Hissin qüdrəti
Mən artıq öz nəticələrimi bilirəm.
Amma onlara necə gəlib çatacağımı hələ
müəyyənləşdirməmişəm.
Qauss
Bizi unutmamısan ki, gənc dost? Təsadüfi
görüşümüz xatirələrdə qalıb. Həqiqəti
etiraf etdiyimiz üçün bizi qınamazsan ki?
Qayğılar günü-gündən adamı o qədər
əhatəsinə alır ki, az qala səni nə vaxtdan
düşündürən bir məsələni unudarsan. Hətta
bu işi götür-qoy etmək, real fikrə gəlmək
naminə apardığın qeydləri, axtarışları
belə... Bəli, vaxt imkanına tabe olmaq hissi yoluna
çıxır. Xoşbəxtlikdənmi, təsadüfdənmi
(bu təsadüf psixoloji məqam deyil!).
Müəllif həmkarım şeirlər məcmuəsini
gətirmişdi. Maraqlandım. Sanki bunu gözləyirmiş.
Mənə uzatdı. Poetik məcmuə idi. Əlimə
alıb vərəqlədim. Şair Ağa
Laçınlının anasına həsr etdiyi şeiri
oxudum. Və misralar ana intizarında mənim özümü də
müqəddəs hissə bağladı:
Budur, son məktubu soruşur məndən:
"Başında nə vardı bir həftə əvvəl",
Düzü, qızdırmışdım soyuqdəymədən,
Anam gör necə də duymuş əlbəəl!
Bu necə sevgidi, nə haqqı-saydı?
Hardan rişələndi bu hiss, bu inam?
Sümüyü duyğudan yoğrulmasaydı,
"Sümüyün duymuşdu" - deməzdi anam.
Şeirin təsirindən çıxmamışam.
Düşündüm: Məgər bu intim hissi - fəhmi
yalnız bədiiyyatın şirin və məstedici meyini
dadan yaradıcılar yaşayırlar?! Bədiiyyatın
kövrək qanadlarında yol gedən bu duyum gözəl əsərlərin
yazılmasına səbəb olub. M.Qorki yazırdı ki,
obrazı tamamlamaq üçün çatışmayan cəhətlər
intuisiya vasitəsilə əldə edilir. Maraqlıdır.
Dostoyevski kimi sənətkar da intuisiyanın "bəxşişlərinə"
biganə qalmamışdı. Hətta şair A.Blok 1905-ci ildə
yazdığı bir şeirində intuitiv şəkildə
nisbilik nəzəriyyəsinə gəlib
çıxmışdı. Bədii fakt bəlkə də
qeyri-inandırıcıdır. Amma fakt faktlığında
qalır.
Bir halda ki, söhbətimizin ilkin gümanı bədiiyyatın
üstünə gəldi, tələsməyə
çalışmayaq. Bədii yaradıcılıq zamanı
intuisiya iki psixoloji situasiyadan adlayır: zehni və hissi təkamülün
yığımından.
Birincidə ideya, fikir bədiiyyatı üstələyir,
mühakiməyə daha çox meyilli olur. Belə halda
obrazlar fəlsəfi düşüncələrlə
danışır, necə deyərlər, "dil"
tapırlar. İkincidə obrazlılıq, tərənnüm
daha çox motivləşir. Necə ki məşhur rus tənqidçisi
N.N.Strakov Dostoyevski barədə deyir: "Yazmaq onun
üçün daima daxili işə fasiləsiz təkan vermək
demək idi. Elə yazıçılar var ki, onlar
düşündüklərini tez də qələmə
alırlar. Fikir onlarla obraz və sözlə birgə
yaranır, onlar tam hazır fikir ifadə edə bilirlər və
bir dəfə dediklərini təzədən daha yaxşı
deməyi bacarmırlar. Lakin əksər yazıçılar,
xüsusən, iri həcmli əsərlər üzərində
işləyəndə çox çətin zəhmətə
də qatlaşırlar: yazdıqlarını hey düzəldir
və dəyişdirirlər. Bunun nəticəsində əvvəl
dumanlı şəkildə canlanmış obraz
aydınlaşır, canlanır... Ancaq bu da həqiqətdir
ki, Dostoyevskinin əsərlərinin ən yaxşı səhifələri
birbaşa, düzəlişsiz yaranmışdır".
Dostoyevskinin birbaşa, düzəlişsiz
yaradıcılıq işində fikir gəlişinin və
intuitiv təfəkkürün rolu az olmamışdır.
Gəlin, mətləbdən uzaqlaşmayaq.
Cansıxıcı görünsə də, bədii aləmdən
kəpənək qanadlarında ayrılaq və elmin sərt,
amma bəşəri xidmətinə sığınaq. Bəli,
bu gündür, sabahdır!..
Maqnit və dəmirin bir-birini müəmmalı
eşqlə çəkdiyini müşahidə etməyən
az adam tapılar. Ciddi odur ki, hər iki cisim müəyyən
prinsip və qanunauyğunluqla bir-birini çəkir. Bu naməlum
həqiqətin kəşfi üçün fiziklər
filosofların qənaətlərindən başladılar.
Ekipur izah edirdi ki, atomların və daşdan
ayrılmış bölünməz cisimlərin fiqurları
bir-birinə çox yaxınlaşır və öz aralarında
asanlıqla birləşə bilir. Onlar daşın, dəmirin
bərk hissələrinə dəyir, sonra isə ortaya çəkilərək
eyni bir vaxtda həm bir-birindən yapışır, həm də
dəmiri çəkib aparırlar. İdealist filosof Platon
deyirdi ki, heç bir boşluq olmadığından bu cisimlər
hər tərəfdən bir-birini izləyir, onlar ayrılanda
və birləşəndə yerlərini dəyişmiş
bütün cisimlər əvvəlki yerlərinə
keçirlər. Güman ki, düzgün tədqiqat aparanlar
bu dolaşıq münasibətlərdən təəccüblənəcəklər...
Bu fikirdə Platonun yeganə uzaqgörənliyi "dolaşıq
qarşılıqlı münasibətlər" idi. Lakin
alimlərin müşahidəsi və fəhmi çox iş
görməliydi: maqnetizmin təbiəti hər şeyi hissəciklərin
"ilişməsində" axtarmış qədim
filosofların mexanizmə əsaslanan təsəvvürlərindən
qat-qat mürəkkəbdir.
Yaradıcı təfəkkür sahibləri
intuisiyanın gəlişinə ümidlərini heç vaxt
itirməyiblər. Dahi alimlər laboratoriyalarına günlərlə
bağlansalar da... V.Heyzenberq demişdir ki, mən məsələyə
onun incəliklərinə qədər öyrənməkdən
yox, bir qayda olaraq mənə düzgün yol göstərən
şüurlu hissləri "dinləməkdən"
başlayıram. Məşhur fizik "şüurlu hissləri
dinləyəndə" intuisiyanı nəzərdə
tuturdu.
A.Eynşteyn onun köməyinə çatan
situasiyalarda psixoloji məqamlardan boyun
qaçırmışdı: Eybi yoxdur, qoy ideya, fikir onun
beyninə qəfil gəlsin. Hər halda "torun"
gözündən çıxa bilməyəcək və
hansı məsələnin, problemin qoyulmasında,
aşkarlanmasında ona gərəkli olacaq. Bu, əlbəttə
ki, intuisiya idi, alim də yüksək qiymətləndirmişdi
onu. Eynşteyn təsdiq edir ki, heç şeylə məhdudlaşmayan
intuisiya və fantaziya elmin inkişafına daha çox təkan
verir.
Elmi axtarış yolunda alınan mənəvi intuisiya
alimi paradoks faktlarla az üzləşdirməmişdi. Necə
ki, bu, Eynşteyni bədiiyyata əbədilik zəncirləmişdi
və bu qızıl həlqəli zəncir onu ədəbiyyatın
kövrək obrazı Don Kixota bağlamışdı. Elmin
estetik dəyərindən uzaqlaşan mənəvi
intuisiyanın parıltısından gözləri qamaşan
alimlər az olmamışdır. Bəllidir, gözəllik
zahirdə olur, gözə dəyir. Elmin bu mənada bəxti gətirməyib.
Onun gözəlliyi mahiyyətindədir, bir şərtlə,
bunu duymaq lazımdır. Yaradıcılıq fəaliyyəti
də duyumun, dərketmənin intəhasızlığındadır,
qərəzsiz-liyindədir, bir də yaradıcılığın
ifadə, özünü büruzə vermə
formasındadır, axtarışın nəticəsindədir.
Fransız filosofu Dekart da intuisiyanı qiymətləndirmişdi:
"Mühakimələr və məntiqi
çıxarmaların fəallığı ilə
bağlı təfəkkürün elə bir komponenti
mövcuddur ki, o, predmetlər arasındakı əlaqə və
münasibətləri bilavasitə görmək imkanı
verir".
İntuisiyadan yazanlar yaradıcı təfəkkürün
bu qəribə qabiliyyətinə biganə qalmamışlar.
Belə ki, riyaziyyat sahəsində bir cərəyanın
nümayəndələrinə görə bu elmdə intuisiya
üçün yer yoxdur: Riyazi biliklərin bütün
sistemi yalnız elə xalis məntiqi quraşdırmalardan ibarət
olmalıdır ki, bunlarda hər bir müddəa digər
müd-dəaların köməyilə yerinə yetirilsin. Digər
cərəyanın nümayəndələri isə etiraf
etmişlər ki, bir müddəanı başqa bir müddəadan
intəhasız olaraq çıxarmaq mümkün deyildir.
Axı, son nəticədə riyaziyyatın bütün
binası üçün bünövrə olacaq
başlanğıc əsas şərtlər, yaxud müddəalardır.
Məşhur italyan estetiki Kroçeyə görə,
insan ya dərketmənin intuitiv, məntiqi forması ilə, ya
fantaziya və intellektual səviyyə vasitəsilə
ayrı-ayrı şeylərin, münasibətlərin fərdi,
ya da universal şəkildə qavranılmasıdır. Bir
sözlə, insan idrakı obrazlar, anlayışlar yaradan
materiyadır. Əlbəttə, bu zaman fantaziya intuisiyanın
dadına çatır! Fərdi obrazlar yaradır ki, onun
köməyilə şeylər dərk olunur.
Yaradıcı intuisiya yeni, universal və ciddi elmi-bədii
informasiyaya keçiddir. Bu keçid momentində intuitiv hiss məhsuldardır.
Biz intuisiyadan danışarkən son dərəcə
diqqətli olmalıyıq. Və yenə də deyirik: "Bu
ali hiss yaradıcı təfəkkürün işlək fəaliyyəti
prosesində xidmətinin şirinliyini gizlətmir. Faktlara
qayıdaq: Böyük fiziklərin fəhmi o zaman fəal
işləyir ki, söhbət müxtəlif tipli prinsiplərdən
gedir, inkar xarakterli qaydalar meydana çıxır, nə
baş verdiyini müəyyən etməkdənsə nəyin
baş verdiyini aydınlaşdırmaq daha asan
görünür. Əslində mümkün olmayan şey
bilavasitə, yaxud intuitiv adlanan bizim ümumi biliklər
yığımına tam zidd dayanır. Burada da "ciddi məntiq"
anlayışından qaçmalıyıq? Yox, "ciddi məntiq"
bizi çaşdırmamalı və intuisiyanın yoluna da
"əli silahlı" çıxmamalıdır.
Psixologiyadan intuitiv və diskursiv təfəkkür
formaları məlumdur. Birincidə təfəkkürün məntiqi
mərhələləri olmur, problem sanki
"tapılmağa", özünü göstərməyə
"qürurlanmağa" hazırdır. Sadəcə əsaslandırmaq,
sübuta yetirmək kifayətdir. İkincidə tədrici
proses əsasdır, bunun vasitəsilə qazanılan bilik və
onun mərhələləri məntiqi baxımdan bir-biri ilə
əlaqəlidir.
Araşdırılan problemlər (əlbəttə, kəşf
problemsiz yarana bilməz) obyektiv ziddiyyətlərin aşkara
çıxarılmasından asılıdır. Zira bu, naməlum
məsələlərin tapıl-ması zərurəti
doğursun. Bəzən problemi ortaya atmaq qabiliyyəti qiymətləndirilmir.
Unutmamalıyıq ki, bu, yaradıcı təfəkkürün
ən parlaq cəhətidir!
Problemin ətə-qana dolması hətta illərlə
uzana bilər və onu meydana atan alimin ömrünə qismət
olmaz. Bu, təbiətin qanunudur. Amma yaradıcı şəxsin
xoşbəxt taleyi - intuitiv bacarığı yolunda problem kəşfi
doğmalaşdırar, onda mövcudluğunu təsdiq edər.
İntuitiv hiss ifadə və təəssüratların
obyektiv reallaşmasıdır, təcəssümüdür.
Hissi həyəcan, qavrama "sınaqdan" çıxanda
fəhmin psixi materiyası "forma" kimi fərqlənir.
Zehni axtarış yolunda intuisiya analitik təfəkkürə
daha çox sığınır, bir növ onun atributuna
çevrilir. Yaradıcı şəxs fikri, ideyanı "təmiz"
qəbul etmir, onu müxtəlif fikri əməliyyatların
süzgəcindən keçirir. Amerika psixoloqu D.Bruner bu cəhəti
yüksək qiymətləndirmişdir: "İntuitiv təfəkkür
bununla xarakterizə edilir ki, onda düzgün və müəyyən
olunmuş mərhələlər yoxdur. Ümumiyyətlə,
bu, hər şeydən əvvəl, problemin
bütünlüklə çevrilmiş" şəkildə
dərkinə əsaslanır".
İntuisiya yaradıcı təfəkkürün
"qapısını" döyür, yoxsa hər bir duyum -
fəhm bizi öz sevimli işimizdən, fəaliyyətimizdən
ayırardı, dahiliyin körpüsünə
çıxarardı, amma... Amma intuisiya idrakın xüsusi
forması kimi insan şüurunun yaradıcı funksiyasına
istinad edir, köhnə biliklərdən yeni biliklərin dərkinə
keçməklə axtarışı
stimullaşdırır. Bu, intuitiv bilikdir, idrak prosesində bu
biliklər yığımı ayrı-ayrı mərhələlərdən
keçir. Alim üçün elmi axtarış yolunda
heç də məntiqi mühakiməsi, elmi ümumiləşdirmə
səriştəsi və eksperimental nəticələrə gəlmək
qabiliyyəti bəs etmir. Biliklərin toplanması
özünü hissi biliklərin yığımında təzahür
etdirir və bu, alimə elmin estetik dəyərini qiymətləndirmək
imkanı verir.
İntuitiv bilik idrakın fəaliyyət
funksiyasında sistemli şəkildə inkişaf etməli,
elmi uzaqgörənliyə əsaslanmalıdır, yeni biliyə
qədər. Bu iki mərhələnin idrak prosesində
davamı bir-biri üçün mənbə olması - hissi
obrazlardan yeni anlayışlara keçidi - "intuitiv
biliyi" reallaşdırır. Elm tarixində maraqlı
faktlar az deyildir: fizikada kvant təsəvvürlərinin formulə
edilməsi. Bor nəzəriyyəsinin Lui de Broyl tərəfindən
inkişafı... Beləliklə də insan idrakı iki mərhələdə
seçilir. Birinci mərhələ əsasən hissi
faktların yığımından ibarətdir. İkinci mərhələ
yeni qanunların, ideya və anlayışların mütləq
səmərəli yığımıdır. İdrakın
bu faydalı elementləri məntiqi təfəkkürün və
təsəvvürün işi ilə şərtlənir.
Allahverdi EMİNOV
Pedaqogika üzrə fəlsəfə elmləri
doktoru, dosent
525-ci qəzet .- 2025.- 2 iyul(№112).-S.14.