Mədəni mülkiyyətinin qorunması məsələləri
müzakirə olunub
Fevralın 27-də Milli İncəsənət Muzeyində
Azərbaycan Respublikasının mədəni mülkiyyətinin
qanunsuz dövriyyəsi mövzusunda dəyirmi masa
keçirilib.
"Respublika" xəbər verir ki, tədbirdə mədəniyyət
naziri Adil Kərimli ölkəmizdə mədəni mülkiyyətin
qorunması istiqamətində həyata keçirilən
işlərdən danışıb. Mədəni irs sahəsində
dövlət siyasətinə toxunan nazir bildirib ki, Azərbaycanda
mədəni mülkiyyətin qorunması daim ölkə rəhbərliyinin
diqqət mərkəzində olub və bu sahədə
qanunverici bazanın təkmilləşdirilməsi istiqamətində
mühüm işlər görülüb.
A.Kərimli çıxışı zamanı ölkəmizdə
tarixi abidələrin monitorinqi,
inventarlaşdırılması, abidələrin bərpa və
konservasiyası, tarix-mədəniyyət qoruqlarının fəaliyyəti,
mədəni irsin qorunması işinin təkmilləşdirilməsi
(qanunsuz müdaxilələrin qarşısının
alınması) və digər məsələlərə
toxunub. Diqqətə çatdırılıb ki, ölkəmizdə
mədəni irsin dairəsi, onun mühafizə mexanizmi və
inkişafı ilə bağlı qanunverici və institusional
baza yaradılıb. Azərbaycan mədəni irsin mühafizəsi
məsələlərini tənzimləyən bütün
beynəlxalq universal konvensiyalara qoşulub.
Nazir Birinci Qarabağ müharibəsi vaxtı və
işğal illərində mənfur ermənilər tərəfindən
Qarabağ və Şərqi Zəngəzurda daşınar və
daşınmaz mədəni irsimizin məhv edilməsi və
qanunsuz çıxarılmasından da söhbət
açıb. Vurğulayıb ki, Ulu Öndər Heydər
Əliyevin hakimiyyətə qayıdışdan sonra mədəniyyətimizin
dirçəlməsi və qorunması prioritet siyasət
istiqamətlərindən olub. İşğal dövründə
ermənilər tərəfindən Qarabağdan qanunsuz olaraq
çıxarılmış mədəni sərvətlərin
bir qismi Ümummili Liderin iradəsi ilə geri
qaytarılmışdır. Buna bariz nümunə olaraq
Şuşada güllələnmiş heykəllərin
Gürcüstandan gətirilməsini göstərə bilərik.
Bunlar Azərbaycanın üç dahi şəxsiyyəti -
Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın
heykəlləridir. Azərbaycan Prezidenti İlham Əliyev
2021-ci il yanvarın 14-də Şuşaya səfəri
zamanı heykəllərin açılışını
etmişdir. Prezident tərəfindən Ulu Öndərin siyasətinin
davam etdirilməsi və postmünaqişə dövründə
dağıdılmış abidələrin surətli şəkildə
bərpası həyata keçirilir.
Nazir bildirib ki, bugünki tədbirdə mədəni
irsin qorunmasına cavabdeh olan qurumların nümayəndələri
iştirak edir və təqdimatlar, müzakirələr bu sahədə
vacib məqamlara aydınlıq gətirəcək.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərovun
moderatorluğu ilə davam edən tədbirdə Vəkillər
Kollegiyasının üzvü Nazlı Əhmədova,
Gömrük Komitəsinin sədr müavini Güloğlan
Muradlı, Türkiyənin Mədəniyyət Nazirliyinin Mədəni
irs və muzeylər şöbəsinin müdir müavini
Bülent Gönültaş və başqaları
çıxış edərək mədəni mülkiyyətin
qorunması sahəsində görülən işlərdən
danışıblar.
525-ci qəzet .- 2025.- 28 fevral(№38).- S.9.