Böyük Qayıdış:
Ağdamda həyat yenidən canlanır
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti
İlham Əliyev və Qırğızıstan Prezidenti
Sadır Japarov iyulun 3-də Ağdam rayonunun Xıdırlı
kəndinin 1-ci mərhələsinin
açılışında iştirak ediblər.
Xıdırlı kəndi Ağdam şəhərinin
şimal-qərbində, rayon mərkəzindən 3 kilometr məsafədə
yerləşir. 2022-ci ilin oktyabrında kəndin təməlqoyma
mərasimində Prezident İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva iştirak ediblər. Kəndin layihələndirilən
ərazisinin sahəsi 417 hektardan çoxdur. Buraya 1-ci və
2-ci mərhələ üzrə 6 minə yaxın əhalinin
köçürülməsi, 1498 fərdi evin inşası nəzərdə
tutulur.
Birinci mərhələ üzrə layihələndirilən
ərazinin sahəsi 170.44 hektardır. Bu mərhələdə
kəndə 719 ailənin, ümumilikdə 2951 nəfərin
köçürülməsi planlaşdırılır.
Birinci mərhələdə kənddə 719 fərdi evin
inşası həyata keçirilib ki, onlardan da 263-ü iki,
332-si üç, 121-i dörd, 3-ü isə beş
otaqlıdır.
Bundan başqa, kənddə zəruri müasir sosial
infrastruktur, o cümlədən inzibati və xidmət
binaları tikilib. Burada çoxfunksiyalı inzibati binanın,
klub-icma mərkəzinin, tibb məntəqəsinin, təcili
tibbi yardım bölməsinin, təhsil və səhiyyə
işçilərinin müvəqqəti yaşayışı
üçün qonaq evinin, məişət xidməti
obyektinin, emalatxananın, tam orta məktəbin, körpələr
evi-uşaq bağçasının inşası həyata
keçirilib. Kəndin ərazisinin təxminən 20 faizi
yaşıllıqlardan ibarətdir.
Prezidentlər İlham Əliyev və Sadır Japarov
Xıdırlı kəndi körpələr evi-uşaq
bağçasının binasında yaradılan şəraitlə
tanış olublar. Kənddə məskunlaşacaq əhali
üçün tələbata uyğun inşa olunan körpələr
evi-uşaq bağçası 120 yerlikdir. Binada qrup
otaqları, musiqi otağı, idman zalları balacaların
ixtiyarına veriləcək. Burada uşaqların özlərini
rahat və qayğısız hiss etmələri, onların təlim-tərbiyəsi
ilə yüksək səviyyədə məşğul olmaq
üçün zəruri şərait mövcuddur. Uşaq
bağçasının ətrafında yaşıllıq
zolaqları salınıb, idman və oyun meydançaları,
söhbətgahlar yaradılıb. Binanın damında Günəş
panelləri quraşdırılıb.
Azərbaycan və Qırğızıstan prezidentləri
Xıdırlı kəndindəki klub-icma mərkəzində
olublar. Dövlət başçıları burada yaradılan
şəraitə baxıblar. Binada 190 yerlik akt zalı, bufet, rəqs
məşqləri, dərnək otaqları və digər
inzibati otaqlar yaradılıb. Klub-icma mərkəzində
Xıdırlı kəndi ilə bağlı müxtəlif
sosial və mədəni tədbirlərin, habelə el şənliklərinin
və digər mərasimlərin keçirilməsi
üçün hərtərəfli şərait var.
Azərbaycanın və Qırğızıstanın
dövlət başçıları Ayköl Manas adına
Xıdırlı kənd tam orta məktəbində də
olublar.
Əvvəlcə prezidentlər məktəbin həyətində
quraşdırılan yurtaya baxıblar. Səyyar
yaşayış yeri kimi asanlıqla qurulub-sökülən
yurta köçəri həyat tərzi üçün nəzərdə
tutulur. Hazırda Mərkəzi Asiyada turizm istiqaməti kimi,
bir çox türk xalqları yurta turizmini inkişaf etdirirlər.
Sonra dövlət başçıları məktəbdə
yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, 528 şagird yerlik tam orta məktəbin
təməli 2024-cü ilin aprelində Azərbaycan Prezidenti
İlham Əliyev və Qırğızıstan Prezidenti
Sadır Japarov tərəfindən qoyulub. Məktəbin
binası 5 blokdan, o cümlədən idman zalı blokundan ibarətdir.
Ərazisi 2,7 hektar olan məktəb binasında 21 sinif, 2 məktəbəqədər
hazırlıq, 2 informatika, 2 texnologiya, 1 hərbi
hazırlıq otaqları, 3 laboratoriya, kitabxana, idman və akt
zalları, yeməkxana və digər sahələr
yaradılıb. Təhsil müəssisəsinin maddi-texniki
bazası şagirdlərə biliklərə yüksək səviyyədə
yiyələnmək üçün hərtərəfli
şərait yaradır. Məktəbin ərazisində həm
şagirdlərə, həm də əhaliyə xidmət
göstərəcək qaçış zolağı olan
geniş idman meydançası, oyun və istirahət sahələri
inşa edilib.
İşğaldan azad olunan ərazilərimiz
arasında Ağdam şəhəri xüsusi yer tutur.
Çünki bu şəhər ermənilər tərəfindən
xüsusi amansızlıqla
dağıdılıb. Belə ki, oranı
Qarabağın "Xiroşiması" belə
adlandırıblar. 44 günlük Vətən müharibəsi
zamanı bir güllə də olsun atılmadan qaytarılan ərazilərimizdən
biri də Ağdam şəhəri olub. 2021-ci ildə Prezident
İlham Əliyev tərəfindən şəhərin
Baş Planı təsdiqlənib. O tarixdən bu yana Ağdam
"ağıllı infrastruktur", "yaşıl
enerji", ekoloji davamlılıq prinsipləri üzərində
yenidən qurulur. Şəhərdə indiyə kimi, 200 km-dən
çox yeni yol tikilib və ya bərpa olunub. 10-dan çox məktəb
və təhsil mərkəzi, şəhər xəstəxanası,
elektrik stansiyaları artıq layihələndirilib və
bunların tikintisi gedir. 190 hektarlıq sahədə 20-dən
artıq müəssisə üçün şərait
yaradan Ağdam Sənaye Parkı salınıb və fəaliyyətə
başlayıb.
Ağdamda yaradılan sənaye və kənd təsərrüfatı
zonaları artıq real iqtisadi fayda gətirməyə
başlayıb. Ağdam Sənaye Parkında 20-dən çox
sahibkara yer ayrılıb. Texnopark və logistika mərkəzləri,
aqrar klasterlər və istehsalat sahələri yaxın illərdə
bölgəyə böyük sərmayə cəlb etməyi
hədəfləyir.
Artıq bir neçə ailə daimi
yaşayış üçün Ağdama qayıdıb.
Onlar üçün salınan yeni məhəllələr, məktəblər,
sosial obyektlər və tibbi mərkəzlər hazır vəziyyətə
gətirilib. Bu qayıdış həm sosial, həm də mənəvi
baxımdan dönüş nöqtəsidir.
Ağdamlıların sözləri isə bu
dönüşü daha yaxşı ifadə edir:
"Daşdan tikilmiş evlərimiz hələ bəlkə
tam hazır deyil, amma torpaq bizi qəbul etdi. Bu hiss heç nəyə
bənzəmir".
Millət vəkili Azər Badamov deyir ki,
işğaldan azad edilən ərazilərdə
genişmiqyaslı tikinti-quruculuq işlərinin həyata
keçirilməsi, şəhər və kəndlərin yenidən
qurulması, "ağıllı kənd" və
yaşayış məhəllələrinin salınması,
infrastruktur layihələrinin icrası, istehsal və digər
iqtisadi obyektlərin yaradılması keçmiş məcburi
köçkünlərin Qarabağ və Şərqi Zəngəzura
qayıdışına və əzəli
torpaqlarımızda layiqli yaşayışına
hesablanıb.
Hər iki iqtisadi rayonda aparılan tikinti-quruculuq
işlərinin nəticəsidir ki, həm Şərqi Zəngəzura,
həm də Qarabağa Böyük Qayıdış
artıq başlayıb. Böyük Qayıdış
Proqramına uyğun olaraq, 2022-ci ilin iyul ayında Zəngilanın
Ağalı kəndinə başlanan köç prosesi
hazırda azad olunmuş digər ərazilərdə uğurla
davam edir. 30 ildən artıq məcburi
köçkünlük həyatı yaşayan
soydaşlarımız böyük sevinc və qürur hissi ilə
doğma yurd-yuvalarında məskunlaşırlar.
Millət vəkili Fatma Yıldırım bildirib ki,
Ağdamda yeni yaşayış kompleksinin təməlinin
qoyulması, görülən işlər da böyük
qayıdışın əyani göstəricisidir: "Bu o
deməkdir ki, otuz ilə yaxın müddətdə doğma
yurd-yuvalarına qovuşmağı gözləyən keçmiş
məcburi köçkünlərin torpaq həsrətinə
son qoyulur. Bundan əlavə, Ağdam rayon Mərkəzi Xəstəxanasının
təməlinin qoyulması da işğaldan azad olunmuş ərazilərdə
müasir səhiyyə infrastrukturunun yaradılmasının
göstəricisidir. Strateji mövqeyinə görə
Qarabağın giriş qapısı hesab edilən Ağdam
rayonunda ən müasir standartlara cavab verən belə bir
mehmanxananın inşası sürətlə dirçəldilən
tarixi ərazilərimizin turizm potensialının
inkişafına böyük töhfə verəcək".
Millət vəkili Vüqar Rəhimzadənin sözlərinə
görə, tarixi Zəfərimizin yaratdığı
reallıqlardan biri təbii ki, azad edilmiş ərazilərimizdə
genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata
keçirilməsi, soydaşlarımızın mərhələ-mərhələ
dogma yurd-yuvalarına qayıdışıdır. Son dörd
ildən artıq dövrdə soydaşlarımızın qayıdış
ünvanlarının say tərkibinə diqqət yetirdikdə
bərpa-quruculuq işlərinin miqyası daha aydın
görünür: "Prezident İlham Əliyevin qeyd etdiyi
kimi, Ağdamı "Qafqazın Xirosiması"
adlandırırlar. Amma fərq ondadır ki, Xirosima atom
bombası nəticəsində viran qoyulmuşdur,
Ağdamı isə 30 il ərzində oğrular,
talançılar, erməni talançılar sökərək
daşlarını da aparıb müxtəlif yerlərdə
satırdılar. Bu, misli görünməmiş vəhşilikdir.
Erməni faşizmi faşizmin ən yüksək nöqtəsidir.
Ağdam yenidən qurulur. Bərpa-quruculuq işlərində
xüsusi diqqət göstərilən məsələlərdən
biri infrastruktur layihələrinin icrasıdır. Bunu Ağdam
şəhərinin, rayonun kəndlərinin timsalında da
aydın görmək mümkündür. Sıfırdan
qurulan Ağdam şəhəri ölkəmizin ən gözəl
şəhərlərindən birinə çevriləcək.
İkinci Qarabağ müharibəsi nəticəsində
Ağdam şəhəri və o vaxt işğal altında
olan kəndlər bir güllə atılmadan geri
qaytarıldı. Tarixi Zəfərimizdən üç il
sonra suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa
etdik. Ermənistan 30 il ərzində hər vəchlə
çalışırdı ki, bir santimetr torpaq da
qaytarılmasın. Amma Azərbaycan dövlətinin
gücünü, iradəsini, cəsarətini və ordumuzun qəhrəmanlığını
nəzərə almamışdılar. Rəşadətli
ordumuzun qəhrəmanlığı, fədakarlığı
nəticəsində bu gün torpaqlarımız tarixi sahibinə
qovuşub. Yenidən qurulur, soydaşlarımız doğma
yuvalarına qayıdaraq xoşbəxt, sevincli günlərini
yaşayırlar".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 5 iyul(№ 115).- S.23.