Sağlığında
qiymət verin insanlara...
Ötən əsrin 90-cı illəri Azərbaycan
tarixinin ən mürəkkəb mərhələlərindən
olmuşdur. Bugünkü sabitliyi, rahat həyat tərzini,
firavanlığı görən insanlar üçün həmin
dövrün xaosunu təsəvvür etmək çox çətin
olar. Hesab edirəm ki, o günlərin şahidi olmuş, həmin
vaxtlarda yaşamış bizim nəslin nümayəndələri
gördükləri hadisələri qələmə almalıdırlar
ki, ibrət dərsi götürməli olduğumuz tarix
unudulmasın.
Beləliklə, 1992-ci ilin mayın 6-sı. Həmin
vaxt xalq təhsili nazirinin (indiki elm və təhsil nazirinin)
müavini vəzifəsində işləyirdim. Yaxşı
xatırlayıram, nazir Rafiq Feyzullayev məni çağırıb
tapşırdı ki, təcili Nazirlər Sovetinin (indiki Nazirlər
Kabinetinin) qarşısına get, orada Nazirlər Sovetinin sədri
(indiki Baş nazir) Həsən Həsənovun əleyhinə
piket keçirilir, gör tanıdığın adamlar varsa,
onları bu işdən çəkindir.
"Mən hara, piketə müdaxilə etmək
hara?", düşünərək, etiraz etmək istədim,
ancaq Feyzullayev kimi sərt, bir az da özündən razı
nazirin bir sözünü iki eləmək mümkün
deyildi, razılaşıb çıxdım. Həqiqətən
siyasi proseslərdən kənarda qalmağın tərəfdarı
idim, bir ziyalı kimi ölkənin taleyinin çətin
durumda olduğundan narahatlıq keçirsəm də,
çox qarışıq olan vəziyyətdə qeyri-müəyyən
siyasi proseslərə qoşulub bir az da
qarışıqlıq yaratmaq istəmirdim, öz işlərimi
görüb vəzifə borclarımı yerinə yetirməyi
üstün tuturdum.
Həmin vaxtlarda şəhərin müxtəlif yerlərində
cürbəcür siyasi aksiyalar keçirilirdi, Bakı qaynar
qazana bənzəyirdi. Bir az əvvəl, fevralın 26-da
Xocalı soyqırımı baş vermişdi, həmin faciənin
dalğasında, martın əvvəllərində Ayaz
Mütəllibov və parlamentin spikeri Elmira Qafarova istefaya
göndərilmiş, professor Yaqub Məmmədov Milli Məclisin
sədri seçilmişdi və dövlət
başçısı vəzifəsi də ona həvalə
edilmişdi. Xalq Cəbhəsi hakimiyyətə gəlmək
uğrunda inadla mübarizə aparırdı,
qaragüruhçuların da həvəslə qoşulduğu
bu insanların siyasi addımları çox vaxt
başıpozuq kampaniyaya çevrilirdi. Bu mübarizəni
xaosa çevirən amillərdən biri də bu idi ki, Xalq Cəbhəsinin
daxilində parçalanma baş vermişdi, ayrı-ayrı
liderlər, yeni partiyalar yaranmışdı və onların hər
birinin prezidentliyə öz namizədi, öz tərəfdarları,
öz "planları" var idi.
Bir tərəfdə də yenicə hakimiyyətin
"dadını görmüş" Yaqub Məmmədovun tərəfdarları
bu "ləzzəti" heç kəslə
bölüşmək istəmir, onu prezident
kürsüsünə doğru itələyirdilər. Ayaz
Mütəllibov və onun "silahdaşları" hələ
də ümidlərini itirməmişdilər, "bəlkə
də qaytardılar" arzusu ilə gizli və açıq
mübarizə aparırdılar. Düzünü demək
lazımdır ki, 1992-ci ilin mayında mövcud olan bu
qarışıqlıqda Heydər Əliyevin adı
hallanmırdı, var idisə də, çox məhdud çərçivədə
idi. Hələ tarix öz sözünü deməmişdi,
xalqın və ziyalıların bir qismi Əbülfəz
Elçibəyin hakimiyyətə gəlməsi ilə hər
şeyin yoluna qoyulacağına ümid edirdi, bir qismi Etibar Məmmədov
kimi siyasi xadimlərin vəziyyəti düzəldə biləcəyinə
inanırdı, başqa bir hissəsi professor olduğuna
görə ziyalı kimi Yaqub Məmmədova güvənirdi.
Belə bir vəziyyətdə xalqın və ölkə
ziyalılarının əksəriyyəti Nazirlər Sovetinin
sədri Həsən Həsənovu daha real namizəd
görürdü. Sağlam düşüncəli bu
kateqoriyadan olan insanlar həyat yoluna, siyasi təcrübəsinə,
imicinə və yüksək mənəvi keyfiyyətlərinə
görə Həsən Həsənovu digərlərindən
daha üstün tuturdular. Hələ tələbəlik
dövründə qrup, fakültə və institut (indiki Azərbaycan
Texniki Universiteti) Komsomol Komitəsinin katibi olmuş bu
istedadlı insan 1962-ci ildə, 22 yaşında olarkən Azərbaycan
tələbələrinin təmsilçisi kimi Moskvada
keçirilən XIV Ümumittifaq Komsomol Qurultayına nümayəndə
seçilmişdi. Hamı bilirdi ki, gənc yaşlarından
Azərbaycanın və SSRİ-nin bir sıra gənclər təşkilatlarının
üzvü olan Həsən Həsənov 1960-cı ildən
1963-cü ilə qədər Bakı şəhər Tələbə
Şurasının sədri, Bakı Şəhər Komsomol
Komitəsində təlimatçı, Yasamal rayon Komsomol Komitəsinin
katibi, Respublika Komsomol Komitəsinin MK-də bölmə
müdiri və digər vəzifələrdə, 1967-1969-cu
illərdə AKP MK-da (indiki Prezident Administrasiyası) təlimatçı
vəzifəsində çalışmışdı. 1969-cu
ildə o zamanlar üçün çox böyük etimad
olan Moskvada Ümumittifaq Komsomolunun Mərkəzi Komitəsində
məsul təşkilatçı vəzifəsinə təyinat
almışdı.
Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gələndən
sonra gənc və istedadlı kadrlara göstərdiyi
etimadın ən parlaq nümayəndələrindən biri
olan Həsən Həsənov 1971-ci ildə şəxsən
Ulu öndərin təşəbbüsü ilə Vətənə
qayıtmış, Azərbaycan Kommunist Partiyasının Mərkəzi
Komitəsində əvvəl təlimatçı, sonra
bölmə müdiri, şöbə müdirinin müavini vəzifələrində
çalışmışdı.
31 yaşında olarkən, 1971-ci ildə Bakı şəhər
Səbail Rayon Partiya Komitəsinin Birinci katibi, 1978-ci ildə
Sumqayıt Şəhər Partiya Komitəsinin Birinci katibi,
1979-cu ildən 1981-ci ilə kimi Gəncə Şəhər
Partiya Komitəsinin Birinci katibi vəzifələrində
çalışmışdı. Yaxşı
xatırlayıram, cəmi iki il rəhbərlik etdiyi Gəncədə
həm qurucu, həm də vətənpərvər bir
ziyalı kimi dərin rəğbət qazanmışdı.
Yeni tikintilərlə qədim Gəncənin simasını dəyişdirmiş,
onun tarixi abidələrini bərpa etmiş, klassik memarlıq
üslubunu özünə qaytarmışdı. Bu günə
kimi hamı xatırlayır ki, Həsən müəllimə
Gəncədəki memarlıq fəaliyyətinə görə
"kərpic Həsən" təxəllüsünü
qoymuşdular. Gəncənin qədim memarlıq abidələrini,
binaları, hasarları yenidən kərpiclə tikdirmək
üçün Ulu öndərin köməyi ilə
Ümumittifaq büdcəsindən əlavə vəsait
alınmasına nail olmuş, Gəncədə Kərpic zavodu
inşa etdirmişdi. Bununla yanaşı, sovet
ideologiyasının, necə deyərlər,
"qılıncının dalının, qabağının
kəsdiyi" illərdə "Kirovabad" (SSRİ-nin
keçmiş rəhbərlərindən biri olan Sergey Kirovun
şərəfinə 1935-1989-cu illərdə Gəncənin
adı) adlanan şəhərin adını dəyişdirməyə
gücü çatmasa da, şəhəri iki yerə
bölmüş, onları Kəpəz və Gəncə
rayonları adlandıraraq "Gəncə"
sözünü unutmağa məhkum edilmiş xalqın
yaddaşını
"qıcıqlandırmışdı".
Bu insanın xalq arasında nüfuzu çox yüksək
idi, onun Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
İdeoloji məsələlər üzrə katibi, Tikinti məsələləri
üzrə katibi, sonra isə İqtisadiyyat məsələləri
üzrə katibi olduğu 1981-1990-cı illərdə həm
ideoloji baxımdan "xalqın adamı" olduğu, həm
də tikinti və iqtisadiyyatı mükəmməl bildiyi
hamıya gün kimi aydın olmuşdu. Məhz bu keyfiyyətlərinə
görə Nazirlər Sovetinin sədri təyin edilən Həsən
müəllim vəzifə iddiasında olan rəqiblərindən
fərqli olaraq heç bir umacağı olmadığı
halda, onların nəzərində "çox təhlükəli
namizəd" hesab olunurdu...
Həmin 1992-ci il mayın 6-da bir qrup insan Nazirlər
Kabinetinin qarşısına göndərilmiş, "Həsən
Həsənova istefa", "Vəzifəni tərk et"
şüarları ilə piket təşkil olunmuşdu. Ancaq
bu piket çox uğursuz alınmış, ürəklərinin
çağırışı ilə gəlməyən
insanlar mənim də təklifim daxil olmaqla deyilən bir
neçə haqlı iraddan sonra
dağılışmışdılar. Vəziyyəti belə
görən Yaqub Məmmədov səlahiyyətlərindən
başqa cür istifadə etmək qərarına gəldi, həmin
tarixdə, 1992-ci il 6 may tarixində Azərbaycan
Respublikasının BMT-də Daimi Nümayəndəliyinin rəsmi
olaraq yaradılması haqqında Sərəncam imzaladı və
o gündən Həsən Həsənov Azərbaycan
Respublikasının BMT-də hələ mövcud olmayan
Nümayəndəliyin ilk Daimi Nümayəndəsi oldu. O,
Nazirlər Sovetinin sədri vəzifəsindən azad edildi,
Nümayəndəliyin işini təşkil etmək
üçün Nyu-Yorka yola salındı və beləliklə,
ən "təhlükəli rəqib"
neytrallaşdırıldı.
Yeri gəlmişkən qeyd edirəm ki, 1992-ci ilin
mayında yanlış da olsa Nyu-Yorka göndərilən Həsən
Həsənovun BMT-də Daimi Nümayəndəmiz olması
1993-cü il aprelin 30-da böyük siyasi əhəmiyyəti
olan və Azərbaycan tarixinə düşmüş hadisə
kimi yaddaşlarda qalan BMT Təhlükəsizlik
Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə
dair məşhur 822 saylı, iyulun 29-da isə 853 saylı qətnamələrin
qəbul edilməsi ilə nəticələndi.
Tarix göstərdi ki, dağ çaylarının
coşqun sellərinin qarşısını almaq
mümkün olmadığı kimi, qüdrətli şəxsiyyətlərin
də, haqqın, ədalətin də qarşısını
almaq olmur. Ancaq həmin piketin tezliklə dağılması, həmin
gün eşitdiyim bir sıra söhbətlər, işə
qayıtdıqdan sonra maraq dairəmə düşən Həsən
Həsənov haqqında soruşub öyrəndiyim bəzi həqiqətlər,
onun tez-tələsik Nyu-Yorka göndərilməsi və digər
hadisələr bu şəxsə qarşı ürəyimdə
böyük bir rəğbət yaratdı. Xoşbəxtlikdən,
həyatımın sonrakı mərhələlərində dəfələrlə
onunla görüşmək, ünsiyyətdə olmaq
şansım yaransa da, həmişə mənə elə gəlir
ki, 1992-ci il mayın 6-da Həsən Həsənovla ilk təmasım
baş tutmuşdur.
Əslində, onu ilk dəfə yaxından görməyim
isə tam təsadüf nəticəsində bu hadisədən
11 il əvvəl, 1981-ci il sentyabrın 1-də olmuşdu. O
vaxtlar dərslər həmin gün başlayırdı və
mən də Mexanika-riyaziyyat fakültəsinin dekan müavini
kimi az qala hamıdan qabaq gəlib universitetdə yeni tədris ilinin
başlanmasıyla bağlı yaranan problemlərin həlli ilə
məşğul idim.
İşin çoxluğundan iştirak edə bilmədiyim
təntənəli tədbir, çıxışlar, təbriklər
gedən dəqiqələrdə dördüncü mərtəbəyə,
dərslər keçirilən auditoriyaların yerləşdiyi
yerə qalxmışdım. Dedilər ki, Mərkəzi Komitənin
Katibi də bu tədbirdə iştirak edir və sonra dərslərə
baxmağa yuxarı qalxacaq. Açığını deyim ki,
o zamanlar 40 yaşı olsa da, xalq arasında Səbail (o vaxtlar
26 Bakı Komissarı) rayonunun, Sumqayıtın, xüsusən
də Gəncənin birinci katibi (indiki İcra
başçısı) kimi məşhur sima olan Həsən
Həsənovu çox görmək istəyirdim.
Bir məsələni də qeyd etmək istəyirəm
ki, həmin 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində
60-cı illərdən başlanan milli təəssübkeşlik,
vətənpərvərlik kimi hisslər gizli də olsa,
çox qabarıq formada hər kəsin daxilində mövcud
idi. Bəxtiyar Vahabzadənin "Gülüstan"
poeması, Şıxəli Qurbanovun Novruz bayramı ilə əlaqədar
fəaliyyəti, milli duyğularına görə fərqlənən
Nazim Hacıyev adlı Mərkəzi Komitə katibinin 38
yaşında müəmmalı ölümü və digər
bu kimi hadisələr ölkədə vətən və xalq
sevgisini xeyli alovlandırmışdı. Deyim ki, Həsən
Həsənov da həmin o "xalq siyahısında" var
idi və zaman göstərdi ki, xalqın proqnozları
heç vaxt yalan çıxmır. O, ideologiya məsələləri
üzrə katib olduğu dövrdə Azərbaycanın milli
vətənpərvər ziyalılarını - Bəxtiyar
Vahabzadəni, Xəlil Rza Ulutürkü, Məmməd
Arazı və digərlərini "qanadının
altına" almışdı, onlarla şəxsi dostluq
münasibətləri saxlayır, şeirlərinin,
kitablarının çapına, efirdəki
çıxışlarına qoyulan qadağaları ləğv
etdirir, yeri gəldikcə onları yüksək mükafatlara
təqdim edirdi. Belə münasibət, heç şübhəsiz,
ölkə başçısının
razılığı ilə baş tuturdu, ancaq Heydər
Əliyevin açıq edə bilmədiklərini də Həsən
Həsənov gizli-gizli həyata keçirir, dövrün və
beləliklə, siyasi quruluşun amansız qadağalarına
qalib gəlirdi.
Xatırlayıram ki, keçmiş SSRİ
dağılanda ən izdihamlı mitinqlər, ən kəskin
etiraz dalğaları Azərbaycanda olurdu, o vaxtın sosioloji tədqiqat
mərkəzləri qeyd edirdi ki, bizim ölkəmizin insanları
arasında vətənpərvərlik hissləri digər
respublikalarda olandan xeyli yüksəkdir. Bütün məhrumiyyətlərə,
siyasi qarışıqlıqlara, yaradılan Qarabağ
probleminə, Qərbi Azərbaycandan gələn
qaçqınlara, iqtisadi çətinliklərə baxmayaraq,
Azərbaycan öz müstəqilliyini ilk elan edən respublika
oldu. Hərdən düşünürəm ki, bizim xalqın
milli məsələlərdə bu qədər həssas
olmasının səbəbkarlarından biri də Həsən
Həsənov, onun gördüyü işlər,
atdığı cəsarətli addımlar, fədakarlıq
olmuşdur.
Hələ sadalanan hadisələrin baş verməsinə
7-8 il qalırdı, 1981-ci il idi, ancaq Həsən Həsənovların
xidmətləri ilə Azərbaycan yeni bir dövrə
hazırlaşırdı. Hamı da bunu bilirdi, bilirdilər
ki, Şıxəli Qurbanovların, Nazim Hacıyevlərin,
Heydər Hüseynovların faciəli talelərinə
baxmayaraq, heç nədən çəkinməyən Həsən
Həsənov indi hökumətdə həmin missiyanı yerinə
yetirməkdədir. Ona görə də xalq ona daha çox
"kərpic Həsən" yox, "türkçü Həsən"
deyirdi. Bu "türkçü", "vətənçi",
"millətçi" Həsəni yaxından görmək
istəyim bütün digər duyğularımı üstələmişdi
və dördüncü mərtəbənin foyesində
dayanıb onu gözləyirdim. Nəhayət, rektor Faiq
Bağırzadə, "partkom" Qurban Bayramov, prorektor Teymur
Vəliyev, daha bir neçə nəfər pilləkənləri
qalxanda onların arasında qara saçları arxaya
daranmış, qalın eynəkli, üzügülər Həsən
Həsənovu o dəqiqə seçdim və gəlib
yanımdan keçib gedənə kimi
baxışlarımı ondan çəkmədim. Bəlkə
də rektor, ya başqa kimsə mənim belə heyranlıqla
ona tamaşa etməyimi düzgün anlamadı, ancaq bu
böyük, 40 yaşında ürəklərdə abidəsini
yaratmağı bacarmış şəxsiyyətə
heyranlığımı gizlədə bilməzdim, heç
gizlətmədim də... Çünki yaxından
tanıdıqca rəğbətimin bir az da artdığı,
Texniki Universiteti bitirmiş olsa da, tarixdən, özü də
xalqın tarixindən namizədlik və doktorluq
dissertasiyaları müdafiə edən, Türk xalqlarının
tarixinə, mədəniyyətinə, adət-ənənlərinə
aid neçə-neçə kitab yazan, sözün əsl mənasında
vətəni canından çox sevən bu insanı sevməmək
mümkün deyil.
Həsən müəllimin zəngin həyat yolu
haqqında düşünərkən yadıma bir xatirə də
düşür. 1988-ci ilin qarlı-şaxtalı noyabr-dekabr
aylarında erməni daşnaqları rus-sovet ordusunun köməyi
və dəstəyi ilə Qərbi Azərbaycanda, o cümlədən
bizim Qaraqoyunlu dərəsində, həmçinin doğma
Salah kəndində yaşayan bütün
soydaşlarımızı ata-baba yurdundan qovurlar. Bununla
bağlı, həmin dövrdə Salahda Kolxoz sədri vəzifəsində
işləyən Safaya Məmməd qızı Həsənova
danışırdı ki, 1988-ci ilin noyabrında İcevan
rayon İcraiyyə Komitəsinin sədri Ordinyan məni rayon mərkəzinə
dəvət edib dedi ki, Safaya xanım, vəziyyət çox
gərgindir, biz istəmirik ki, Salah kəndinin camaatı
arasında ölən və yaralanan olsun, ona görə də
Siz 3 gün müddətində camaatı kənddən
çıxarmalısınız. Safaya xanım soruşur ki, bəs
camaatın mal-qarası, ev əşyaları necə olacaq.
Ordinyan cavab verir ki, camaatı xüsusi ayrılmış
avtobuslarla çıxaracağıq, ev əşyalarına gəldikdə
isə, o barədə düşünmək lazımdır.
Az sonra gecə ikən rayon Daxili işlər idarəsinin təşkilatçılığı
ilə kəndə avtobuslar göndərilir və əhali
evindən heç bir əşya götürə bilməyərək,
zorla avtobuslara doldurulub Qazax şəhərinə
aparılır.
İlk günlər kəndin əksər əhalisi
Qazaxda qohum-əqrabasının, dost-tanışının
evlərində gecələməli olurlar. Safaya xanım
danışır ki, həmin dövrdə Qazax rayon partiya
komitəsinin birinci katibi vəzifəsində işləyən
Murad Aşurovla görüşdüm. Onu vəziyyətlə
tanış etdim və dedim ki, camaat buradan birbaşa
Qarabağa getmək istəyir, xahiş edirəm bizə
kömək edin. Murad Aşurov dedi ki, bu məsələni Azərbaycan
rəhbərliyinin razılığı ilə həll etmək
olar. O, böyük çətinliklə olsa da, mənimlə
həmin dövrdə Azərbaycan Respublikasının Baş
naziri vəzifəsində işləyən Həsən Həsənov
arasında telefon əlaqəsi yaratdı. Mən camaatın
istəyini ona çatdırdım. Müdrik şəxsiyyət
və böyük vətənpərvər insan olan Həsən
Həsənov məni diqqətlə dinlədi və
köçkünlərin arzusunu nəzərə alıb
Qarabağa getməyimizə razılıq verdi. Murad Aşurov
bizə kömək etdi və Azərbaycanın qonşu rayon
rəhbərləri ilə əlaqə saxlayıb, bizim
Qarabağa köçməyimizi təşkil etdi.
Maşınlar ayrıldı və yalnız bizim kəndimiz
yox, o zaman Qazaxa qaçmağa məcbur olmuş bütün
Qərbi azərbaycanlılar Qarabağ istiqamətində yola
çıxdı. Gəncəyə yaxınlaşanda bizi
saxladılar və dedilər ki, respublika rəhbərliyi bizim
Qarabağa köçməyimizə razı deyil. Biz Gəncə
yaxınlığında, indiki Göy-göl rayonunda məskunlaşmalı
olduq. Belə düşünmək olar ki, əgər o zaman Həsən
Həsənovun dediyi olsaydı, sonradan dəqiq bildiyimizə
görə, Moskvadan icazə almaq istəyən Ayaz Mütəllibovun
etirazı ilə rastlaşmasaydıq,
köçürülmüş insanlar Qarabağda yerləşdirilsəydi,
bəlkə də sonralar başımıza bəlalar gətirən
Dağlıq Qarabağ problemi də olmazdı...
(Ardı var)
Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru,
fizika-riyaziyyat elmləri
doktoru,
professor
525-ci qəzet .- 2025.- 3 iyul(№113).-S.19;11.