Tanrının
seçdiyi bəndə
Bu günlərdə "Adiloğlu" nəşriyyatında
nəfis tərtibatla işıq üzü görən "Mən
bu zamana sığmazam" adlı sənədli-publisistik
kitab bir oxucu kimi diqqətimi çox çəkdi.
Üç hissədən ibarət olan bu kitab Azərbaycanın
dövlət xadimi, Azərbaycan SSR Prokuroru və ölkəmizin
müstəqillik dövrünün ilk ədliyyə naziri vəzifələrində
çalışmış, hüquq elmləri doktoru,
professor, eks-millət vəkili, Ədalət Partiyasının
sədri (2001-2025) İlyas Abbas oğlu İsmayılovun şərəfli
ömür yolundan bəhs edir. Təqaüddə olan baş ədliyyə
müşaviri Ələmdar Məmmədovun müəllifi
olduğu kitabın mövzusu doğma xalqı, vətəni
üçün SEÇİLMİŞ bir insanın həyat
və fəaliyyətindən, keşməkeşli
TALEYİNDƏN bəhs etsə də, təkcə tarixi
baxımdan aktuallığına, mahiyyətinə görə
deyil, həm də bir çox müsbət, maarifləndirici
xüsusiyyətlərinə görə çox əhəmiyyətlidir.
Bəşər yaranandan bəri, yer üzünə
saysız-hesabsız insanlar gəlib-gedir. Təbii ki, ölüm faktoru insan həyatının
danılmaz və qaçılmaz məqamıdır.
Sözün poetik qüdrətindən özünə heykəl
ucaldan Məmməd Arazın "Dünya sənin, dünya mənim,
dünya heç kimin" fikri də dünyada heç kimin
ömrünün əbədi olmadığını ifadə
edir. Fəqət, sağlığında olduğu kimi,
dünyasını dəyişəndən sonra sevilmək,
yaddaşlara əbədi köçmək hər insana nəsib
olmayan bir xoşbəxtlikdir. Bəli, İlyas İsmayılov
xalqımız tərəfindən ehtiramla yad olunmağa layiq,
Ulu Tanrının Azərbaycana bəxş etdiyi tarixi və
unudulmaz şəxsiyyətdir.
Ələmdar müəllim kamillik və mənəviyyat zirvəsinə
ucalan bu fədəkar İNSANIN, tarixi
ŞƏXSİYYƏTİN işıqlı obrazını
real fakt və hadisələrə söykənərək
kitabın "XX əsrin XXI əsrə hədiyyəsi",
"Siyasətimizin Cahandar ağası" və "O, Azərbaycandan
getdi" hissələrində və hər hissənin
bölmələrində mükəmməl təqdim edir.
Birinci hissəyə daxil edilən "Zirvəyə
doğlu" adlanan ilk bölmədə
İlyas İsmayılovun dünyaya gəlişini müəllif
bədii dildə belə qələmə alır: "Novruz
Abbas atanın və Məleykə ananın ocağını
hamıdan əvvəl işıqlandırdı... bu sevgi dolu
ailəyə övlad müjdəsi, övlad sevinci gətirdi.
Abbas ata Novruzun onlara gətirdiyi övlad payının,
oğul payının adını İlyas qoydu. İlahi
qüvvə, köməyə gələn mənasını
verən bu adın sahibinin bir ocağın, bir obanın, bir
elin dadına yetişəcəyinə inanırdı, güvənirdi
ata..."
Amma taleyi İlyası hələ körpəykən
sınağa çəkir. Xidməti vəzifəsinin
icrası zamanı atası qətlə yetirilir.
Hüquqşünas olmaq istəyi üzünü görmədiyi
milis işçisi olmuş atasından qaynaqlanan İlyas
İsmayılovun fəaliyyəti boyu əsas qayəsi
hamının qanun və ədalət qarşısında bərabərliyini
təmin etmək olub. 1981-ci ildə "Prokurorluq
işçilərinin mənəvi tərbiyəsi"
adlı kitabçasında, mətbuatda dərc olunan
müsahibələrində kadrların düzgün
seçilməsindən bəhs edən İlyas müəllim
Dövlət İmtahan Komissiyasının sədri olanda həmişə
ləyaqətli və savadlı məzunları prokurorluq
orqanlarına işə qubul edib. Kitabda müəllifin qeyd
etdiyi kimi, "hüquq-mühafizə orqanlarının
işıqlı adamı, ədalət carçısı
İlyas İsmayılov barədə söylənilən
xoş xatirələr, sağlığında qazanılan rəhmətlər
bitib-tükənmir".
Respublika prokuroru olduğu
illərdə məhz İlyas İsmayılov
Moskvanın eynilə Özbəkistandakı kimi Azərbaycanda
istintaqlar aparmasına, "pambıqla baş kəsmək"
istəyinə qarşı çıxıb. Və ya müəllifin
qeyd etdiyi kimi, ondan əvvəl respublikada 10 min, 20 min
rüşvət alanlar "Rüşvətxorluğla
mübarizə" pərdəsi altında 10 manat, 20 manat
rüşvət alanları həbsə alıb, məhkum
etdirirdilər. Kiçik məbləğlərə görə
insanlar istintaqa cəlb olunur, gülünc məhkəmə
prosesləri keçirilir, təəccüb doğuran qərarlar
qəbul edilirdi (səh.58).
İllər ötdü, İlyas İsmayılov
Respublika Prokuroru olanda belə utancverici işlərə son
qoymağı fəaliyyətinin əsas prinsipi elan etdi və
böyük ölçüdə məqsədinə nail oldu
(səh.61). Xalq, Vətən qarşısında cavabdehlik həlledici
məqamlarda SÖZLƏ ƏMƏLİN üst-üstə
düşməsidir. İlyas müəllimin sözlə əməli,
"hər şeyə ədalət prinsipi ilə baxan,
hüququn üstünlüyünə inanan xarakteri həyatının
hər anında özünü göstərdi" (səh.
283). O, şəxsiyyət olaraq özünün fəallığını
bu və ya digər vəzifələrdə
çalışarkən, cəmiyyətlə
qarşılıqlı əlaqədə olduğu prosesdə
büruzə verə bilirdi...
Kitabın kövrək notlar üzərində
köklənmiş, qələm dostum şair Musa Ələkbərlinin:
"Fərhadtək dağları yarıb gəlmişdin,
Ancaq dözəmmədin övlad dərdinə"
qoşa misrasının epiqraf seçildiyi "Etimad
dərdi" bölməsini (ardınca elə "İlyas
İsmayılov itkisi" (səh 156) bölməsini də -
N.Ə.) müəllif ürək ağrısıyla qələmə
alıb. 19 sentyabr 2018-ci ildə İstanbulda yaşayan və
iş adamı kimi tanınan böyük oğlu Etimadın
xaincəsinə qətlə yetrilməsi qocaman, dağ
vüqarlı, məğrur İlyas müəllimin
sözün əsl mənasında, belini bükür...
"Amma mətanətini heç itirmədi. Ağır
zamanlar insanların əsl xarakterini ortaya çıxarır.
Mən İlyas İsmayılovu öz atam kimi sevdim. Mənə
atalıq qayğısını əsirgəmədi. Həyatımda
belə bir insanın olması, oğlumun belə bir insanın
nəvəsi olması mənə fərəh hissi bəxş
edir. Arzu edirəm ki, oğlum İlyas İsmayılov...
babası kimi ədalətli olsun. Onun kimi şərəfli, mərd
kişi olsun" (Sevil Nuriyeva, jurnalist, televiziya
aparıcısı, İ.İsmayılovun gəlini, səh.
285).
Etimadı tanıyanlar xatirələrində onun necə
xeyirxah, darda olana, çətin vəziyyətdə
yaşayanlara əl uzatmasından, Türkiyə və Azərbaycan
naminə gözünü qırpmadan can verməyə
hazır bir şəxs olması və başqa xüsusi məziyyətləri
barədə söz açırlar, onu əsla
unutmayacaqlarını dilə gətirirlər.
Kitabın "Tarixi şəxsiyyətlər və
İsmayılov", "Prokuror və ədəbiyyat",
"İlyas İsmayılovun söhbətlərindən",
"İlyas İsmayılovun müdrik sözləri"
bölmələrində müəllifin təbirincə desək,
İlyas müəllimin "universal dahi" olduğunun
şahidi oluruq. Oxucuya məlum olur ki, "İlyas müəllim
hüquq elmləri doktoru dərəcəsindən də
yüksəkdə dayanan alim olmaqla yanaşı, elmi, tarixi,
siyasi, dini və s. publisistik mətnlərin də müəllifidir..."
İlyas İsmayılov müdrik kəlamlarınının
birində deyir: "Təfəkküründə müstəqillik
olmadan orijinal elmi əsərlər yaradıla bilməz".
Kitabda İlyas müəllimin ölkədə və
dünyada baş verən siyasi hadisələri daim izləməsindən,
mütaliə dairəsindən geniş söhbət
açılır, İbn Sina, Çingiz xan, Camal
Əbdül Nasir, Şarl de Qol, Nəriman Nərimanov, akademik
Firudin Köçərli haqqında məqalələrindən
maraqlı sitatlar gətirilir.
"Sizi xalq sevir, biz də belə oğulu ikiqat qiymətləndirməliyik".
Bu sözləri dünya şöhrətli yazıçı
Çingiz Aytmayov İlyas müəllimə göndərdiyi
"Plaxa" (Edam kötüyü) adlı kitabına avtoqraf
yazıb. İlyas müəllim də əsəri oxuyub müəllifə
rəy xarakterli geniş məktub yazır. Çingiz Aytmatov
İlyas müəllimə göndərdiyi təşəkkür
teleqramında yazırdı: "Ədəbiyyat haqqında dərin
və qiymətli fikirləri ifadə edən məktubunuzu
böyük həvəs və ləzzətlə oxudum. Sizə
təşəkkür edirəm. Sizə hörmət bəsləyən
Çingiz Aytmatov" (səh.176). Kitabda İlyas
İsmayılov haqqında respublikamızın görkəmli
elm xadimlərinin, hüquqşünasların,
tanınmış ziyalılılarının bir-birindən
gözəl və maraqlı xatirələri də yer
alıb. Doğrudan da, Azərbaycanın hüquq elminə
böyük töhfələr verən, adamsız adamların
hamisi olan bu nadir və alicənab şəxsiyyətin həyatı
və bioqrafiyası müasir gənclər üçün əsl
MƏKTƏBDİR. Kitaba daxil edilən ürək sözlərinin
heç birisi kiminsə
sifarişi ilə, kiməsə xoş gəlmək xatirinə
yazılmayıb. "Ədalət onun həyat tərzi,
davranış ehkamıdır" bölməsində isə
(səh 201-211) onu uzaqdan tanıyan, özünün yox, əməllərinin
ziyasına qərq olan sadə vətəndaşların
ürək dolusu fikirləri yer alıb. Müəllif bu rəylərin
çoxunu ayr-ayrı sosial şəbəkə səhifələrindən
götürdüyünü və bəzisini ixtisarla verdiyini
qeyd edir. Mən də həmin fikirlərin bəzilərini
ixtisarla yazıma daxil edirəm, məsələn: "Əgər
başqa planetdən gələnlər bizə "Bir nəfər
azərbaycanlı göstərin" - desələr, mən tərəddüd
etmədən İlyas müəllimi seçərdim"
(Rahib Masallı), "Allah Sizin kimi yüksək əqidə
sahibi, kişilik və ağsaqqallıq nümunəsi olan
ağsaqqallardan bizi məhrum eləməsin" (Vətən
daşı). Bəli, bu rəylərdə kimi İlyas müəllimi
"Qanun naminə" filmindəki prokurorun prototipi hesab edir,
kimi "dövlətin unutduğu dövlət
adamı"... Ədalət Həşimov adlı oxucu isə
müəllifə ünvanladığı rəydə
yazır: "Hörmətli Ələmdar müəllim! Sizin
"İlyas İsmayılov - 80" adı altında
çap olunan materialı oxudum. Mən həm şad oldum, həm
də kövrəldim ki, İlyas müəllim kimi Azərbaycanın
dahi oğlunun yerini verən insanlar demək olar ki, yoxdur.
Müasir dövrümüzün ən böyük bəlası
yaltaqlıq, şərəfsizlik, ləyaqətsizlikdir...
Ələmdar müəllim! Mən Sizi də çox
yaxşı tanıyıram. Siz özünüz də şərəfli
insan, ləyaqətli prokurorluq əməkdaşı
olmusunuz..."
Tale bu sətirlərin müəllifinə də
İlyas müəllimlə iki dəfə yaxından
görüşmək nəsib eləyib. İlk dəfə o
böyük insanla "Hürriyyət" qəzetinin
redaksiyasında Novruz bayramı ərəfəsində
görüşən zaman Masallıdan olduğumu biləndə
məndən rayon məhkəməsinin sədri Ədalət
müəllimi soruşdu. Ətraflı məlumat verdim, hətta
dedim ki, babası Cavad bəy də hüquqşünas olub,
37-ci ildə siyasi repressiyaya məruz qalıb. İlyas müəllim dediklərimdən xəbərdarmış
kimi, özünəməxsus tərzdə
gülümsündü. Sonra mənə bir şəkil verib
dedi: "Bizim adımızdan Masallı camaatının Novruz
bayramını rayon qəzetində təbrik edərsən..."
İkinci görüşümüz "Geopolitika XXI əsr"
qəzetinin redaksiyasında - baş redaktor Xanoğlan Əhmədovun
və qəzetin yorulmaz yazarı Aydın Canıyevin mənə
verəcəkləri qonorarı almağa gedərkən oldu.
Redaksiya Ədalət partiyasının qərargahında yerləşirdi.
Təəssüf ki, o zaman "Siyasətimizin Cahandar
ağası"dan baş redaktoru olduğum "Masallı"
qəzeti üçün müsahibə almağı
heç ağlıma gətirmədim.
Nə yaxşı ki, "Zəif müxalifəti olan
ölkə güclü ola bilməz" müdrik kəlamını
söyləyən İlyas müəllim haqqında ürək
sözlərimi mən də bu ilin may ayı Bakıda Qafqaz
Biznes Mərkəzində Ədalət Partiyasının IX
Qurultayında qonaq qismində çıxış edərkən
deyə bildim.
Və yuxarıda deyilən bir fikrə azacıq dəyişiklik
edib İlyas İsmayılova həsr olunmuş "Mən bu
zamana sığmazam" kitabı barədə qeydlərimi
yekunlaşdırmaq istərdim. Bəli, İlyas Abbas oğlu
Ulu Tanrının bizlər üçün seçdiyi
BƏNDƏ idi. Çox heyif ki, biz İlyas İsmayılov
kimi müdriklik və ədalətlilik mücəssəməsi
olan bir şəxsiyyəti
layiqincə qiymətləndirə bilmədik...
Son olaraq qeyd edim ki, yazıçı-jurnalist İradə
Aytelin redaktoru olduğu bu kitabdan, eləcə də "Tovuz
Xeyriyyə Cəmiyyəti" ilə "Tovuz" qəzetinin
"İlyas İsmayılov: "ƏN BÖYÜK
FƏZİLƏT ƏDALƏTDİR" adlı xüsusi
buraxılışından ali məktəblərdə
hüquq təhsili alan tələbələr
üçün çox dəyərli dərs vəsaiti kimi
istifadə etmək olar.
Könüllərdə özünə əbədi
abidə ucaldan İlyas müəllimin ruhuna ehtiramla,
Nurəddin ƏDİLOĞLU
525-ci qəzet .- 2025.- 1 iyul(№111).-S.14.