Süni intellekt və jurnalistika
Texnologiyanın inqilab etdiyi indiki dövrdə aktual
mövzulardan biri də süni intellektin ən müxtəlif
sahələrə, xüsusilə də işçi qüvvəsinə
təsiridir. Zaman keçdikcə daha da təkmilləşən
süni intellektin müxtəlif fəaliyyət sahələrinə
hər nə qədər çox müsbət töhfəsi
olsa da, bir sıra peşələri tədricən sıradan
çıxaracağı əsas müzakirə
mövzularındandır. Bir çox ekspertlər bu məsələlərdən
danışarkən süni intellektin jurnalistika sahəsinə
də ciddi təsir göstərəcəyini
vurğulayırlar.
Mətbuat Şurası İdarə Heyətinin
üzvü, jurnalist Hacıbəy Heydərli süni intellektin
jurnalistikanın bəzi qollarını sıradan
çıxara biləcəyi fikrindədir:
"Düşünürəm ki, süni intellektin
inkişafı birbaşa medianın fəaliyyətinə təsir
edən amillərdəndir. Süni intellekt media ilə
birbaşa əlaqəlidir. Yeni yaranan sosial şəbəkələr,
proqramlar onu deməyə əsas verir ki, artıq insanların
yeni informasiya əldə etmək imkanları sürətlə
genişlənir. Süni intellekt vasitəsilə şablon məlumatlar
əldə etmək və o məlumatlara
çıxış imkanı qazanmaq daha asanlaşır. Bu
da təbii ki, medianın işinə birbaşa təsir
göstərir. Amma süni intellektin medianı sıradan
çıxarması kimi ehtimal ola bilməz. Əksinə, bu,
mediaya müsbət təsir göstərə və dəstək
ola bilər. Bildiyimiz kimi, son dövrlər süni intellekt
vasitəsilə dezinformasiyalar, feyk nyuslar, saxta videolar
hazırlanır ki, bu da dünyada peşəkar medianın
nüfuzunu artırır və media subyektlərinə daha
çox inam yaradır. Təbii ki, burada ən vacib amillərdən
biri media savadlılığıdır. Artıq oxucunun
qarşısına hər hansı yeni bir məlumat
çıxanda onu mütləq həqiqət kimi qəbul etməməli,
həmin məlumatlara şübhəçi
yanaşmalıdır. Süni intellektin inkişafı ilə
bu kimi hallar mediaya ayaq açır. Amma süni intellektin
jurnalistikanın bəzi şablon və texniki hissələrini
sıradan çıxarması mümkündür. Məsələn,
xəbərin sayta yerləşdirilməsi, infoqrafika
hazırlanması, məlumatların toplanması, redaktə,
korrektə kimi məsələlərə süni intellekt dəstək
ola bilər ki, bu da mediada bu sahələrin sıradan
çıxması ehtimalını artırır".
Mətbuat Şurası İdarə Heyətinin
üzvü, texnobloger Fərid Pərdəşünasın
fikrincə, süni intellektin jurnalistika sahəsinə təsiri
müzakirəyə açıq olan məsələdir:
"Jurnalistika yaradıcı peşə hesab olunur. Burada
birbaşa müəllifin öz şəxsi yanaşması,
analizləri və çıxardığı nəticələr
var. Düzdür, süni intellekt müxtəlif həllərdən
istifadə edərək müxtəlif xəbərləri, mənbələri
araşdırıb, vahid qərara gəlib nəticə
çıxara bilir, amma istənilən halda, süni intellektin
dayandığı nöqtə də jurnalistlərin
yazdığı xəbərlərdir. Jurnalistlər peşəkar
şəkildə öz unikal xəbərlərini istehsal etməsələr,
medianı məzmunla təmin etməsələr, süni
intellekt həmin məzmunlardan istifadə edib nəticə
çıxara, insan yaradıcılığını vahid mənbə
kimi götürə bilməyəcək. Sözsüz ki,
süni intellektin jurnalistikanın müxtəlif sahələrində
təsirləri olacaq. Sıradan çıxaracağı
birinci sahə tərcümə jurnalistikasıdır.
Artıq gələcəkdə redaksiyalarda tərcüməçilər
fəaliyyət göstərməyəcək. Çünki
süni intellekt çox yaxşı tərcümə qabiliyyətinə
sahibdir, hazırda sadəcə linki süni intellektə
göndərməklə həmin xəbərin tərcüməsini
əldə etmək mümkündür. İkinci məsələ
isə korrektədir. Artıq süni intellekt bir çox dillərin
qrammatik qaydalarını çox yaxşı mənimsəyib
və bu səbəbdən korrektə işini də görməyi
bacarır. Buna görə də korrektorların işi təhlükə
altındadır. "Kopyala, yapışdır" məntiqi
ilə çalışan jurnalistlər də öz işlərini
itirəcəklər. Məsələn, hər hansı
şirkətdən press-reliz gəlir və həmin press-relizi
sayta yerləşdirməyi, onun əsasında xəbər
yazmağı süni intellekt rahatlıqla görə bilir. Bu
da o deməkdir ki, gələcəkdə bu sahədə
çalışanlar da öz işlərini itirəcəklər.
Burada işlərini itirməyən şəxslər süni
intellektlə yaxşı işləməyi bacaranlar və
öz fərdi yanaşmasını ortaya qoyan, unikal məqalələr
yaradan jurnalistlər olacaqlar. Süni intellekt hadisələri
insanlar səviyyəsində dəyərləndirib nəticələr
çıxara bilmir, burada müxtəlif aspektlər, emosional
yanaşmalar, insan zəkasının ortaya qoyduğu məhsullar
var. Ona görə də sadaladığımız sahələr
istisna olmaqla, jurnalistika əslində, süni intellektin vasitəsilə
inkişafa doğru gedəcək. Xüsusən də
dezinformasiyaların aşkara çıxarılması, saxta xəbərlərin,
yalan məlumatların ortaya qoyulması daha da rahatlaşacaq. Xəbərlərin
avtomatik yazılması dəbə düşəcək.
Artıq bir redaksiyada bir neçə jurnalist və yaxud
redaktor saxlamağa ehtiyac olmayacaq. Süni intellektin köməyi
ilə bunu bir-iki nəfər özü rahatlıqla həll
edə biləcək. Əslində daha effektiv, daha
yaradıcı iş prosesi ortaya çıxacaq. Təbii ki,
süni intellektin müəllif hüquqları məsələsinə
də diqqət etmək lazımdır. Bu, bütün
dünyada müzakirə olunan məsələdir. Süni
intellekt insan yaradıcılığına və yaxud
jurnalistlərin yazdığı fərdi məqalələrə
istinad etdiyinə görə həmin insanların fikirlərini
götürür. Burada təbii ki, müəllif hüquqları
məsələsi ortaya çıxır, bu da qanunvericilik
bazası ilə qorunmalıdır. Hazırda beynəlxalq
jurnalist təşkilatları bunun üzərində müxtəlif
çalışmalar aparırlar ki, məhz süni intellektin
müəllif hüquqlarına əməl etməsinə diqqət
ayırsınlar və yaxud süni intellektlə yaradılan məzmuna
saytlarda istinad olunsun. Bu mövzunun etik tərəfləri
işlənilir və gələcəkdə tətbiq
olunacaq".
Mətbuat Şurası sədrinin müavini, Bakı
Dövlət Universitetinin Jurnalistika fakültəsinin
dekanı Vüqar Zifəroğlu media sahəsində texnoloji
inqilabın jurnalistikanın gələcəyini köklü
şəkildə dəyişməkdə olduğunu bildirib:
"Müasir texnologiyaların sürətlə inkişaf etməsi
jurnalistika sahəsində də köklü dəyişikliklərə
səbəb olub. Xüsusilə, süni intellektin beynəlxalq jurnalistikada istifadəsi
informasiya istehsalı, yayımı və istehlakı prosesini
yeni bir mərhələyə daşıyıb. Müasir
günümüzdə süni intellektdən beynəlxalq
jurnalistikada bir çox sahədə istifadə olunur. Xəbər
agentlikləri avtomatlaşdırılmış sistemlərdən
istifadə edərək maliyyə, idman və hava proqnozu kimi
sahələrdə qısa zamanda məqalələr
hazırlayırlar. "Associated Press" (AP) və
"Bloomberg" kimi nüfuzlu media qurumları süni
intellekt vasitəsilə avtomatik xəbər yazan sistemlərdən
istifadə edir. Bundan başqa, fakt-yoxlama və dezinformasiyanın
aşkarlanması süni intellektin vacib funksiyalarından
biridir. Müasir media məkanında dezinformasiyanın
yayılma sürətinin artması jurnalistikanı ciddi
çağırışlarla qarşı-qarşıya
qoyub. "Google Fact Check Tools" və digər fakt-yoxlama alətləri
süni intellekt vasitəsilə yanlış informasiyaların
mənbəsini araşdırır və oxuculara etibarlı məlumat
təqdim etməyə kömək edir".
V.Zifəroğlunun sözlərinə görə,
süni intellektin beynəlxalq jurnalistikadakı rolu sadəcə
kontent istehsalı ilə məhdudlaşmır, o, eyni zamanda
media monitorinqini effektiv şəkildə həyata keçirməyə
də imkan yaradır: "Jurnalistlər süni intellekt alətlərindən
istifadə edərək ictimai rəyi analiz edir, sosial
medianı izləyir və qlobal hadisələrin
gedişatını öncədən proqnozlaşdıra
bilirlər. Süni intellekt həm də auditoriyanın
maraqlarına görə fərdiləşdirilmiş xəbər
yayımına imkan yaradan alqoritmlərlə təchiz olunub.
"Google News" və "Apple News" kimi platformalar
oxucuların xəbər oxuma seçimlərinə əsaslanaraq
onlar üçün ən aktual və maraqlı xəbərləri
sərgiləyir. Buna baxmayaraq, süni intellektin jurnalistikada
istifadəsi bir sıra etik və praktiki problemlər yarada
bilir. Onlardan biri obyektivlik məsələsidir. Süni
intellekt alqoritmləri insan tərəfindən
proqramlaşdırıldığı üçün onlar
da qərəzli ola bilər və bəzi informasiyaları
şüurlu şəkildə səhv analiz edə bilər.
Bu isə informasiya manipulyasiyaları üçün geniş
imkanlar yaradır".
Müsahibimiz bildirib ki, jurnalistikanın əsas özəlliklərindən
biri olan araşdırma və tənqidi düşüncə
süni intellekt tərəfindən tam icra edilə bilmir:
"Süni intellekt məlumatları sıralaya və əmələ
gətirə bilsə də, orijinal araşdırmalar aparmaq,
jurnalist etikası çərçivəsində obyektiv
yanaşma təmin etmək kimi əsas bacarıqlara sahib deyil.
Şübhəsiz ki, bu dəyişikliyə uyğunlaşmaq
və jurnalistikanın davamlılığını təmin
etmək üçün həm fərdi jurnalistlər, həm
də media quruluşları yeni yanaşmaları qəbul etməlidirlər.
Bu gün VR (Virtual Reality) və AR (Augmented Reality)
texnologiyaları istifadəçilərə hadisələri
"yerindəcə" yaşamaq imkanı verir, immersiv
jurnalistikanı inkişaf etdirir. İstəsək də-istəməsək
də, sosial media jurnalistikada həm mənbə, həm də
platforma kimi çıxış edir. Əsas xəbər
hadisələri tez-tez sosial mediada başlayır. Jurnalistlər
mürəkkəb sosial, iqtisadi və siyasi problemləri
anlamaq üçün böyük data bazalarını analiz
edirlər, məlumatların daha aydın
çatdırılması üçün interaktiv qrafiklərdən
və vizual elementlərdən yararlanırlar. Təbii ki,
bütün bu dəyişikliklərə hazır olmaq
çox önəmlidir. Jurnalistlər süni intellekt alətlərindən,
məlumat analitikası proqramlarından və
avtomatlaşdırma texnologiyalarından istifadə etməyi
öyrənməlidirlər. Media təşkilatları
texnoloji startaplarla əməkdaşlıq qurmalı, innovativ
alətləri öz iş axınlarına inteqrasiya etməlidirlər.
Bir də təbii ki, davamlı təhsil. Jurnalistlər
üçün texnoloji yeniliklərə dair davamlı təhsil
proqramları təşkil olunmalıdır. Bu proqramlar həm
akademik qurumlar, həm də media təşkilatları tərəfindən
dəstəklənə bilər. Nəzərə almaq
lazımdır ki, mediada texnoloji yeniliklər jurnalistləri
monoton işlərdən azad edərək, daha yaradıcı
və dərin analitik işlərə fokuslanmağa imkan verəcək.
Eyni zamanda, jurnalistikanın həqiqəti axtarmaq və cəmiyyətə
təsir göstərmək mahiyyəti dəyişməyəcək.
Bu səbəbdən, yeni texnologiyalara uyğunlaşmaqla
yanaşı, ənənəvi jurnalistikanın əsas
prinsipləri də qorunmalıdır. Süni intellekt beynəlxalq
jurnalistikanı dəyişdirir və daha səmərəli,
sürətli xəbər yayımına imkan yarıdır.
Lakin bu texnologiyanın etik istifadəsi və insan jurnalistlərin
rolu mühüm olaraq qalır. Gələcəkdə
jurnalistika sahəsində süni intellekt və insan əməyi
bir-birini tamamlayan ünsürlər olaraq
varlıqlarını qoruyacaqlar. Jurnalistikanın mahiyyəti tənqidi
düşüncə və etik prinsiplər üzərində
qurulduğu üçün süni intellekt insan jurnalistləri
tam əvəz etmək əvəzinə, onların işini
asanlaşdıran bir vasitə olaraq qalacaq".
Ləman İLKİN
525-ci qəzet .- 2025.- 28 fevral(№38).- S.8.