Bir həyatda iki
ürək, beş ömür
BAŞA DÜŞƏNLƏR ÜÇÜN
Dünya və Avropa, eləcə də müasir Azərbaycan ədəbiyyatına
çox az mahir bələdçilərdən biri, istedad
sarıdan bəxti gətirib də gözəl redaktə
qabiliyyətini tətbiq etməyə iş yeri tapmayan
uğursuz həmkarım Vazeh Qəzənfəroğlunun əlində
nəfis tərtibatlı kitabı görəndə:
"Makulaturadı, ya bilik mənbəyi", - deyə
soruşdum.
Mənə patoloji nifrətini heç vaxt gizlətməyən
Vazeh Qəzənfəroğlunun "başa düşənlər
üçün bilik mənbəyi, qalanları
üçün makulatura", - cavabını onun şair
hazırcavablığına yozsam da, dizimi qatlayıb, elə
öz yanındaca oxumağa başladım.
Açığı, son10 ildə ədəbi tənqidin
"bəy tərifi" və "tayfa-nəsil düşmənçiliyi"
stilində təqdim etdiyi turşməzə və kəmşirin
"ədəbi-bədii-publisistik" nümunələri nəzərə
almayanda, təkrar-təkrar oxuduğum bir kitab olub: Hüseynağa
Qəniyev, "Müstəbid".
Stolüstü kitabıma çevrilən "Müstəbid",
Paşa Qəlbinurun "Təbabət poeziyanın fəlsəfi
əyarı kimi və ya MAYE İŞIQ"ıyla cütləşdi.
Hər iki kitab Azərbaycanın
VƏTƏNDAŞlıq eşqində olan OXUCUsunun təfəkküründə,
qəlbində və gözündə NUR oyadır.
Əgər Hüseynağa Qəniyev dünya fəlsəfəsinin,
dövlət və dövlət idarəetmə
funksiyalarının mahiyyətini, dahilərin
ömrünün - əməl və söz birliyinin nütfəsindəki
ən işıqlı çalarlarını Azərbaycana, azərbaycanlılara
çatdırıb tanıdırsa, Paşa Qəlbinur təbabəti
poeziyanın fəlsəfi əyarı kimi MAYE İŞIQ
qismində DÜNYAya təqdim edir. Başa düşən
dünya oxucusu o maye işıqda Azərbaycan mentalitetinin, Azərbaycan
şairinin, aliminin, siyasətçisinin, siyasətinin, mədəniyyətinin,
əxlaqının özünün spesifik rəngləri ilə
seçildiyini görür. Buna sevinmək lazımdır! Həmişəmi
biz dünyanı tanımalıyıq? Bəs dünyada necə
tanınmalı? Bu suala, eləcə də "Azərbaycanı
dünyada tanıdanlar kimlərdir" sualına adını
çəkdiyimiz"... "MAYE
İŞIQ"da müəllifin
konkret və tutarlı cavabı var: "...Dünyada alman
dilinin əvəzinə ingilis dili dəb düşəndə,
iki ilə ingilis dilini mükəmməl öyrəndi, Tokioda,
Qahirədə, Los-Ancelesda, Tunisdə, Romada parlaq elmi və
siyasi məruzələr elədi...
Son iyirmi ildə (1974-cü ilə qədər olan
dövr nəzərdə tutulur - A.C.) dörd ildən bir
dünyanın müxtəlif ölkələrində
çağrılan Asiya və Afrika ölkələri
oftalmoloqlarının daimi konqresində həmişə sovet
elmi nümayəndə heyətinə başçılıq
etmişdir...
Dünyanın müxtəlif ölkələrində
yaşayıb-işləyən görkəmli oftalmoloqlarla hər
görüşümdən sonra üzü hamar...
başdaşınızla üz-üzə durub Sizə hesabat
verirəm. Ümnisə xanım! Sizin haqqınızla o alimlər
qəribə, həm də millətimiz üçün fəxr
sayılası xatirələr danışırlar (prof. Dəmir
Başar, Erol Turaclı,
Çolpan Mirzətac, Antelava, akademik M.Krasnov, S.Fyodorov,
Eroşovski, Barrakver, Troutman).
...Rusiyanın uzaq şəhərlərindən birində
Fransa Elmlər Akademiyasının fəxri üzvü olan
qardaşınız rəhmətə gedir. Siz Bakıdan yola
düşəndə ən bahalı, gözəl geyiminizdə,
elmi konqreslərə gedərkən
hazırlaşdığınız kosmetikada olmusunuz. Bir
nadanın sorğusuna cavab vermisiniz ki, "mən getdiyim şəhərdə,
dəfndə bəlkə də heç azərbaycanlı
görən yoxdur. Axı, mən Azərbaycanı təmsil
edirəm və millətimiz haqqında təəssürat
yaradıram!"
...Ümnisə xanım, Siz heç vaxt Sov.İKP üzvü
olmadınız, kişi
ömrü yaşadınız, dilinizdən
çıxan söz, söz donunda quş olub uçmadı,
nəhəng səma gəmiləri kimi öz qiymətli
yükünü həmişə mənzil başına
daşıdı..." ("Təkrarsız Ümnisə
xanım", səhifə 58).
...Çox istərdim ki, Azərbaycan
qadınının bu dərəcədə komplimentsiz,
örnək və mərdanə obrazını ehtiva edən
bir bədii nümunə göstərsinlər.
"İnsan vücudunun pasportu" gözə təbiblik
edən Paşa Qəlbinur həm də şairliyi sözə
həkimlik hesab edir, şairi mənəviyyat təbibi
sayır... və dediyini də əməliylə sübut edir:
çörəyi sənətlə qazanarlar, mənəviyyata
təbibliklə yox! Doğrusu, kitabın "Məqam"
bölümündəki fikirlər çoxdan gəldiyim qənaəti
kağıza köçürməyə təkan verdi. Lap
açığı, şair axtarırdım ki, onu nümunə
göstərib, ürəyimi boşaldım.
Qədimdə necə olub, demək çətindi,
amma müasir şairlər tamam ağını
çıxarıblar. Şairliyin ilahi vergi olduğunu cəmiyyətin
etiraf və qəbul etməsi sanki şairlərimizin əksəriyyətinə,
- seyid cəddinə nəzir
umduğu kimi (seyidlik də ilahi
vergidi), - diktə edir ki, bu xalqdan istədiyinizi nəinki ummaq,
hətta tələb etmək, bir az o yana keçəndə,
lap belə "təpikləyin" - "sözləyib"
ala bilərsiniz. Təsadüfi deyil ki, bütövlükdə
şair xalqın şair-vətəndaşlarından vətəndaş-şairliyi
ilə seçilənlərin abırlısı prezidentlik istəyir,
"tripaç"ı özünün trans vəziyyətindən
"vəhylər" gətirir, ümumiyyətlə,
İlahinin özü və yaxud da əksinə,
özünün İlahiliyini iddia edir, monqoloid
baxışlarını tənə seli kimi millətə
yönəldir, dədə-nənəsinin kənd mollasına
yazdırdığı, mürəkkəbi hələ
qurumamış "Couşan-Kəbir" duasını
tumanbağlarında gəzdirən farmazonlar isə əliyyül-əminliklə
Allahın gündəlik həyatından birbaşa reportajlar
silsiləsi işlədiyini bəyan edir. Belə anlarda adam istəyir
ki, Vaqif Bəhmənlinin
"Politika" qəzetinə verdiyi müsahibədəki
"ədəbiyyat olmasaydı belə, biz ədəbiyyatdan
aldığımız zövqü ayrı sahələrdən
alardıq" fikrini yun çubuğu kimi götürüb
bu şair-nasir tayfasını "dütt" deyinsə
çırpasan. Axı, indi Azərbaycan xalqı iş
rejimini, həyat şəraitini tamamilə şeirlə tənzimləmir!
İndi Allah Sizə bu vergini verib ki, BİZİM
XİDMƏTİMİZDƏ DURASINIZ, deməyib ki, kal armud
olub boğazımıza, paz olub ədəbiyyatımıza
keçəsiniz. Elə kitabından söz
açdığımız Paşa Qəlbinurdan öyrənmək
nə çətin işdi ki: "Anam məni şair
doğub, mən özüm həkim olmuşam".
Varlığıyla sağ olsun Paşa Qəlbinur.
Demir amalı xalqına sevinc, nur bəxş eləməkdi,
buyur da qardaşım, şeir alınmır, gözəl,
yüksək səviyyəli bir cərrahiyyə əməliyyatı
bəs edir də bu dünyanı sevməyə, bu dünya
uğrunda mübarizə aparmağa. Bunun üçün
adamda gərək ürək olsun, ürək.
Paşa Qəlbinurda iki ürək var: şair və həkim
ürəyi. Təfəkkürə, qəlbə, gözə
nuru sözlə vermək çətindirsə,
alınmırsa, ürəyə işığı, nuru
gözdən bəxş edir! Bax, bu, dəmi gəlməknən
deyil - xalqa xidmət MAYE İŞIQ kimi qırılmaz
olmalıdı! Budur insan ömrünü bütövləşdirib
şəxsiyyətə çevirən nüans!
Bu kitabın digər maraqlı cəhəti həm də
odur ki, Paşa Qəlbinurun iki ürəkli olmasından əlavə,
həm də bu iki ürəklə beş ömür
yaşadığını ortaya qoyur!
Şair ömrü bəlli!
Həkim ömrü bəlli!
Müəllim ömrü:
"Hamı bilir ki, Paşa müəllim heç nə
bilməyən tələbəyə heç vaxt məqbul
qiymət vermir".
Vətəndaş ömrü:
"1990-cı ildə seçkilərdə məni
müdafiə etməyə söz verən adamların
etibarsızlığını görən anam mənə
and verdi ki, seçkilərdə iştirak etməyim. Ona
görə də anamın sözünə əməl
etdim...
1990-cı ildə baş verənlər yadıma
düşəndə siyasətə qoşulmaq fikrindən vaz
keçirəm. Mən əməlimlə xalqa xidmət edirəm.
Xoşbəxtəm ki, səhər yuxudan duranda
özümü biqeyrət hesab etmirəm".
Bu kriteriyalarla yaşayan - anasına verdiyi anda əməl
edən (halbuki adamlar var ki, Qurana əl basıblar, bu müqəddəs
kitabı belə tapdayıb nəfslərini gizlətməyiblər
- A.C.), xəstəsinə görə siqaret çəkməyən
Paşa Qəlbinurun daha bir ömür yiyəsi olduğunu
vurğulamaq istərdim. O ömür nəfsinə qalib gələ
bilən mömin ömrüdü!
Qaldı alim ömrü.
Kitabda P.Qəlbinurun alimliyinə aid faktları
yazmağa qəzetin 16 səhifəsi bəs eləməz. Digər
tərəfdən, biz kitabı təkrar çap etmirik ha,
kitabdan məlumat veririk. Hamısını sizə mən
çatdırası deyiləm ki? Buyurun, oxuyun, başa
düşün, ən azından "tək
uçmağı bacaran bir misralıq şeirlərin"
siqlətindən agah olun!
SON! Kitabı oxudum. Güman edirəm ki,
yüngülvari redaktə və bəzi təkrar hissələrin
ixtisarından sonra ciddi şəkildə korrektura edib, çəkinmədən
ingilis dili variantını işləmək olar - "bu
dünyaya bir çox şeyləri başa sala biləcək
insanlarımız hələ var" iddiasıyla.
Bir uşaq ağlayır yaxınlığında
(ixtisarla)
Bir gəlinə
Bir uşaq ağlayır yaxınlığında...
Əlləri uzalı, əlləri yalın.
Əlləri uzanır, əli çatmayır
Əllər iynələnir, can iynələnir...
Dünya iydələnir, dünya göyərir
Ürəyi göyərir, özü göyərmir...
Bir uşaq ağlayır yaxınlığında...
O uşaq yuxuda ağlayır deyən
Taleyin on illik ayrılığında
Titrəyən, titrəyən işıq görürəm.
İndicə yuxuda,
Yuxularında
On ildə min dəfə hamilə olan
Gəlin qucağında uşaq görürdüm.
Uşaq ağlayırdı, mən
hönkürürdüm.
Aydın CANIYEV
525-ci qəzet .- 2025.- 28 fevral(¹38).- S.11.