İlk Məclisi-məbusanının
üzvü - Qərib yüzbaşı
Dövlət Arxivində onun deputat anketi
saxlanılır. Orada Qərib Yüzbaşının müxtəsər
tərcümeyi-halı barədə qısaca olaraq qeyd edilib
ki, o, "...Çalışqanlığı sayəsində
mənsub olduğu camaatın hüsnü təvəccöhünü
qazanmış olduğundan, bir çox ictimai xidmətlərdə
bulunmuş və bilaxərən intixab olunaraq Məclisi-məbusana
üzv təyin olunmuşdur".
Bəs kim olub Qərib yüzbaşı. Vətən
və xalq üçün nə iş görub? Hansı
işin sahibi idi, hansı ictimai-siyasi fəaliyyətlə məşğul
olub? Qərib yüzbaşının həyat və fəaliyyətinin
öyrənilməsində filologiya üzrə fəlsəfə
doktoru, professor hörmətli Ə.Tahirzadənin böyük
zəhməti olub.
Rəsmi sənədlərdə
yüzbaşının adı və soyadı iki cür
göstərilir: "Qərib Kərim oğlu" və
"Qərib Kərimov". Qərib Məmmədkərim
oğlu 1870-ci ildə Vartaşen (indiki Oğuz) rayonunun
Xaçmaz kəndində çox yoxsul bir ailədə
dünyaya gəlib. Mədrəsə təhsili
almışdır. 1912-ci ildə qardaşı ilə birgə
iş tapmaq məqsədi ilə rayonun Padar kəndinə
köçüb. Qardaşı qonaqlıq zamanı ev sahibinə
atılan güllənin qurbanı olub və
dünyasını dəyişib.
Padara bir mis kasa ilə gələn Qərib coşqun təbiətli,
enerjili və hədsiz əməksevər, daim yeniliyə can
atan adam olub. Əkinçilik, meyvəçilik və
heyvandarlıqla məşğul olmaq onun ən sevimli işləri
olub. Qısa müddət ərzində biliyi, əməksevərliyi
və işgüzarlığı sayəsində
böyük var-dövlət, mal-mülk sahibi olub. O deyirdi ki,
"torpaq sənin, mənim, onun deyil, torpaq bu xalqındır,
onu əkib-becərənindir".
Rayonda ilk Avropa və Amerika texnikasını istifadəyə
verən də o olub. Qərib Kərimovun deputat (məbus)
anketində o da qeyd edilib ki, "Əkinçiliyə olan
istedad və həvəsindən dolayı, Şəki qəzasında
son ixtira olunan ziraət makinəsini (kənd təsərrüfatı
texnikasını) ilk əvvəl istemal edən (işlədən)
və xalqa lüzumunu anladan iş bu zatdır..." Onun təşəbbüsü
ilə 1912-ci ildə Almaniyadan Azərbaycana ilk dəfə
taxıldöyən maşın gətirilmişdir (Həmin
texnika hələ də qonşu kəndlərdən olan
Yemişənlidəki bir həyətdə abidə kimi saxlanılır).
Onun təşəbbüsü ilə həm də rayona
müxtəlif çeşidlərdə fərqli alma növləri,
eləcə də digər kənd təsərrüfatı
bitkiləri gətirilib və becərilib.
Təbiətcə çox əliaçıq adam olan
Qərib Məhəmmədkərim oğlu özü də
yoxsulluğun amansız üzünü gördüyündən
kasıbların pənahı olub. O, söyləyirdi ki,
"pul qazanmaq mənə çox asandır, ancaq insanlıq
heç zaman pulla alınmır".
O, qapısına borca gələn kimsəni əliboş
qaytarmazdı. Həm də bu zaman insanlar arasında millət
fərqi qoymazdı; müsəlmanlarla yanaşı, Oğuzun
udi və yəhudi camaatını da aclıqdan
qurtarmış, taxıl anbarlarının
qapılarını onların da üzünə
açmışdı. Buna görə də bütün
yerli camaat ona hədsiz hörmət bəsləyirdi. Hətta
bir dəfə qaçaqlar onun faytonunun qabağını kəssələr
də, içindəkinin Qərib yüzbaşı
olduğunu biləndə böyük hörmətlə yola
salmışdılar.
Qərib Yüzbaşı dövrünün çox
varlı və nüfuzlu şəxslərindən biri olmaqla
yanaşı, xeyriyyəçiliyi ilə də
tanınmış, Şəki qəzasının Vartaşen
nahiyəsində (o cümlədən öz kəndlərində)
su dəyirmanları, məscidlər və xəstəxana tikdirmişdir.
Araşdırmalar onun həm də Rusiya İmperator
Ordusunun və 1917-ci ilədək Padar kəndinin
yüzbaşısı olduğunu göstərir. Ona görə
də həmkəndliləri onu sadəcə "Qərib
yüzbaşı" adlandırırdılar.
Azərbaycan Xalq Cümhuriyyəti qurularkən Qərib
Məhəmmədkərim oğlu Şəki qəzasının
Vartaşen nahiyəsində İcraiyyə Komitəsinin sədri
idi. O, bu vəzifəyə 1917-ci ildə baş vermiş
fevral inqilabından sonra seçilmişdi.
Qərib yüzbaşı 1918-1920-ci illərdə Azərbaycan
Cümhuriyyəti Məclisi-məbusanının (parlamentinin)
üzvü, görkəmli ictimai xadim, parlamentin işində
müntəzəm və fəal çalışan
deputatlardan olub.
O, parlamentdə "Əhrar" partiyasını təmsil
etmişdir. Parlamanın 24 aprel 1919-cu il tarixli iclasının
stenoqramında yazılırdı: "İclasın sədri
Həsən bəy Ağayev bildirir ki, torpaq komissiyası 3 dəfə
yığışmadığına görə
buraxılır və onun yeni heyəti seçilməlidir. Həsən
bəyin təklifi ilə partiyalar bu komissiyaya öz namizədlərini
verirlər. Seçilmək üçün hər deputat 42 səsdən
ən azı 22-sini yığmalıydı. Keçirilmiş
gizli seçkinin nəticələrini Abbasqulu Kazımzadə
açıqlayır: 26 səs toplamış Qərib Kərimov
ən çox səs yığmış Məhəmməd
Əmin Rəsulzadə, Aslan bəy Qardaşov, Cavad bəy Məlikyeqanov,
Əliheydər Qarayev, Heybətqulu Məhəmmədbəyov
və b. ilə birgə torpaq komissiyasına üzv
seçilib. Bu seçkidə ən çox səs toplayan həmin
7 nəfər Məhəmməd Əmin Rəsulzadənin təklifi
ilə həm də fəhlə komissiyasına üzv olur. Beləliklə,
Qərib Məhəmmədkərim oğlu parlamentin iki
mühüm komissiyasına (torpaq və fəhlə
komissiyalarına) eyni zamanda üzv seçilib".
1918-ci ildə ermənilərin azərbaycanlıları
toplu şəkildə qətlə yetirdiyi vaxtda köməyə
gələn Türk ordusunun Oğuz bölgəsindəki
bölməsinə rəhbərlik edən Abdulla Paşa Qərib
yüzbaşının evində qalmışdı. Bu gün
də Padar kəndinin sakinlərinin dilində dolaşan bir rəvayətdə
deyilir ki, "Qərib yüzbaşıya Bakıdan parlamentdən
xəbər gəlir ki, türk əsgərlərini
qarşılayıb yerləşdirsin. Yüzbaşı
tapşırığa əməl edir, türk əsgərlərini
qarşılayıb onları özünün tikdirdiyi məsciddə
yerləşdirir. Hər birini yatacaqla, yeməklə təmin
edir. Əsgərlər Padarın və qonşu kəndlərin
əhalisini erməni quldurlarından qoruyurdular. Türk əsgərlərinə
göstərdiyi diqqət və qayğıya görə qəzəblənən
ermənilər Qərib yüzbaşını oğurlamaq
üçün tələ qurur və gecə onun
yaşadığı evə basqın edirlər. Əsgərlərlə
basqın edən ermənilər arasında qanlı savaş
olur. Hazırda kəndin "Erməni çökəyi"
adlanan yerində türk əsgərləri ermənilərin
hamısını məhv edirlər. Hadisə yerinə gələn
Qərib yüzbaşı əsgərlərə
tapşırır ki, ermənilərin üstünü
torpaqla örtüb dəfn etsinlər".
Hökumət sovetləşdikdən sonra o,
mülkünü və texnikasını könüllü
olaraq kolxoza təhvil verib. Amma kommunistlərin qanlı
ağalığı illərində Qərib Məhəmmədkərim
oğlu da başqa parlament üzvləri kimi təqib olunub və
incidilib. Ancaq onu həbs etməyi hətta "NKVD" cəlladları
da bacarmayıblar! Nəvəsi Almaz xanım danışır
ki, sovet çağında babamı tutmaq üçün
Padara adamlar göndərilib. Xəbər ildırım sürəti
ilə bölgəyə yayılıb. Vartaşenın
özündə və nahiyənin əksər kəndlərində
bunu eşidən yüzlərlə insan pay-piyada,
ayaqyalın-başıaçıq Padara yol alıb.
Özümüzünkülərlə - müsəlmanlarla
yanaşı, başqa millətlərin nümayəndələri,
xüsusən Vartaşen yəhudiləri də sinələrini
qabağa verərək onu silahlılardan qoruyublar. 18 kilometr
yolu piyada gəlmiş yəhudilər birağızdan deyiblər
ki, aclıq vaxtında bu kişi bizi qırılmaqdan
qurtarıb, indi də biz onu heç kəsin əlinə vermərik!
Nahiyədən gəlmiş bütün adamlar Qərib
yüzbaşının həyətinin ətrafına
canlı çəpər çəkib və
silahlıların içəri girməsinə imkan verməyiblər.
Xüsusən başqa millətlərin də bu
"müsavatçı", "istismarçı" və
"qolçomağı" belə qətiyyətlə
müdafiə etməsi bolşevikləri əməlli-başlı
çaşdırıb və onlar əliboş geri
qayıtmalı olublar.
Qərib yüzbaşı vur-tut 56 il yaşayıb,
1926-cı ildə vəfat etmişdir. Onun Padar kəndinin mərkəzindəki
kiçik qəbiristanlıqda olan və çay
daşından hazırlanmış başdaşında da oyma
üsulu ilə ərəbcə yazıb ki, o, 2 rəbiüs-sani
1345-cü ildə cümə günü (miladi tarixlə 9
oktyabr 1926-cı ildə) vəfat edib (AXC-nin 100 illiyi ərəfəsində
məzar abadlaşdırılmış və ziyarətçiləri
məlumatlandırmaq üçün lövhə qoyulub).
Vaxtilə Qərib Məhəmmədkərim oğlu
Şəkinin ən varlı adamlarından olan iki qardaşla:
Məşədi Cabbar və Məşədi Xəlil Həsən
oğlu Dadanovlarla çox yaxın dostluq edib.
Görünür, bu dostluğu əbədiləşdirməyə
çalışan oğlu Hümmət həkim
atasının vəfatından 2 il sonra - 1928-ci ildə Məşədi
Cabbar Dadanovun qızı Lətafət xanımla ailə qurub.
Qərib yüzbaşının oğlu Hümmət
Kərimovdan söz düşmüşkən bildirək ki,
o, Tiflisdə gimnaziyanı uğurla bitirərək yeni
açılmış Bakı Universitetinin tibb fakültəsinə
qəbul olmuş, adı 1925-ci ildə həmin fakültənin
ilk buraxılışının məzunları sırasında
olmuşdu. O, Şəki qəzasının ilk alitəhsilli həkimlərindən
olub. Təyinatla öz kəndlərinə - Padara həkim
göndərilmiş, atasının tikdirdiyi xəstəxanada
işləmişdir. Burada işlədiyi dövrdə Hümmət
həkim yenə atasının tikdirdiyi məscidi təmir
etdiyi üçün həbs olunaraq iki il Bayıl həbsxanasında
cəza çəkmişdir, məscid isə
yandırılmışdır. Sonralar Hümmət həkim
Göyçay və Qəbələdə həkim kimi fəaliyyətini
davam etdirmiş, 1946-cı ildə müalicə
üçün getdiyi Moskva şəhərində vəfat
etmişdir.
Qərib yüzbaşının və oğlu - Azərbaycanın
özünün yetişdirdiyi ilk alitəhsilli həkimlərindən
biri olan H.Kərimovun unudulmaz xatirəsi indi də qədirbilən
soydaşlarının yaddaşında yaşamaqdadır.
Yazımızı maraqlı bir hadisəni
xatırlatmaqla bitiririk. 2012-ci ildə İsveçrə
bankından Padar (Oğuz rayonu) kəndinə Qərib
yüzbaşının ora 100 il öncə pul (yaxud
qızıl) yatırdığı və faizlə birgə
hesabına küllü miqdarda pul
yığıldığı barədə məktub gəlmişdi.
Bu da onun müstəqil Azərbaycanın gələcək nəsillərinə
töhfəsi sayıla bilər.
İmran VERDİYEV
Əməkdar müəllim
525-ci qəzet .- 2025.- 8 iyul(№116).-S.15.