Ekologiya və ətraf mühitin
mühafizəsi
Ölkədə təbiətin, flora və faunanın
qorunması, ətraf mühitin, təbii ehtiyatların,
onların mühafizəsi, bərpası davamlı inkişaf
konsepsiyasının tərkib hissəsinə çevrilib.
Ekoloji təhlükəsizliyin təmin olunması
üçün ətraf mühitin çirklənməsinin
minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi,
indiki və gələcək nəsillərin tələbatını
ödəmək məqsədilə təbii sərvətlərdən
səmərəli istifadə Azərbaycan dövlətinin
ekoloji siyasətinin əsas istiqamətlərindəndir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi də
ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin
səmərəliliyini artırmaq, operativ həll
olunmasını təmin etmək, o cümlədən, ətraf
mühitin sağlamlaşdırılması məqsədilə
ardıcıl işlər həyata keçirir.
Nazirlikdən verilən məlumata görə, uzun illər
ərzində yaranan ekoloji problemlər təhlil edilərək,
onların kompleks həllinə yönəldilən və
davamlı inkişaf prinsiplərinə əsaslanan milli və
dövlət proqramları təsdiq edilib, onların icrası
istiqamətində tədbirlər görülüb. Ölkədə
mövcud qoruq və yasaqlıqların ərazisi genişləndirilib,
milli parklar yaradılıb, ətraf mühitin
qorunmasının gücləndirilməsi istiqamətində tədbirlər
həyata keçirilib. Bu proqramların əsas məqsədi ətraf
mühitin mühafizəsinə yönəldilən dövlət
əhəmiyyətli investisiya layihələrinin sistemli və
səmərəli şəkildə həyata keçirilməsini
təmin etməkdən ibarət olub.
Digər tərəfdən, təbii ehtiyatların
istismar intensivliyi nəzərə alınaraq Xəzər
hövzəsinin Azərbaycan üzrə ekoloji təhlükəsizliyinin
təmin edilməsi sahəsində ardıcıl tədbirlərin
həyata keçirilməsi, aparılan işlərin tam
ekoloji nəzarətdə saxlanılması, eyni zamanda, ekoloji
ekspertiza tələblərinin mövcud dünya
standartlarına uyğun qurulması problemlərin azalmasına
və bu sahədə əsaslı dönüşün
yaranmasına gətirib çıxarıb. Ölkənin
iqtisadi inkişaf tempinə uyğun olaraq Ekologiya və Təbii
Sərvətlər Nazirliyi çevik idarə olunan ekoloji siyasətin
həyata keçirilməsi istiqamətində ətraf
mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə
pozulmasına səbəb ola biləcək fəaliyyətin
qarşısının alınması, aztullantılı
texnologiyaların tətbiq edilməsi, beynəlxalq təşkilatlar
və inkişaf etmiş ölkələrlə ətraf
mühitin mühafizəsi sahəsində əlaqələrin
genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın
və maarifləndirmənin gücləndirilməsi prinsiplərini
tətbiq edir.
Sözsüz ki, Azərbaycanda yürüdülən
ekoloji siyasətin əsas məqsədi indiki və gələcək
nəsillərin ehtiyaclarının təmin edilməsi naminə
mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması
və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi
ilə davamlı inkişafın təmin edilməsindən
ibarətdir. İnkişafın ekoloji baxımdan davamlı
olmasını təmin etmək üçünsə iqtisadi
fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemləri
aradan qaldırmaq, onların ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi tələb
olunur. Azərbaycanda ekoloji siyasətin əsas istiqamətləri
üzrə qarşıya qoyulan məqsədə çatmaq
üçün vəzifələrə gəlincə, buraya ətraf
mühitin keyfiyyətinin yaxşılaşdırılması
üçün iqtisadi və insan potensialının idarə
edilməsinin müasir üsullarından istifadə edilməsi,
indiki və gələcək nəsillərin rifahının
yaxşılaşdırılmasını təmin edən,
stimullaşdıran iqtisadi modellərin, texnologiyaların
yaradılması və istifadəsi, eyni və müxtəlif
nəsillərin nümayəndələri arasında təminatın
ədalətlilik prinsipləri əsasında həyata
keçirilməsi, insanın həyat fəaliyyətini təmin
edə biləcək ekosistemlərin və biomüxtəlifliyin
təbii mühitinin olduğu kimi qorunub saxlanılması
daxildir.
Ekoloji siyasətin prinsiplərinə gəlincə,
qısa müddətli və uzunmüddətli iqtisadi, ekoloji və
sosial nəticələr, ehtimal edilən fəsadlar nəzərə
alınmaqla qərarların qəbul edilmə prosesinin həyata
keçirilməsi və bu prosesdə alternativ variantların nəzərə
alınmasıdır. Həmçinin, ətraf mühitin
mühafizəsi sahəsində qərarlar hazırlanarkən
ictimai və qeyri-hökumət təşkilatlarının
nümayəndələrinin cəlb edilməsinin genişləndirilməsi,
ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə
pozulmasına səbəb ola biləcək fəaliyyətin
qarşısının alınması, ətraf mühitin
mühafizəsinin təmin edilməsi üçün
aztullantılı, güclü, çoxşaxəli iqtisadi
inkişafın təmin edilməsi, beynəlxalq təşkilatlar
və inkişaf etmiş ölkələrlə ətraf
mühitin mühafizəsi sahəsində əlaqələrin
genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın,
maarifləndirmənin gücləndirilməsidir.
Aparılan tədqiqatlar onu göstərir ki,
hazırda ölkədə əsas ekoloji problemlər su
ehtiyatlarının çirklənməsi, yəni Xəzər
dənizinin sənaye və məişət tullantı
suları ilə çirkləndirilməsi, su obyektlərinin,
o cümlədən, transsərhəd çayların
çirkləndirilməsi, tullantı sularının idarə
olunması, yəni təmizləyici qurğularının
gücünün formalaşan tullantı sularından az
olması, tullantı sularının təmizlənmədən
su hövzələrinə axıdılması daxildir. Bundan
başqa, atmosfer havasının çirklənməsi,
stasionar mənbələrdən çirklənmələr, səyyar
mənbələrdən çirklənmələr,
torpaqların deqradasiyaya uğraması, yəni erroziya və
şoranlaşma prosesləri, torpaqların tullantılarla
çirkləndirilməsi, torpaq örtüyünün həddindən
artıq otarılması da əsas ekoloji problemlərdən
sayılır. Eyni zamanda, bərk məişət və sənaye,
həmçinin, təhlükəli tullantıların tələb
olunan səviyyədə utilizasiya olunmaması,
tullantıların tam səviyyədə idarə edilməməsi,
qeyri-qanuni poliqonların mövcudluğu, biomüxtəlifliyin,
o cümlədən, flora, fauna və xüsusi ilə balıq
ehtiyatlarının seyrəkləşməsi, iqlim dəyişikliklərinin
təsiri nəticəsində biomüxtəlifliyin azalması
əsas ekoloji problemlərdəndir. Eyni zamanda,
yaşayış məskənlərinin genişlənməsi
ilə bağlı antropogen təsirlər, meşə və
yaşıllıq sahələrinin miqyasınının
azlığı, meşə ərazilərinin
miqyasının qəbul edilmiş normadan azlığı,
yaşayış məntəqələri ərazisində
yaşıllıqların tələb olunan səviyyədən
aşağı olması, hərbi konfliktlər nəticəsində
ətraf mühitə dəyən zərərlər və s.
ekoloji problemlər arasındadır.
Ölkə müstəqillik əldə etdikdən və
bazar iqtisadiyyatı yolunu seçdikdən sonra, Azərbaycanda ətraf
mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni
vüsət alıb və formalaşmağa başlayıb.
Mütəxəssislərin fikrincə, bu, həm də ekoloji
məsələlərin ümumbəşəri bir problem kimi
qəbul edilməsi ilə də izah edilir. Respublikamızda bu
dövrdə ekoloji siyasətə dair ilk sənəd kimi
"Dayanıqlı inkişaf" prinsiplərinə əsaslanan
"Azərbaycan Respublikasının ekoloji
Konsepsiyası"nı qeyd etmək olar. Konsepsiyada ölkə
üçün ətraf mühitin mühafizəsi
baxımından üstün əhəmiyyətli olan problemlərin
həlli üzrə əsas prinsiplər öz əksini
tapıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən
bildirilib ki, Azərbaycanda ətraf mühitin qorunması
dövlət siyasətinin prioritetlərindən biridir.
Prezident İlham Əliyev bu məsələni xüsusi diqqət
mərkəzində saxlayır. Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ekologiyanin qorunması, ətraf mühitin mühafizəsi
istiqamətində daim tədbirlər planı həyata
keçirir. Birgə səylərin göstərilməsi,
ictimai dəstək qarşıya qoyulan məqsədlərin
uğurla reallaşmasına böyük stimul verir. Nazirlik rəsmisinin
dediyinə görə, ölkədə yaşıllıq sahələrinin
artırılması baxımından davamlı işlər
görülür: "Ölkədə fəaliyyət
göstərən Milli parkların ərazilərinin daha da
yaşıllaşdırılması və təkmilləşdirilməsi
istiqamətində işlər bundan sonra da davam etdiriləcək.
Bəzən yaşıllıqların məhv edilməsi ilə
bağlı faktlar görürük. Bu sahədə inzibati
metodlarla iş görmək çətindir. Cəmiyyətlə
birgə qabaqlayıcı tədbirlərin görülməsi
daha effektli olur. Çünki ictimai qınaqla daha tez nəticə
əldə etmək olur".
Nazirlikdən qeyd olunub ki, azmeşəli ölkə
kimi Azərbaycanda meşələrin artırılması və
mühafizəsi prioritet istiqamətlərimizdən biridir.
Ölkə ərazisinin 95 faizinin qazla təmin olunması
hesabına meşələrə neqativ təsirlərin
miqyası əhəmiyyətli dərəcədə
azalıb. Meşələrin mühafizəsini və
yanğından təhlükəsizliyini təmin etmək məqsədilə
Zaqatala, Şəki, Qax, Oğuz və Qəbələ
rayonlarında müşahidə kameraları
quraşdırılıb və bu istiqamətdə işlər
davam edir. Meşələrin dayanıqlı
inkişafını təmin etmək məqsədilə kənar
təsirlərə daha çox məruz qalan yerlərdə
yüngül konstruksiyalı çəpərləmə
işləri aparılır.
Məlumata əsasən, ətraf mühitə təsiri
olan faktorlardan biri də atmosfer havasının oksigenlə zənginlik
səviyyəsidir: "Təbii ki, həyatımızı
oksigenlə zənginləşdirən əsas mənbə də
yaşıllıq zonaları və meşə sahələridir.
Bu gün yaşıllaşdırma kütləvi və
davamlı prosesə, vətəndaş vərdişinə
çevrilib. Son illərdə Abşeronda və ümumən
ölkədə milyonlarla ağac əkilib və bu işlər
bu gün də davam etdirilir. Havanın təmizlənməsi
ilə bərabər, flora və fauna elementlərində də
pozitiv tendensiya müşahidə olunur. Azərbaycan təbiətində
də bu dəyişikliklər aydın görünür. Nazirlik
üzərinə düşən məsuliyyəti hiss edərək
bundan sonra da zəruri tədbirləri görəcək".
Məlumata görə, atmosfer havasının
çirkləndirilməsinin qarşısının
alınması ilə bağlı mütəmadi olaraq tədbirlər
görülür. Belə ki, atmosfer havasına atılan
tullantıların zərərsizləşdirilməsi məqsədilə
ölkənin iri şəhərlərində 500-ə
yaxın iri ictimai-iaşə obyektində təmizləyici
qurğular quraşdırılıb.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 1 iyul(№111).-S.15.