Xalq artisti İslam
Rzayevin anadan olmasının 90 illiyi qeyd edilib
Beynəlxalq Muğam Mərkəzinin (BMM)
“Unudulmayanlar” layihəsi çərçivəsində
muğam ifaçılığı sənətimizin görkəmli
nümayəndəsi, Xalq artisti İslam Rzayevin anadan
olmasının 90 illiyinə həsr olunan tədbir
keçirilib.
BMM-dən AZƏRTAC-a bildirilib ki, xatirə gecəsi
xanəndənin ifasında videolentin nümayişi ilə
başlayıb.
Azərbaycan Milli Konservatoriyasının
“İfaçılıq” fakültəsinin dekanı, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Səadət Verdiyeva
çıxış edərək bildirib ki, İslam Rzayev sənətdə
özünəməxsus ənənələr yaradıb. Xanəndənin
formalaşmasında Seyid Şuşinski ilə yanaşı,
Bülbül, Xan Şuşinski kimi sənət korifeyləri
də əsas örnək olub. O, bunların hər birinin
ifaçılıq üslubunu, sənətkarlıq
meyarını mənimsəyib və özünəməxsus
sənət yolunu seçə bilib.
Əməkdar incəsənət xadimi, professor Arif
Əsədullayev, yazıçı, şair, dramaturq Seyran Səxavət,
Xalq artisti, professor Şəfiqə Eyvazova İslam Rzayevlə
bağlı xatirələrini bölüşüblər.
Bildirilib ki, xanəndəlikdən əlavə İslam Rzayev
bir çox bəstəkar mahnılarının əvəzolunmaz
ifaçısı və unudulmaz pedaqoq kimi də
yaddaşlarda yaşayır.
İslam Rzayevin ailəsi adından Arzu Şəmiyeva
çıxış edərək xanəndənin əziz
xatirəsinin yad edilməsində əməyi olanlara minnətdarlığını
bildirib.
Tədbirin bədii hissəsində Əməkdar
artistlər Gülüstan Əliyeva, Qoçaq Əsgərov,
Nuriyyə Hüseynova, Sevinc Sarıyeva və xanəndələr
Rövşən Əziz və Vüsal Qasımov
çıxış ediblər. İfaçıları
BMM-in Beynəlxalq Muğam Mərkəzinin solisti Kamal Nuriyevin
rəhbərliyi ilə instrumental heyət müşayiət
edib.
Qeyd edək ki, İslam Rzayev 11 noyabr 1934-cü ildə
Füzuli rayonunun Sərdarlı kəndində dünyaya gəlib.
Onun təşəbbüsü ilə 1989-cu ildə Bakıda
ilk Dövlət Muğam Teatrı yaradılıb. O, həyatının
sonunadək Muğam Teatrının bədii rəhbəri vəzifəsində
çalışıb. 70-dən artıq ölkədə
qastrol səfərlərində olub, Fransa, İngiltərə,
İran, İraq, Əlcəzair, Türkiyə, İsrail,
Kolumbiya, Peru, Kuba, Yaponiya, Hindistan, Nepal kimi ölkələrdə
Azərbaycan mədəniyyətini təmsil edib.
Xanəndə 2008-ci il yanvarın 26-da Bakı şəhərində
vəfat edib.
525-ci qəzet .- 2025.- 4 iyul(¹114).-S.9.