnoe delo vo vtoroy
polovine XVIII - naçale XIX veka (çekanka monet i denejnoe
obrahenie v azerbaydjanskix xanstvax)", Gəncə, İrəvən
xanlığında üzərində belə quş təsvirləri
olan mis sikkələrdən XVIII əsrdə istifadə edilməsi
ilə bağlı "Azərbaycanın dövlət rəmzləri
və atributları" kitabında məlumatlar vardır.
Onların hamısının XVIII əsrə aid olmasına əsasən
ehtimal etmək olar ki, Tivi kəndinin ərazisində təsadüf
nəticəsində aşkar olunmuş mis sikkə də həmin
dövrə aiddir. Onun Səfəvilər dövlətinin son
dövrlərinə aid, Gəncə və İravan
xanlığına aid mis sikkələrdən fərqlənməsinə
əsasən ehtimal etmək olar ki, bu Naxçıvandakı
yerli zərbxanaların birində kəsilib.
Ordubad rayonunun Tivi kəndi ərazisində qeydə
alınmış yeni arxeoloji materiallar bir daha onu sübut edir
ki, Naxçıvan Mustar Respublikasının bütün
bölgələrində zəngin tariximizin izləri
qalmaqdadır. Tarixin canlı şahidi olan, onun daş
yaddaşına çevrilən abidələrimizi, onlardan
aşkar olunmuş arxeoloji materialları tədqiq etməklə
tariximizi daha dərindən öyrənmək
mümkündür.
Toğrul XƏLİLOV
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və
Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə
fəlsəfə doktoru, dosent
525-ci qəzet .- 2025.- 28 fevral(№38).- S.12.