Xəzərin suyu niyə azalır?
Xəzər dənizi - planetin ən böyük
qapalı su hövzəsi - ekoloji fəlakət həddinə
çatacaq şəkildə kiçilir. Əvvəllər zəngin
ekosistemlərə və iri liman şəhərlərinə
ev sahibliyi edən sahilboyu ərazilərdə suyun kəskin
şəkildə çəkilməsi müşahidə
olunur. Alimlərin məlumatına görə, son onilliklər
ərzində Xəzər onminlərlə kvadratkilometr su səthini
itirib və bu prosesin yavaşıdığına dair
heç bir əlamət yoxdur. Dəyişikliklər o qədər
ciddi xarakter alıb ki, artıq təkcə yerli sakinlər və
balıqçılar deyil, kosmosdan müşahidə aparanlar
da bunu açıq şəkildə görürlər. NASA və
Avropa Kosmik Agentliyi tərəfindən yayımlanan peyk şəkilləri
su səviyyəsinin, xüsusilə dənizin şimal və
şərq hissələrində sürətlə
azaldığını nümayiş etdirir. Qazaxıstan və
Türkmənistandan olan sakinlər bildirirlər ki, əvvəllər
su altında olan ərazilərdə indi quru dəniz dibi ilə
gəzə bilirlər.
Mütəxəssislər Xəzərin çəkilməsinin
əsas səbəbi kimi iqlim dəyişikliyini göstərirlər.
Regionda havanın temperaturu artır, Qafqaz dağlarında qar
örtüyü azalır. Bu da Xəzərin əsas
qidalandırıcı mənbəyi olan Volqa kimi
çayların suyunun azalmasına səbəb olur. Yayda
temperaturun yüksəlməsi isə xüsusilə dayaz olan
şimal hövzəsində buxarlanmanı kəskin şəkildə
artırıb.
2020-ci ildə "Communications Earth & Environment"
jurnalında dərc olunan bir tədqiqatda bildirilir ki, əsrin
sonuna qədər Xəzərin səviyyəsi 9-18 metr
arası daha da enə bilər. Bu isə o deməkdir ki, dəniz
dibinin geniş sahələri üzə çıxacaq, sahil
şəhərləri isə sudan təcrid olunmuş
yaşayış məntəqələrinə çevriləcək.
Okeanlardan fərqli olaraq, Xəzər heç bir su hövzəsinə
çıxışı olmayan qapalı bir dənizdir.
Xəzər dənizinin səviyyəsi çaylardan gələn
su və buxarlanma ilə müəyyən olunur, bu isə onu
iqlim dəyişikliyinə qarşı son dərəcə həssas
edir. İqlim amilləri ilə yanaşı, insan fəaliyyəti
də dənizin çəkilməsini sürətləndirir.
Volqa çayında tikilmiş su anbarları, suvarma sistemləri
və çayın axarından suyun yönləndirilməsi dənizə
gələn suyun həcmini xeyli azaldıb. Region ölkələrində
- Rusiya, İran, Qazaxıstan, Azərbaycan və Türkmənistanda
- sənaye və kənd təsərrüfatı
üçün suya olan tələbat isə getdikcə
artır. Qanunsuz su istifadəsi və zəif nəzarət
olunan suvarma sistemləri problemi daha da dərinləşdirir.
Ekoloqlar xəbərdarlıq edirlər ki, əgər
su siyasəti dəyişdirilməzsə, Xəzərin
çəkilməsini dayandırmaq cəhdləri uğursuz
olacaq.
Xəzər dənizi nadir növlərdən olan Xəzər
suitiləri və qiymətli nərə balıqları da
daxil olmaqla zəngin biomüxtəlifliyə ev sahibliyi edir.
Lakin dənizin geri çəkilməsi ilə onların
yaşayış mühitləri məhv olur. Balıq
ehtiyatları azalır, köçəri quşların
miqrasiya yolları pozulur.
Dənizin kiçilməsi, həmçinin
sahilyanı bölgələrdə - xüsusilə
Qazaxıstan və Azərbaycanda yerləşən neft-qaz
infrastrukturuna da ciddi təhlükə yaradır. Gəmilər
dənizdən uzaqlaşan limanlara çata bilmədiyi
üçün logistika problemləri artır. Sahil
icmaları balıqçılığın çökməsi
və turizmin zəifləməsi ilə həm
dolanışığını, həm də kimliyini itirir.
Əhalinin sağlamlığı ilə bağlı
da narahatlıqlar artır. Üzə çıxan dəniz
dibi havanı çirkləndirən zəhərli tozlar
yayır. Bu hal bir vaxtlar Aral dənizində yaşanan ekoloji fəlakəti
xatırladır.
Böhranla mübarizə üçün regional əməkdaşlıq
həyati əhəmiyyət daşıyır. Mütəxəssislər
suyun yönləndirilməsini məhdudlaşdırmağı,
suvarma sistemlərini müasirləşdirməyi və iqlim dəyişikliklərinə
davamlı infrastruktur qurmağı təklif edirlər. Beş
Xəzəryanı ölkə daha əvvəl bir sıra
razılaşmalar imzalamışdı, lakin bu
razılaşmaların icrası zəif qalıb. Beynəlxalq
təşkilatlar isə monitorinqin gücləndirilməsi və
dayanıqlı idarəetməyə
çağırırlar.
Mütəxəssislər, əsrin sonuna qədər
Xəzərdə su səviyyəsinin 9-18 metr aşağı
düşməsi proqnozlaşdırırlar. Səviyyə təxminən
20 metrə yaxın aşağı düşə bilər. Hərçənd
uzunmüddətli proqnoz olduğu üçün
özünü doğrultması çox da real
görünmür, amma hər halda bir siqnaldır. Xəzərdə
suyun səviyyəsi 4-5 metr aşağı düşsə,
bu, Şimali Xəzərin tamamilə quruması deməkdir.
Çünki Şimali Xəzərin dərinliyi orta hesabla 5
metrdir.
Xəzərdə 100 illik dəyişmələr var.
Məsələn, Xəzərdə ən yüksək səviyyənin
1805-ci ildə bugünkündən 5-6 metr yuxarı olduğu
müəyyən olunub. O gündən bu günə qədər
Xəzərin səviyyəsi aşağı
düşüb. Bu proses təxminən 2050-ci ilə qədər
davam edəcək. 2050-dən sonra yenidən Xəzərin səviyyəsində
qalxma baş verəcək. Ona görə də Xəzərin
səviyyəsinin belə dəyişmələrinə
adaptasiya olmaq lazımdır. Həmin o su altından
çıxan ərazilərdə isə çox böyük
obyektlər tikmək məsləhət deyil. Çünki Xəzərin
səviyyəsi qalxanda onlar su altında qalacaqlar. Ümumiyyətlə,
son 4 min ildə aparılan müxtəlif coğrafi, arxeoloji,
tektonik müşahidələr göstərir ki, 250 ildən
bir Xəzərin səviyyəsində enmə və qalxmalar
olur. Bu proses Xəzər üçün qəbul
edilmişdir. İndi 250 il onun enmə periodudur. Təxminən
bu əsrin ortalarına qədər enmə dövrü davam
edəcək. Enmə dövrünün içərisində
kiçik qalxmalar da ola bilər. Amma ümumi tendensiya enmə
dövrüdür. 2050-ci illərdə bu dövrün
qurtaracağı nəzərdə tutulub.
Aydın məsələdir ki, Xəzər dənizində
ekoloji problemlərin əsas səbəblərindən biri
iqlim dəyişikliyidir: Xəzər dənizi üzərində
yağıntıların miqdarı azalıb, buxarlanma sürəti
artıb. 1979-cu ildən bəri Xəzər dənizinin səthinin
orta temperaturu ildə təxminən 1 dərəcə Selsi
yüksəlib. Bundan əlavə, iqlim dəyişikliyi Xəzər
dənizini qidalandıran çayların qollarının həcminin
azalmasına təsir göstərib. Dənizi illik su
ehtiyatı ilə təmin edən təxminən 130
çaydan əsas axın Xəzərin həcminin 80-90 faizini
təşkil edən Volqadan gəlir. Qlobal iqlim dəyişikliyinin
təsiri ilə Volqa qollarına daxil olan suyun həcmi
azalır, yağıntıların az olması fonunda onlardan
götürülən suyun miqdarı artır.
Lakin Xəzər dənizinin səviyyəsinin
aşağı düşməsinin səbəbləri təkcə
təbii amillərlə məhdudlaşmır. İnsan fəaliyyəti
nəticəsində yaranan antropogen amillər suyun səviyyəsinə
əhəmiyyətli dərəcədə təsir göstərir.
Bunun bariz nümunəsi Xəzər çaylarından daxil olan
suyun həcminin azalmasıdır. Belə ki, 1930-cu illərdə
Sovet İttifaqında həyata keçirilən sənayeləşmə
su anbarının vəziyyətinin formalaşmasında həlledici
rol oynayıb. Su elektrik stansiyalarının fəaliyyətini
təmin etmək üçün qol çaylarında
çoxlu su anbarları tikilib. Məhz bu dövrdə Xəzər
dənizinin səviyyəsi aşağı düşməyə
başlayıb. 1950-ci illərdə Volqada bəndlərin
tikilməsi ilə 1956-1969-cu illərdə Xəzər dənizinin
həcmi hər il 25 kubkilometr azalıb. Hesablamalara görə,
Xəzər çaylarından gələn suyun həcmi azalmasaydı,
Xəzər dənizinin hazırkı səviyyəsi 1-1,5 m-dən
çox olardı. Hazırda Volqada 8-ə yaxın bənd var
ki, bu da suyun Xəzər dənizinə axmasına əhəmiyyətli
dərəcədə mane olur. Ümumilikdə, Volqa hövzəsində
ümumi faydalı həcmi 101 kubkilometr və səth sahəsi
30,4 min kvadratkilometr olan 800-ə yaxın su anbarı var ki,
onlar orta illik axının demək olar ki, 70 faizini toplayır.
Çaylardan tökülən suyun azalması ilə
yanaşı, onların gətirdiyi zərərli maddələr
də dənizin suyunu çirkləndirir. Qazaxıstan alimlərinin
hesablamalarına əsasən, hər il çaylardan dənizə
75 min ton neft məhsulları axıdılır ki, bu da onun
ümumi karbohidrogen çirklənməsinin
yarısıdır. Bu çirklənmənin 95 faizdən
çoxu təkcə Volqadan gəlir. Karbohidrogenlərlə
çirklənmənin başqa bir hissəsi Xəzər dənizinin
özündə karbohidrogen hasilatı ilə
bağlıdır. Dənizdə neft-qaz hasilatı suyu
çox sürətlə çirkləndirir.
Ekoloq Telman Zeynalovun sözlərinə görə, 83
il ərzində Xəzər dənizində su səviyyəsi
iki dəfə enib, bir dəfə isə artıb. Bir dəfə
su səviyyəsi bir metr yarım enib. Bir dəfə isə
iki metr yarım artıb. Hazırda da bir metr yarım su səviyyəsi
enib. Burada narahatlıq yaradacaq məsələ yoxdur: "Tək
problem Xəzər dənizinin necə
yarandığını bilməməyimizdir. Xəzər dənizi
bir neçə milyon il öncə yaranıb və Qara dənizlə
arasında əlaqə olub. Torpaqların qalxma və enməsi
nəticəsində 20-30 metr fərq yarandığı
üçün iki dəniz arasında olan əlaqə də
kəsilib. Bir müddət əvvəl Aral gölünün
suyunun quruduğunu dedilər. Aral gölünün suyu Xəzər
dənizinə enib. Heç kim bu barədə araşdırma
etmir. Kimin ağlına nə gəlirsə, onu da
danışır. Ancaq insanlara reallığı
çatdırmaq lazımdır. Nəzərinizə
çatdırım ki, ötən il Azərbaycanda
yağıntılar az, buxarlanma isə çox idi. Bu da su səviyyəsinə
təsir göstərirdi. Ancaq bu il yağıntılar
çox, buxarlaşma azdır. Bu isə su səviyyəsinin
qalxacağını göstərir. Bir daha deyirəm, Xəzər
dənizində heç bir təhlükə yoxdur. Su səviyyəsi
enib və bir müddət sonra da qalxacaq".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 3 iyul(№113).-S.15.