Qadınlar həyatı bəzədiyi
kimi, tarixdə də fərqlənmişlər
(Əvvəli 26 iyun sayımızda)
Yəhudi gözəli Ester dayısı Mordexayın
köməyi ilə kəniz kimi Persiya çarı Artakserksin
hərəmxanasına daxil olmuşdu. Dayısı, qıza yəhudi
olduğunu heç kəsə deməməyi
tapşırmışdı. Qız çarın xoşuna gəldiyindən,
Artakserks onu arvadı elan etmişdi. Lakin çarın vəziri
Haman yəhudilərə qarşı düşmən
mövqeyində idi və Mordexayı asdırmaq
üçün şəhərdə dar ağacı da
qurdurmuşdu. Mordexay Esterə dedi ki, Haman ölkədə
olan bütün yəhudiləri qırmaq barədə əyalət
başçılarına göstəriş vermişdir və çara çatdırmaqla, bunun
qarşısını almaq lazımdır. Hamanın bir
gün ərzində yəhudiləri qırmaq istəyi
sonralar tarixdə həqiqətən öz real əksini
tapmışdı. B.e.ə. 88-ci ildə Pont çarı VI
Mitridat Yevpator bir gün ərzində öz ərazisində
yaşayan 80 min nəfər romalını və italikləri
qırdırmışdı.
Ester əri olan çara ustalıqla Hamanın dəhşətli
göstərişini çatdırdı. Qadının təşkil
etdiyi qonaqlıq vaxtı həyətə çıxan
çar otağa qayıtdıqda, Hamanın onun
arvadının ayaqlarından yapışdığını
görüb, onun qadına təcavüz etmək istəməsindən
şübhələndi. Haman isə ancaq Esterə
yalvarırdı ki, ərinə bu xəbəri
çatdırmasın. Çar Hamanı Mordexay
üçün qurdurduğu dar ağacından asdırdı
və onun qəddarlıqdan xəbər verən göstərişini
ləğv etdi. Beləliklə, Ester hələ Hitlerdən
2.5 min il əvvəl yəhudilərə qarşı ilkin
Holokostun baş verməsinin qarşısını
almışdı.
Yəhudilər Bibliya qəhrəmanı olan Yudifə
və Esterə bu gün də böyük ehtiram bəsləyirlər.
Yəhudi xalqı 1970-ci illərdə Baş nazir Qolda Meyir
kimi belə xilaskar qadına malik olmuşdu. O, 1973-cü ildəki
"Qiyamət günü" müharibəsindəki qələbənin
müəlliflərindən biri idi. Onun "Fələstinlilər
silahı yerə qoysalar, sülh yaranacaq, israillilər
silahı yerə qoysalar, İsrail dövləti məhv
olacaqdır" sözləri bu gün də doğma
xalqı arasında çağırışçı
şüar kimi səslənir. Lakin taleyi dəhşətli
tufanlara məruz qalmış yəhudilərin siyasi və hərbi
rəhbərliyi bu gün ərəb qatı millətçiləri
ilə mübarizə adı altında Qəzzada yaşayan
mülki əhalinin qırğını kimi vəhşilikdən
də çəkinmir.
Qadınlar sonralar meydana gələn bədii ədəbiyyatın
da mühüm obyektinə, tədqiqat mənbəyinə
çevrilmişdir. Böyük Roma şairi Ovidi Nazon
özünün "Məhəbbət elmi" əsərində
qadına məhəbbətin, ibtidai insanın mədəni,
sivilizasiyalaşmış varlığa çevrilməsindəki
əvəz edilməz rolunu vəsf etmişdir. O,
qadınların kurorta və teatra getmələrinin əsas səbəbini
özlərini nümayiş etdirməkdə, həm də
öz macəra axtarışlarına əks-səda tapmaq cəhdi
ilə izah edirdi. Qadın ölənə qədər məhəbbəti
ovundurmaq iqtidarında, fiziki yaxınlıq üçün
daim hazır olmaqla, kişilərin ehtiras
yanğısını söndürmək gücündə
olduğunu çətinlik çəkmədən
nümayiş etdirir. O, qadının ehtirasa cavab vermək
üçün üstün qabiliyyətə malik
olduğunu, kişilərdən fərqli olaraq fiziki
yaxınlıqda heç bir məhdudiyyət hiss etmədiyini
vurğulayır və qeyd edir ki, hovuzdan hansısa qabla su
götürmək, heç də onda məkan tapan mayenin
azalmasına, yoxa çıxmasına səbəb olmur.
Qadın gözəlliyi eşq obyektinə
çevrildikdə, daha parlaq işıqlanmağa
başlayır, bir az əvvəl sükunətdə olan, qiymətini
tapmadığından kədərə qərq olmuş
könül, azacıq məhəbbət işartısının
təsiri altında oyanmağa, canlanmağa başlayır.
Bunun üçün qadının ruhunda, düşüncəsində
sadəcə bir qığılcımın meydana gəlməsi
kifayətdir. Qadın öz sevgisində də kişilərdən
daha cəsarətlidir, ona vurulanı özünə əsir
etmək, ən azı müəyyən vaxt üçün
onu girov götürmək üçün təbiətinə
məxsus olan hər bir vasitəni işə salmaqdan, onlardan
bol-bol istifadə etməkdən çəkinmir. Qadın
kişidən fərqli olaraq, fiziki yaxınlıq
timsalındakı adsız təpəni tutmaq ilə
özünü aldatmağa yol vermir, bu kiçik qələbəyə
görə qətiyyən qürur duymur. Ona məhəbbət
dağının zirvəsini fəth etmək, istəyini,
öz ehtirasını doyuzdurmaq üçün kişilərə
naməlum olanı, Comolunqmaya dırmaşmaq kimi çətin
məqsədi həyata keçirməyə
çalışır, var qüvvəsi ilə buna can
atır.
Qadın eşqində yanıldıqda, səhv etdiyi qərarına
gəldikdə, girdiyi ittifaqın ona fil sümüyündən
tikilən saray təklif etdiyi halda da, mövcud olan əlaqəni
bir andaca kəsir, hətta nikaha son qoymaq cəsarəti
nümayiş etdirir. Qadın məhəbbətin təkcə
obyekti deyildir, onun varlığına əsasən sərəncam
verən varlıqdır. Qadının könlü oyanmasa,
onun qəlbinə Kupidon oxunun zərbəsi
dəyməsə, ona ünvanlanan
çağırışa, bəzən hətta
yalvarış harayına da cavab vermək istəməsə,
heç bir məhəbbət anı meydana gəlmir,
mövcud olmur. Qadın öz səhvi ilə fiziki yaxınlığa
yol versə də, az sonra könlünün tələbi ilə
bu əlaqəyə son qoyur, həyatda olduqca böyük
çətinliklərlə üzləşsə də,
ehtiyac girdabında yaşamaqdan əziyyət çəksə
də, qərarının düzgün olduğuna şübhə
etmir. Çünki kişilərdən fərqli olaraq, o,
fiziki yaxınlıq düşkünü deyildir, ona yalnız
könlünün ehtiyac duyduğu və qurduğu məhəbbət
dünyası lazımdır. Bu dünyanın bəzəyi
könlün tələbatının ödənilməsidir,
heç də maddi imkanlara yiyələnmək həvəsi
deyildir. Mübahisə edənlər yanılsalar da, əks
mövqeyi təsdiq etmək üçün bədənini
satan qadınların acı təcrübəsini arqument kimi irəli
sürə bilərlər. Fahişəlik, qadının
öz bədəni ilə alver etməsi olduqca qədim peşədir
və F.Engels onun ilkin yaranması səbəbini, məbədlərin
xərclərini ödəmək üçün rahibələrin
bu yola düşdüyü ilə izah edir. Bəlkə də,
fahişəlik dini məbədlərdən daha köhnə
olan ehtiyacı ödəməyin yollarından biridir. Əxlaq
pozğunluğuna, fahişəliyə qurşanmış
qadın, bu, hansısa zöhrəvi xəstəliyin nişanəsi
deyilsə, ehtiyac ucbatından həmin dəhşətli, bəlkə
özünün də nifrət etdiyi yola qədəm
basır və ondan çıxmaqda da çətinlik çəkir
və qocalana, hətta tələbdən məhrum olana qədər
bu alçaldıcı məkanı tərk edə bilmir. Ona
görə də fahişəliyə qurşanmış
qadınlara tam başqa, yazığı gəlmə, mərhəmətli
münasibət bəslənməlidir və imkan daxilində
onları bu iyrənc şəraitdən xilas etmək
üçün onlara hər cür köməklik göstərilməlidir.
Məhəbbət təbii istəkdir və heç kəsə
onu qadağan etmək mümkün deyildir. Bəzi dinlər
zinakarlığa qarşı sərt qaydalar, cəzalar təyin
etsə də, hətta bunu etmiş qadını daş-qalaq
etməklə öldürməyə girişsə də, bu,
həmin dinlərin ağalıq etdiyi teokratik dövlətlərdə
də fahişəliyə nəinki son qoymağı
bacarır, əksinə, sərt ölçülər fiziki
yaxınlıq axtaranların həvəsini daha da
qızışdırır.
Hər bir qadın ona vurulan adam üçün, cazibədarlıq
xüsusiyyətlərinə malik olmasından asılı
olmayaraq, gözəllik simvolu hesab olunur. Hətta çirkin
qadına vurulmaq üçün onda bu vaxta qədər gizli
qalan hansısa gözəllik nişanəsini tapmaq
mümkündür. Çünki kişi gözü
qadının xoşagələn məziyyətlərini əks
etdirən güzgü rolunu oynayır. Gözəlliyi də,
məhz qadına vurulan gözlər müəyyən edir və
onu böyütməklə, daha xoşagələn haşiyələrə
salmaqla, ona heyran olmağa başlayır. Özünə qəsd
edib, kişi nəzərindən qaçmağa
çalısan qızdan, qadından başqa heç kəs məhəbbət
dalğasının təsirindən kənarda qalmır, bu dənizin
suları təkcə onun bədənini əzizləməklə
kifayətlənmir. Həm də ruhunu, könlünü
oxşayır, bu vaxt qadın ürəyi ona ünvanlanan
güclü hissləri cavabsız qoya bilmir.
Nyuton Ümumi cazibə qanununu tapmamışdan əvvəl,
kainatın kiçik bir hissəsində, qadın
könlündə və bədənində daha güclü
qravitasiya qüvvəsi yaranmışdı. Qadın gözəlliyi,
bu, heç də mütləq anlayış deyildir, nisbi
xüsusiyyətdir, əsasən ona dikilmiş nəzərlər
vasitəsi ilə meydana gəlir, cazibə dalğası əks
cinsin ruhi və fiziki istəyindən kənarda qalmır,
öz obyektini tapır və əks tərəfdən də
ona cavab verildikdə iki cins arasında izahı çətin
olan birləşmə, vahid ruha çevrilmə möcüzəsi
meydana gəlir. Qadının cazibə qüvvəsi olduqca
güclüdür, bəlkə də yuxarı
tullandırılan cisimləri özünə cəlb edən
Yer kürəsinin malik olduğundan da böyükdür.
Ona görə də qadına vurğunluq hələ
qədim dövrlərdən mifologiyadan tutmuş poeziyaya qədər
tərənnüm edilmiş, vəsf obyektinə
çevrilmişdir. Qədim Roma şairi Katull sevgilisinə
müraciət edərək, onu öpüşlərə qərq
edəcəyinə, bu öpüşlərin sayını
itirəcəyinə söz vermişdi. Məhz belə nəhayətsiz
vurğunluq qadının ürəyindəki buzu əridə,
aysberqin donmuş kristallarını bir andaca məhəbbət
dənizinin məlhəm suyuna çevirməyi bacarır.
Məhəbbətin qələbəsi könüllərin
hökmü şəklində meydana çıxsa da, nəticədə
bədənlərin fiziki yaxınlığında tapır. Bədənlərin
birləşməsindən əvvəl zərif könül
saplarının sıx çuğlaşması baş verir.
Təsadüfi deyildir ki, XII əsrdə Fransada meydana gələn
Trubadurlar poeziyası fiziki hissiyyatı ön plana çəkib,
bunu insan könlünü sakitləşdirən, ram edən məlhəm
hesab edirdi. Dahi Nizami də poemalarına erotika səhnələri
gətirmişdi. Şərq dastanları da bu məsələdə
heç də geridə qalmaq istəmir. "Min bir gecə"
nağıllarının qəhrəmanı Şəhrizada
İran şahını təkcə nağılları ilə
deyil, həm də onun bədən ehtirasını
söndürmək qabiliyyətinə yiyələnməsi ilə
məftun edə bilmişdi. Hər gecə o, şaha təkcə
rəvayətləri söyləməklə deyil, həm də
əvvəllər ona məlum
olmayan hissiyyat sirlərini açmaqla, onu özünə əsir
etməyə, əvvəlki qəddar adətindən,
qadınla yaxın olduqdan sonra onu öldürmək kimi qeyri-təbii
vəhşilikdən çəkinməyə sövq
etmişdi. Şəhrizada sübut edir ki, məhəbbət
öz sirli çalarları ilə istənilən qəddar
xüsusiyyətləri də məhv edib, onun sahibini
insanlığa qaytara bilər.
Şəhrizada qəddar şahı başa salır
ki, qurbanları qanuni yollarla ona təsir etmək gücündə
deyildilər, çünki şah öz xeyrinə, lakin
insanlığa zidd olan istəyini, pozulmaz qanuna çevirib
yazıq məxluqların həyatına son qoymaqla
özünü qalib sayır. Bu, qələbə deyil, əslində
şahın özünün könülləri fəth edə
bilməməsində ifadə olunan məğlubiyyətidir.
Qurbanları, fiziki cəhətdən məhv olmaları ilə
də, bu qəddarlığa son qoya bilmirdilər.
Şahın imkanlarından qorxu, onları hər cür
müdafiədən çəkindirməklə, əslində bədbəxt finallarına sadəcə
yol acırdı.
Şəhrizada öz məhəbbət silahı ilə
şahı tərksilah etməyi və özünə tabe etməyi
bacardı. Axı ən qəddar məxluqlar da məhəbbət
haləsində vəhşi
xarakter daşıyan üsullardan uzaqlaşırlar. On
milyonlarla insan həyatına qəsd etmiş Hitler vurulduğu
Yeva Braunun yanında özünü tam sakit aparırdı.
İkinci Dünya müharibəsi illərində Avropada
insanlar məktublarında onlara qənim kəsilən taledən
şikayətləndikləri, həlak olma təhlükəsinin
yaxınlaşdığı barədə qorxulu xəbərləri
çatdırdıqları halda, bu zəhərli ilanla Yeva
Braun arasındakı məktublar sevgi musiqisinin təranələrini
andırırdı. Hitlerin sevgilisinə yazdığı məktublar,
dövrün dəhşətlərindən şikayət
şəklindəki milyonlarla epistolyar janr nümunələrindən
tam fərqli olması ilə seçilirdi. Saysız,
hesabsız insan kütləsi öz əzizlərinə
rekviyem həsr etdikləri halda, qaniçənliyi ilə,
ağzından ölüm seliyi axan Kommoda əjdahasını
andıran insan qiyafəsindəki bu yırtıcı, öz məktublarında
lirik, romantik hisslərdən bəhs edirdi. Təkcə Yevaya
münasibətdən başqa, bu vəhşi qulduru insan saymaq
olmazdı. 1944-cü ilin iyulunda Hitlerə qarşı sui-qəsddə
o, çox yüngül yaralanmışdı. Yeva bunu
eşitdikdə, təşviş içində sevgilisinə
zəng vurmuşdu. Hitler onu sakitləşdirib, demişdi ki, məgər
sən bilmirsən ki, məni qəzavü-qədər qoruyur.
Onun belə lovğalanması da əbəs idi, çünki
heç on ay keçməmiş şəhəri tutan sovet
qoşunlarının onu əsir götürəcəyi
qorxusundan Hitler intihar etmiş, bu dəhşətli Molox həyatı
tərk etmişdi.
Hitlerin, onun yaratdığı nasizmin məhvi bəşəriyyəti
olduqca acı taledən xilas etdi. Müttəfiq
qoşunları təkcə döyüş cəbhələrində
əsl igidlik göstərmədilər, həm də
insanlığın qələbəsi uğrundakı
mübarizədə vəhşiliyə, XX əsrdə meydana
gələn qaniçici ordaya qalib gəlməklə, bəşəriyyəti
qanlı tiraniyadan xilas etdilər. Sovet ordusu nasist Almaniyasının
paytaxtı Berlini tutmaqla, misli görünməmiş bir qələbəyə
imza atdı.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 5 iyul (№115).- S.22.