Bəstəkarlar
İttifaqı Xocalı qurbanlarını anıb
Fevralın 26-da Azərbaycan Bəstəkarlar
İttifaqında Xocalı faciəsinin 33 illiyinə həsr
olunmuş anım tədbiri keçirilib.
Bildirilib ki, tədbirdə çıxış edən
ittifaqının sədri, AMEA-nın müxbir üzvü,
Xalq artisti, professor Firəngiz Əlizadə
xalqımızın tarixində baş verən Xocalı faciəsinin
dəhşətlərindən danışaraq, bu hadisənin
təsirindən yaranmış musiqi əsərlərindən
söhbət açıb. “Musiqinin müxtəlif
janrlarında bəstəkarların qələmə
aldıqları bir neçə əsər var. Bunlardan Azər
Dadaşovun “Xocalıya ədalət” simfonik plakat, Faiq
Nağıyevin “Xocalı harayı” rekviyem, Elnarə
Dadaşovanın orqan üçün “Xocalı laylası”,
Tural Məmmədlinin kamança və piano üçün
“Xocalıya ithaf”, Azad Zahidin “Rekviyem”, Nazim Quliyevin “Xocalı”
operası, Aleksandr Çaykovskinin “Xocalı”, Balnur
Kıdırbeyin simfonik orkestr üçün “Xocalı
qurbanları” əsərlərinin adını çəkə
bilərəm”,- deyə o əlavə edib.
Əməkdar incəsənət xadimi, professor
Gülnaz Abdullazadə, AMEA-nın müxbir üzvü, elmlər
doktoru, professor Rəna Məmmədova, Əməkdar incəsənət
xadimi, sənətşünaslıq elmlər doktoru, professor
Kamilə Dadaşzadə, Əməkdar incəsənət
xadimi, professor Həcər Babayeva və digər şəxslər
çıxış edərək, onlar da Xocalı faciəsinin
musiqidə təcəssümü ilə yanaşı, bu əsərlərin
təbliğ olunmasının mühüm əhəmiyyət
kəsb etdiyini vurğulayıblar.
Bədii hissədə unudulmaz bəstəkar Məmməd
Quliyevin 1995-ci ildə qələmə aldığı
“Xocalı” rekviyemi səsləndirilib.
525-ci qəzet .- 2025.- 28 fevral(№38).- S.9.