Danimarkalı biznesmen- diplomatın
Bakı xatirələri
Hazırda yaşadığım Danimarkada və ona
qonşu olan digər Skandinaviya ölkələrinin
kitabxanalarında, ayrı-ayrı şəxslərə məxsus
kolleksiyalarda və muzeylərdə xalqımızın tarixi, ədəbiyyatı
ilə bağlı saxlanılan yazılı mənbələrlə
yaxından tanış olur və aşkara çıxardığım
ən mühüm məlumatları toplamağa
çalışıram. Mən 2007-2010-cu illərdə
İsveçin paytaxtı Stokholmun Çalmers Universitetində
informasiya texnologiyaları ixtisası üzrə magistr təhsili
aldıqdan sonra Kopenhagendən dəvət aldım və
2010-cu ildən bugünədək burada informasiya
texnologiyaları mühəndisi kimi şirkətlərdən
birində çalışıram. Bu yaxınlarda, vaxtilə
- 1901-1920-ci illərdə Bakıda əvvəlcə biznes,
ayrı-ayrı vaxtlarda və o cümlədən, Azərbaycan
Cümhuriyyəti hakimiyyəti illərində diplomatik fəaliyyət
göstərmiş danimarkalı Erik F.Bieringin Bakı
haqqında xatirələrindən ibarət, 1960-cı ildə
Kopenhagen şəhərində nəşr etdirdiyi "Mənim
Qafqazda 20 ilim" (Mine tyve Aar i Kaukasus. af Erik F.Biering, 1960)
adlı kitabına rast gəldim. Kitabda bir əcnəbi vətəndaşın
Bakı ilə əlaqədar, öz gözü ilə
görüb, qələmə aldığı çox
maraqlı məlumatlar var.
Biznesmen, diplomat Erik F.Biering (23.12.1876-4.7.1964)
Danimarkanın Svendborq regionunun Svindinge kəndində 17
uşaqlı ailədə ən kiçiyi olaraq dünyaya gəlib
(Erik.F.Biering haqqında wikipedia səhifəsi
https://en.wikipedia.org/wiki/Erik_Biering).
O, 1901-ci ildə Bakıya qardaşı Adam Bieringin
yanına iş üçün gedir. Adam Bakıda Nobel
qardaşlarına məxsus neft şirkətlərindən
birində mühəndis-mexanik vəzifəsində
çalışırdı. Qardaşından maliyyə dəstəyi
alan E.F.Biering 1901-ci ilin dekabrında Bakıda "Biering and
Raabe" (sonralar E.F.Biering & Co. adlandırılır)
şirkətini qurur və bu şirkət qısa zamanda
böyük uğurlar qazanır. Erik F.Biering 1906-cı ildə
neftqazma işləri üçün müəssisə, 1907-ci
ildə Bakı və ətraf ərazilər üçün
telefon konsessiyasını (telefon sistemini) təsis etmişdir.
Biering həm də "Orient and Bank Fishing Net" şirkətinin
direktorlar şurasının sədri və Bakı Kommersiya
Bankında bank şurasının üzvü olmuşdur. O,
1904-cü ildə Danimarkanın, 1905-ci ildə Norveçin
Bakıda vitse-konsulu, 1908-ci ildə isə Danimarkanın Qafqaz
üzrə konsulu təyin edilir.
1920-ci ilin mayın 28-də Bakı Sovet
Rusiyasının XI Qızıl Ordusu tərəfindən
işğal edildikdən sonra onun bütün biznesi
bolşeviklər tərəfindən təzminatsız
müsadirə edilərək milliləşdirilir. O,
Bakıdan sonra bir çox Avropa ölkələrində
diplomat kimi fəaliyyətini davam etdirir və 1964-cü ildə
vəfat edir (https://biografiskleksikon.lex.dk/Erik_Biering Kirsten
Biering, 2021.
https://fonsboel.dk/onewebmedia/Erik%20F.%20Biering.pdf).
Erik F.Biering Bakını tərk etdikdən sonra şəhərin
o zamankı qaynar həyatını, insanlarını, neft
milyonçularını, Azərbaycan Cümhuriyyətinin rəhbərləri
ilə görüşüb yaxından ünsiyyət
qurmasını, o cümlədən şəhərin mədəni
həyatını - məscidləri, tarixi abidələri,
xalqımızın adət-ənənələri haqqında
çox illər keçəndən sonra olduqca maraqlı
xatirələrini qələmə alıb. Həmin kitabdan
hissə-hissə olaraq bəzi fraqmentləri dilimizə tərcümə
etmişəm. Aşağıda, Bakı milyonçuları
Hacı Zeynalabdin Tağıyev və Musa Nağıyev
haqqında olan hissənin tərcüməsini oxucuların
diqqətinə çatdırıram.
Sayqılarla, Vüsal Əli (Kopenhagen)
Hacı Zeynalabdin Tağıyev və Musa
Nağıyev
...Bu mərhələdə ilk dəfə idi ki,
Bakıda yerli sahibkarlara məxsus bank yaradılırdı. O
vaxta qədər böyüklüyündən,
kiçikliyindən asılı olmayaraq bütün bank əməliyyatları,
əsasən Rusiyadakı yerli və xarici böyük
bankların filialları vasitəsilə həyata keçirilirdi.
Bakı Ticarət Bankının qurucuları və
sahibləri şəhərin tanınmış ən
varlı adamları, tatarlar (azərbaycanlılar - V.Ə.) -
Hacı Abdul Zeynal Tağıyev (Hacı Zeynalabdin
Tağıyev - V.Ə.) və Musa Nağıyev idi. Onların
hər birinin sərvəti təxminən 50 milyon rubl dəyərində
qiymətləndirilirdi. Bu iki sahibkar birlikdə fəaliyyət
göstərir və bizneslərinə xam neft satmaqla
başlamışdılar. Onlar şəhərin kənarındakı
mədənlərdə kustar üsulla
çıxardıqları xam nefti çəlləklərədə
arıq atların qoşulduğu ikitəkərli arabalarda lazım
olan ünvanlara çatırırdılar. Əslən tatar
olan bu sahibkarlar Balaxanı və digər şəhərətrafı
yerlərdə istehsal etdikləri neftlə böyük
nüfuz və şöhrət qazanaraq məşhurlaşmışdılar.
Getdikcə varlanan sahibkarların neft torpaqları üzərində
sahibkarlıq hüquqları qanuni şəkildə öz təsdiqini
tapdıqdan sonra, daha yeni-yeni neft mədənləri yaradır
və sərvətləri xeyli artmağa başladı.
Bütün bunlardandan başqa, əlbəttə,
onların hər ikisi (xüsuusilə Tağıyev) mükəmməl
dərəcədə işgüzar, qabiliyyətli idilər və
nəyin sərfəli olduğunu dərhal, anındaca
çox gözəl anlayırdılar.
Tağıyev çox maraqlı bir adam idi. Mən
Bakıya ilk dəfə gələndə o, artıq şəhərin
əsas küçələrindən birində çox
gözəl bir bina tikdirmişdi. Hər səhər tezdən
"Pollak & Co."nun ofisinə gedəndə yolüstu onu
yuxarıda aynabəndli eyvanda oturmuş görürdüm.
Burada onun katibi cənab Schumacher (Şumaxer - V.Ə.)
"Dagens Aviser"dən ona alman qəzetlərini oxuyub tərcümə
edirdi.
O, Bakının aparıcı qəzeti olan
"Kaspi"nin sahibi idi. Oxumaq və yazmaq bilməsə də,
dövri mətbuatı daim izləyirdi. İmzası çox
qəribə idi - daima eyni, üst-üstə düşən,
dolaşıq xətlər toplusu, lakin yaddaşı
inanılmaz dərəcədə güclü idi və bu, ona
uğurlu bir biznes qurmağa imkan vermişdi, heç kim onun
yanında xırda bir səhv də edə bilməzdi.
O, neft hasilatı ilə məşğul idi və ona
məxsus olan neftayırma zavodları, buxar gəmiləri və
tanker gəmiləri vardı. Bakının şimalında
böyük siyənək balıqçılıq müəssisəsini
yaratmış və müasir avadanlıqlarla təmin olunan
toxuculuq fabriki tikdirmişdi. Geniş ərazilərdə
çəltik, üzüm və pambıq becərilən təsərrüfatlara
sahib idi. O, eyni zamanda şəhərin ən böyük
teatrlarından birinin möhtəşəm binasını
inşa etdirib əhalinin istifadəsinə vermişdi.
Tatar-müsəlman əhali regionda çoxluq təşkil
edirdi. Şəhərin müsəlman əhalisi arasında
onun o qədər böyük nüfuzu var idi ki, Rusiya
hökuməti daim onu dəstəkləyir və Cənubi
Qafqazın müsəlman əhalisinə təsir göstərmək
üçün lazım gələndə ondan istifadə edə
bilirdi. Tağıyev böyük xidmətlərinə görə
rus dövlətindən yüksək mükafatlar və ordenlər
də almışdı.
Buxara əmiri hər dəfə Peterburqa çarı
ziyarətə gedəndə yolunu həmişə Bakıdan
salar və o, mütləq Tağıyevin qonağı
olardı.
Tağıyev sonralar özünün müstəqil
şəxsi bankını da yaratmışdı və
köhnə dostluğa, ortaqlığa sadiq qalaraq Musa Nağıyevi
özünə şərik etmişdi.
Musa isə tamamilə fərqli bir şəxsiyyət
idi. Onun kommersiya məsələlərində xüsusi
istedadı yox idi. Sərvəti əsasən neft sahələrindən
gəlirdi ki, burada onun xüsusi marağı və təşəbbüsü
də vardı. Özü olduqca sadə yaşayırdı və
Tağıyev kimi daim qara paltoda (diplomat paltoda) gəzmirdi,
çox zövqlü geyinirdi. Onun şəxsi ambisiyaları
olsa da, əsas marağı Bakıda müasir binalar tikdirmək
idi. Parketli döşəmələri sevir və liftdən
istifadə etməkdən zövq alırdı, lakin nədənsə
özü bu cür evlərdə yaşamaq istəmirdi.
Musa ən yaxşı memarları işə
götürür, çox sayda gözəl evlər tikdirirdi
və bu fəaliyyəti ilə o, şəhərdə
sahibkarlar arasında xüsusi olaraq seçilir və
şöhrət qazanmışdı. Amma bütün bunlara
baxmayaraq, bu evlər onun üçün elə də
xüsusi maraq kəsb etmirdi.
O, hər axşam şəhər klubuna gedərdi və
tam savadsız olduğu halda həmişə klubun zəngin
menyusuna uzun-uzadı diqqətlə baxar və sonda şəhadət
barmağının hərəkətilə ilə menyuda təsadüfi
bir yeri göstərərək ofisianta deyərdi:
"Şaşlık" (Şişdə qızardılmış
quzu əti, tatar milli yeməyi). Onun bu vərdişini bilənlər
üçün bu, adi hal idi. Bu hərəkəti onun necə
etdiyini özüm görməmişdim, amma onun həmişə
belə etdiyi hamıya məlum idi.
"E.F.Biering & Co." şirkətinin ofisi əvvəllər
Musa Nağıyevin böyük evlərindən birinin həyətinin
arxa tərəfində yerləşirdi. Bir dəfə ondan
xahiş etdim ki, mənə 500 rubl dəyişsin. Onun gənc,
yetkin oğlu ofisin önündə oturmuşdu. O nə istədiyimi
eşidən kimi, mənimlə birbaşa atası Musanın qəbuluna
getdik. Musa köhnə seyfi açdı və mənə 100
rublluq əskinas pullar verdi. O isə bu pulun müqabilində məndən
vekseli aldı və dedi, kifayətdir?
Musanın bir oğlu və bir qızının
olduğu deyilirdi. Hər ikisi də uzun illər vərəmdən
əziyyət çəkmiş və gənc
yaşlarında vəfat etmişdilər. Onun ailəsi
haqqında çox şey məlum deyildi. Qadınları ilə
bağlı isə heç nə bilinmirdi.
Tağıyevdə isə vəziyyət tamam fərqli
idi. O, nikahda olduğu qadından başqa, yaşlı
vaxtında çox gənc bir xanımla da ailə qurmuşdu.
Evləndiyi gənc xanımının ləzgi millətindən
olduğu deyilirdi və bu millət Bakının
şimalında Dağıstan tərəflərdə (Qafqaz
dağlarında) yaşayırdı. Bu tayfa orada sünni
müsəlmanlar kimi tanınırdı. Tağıyevin ailəsində
isə məxsus olduğu dini məzhəbə aid adətlər
hakim idi. Tağıyevin qohumları da onun bu evliliyindən
çox narahat olmuşdular, amma Hacı onlara belə cavab
vermişdi ki, peyğəmbərin özü də
yaşlananda cavan bir qadınla evlənməyin gəncliyi
qorumağın ən yaxşı yolu olduğunu tövsiyə
etmişdir. Beləliklə, bu məsələ birdəfəlik
həll olunmuşdu.
Tağıyevin neçə yaşında olduğunu
heç kim dəqiq bilmirdi, özü də heç bilmirdi.
Ondan kimsə soruşanda belə cavab verirdi: "Qara şəhərdə
dördüncü körpü tikiləndə, mən
Bakıya gəlmişəm" - bundan artıq daha heç nə
deməzdi.
Onun 1910-cu ildə təxminən 75 yaşında
olduğu güman edilirdi. O, orta boylu, diqqətçəkən
sifəti və təbii, olduqca ləyaqətli
davranışı vardı. Geyimi - həmişə qara
diplomatik paltosu və qara fəsi (papaq) ilə təsvir
olunurdu.
Onun bir neçə övladı vardı ki, onlardan
heç biri o qədər də tanınmırdı.
Oğlanlarından biri xaricdə təhsil almış və
zabit kimi orduda xidmət göstərirdi.
Bakı Ticarət Bankının ilk məclis
üzvü və bank direktoru Yakuboviç seçiləndə,
Tağıyevin adından bankın əsas filiallarında
direktor olduğu üçün ona bank məclisinə
üzv olmaq təklif olunmuşdu. O da bu dəvəti məmnuniyyətlə
qəbul etmişdi.
Bu vaxtadək mən Tağıyevi yalnız səthi
tanıyırdım, onunla konsul vəzifəmdə olarkən
bir çox rəsmi tədbirlərdə
qarşılaşmışdım, lakin aramızda heç
vaxt ciddi bir söhbətimiz olmamışdı. O, az
danışan biri idi, amma bank direktoru ilə yaxşı
tanış idim. Düşünürəm ki, konsulluq işi
və qubernatorla münasibətlərim mənə bu
mühüm insanlarla olan tanışlığı
qazandırmışdı. Bank idarəetmə şurasında
2 tatar, 2 rus, 2 malakan, 2 erməni və s. etnik qrupların
nümayəndələri təmsil olunurdu, mən
özümü əcnəbi maraqları təmsil edən biri
kimi təqdim etmişdim.
Bir neçə il ərzində ayda ən azı iki dəfə
bank şurasının iclasları keçirilirdi.
Tağıyev və Nağıyev əsasən bu iclaslarda
iştirak edərlərdi. Onlar bank direktorunun hər iki tərəfində,
masanın sonunda bank sahibi kimi əyləşərdilər.
İclasa təqdim olunan məsələlər müzakirə
olunur, qərarlar qəbul olunurdu. Onlar çox az
danışardılar. Xüsusilə, ən vacib qərarlar qəbul
olunanda bu iki yaşlı sahibkar qısa və konkret olaraq
danışıb bir neçə kəlmə ilə fikirlərini
bildirərdilər.
Mən heç vaxt Musanın bir kəlmə belə
danışdığını eşitməmişdim, amma
Tağıyevə aid bir misal gətirə bilərəm:
Bir dəfə tatar meyvə tacirinin 5000 rubl məbləğində
kiçik kredit məsələsi müzakirə olunurdu. Bank
direktoru dedi: "Bəli, bu cüzi məsələni sizə
təqdim etdiyimə görə sizdən üzr istəyirəm,
çünki bu adamın təklifi o qədər də
maraqlı görünmür və rədd etməyi təklif
edirəm. O, şəhərin ən köhnə tacirlərdən
biri sayılır. Siz onun haqqında nəsə
eşitmisiniz?"
Hamı başını yellədi, amma Tağıyev
söhbətə müdaxilə etdi: "Mənə de
görüm, o, Hacıyevin evində yaşayan Abdul Alibekov
deyilmi?"
Təsdiq cavabını aldıqdan sonra davam etdi:
"O, etibarlı bir adamdır. 30 il əvvəl mən
ona 1000 rubl borc vermişdim və o, tam ödəyib qaytardı
- halbuki elələri var, qaytarmır. İcazə verin o, 5000
rublu alsın"
Bu söhbətdən sonra artıq heç nə
deyilmədi.
Zamanla mən bu qoca ilə çox yaxşı
dostlaşdım və həmişə borc pul lazım olanda
etiraz etməyib verərdi.
Onunla olacaq görüşlərdən insanların
qabaqcadan xəbəri var idi və görüşlər adətən
bu formada keçirilirdi. Müxtəlif təşkilatlar,
xeyriyyə cəmiyyətləri, saysız-hesabsız şəxslər
və s. Tağıyevdən yardım istəmək
üçün bu görüşlərə gələrlərdilər.
Çünki küçədə ona yaxınlaşmaq
çox çətin idi, amma kimsə görüşə gəlib
çıxmışdısa, Tağıyev onları çox
da pis qarşılamazdı. Mən bir dəfə ona
yaxınlaşıb hal-əhval tutaraq təbəssümlə
dedim:
"Hacı, nə var-nə yox?" O isə cavab
verdi: "Bu gün nə istəyirsən?" O, bütün
insanlara "sən" deyə müraciət edərdi və
umumiyyətlə, rus dilində danışmaq istəmədiyi
halda belə, rusca komik ifadələrlə
danışardı.
O, mənə görüş zamanı məsələləri
sakit şəkildə, aramla bildirməyə imkan verirdi və
heç vaxt bir sözümü rədd etdiyini
xatırlamıram. Digər tərəfdən, onun məbləğləri
azaltmağının şahidi olmuşam ki, bunlar da mənim
üçün gözlənilən idi.
Amma hər şey onun üçün problemsiz deyildi.
O, Rusiyanın bütün bölgələrində olduğu
kimi, həm də xaricdə müxtəlif universitetlərdə
oxumaq üçün öz hesabına tələbələrə
təqaüdlər ayırırdı. Bu tələbələrdən
olan bir tatar, Karlsruedən (Almaniyada şəhər) mühəndis
kimi qayıtmışdı və Tağıyevin müəssisələrindən
birində işə düzəlmişdi. Bir il sonra qoca
Tağıyevə bildirdilər ki, bu gənc mühəndis
onun gözəl xanımı ilə münasibətdədir.
Bu xəbərdən sonra, Hacı ailə məclisini
(Bakıda yaşayan ailənin ağsaqqallarını)
topladı. Nəticədə aydın oldu ki, mühəndisin
onun xanımı ilə münasibəti var imiş və qərar
verildi ki, ailənin gənc üzvləri ona ciddi cəza versin
və o, dərhal Bakıdan qovulsun. Cəza o qədər sərt
icra olundu ki, işgəncə verildikdən sonra mühəndis
yaralı vəziyyətdə güclə sürünərək
özünü həkimə çatdıra və polisə təqdim
edilməli olan tibbi arayışı ala bilmişdi.
Bu hadisə o zaman ölkədə çox
böyük səs-küyə səbəb oldu və
bütün Rusiya mətbuatında yayımlandı. Sonra
baş verən bu hadisə, böyük bir qalmaqala
çevrildi. Hadisənin sonu isə belə oldu: Məhkəmə
Hacını iki il həbs cəzasına məhkum etdi. Lakin
hökm Rusiya çarına təqdim edildikdən sonra,
Hacının yaşı nəzərə alınaraq, hökm
dəyişdirildi. Onun haqqında olan hökm 8 günlük ev
dustaqlığı ilə əvəz olundu və o da, həmin
müddəti Bakıdakı idarələrindən birində
saxlanılmaqla başa vurdu.
Hacı heç vaxt bu hadisəyə əhəmiyyət
verməz və onun ətrafı da bu barədə
danışmazdı, çünki onun əhali arasında
nüfuzu böyük idi. Ona görə də, yerli əhali
onun davranışını çox insani və səssiz qəbul
etdı. Onlar inanırdılar ki, o, əgər belə bir
reaksiya verməsəydi, bu, ictimai asayiş üçün
çox təhlükəli ola bilərdi. Hökm icra olunduqdan
sonra isə ara sakitləşdi.
Yayda Bakıda yalnız olanda tez-tez Xəzər sahilindəki
nəcib ailələrin bağ evlərində qonaq olurdum.
Orada adətən bazar günləri səhərlər
Tağıyevin xanımı ilə eyni nəsildən olan 4-5
qadın bir yerə toplaşar və söhbətləşərdilər.
Onlar çox azad düşüncəli idilər. Bəziləri
xaricdə təhsil almışdı və Bakının zənginləri
ilə ailə qurmuşdular. Təbii ki, onların məclislərdə
kişi kimi davranmaq istəkləri artıq dərəcədə
çox idi. Belə ki, onlar çox vaxt verandada (eyvanda)
gözəl nahar süfrəsinə oturardılar və
böyük stəkanda badələr qaldırardılar.
Onların süfrəsində "Martell" və ya
"Hen-nessy" kimi spirtli içki brendlerinin şüşələri
olardı.
Qoca Tağıyev nadir hallarda süfrəyə
oturardı. Tez-tez sahildəki başqa tatar
dostlarımızın dəniz sahilindəki malikanələrını
ziyarət edirdik, onların orada hündür hasarlarla əhatə
olunmuş çox gözəl bağları vardı. Biz ev
sahibinin və onun dostlarının qaldığı qonaqlar
üçün nəzərdə tutulmuş otaqlarda gecələyərdik.
Olduğumuz otağın divarının digər tərəfində
isə qadınlar yerləşirdi və oraya baxmaq qadağan
idi. Amma günorta çay süfrəsində, biz yalnız ev
sahibi ilə böyük tut (sarı, çox dadlı meyvəsi
olan) ağacının altında oturanda müasir geyimli və
söhbətlərə maraqla qulaq asan qadınlar olduğu
zaman, bir yad qonaq gələrdisə, o, qadınları görmədən
qapıda dayanan nəzarətçi tərəfindən geri
qaytarılırdı. Tatarların dediyi kimi, orada əgər
"qadınlar yarı çılpaqdırsa", o zaman bu,
şərəf, namus məsələsi hesab edilirdi.
Bəzən belə olurdu ki, qoca Tağıyev bizi
çaya dəvət edirdi, əlbəttə, yalnız
kişiləri. Və bilirdik ki, onun nə isə bizə
çatdıracaq bir "plan"ı da var, yəni Rusiyada
baş vermiş böyük bir fəlakət və ya hadisə
haqqında danışar və yardım üçün
özü də xeyriyyəçilik kampaniyasına
başçılıq edərək, sadə bir tərzdə
desək, vətəndaşları "soymaqla" məşğul
olurdu. Bu, belə olurdu:
Təxminən əlli nəfər kişi qonaqları
sarayın böyük salonunda toplaşır, burada divarın
bir tərəfində "Konstantinopola (İstanbul) giriş -
Qızıl Buynuz" təsvir olunmuşdu. Çay, şərab
və tortlar verilirdi, lakin müzakirə olunan bir məsələ
günün əsas mövzusu olurdu. Tağıyev bu dəfə
komitənin rəhbərliyi üçün əlavə bir
masa düzəltdirmişdi. Bu masaya bir nəfər
çağırılırdı və Tağıyev ona belə
deyirdi:
- Bəli, bu böyük bir fəlakətdir,
Bakının humanistlik göstərməsinin zamanı gəlib
çatıb. Onlar yəqin ki, 5000 rubl nəzərdə
tutublar.
- Məncə, bu, bir az çoxdur, mən 3000 rubl
düşünmüşdüm", - deyə cavab verir.
- Onda, bu da yaxşıdır, yazın 4000 rubl, - dedi
o.
Beləcə, məbləğ qeyd olunurdu.
Tağıyev özü 100.000 rubl pul verdi və az
sayda qonaq vardı ki, onlar 50.000 rubl dəyərində ərzaq
yardımı təklif etdilər. Bu barədə bütün
Rusiya qəzetlərində yazılmışdı. Komitə adından
təbii fəlakətlər və ya daşqınlarla
mübarizə üçün kimin nə qədər
yardım etdiyi bildirilirdi.
İllər keçdi və Tağıyev
yaşlandı, lakin o, öz nüfuzunu hələ də
saxlamışdı. O, Bakının tərəqqisi
üçün də çox işlər yerinə
yetirmişdi. Məsələn, şəhər həyatı
üçün olduqca böyük əhəmiyyət kəsb
edən su təchizatının təmin edilməsində bəzi
işlər görmüşdü. Bu, illərlə davam edəcək
bir hazırlıq tələb edirdi. O, bunu bacardı və
Bakıya, həqiqətən, yaxşı, saf su gətirilməsi,
ilk növbədə onun səyləri sayəsində baş
tutdu. O, mədəniyyətin inkişafının ən yeni
üsullarını öyrənmək üçün xaricə
dəfələrlə səyahətlər edərdi.
Bir dəfə belə bir səfərdən
qayıdanda, o, mənimlə söhbətində Bakı gənclərinin
tənbəlliyindən və
bacarıqsızlığından gileyləndi və dedi:
"Xaricdə mən belə bir təəssürat əldə
etmişəm ki, mədəniyyət ilk növbədə
intellektual zəhmət və çalışqanlıq ilə
inkişaf edir, bizdə isə mədəniyyət ya qəhvəyi
rəngli ayaqqabı, ya da parıldayan laklı çəkmə
ilə başlayır. Belə olan halda, bu gənclər
arasında ciddiyyət necə olacaq?"
Mən ona yalnız bu cavabı verə bildim ki, Qərbi
Avropadakı bir çox varlı ailələrin
övladları da bu xəstəlikdən əziyyət çəkirlər.
Tağıyevlə son görüşüm 1918-ci ilin
yazında, inqilabdan sonra, Bakıda siyasi vəziyyətin
çox gərgin olduğu bir dövrdə baş tutdu.
Şəhərin əhalisini təşkil edən əsas
zümrələr - bolşeviklər, tatarlar və ermənilər
silahlanmaq üçün bütün mövcud vasitələrə
əl atırdı və aydın idi ki, gec-tez bir toqquşma
baş verəcək.
Tatarlar Bakının cənubundakı Lənkəran
şəhərini toplantı, yəni səfərbəylik mərkəzi
kimi seçmişdilər və Tağıyevin böyük
oğlu oraya zabit kimi göndərilmişdi. Bir gün
Bakıya xəbər gəldi ki, gənc Tağıyev orada həlak
olub. Baş vermiş hadisənin təfərrüatı
heç vaxt açıqlanmadı, lakin ertəsi gün cənazəsi
Bakıya gətirildi və böyük izdihamın
müşayiəti ilə dəfn olundu.
Şəhərin bütün müsəlman əhalisi
bu hadisə ilə bağlı böyük hüzn içində
idi və dəfn mərasimində iştirak etmək
üçün toplaşmışdı. Yaşlı ata isə
dəfnlə bağlı öz üzərinə düşəni
yerinə yetirdi. Bu, çox təsirli bir səhnə idi.
Mən də şəxsən iştirak etmək
üçün onun sarayına yollandım. Hər şey
mükəmməl qaydada təşkil olunmuşdu. Qonaqlar
üçün xatirə dəftəri qoyulmuşdu, hər gələn
adam öz izhari-təəssüfünü ora yazmaqla qeyd
edirdi.
Şəxsən başsağlığı vermək
istəyim qəbul olundu və mən pilləkənlərlə
yuxarı qalxıb böyük salona daxil oldum. Orada
qarşılaşdığım mənzərə və
ab-hava heç vaxt yaddaşımdan silinməyəcək.
Dörd divar boyunca xalılarla döşənmiş
zalda dualar və mərsiyələr oxuyan möhtərəm
müsəlman ruhaniləri əyləşmişdi. Oxunan mərsiyə
mənim qulağıma uyğun olmasa da, amma olduqca təsirli
idi və səs böyük salona tamamilə
yayılırdı. Salonun ortasında isə kiçik dairəvi
masa var idi. Orada iki dost, ağsaqqal - Tağıyev və Musa
Nağıyev dərin kədər içində əyləşmişdi,
baxışlarından ağrıları hiss olunurdu. Salonda
heç kim danışmır, hamı susmuşdu.
Tağıyevin əlini səmimi şəkildə
sıxdım və dərin hüznlə
başsağlığı verdim. O, yalnız bir sözlə
cavab verdi: "Qismət!" (Tale). Sonra mənə bir fincan
türk qəhvəsi gətirildi və mən beş dəqiqə
heç bir söz demədən onunla və digər
yaşlı dostları ilə birlikdə oturdum. Mollalar isə
sakitcə mərsiyələrini oxumağa davam etdilər. Təxminən
beş dəqiqə sonra mən sakit və səmimi şəkildə
yas içində olanlarla vidalaşdım və bu zaman hər
üçümüzün də gözlərində yaş
vardı.
Bir müddət sonra inqilabçılar
Tağıyevin bütün fəaliyyətlərini
dayandırıb, mülklərini əlindən aldılar. O,
özü şəhər ətrafındakı bağ evinə
köçdü. Bildiyim qədərilə, onu orada rahat
buraxdılar, bu, böyük ehtimal ki, müsəlman əhalisini
qıcıqlandırmamaq üçün atılmış
bir addım idi. Axı həmin müsəlman əhali onu həmişə
ən ali, nəcib, xeyriyyəçi bir insan kimi qəbul
etmişdi.
Danimarka dilindən tərcümə etdi:
Vüsal ƏLİ
(Kopenhagen)
525-ci qəzet .- 2025.- 3 iyul(№113).-S.12-13.