Azərbaycanlılara
qarşı Yekaterinburq terroru
İyunun 27-də Rusiyanın Federal Təhlükəsizlik
Xidmətinin əməkdaşlarınınYekaterinburq şəhərində
azərbaycanlılara qarşı şiddət və
amansızlıqla həyata keçirdikləri əməliyyat,
soydaşlarımızı ağır işgəncələrə
məruz qoyaraq qətlə yetimələri bu ölkədə
şovinizmin, diskriminasiyanın və milli
ayrı-seçkiliyin hələ də davam etdiyini bir daha
göstərmiş oldu. Həmin gün səhər
saatlarında Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən
Yekaterinburqda azərbaycanlıların yaşadığı
ondan çox mənzildə aparılan əməliyyat nəticəsində
çoxlu sayda şəxslər, o cümlədən
Ağdamdan olan Səfərovlar ailəsinin üzvləri
saxlanılıb. İki qardaş – Ziyəddin və Hüseyn
Səfərovlar xüsusi işgəncələr nəticəsində
öldürülüb, bir neçə nəfər
aldığı ağır xəsarətlərə görə
xəstəxanaya yerləşdirilib.
Rusiya hüquq-mühafizə orqanlarının törətdiyi
bu amansız davranış Stalin repressiyalarını belə
kölgədə qoymaqla 21-ci əsrdə bir dövlətin
adına utancdır. Amma görünən odur ki, Rusiyanın
şovinist mahiyyəti dəyişməyib.
Yekaterinburqda evinə basqın edilmiş azərbaycanlı
ailənin üzvlərinin mətbuata verdikləri
açıqlamalarda, eyni zamanda, yayılmış fotolardan da
görünür ki, hüquq-mühafizə orqanlarının
nümayəndələri tərəfindən saxlanılan ailə
üzvləri ilə son dərəcə vəhşi və təhqiramiz
şəkildə davranılıb, onlara ağır bədən
xəsarətləri yetirilib, bununla da törətmədikləri
cinayətləri etiraf etməyə məcbur ediliblər, əks
halda isə Ukrayna ilə döyüş bölgəsinə
göndərilməklə və digər təhdidlərlə
hədələniblər.
Ukraynada dərin bataqlığa düşən,
resursları tükənən, insan qıtlığı ilə
üzləşən Rusiya müxtəlif təzyiq, şantaj,
məcburetmə yollarından istifadə edərək
miqrantları müharibəyə cəlb etməyə
çalışır. Onlar narkotik, törətmədikləri
cinayətlər, ailə üzvləri və yaxınları
ilə təhdid edilir, bir çoxları da məcburiyyət
qarşısında qalıb razılaşmalı olurlar.
Müharibəyə gedən miqrantlar aldadılır, onlara
kompensasiyalar verilmir, qayıtdıqdan sonra yenidən şantaj
olunur və müharibəyə aparılırlar.
Miqrantlarla bərabər, milli kimliyinə görə
Rusiya vətəndaşı olan qeyri-ruslar da bu kimi təqiblərin
qurbanı olurlar. Rusiya uzun illər bu ölkədə
yaşayan, öz vətəndaşı olan qeyri-ruslara
heç vaxt vətəndaşı kimi baxmayıb, onları
diskriminasiyaya məruz qoyub. Təəssüf ki, cərəyan
edən hadisələr təkcə Yekaterinburq ilə məhdudlaşmır
və Rusiyanın bütün regionlarını əhatə
edir. Bəzi məmurlar bu mövzuda özlərini qəhrəmanlaşdırmağa
çalışırlar. Bu yaxınlarda Rusiya İstintaq Komitəsinin
sədri Aleksandr Bastrıkinin miqrantların müharibəyə
cəlb edilməsi ilə bağlı etirafları və səsləndirdiyi
statistikanın əsasında da bu həqiqətlər
dayanır.
Azərbaycan və Rusiya rəsmən müttəfiq
dövlətlərdir, amma təəssüf ki, qarşı tərəf
özünü nəinki müttəfiq, qonşu dövlət
kimi belə apara bilmir. Bunu daha əvvəl Bakı-Qroznı
marşrutu üzrə uçan AZAL təyyarəsinin
vurulması zamanı da gördük. Rusiya öz öhdəliklərini
yerinə yetirmədi. Eyni zamanda, bu yaxınlarda Həştərxanda
keçirilən tədbirə dəvət olunmuş millət
vəkilimizin Rusiya ərazisinə buraxılmaması da bu
ölkədə Azərbaycana qarşı
formalaşdırılan münasibətin göstəricisidir.
Bir müddət öncə Azərbaycanın informasiya
resurslarına qarşı təşkil olunmuş
kiberhücumun arxasında da məhz Rusiyanın
dayandığı aşkar edildi. Milli Məclisin
komissiyasının bununla bağlı müvafiq hesabatı
var.
Bu gün Ermənistanda radikalizm, revanşizm
ideyalarının güclənməsi, Köçəryan,
Sarkisyan və Rusiya tərəfindən idarə olunan digər
şəxslərin daha uca səslə danışmağa
başlaması Moskvadan idarə olunan prosesdir. Məqsəd Cənubi
Qafqaz regionunu yenidən müharibə arenasına çevirməkdir.
Əgər bu gün Rusiya dili, dini eyni olan slavyan Ukrayna
xalqına qarşı da belə qəddar siyasət
yürüdürsə, Ukraynanın şəhər və kəndlərini
yer üzündən silirsə, Buçadakı kimi
soyqırımı həyata keçirirsə,
yaşayış məntəqələrini ən son dağıdıcı
silahlarla vurursa, onda digər xalqlara qarşı daha qəddar və
acımasız davranışı təəccüb
doğurmamalıdlr.
1990-cı illərdə digər xalqların nümayəndələrinə
qarşı qəddarlığı ilə seçilən
skinhed hərəkatının arxasında Rusiya xüsusi xidmət
orqanları dururdu. Bu gün artıq heç skinhedlərə
də ehtiyac yoxdur. Çünki bu funksiyanı Rusiyanın
hüquq-mühafizə orqanları özü daha qəddar və
açıq formada həyata keçirir. Bu, humanizmdən dəm
vuran Rusiya dövlətinin, rus xalqının faciəsidir.
Bütün bu proseslərdə Rus Pravoslav kilsəsi
qızışdırıcı yer tutur, ideoloji təxribatları
əsaslandırır, hüquq-mühafizə
orqanlarının qəddarlığına, qanunsuzluq və
özbaşınalığa haqq qazandırır.
Qeyd edək ki, baş vermiş hadisə ilə
bağlı Azərbaycan XİN bəyanat verib. Rusiyanın Azərbaycandakı
səfirliyinin müvəqqəti işlər vəkili
XİN-ə çağırılıb. Məsələnin
araşdırılması, zorakılıq törədən
bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə
cəlb olunması barədə gözlənti qarşı tərəfin
diqqətinə çatdırılıb. Milli Məclis, Mədəniyyət
Nazirliyi səviyyəsində nəzərdə tutulmuş
görüşlər və tədbirlər təxirə
salınıb.
Milli Məclisin deputatı Tamam Cəfərova mövzu
ilə bağlı “525”ə deyib ki, Rusiya Federal Təhlükəsizlik
Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlı
ailələrə qarşı törətdiyi vəhşilik,
iki soydaşımızın qətlə yetirilməsi, digərlərinin
döyülərək, işgəncələrə məruz
qalması və həbs edilməsi bu ölkənin onsuz da yerlə
sürünən beynəlxalq imicinə daha bir böyük ləkə
oldu. Əgər əvvəllər Rusiyada millətçi dəstələrin,
demək olar ki, hər gün qeyri-ruslara qarşı
hücumlarının, bazarlara basqınlarının, “Rus
marşı” adlanan neonasist yürüşlərinin şahidi
olurduqsa, indi bu səlib yürüşü dövlət səviyyəsində
davam etdirilir. O bildirib ki, Yekaterinburqda baş verənlər
prosesin idarə olunduğunu aydın göstərir: “Son bir
ayda Rusiya güc strukturlarının oxşar hücumlarına
Moskvada yaşayan özbək və qırğızların
da məruz qaldığını xatırlasaq, prosesin sistemli
olduğunu, tapşırığın isə vahid mərkəzdən
gəldiyini görərik. Doğrudur, Özbəkistan və
Qırğızıstan vətəndaşlarına
qarşı hücumlar onların miqrasiya qanunvericiliyini
pozması ilə əlaqələndirilirdi, Yekaterinburqda azərbaycanlı
ailələrin evlərinə basqınlar isə başqa
motivlə əsaslandırılır. Lakin hər bir halda cəza
dəstələri rolunda güc strukturları
çıxış etdiyi üçün baş verənlərin
hamısının vahid bir irqçi siyasətin tərkib hissəsi
olması göz önündədir. Yekaterinburqda baş verən
hadisələr fonunda Rusiyanın Azərbaycanla münasibətlərində
son gərginlik də diqqət çəkir. Həştərxanda
keçirilən beynəlxalq tədbirə dəvət
olunmuş azərbaycanlı deputatın ölkəyə
buraxılmaması protokol normalarının pozulması kimi
qiymətləndirilir. Azərbaycan tərəfi bu hadisəyə
etiraz etsə də, Rusiya tərəfindən hələlik rəsmi
açıqlama verilməyib. Digər tərəfdən, Azərbaycanın
mülki təyyarəsinə qarşı törədilmiş
insidentin cavabsız qalması və məsuliyyəti Rusiya tərəfinin
öz üzərinə götürməməsi də
narahatlıq doğuran məsələlərdəndir. Rusiya
Federasiyası bu qanunsuzluqlara federal səviyyədə son
qoymalıdır. Yekaterinburq şəhərində
soydaşlarımıza qarşı törədilən vəhşilik
hallarını qəti şəkildə pisləyirik və
bunu beynəlxalq hüquq normalarının, insan
haqlarının pozulması kimi qiymətləndiririk. Azərbaycanın
Xarici İşlər Nazirliyinin verdiyi nota və bəyanata
XİN rəsmisi Mariya Zaxarovanın qısa və qeyri-ciddi
cavabı qaneedici deyil. Bu məsələ ilə bağlı
daha geniş və əsaslandırılmış izahat verilməlidir.
Bizim tələbimiz ondan ibarətdir ki, bu cinayətlərdə
əli olan hüquq-mühafizə orqanlarının əməkdaşları
məsuliyyətə cəlb olunmalı və barələrində
cinayət işi açılmalıdır. Səbəblər
isə aydındır: Azərbaycanın artan beynəlxalq
nüfuzu, müstəqil xarici siyasəti və Prezident
İlham Əliyevin qlobal miqyasda nüfuzunun durmadan artması.
Azərbaycanın güclənməsi, dövlətimizin
qüdrəti bəzi dairələrin narahatlığına səbəb
olur və onlar müxtəlif üsullarla bu inkişafı ləngitməyə,
zəiflətməyə çalışırlar. Bu isə
yolverilməzdir.
Azərbaycan dövləti hər zaman xarici ölkələrdə
yaşayan vətəndaşlarının
hüquqlarını qoruyur və müdafiə edir. Bu məsələdə
də eyni prinsip tətbiq olunur və atılan addımlar bunu
bir daha təsdiqləyir”.
Politoloq Zaur İbrahimli isə bildirib ki, Rusiyanın
Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində
azərbaycanlıların yaşadığı evlərə
basqını nəticəsində həmvətənlərimizin
həlak olması və bəzilərinin ağır bədən
xəsarətləri nəticəsində yaralanması, habelə
9 nəfərin saxlanması bir daha “velikorus” şovinizminin, rus
millətçiliyinin bariz nümunəsi oldu: “Bu, yalnız azərbaycanlılara
qarşı etnik zəmində törədilən cinayət
deyil, eyni zamanda, Kremlin Rusiyanın qeyri-rus xalqlarına
qarşı real münasibəti və siyasətidir. Bu hadisə
ciddi-cəhdlə maskalanan rus faşizminin əsl
simasını göstərməsidir. 21-ci əsrdə
bütün dünya buna rasizm deyir. Bu ideologiyanın
kökündə digər xalqlara alçaldıcı
diskriminasiya münasibəti durur. Rus şovinizminin əsas
ideoloji postulatı türklərə və ələxüsus
Azərbaycana qarşı düşmənçilik təşkil
edir. Biz bunu 1990-cı il 20 yanvar hadisələrində,
Xocalı soyqrımında görmüşük. Biz bunu
işğalçı Ermənistana himayədarlıqdan
bilirik. Yekaterinburq şəhərində azərbaycanlılara
qarşı etnik zəmində terror bu siyasətin daha bir təzahürüdür.
Unutmayaq ki, Rusiya hələ də bu ölkə ərazisində
AZAL-a məxsus mülki təyyarənin vurulmasına görə
üzr istəməyib, məsuliyyətdən yayınmağa
çalışır. Bu siyasət bilavasitə və
birbaşa Kremldən həyata keçirilir, rasizm məhz
Kremlin ideologiyasıdır. Bu ideologiya ruslara qardaş olan Ukrayna xalqını belə
qırğına verir. Rasizm Rusiyadakı qeyri-rus millətləri
Ukrayna ilə müharibədə kütləvı
qırğına verir, rusları isə cəbhəyə
aparmır. Bu siyasət ilk növbədə rus xalqının
özünə böyük təhlükədir. Rasizm
başqa xalqlara diskriminasiyanı, istismarı rəva bilir.
Bütün bunlara ilk növbədə rus xalqı etiraz etməlidir.
Yekaterinburq şəhərində azərbaycanlıların
yaşadığı evlərə basqın, etnik zəmində
terrora qarşı Azərbaycan cəmiyyəti qəti şəkildə
etiraz edir, bu cinayətə göstəriş verənləri
lənətləyir. Azərbaycan vətəndaş cəmiyyəti
qətiyyətlə soydaşlarımıza qarşı bu
terroru pisləyir, bu, insanlıq əleyhinə cinayətdir. Əgər Rusiya rəhbərliyi
etnik zəmində terroru dəstəkləmirsə, üzr istəməli,
günahkarlar dərhal cəzalandırılmalıdır”.
Pərvanə Sultanova
525-ci qəzet .- 2025.- 1 iyul(¹111).-S.5.