Onun həyat
düsturu
İlkin yazda güzarın meşə ətəklərinə
düşəndə baxışların bənzərsiz
duruşuyla diqqətini çəkən bənövşədən
üzülmür. Bu əsrarəngiz gözəlliyi gözlərinə,
gözlərindən könlünə köçürə-köçürə
pıçıldayırsan: Nə bir könül doyur, nə
göz əl çəkir. Əlin bənövşənin
titrəşən ləçəklərində gəzişir.
Bu ünsiyyət düşüncələrinin
sırasının sığalına dönür.
Yaxşı insanla, el-obasını sevən insanla, illərini
Vətən üçün yaşayan insanla ünsiyyət də
sənə belə könül xoşluğu verir.
Bu qış günü neçə on illərin əvvəli
ilə səsləşən xoş xatirələr mənə
bənövşə ləçəyinə toxunuş əvəzi
oldu. Təsadüfüydümü, zərurətiydimi, hər
nəyiydisə, bu xatirələr zəngilanlıların da,
Azərbaycan elminin də sevdiyi (və sevdirdiyi!) Atlıxan Xanməmmədova
ad olan xatirələriydi, eyni gündə, eyni saatda
doğulan, eyni ildə, ayda, bir gün fərqlə dünyadan
köçən iki əkiz alim qardaşdan birinə...
Atlıxan İsgəndər oğlu 1911-ci ildə Zəngilan
rayonunun Məlikli kəndində anadan olmuşdu. Əkiz
qardaşı Ziyadla birlikdə Zəngilan kənd məktəbində
təhsil aldıqdan sonra 1927-ci ildə Zaqatala kənd təsəərrüfatı
texnikumuna daxil oldular. 1931-ci ildə təhsillərini uğurla
başa vuraraq Zəngilana qayıtdılar, rayon torpaq
şöbəsində işlədilər. Ziyad həmin il Azərbaycan
Kənd Təsərrüfatı İnstituna daxil oldu. Ziyad kimi
ali təhsil almaq, elmi axtarışlar aparmaq üçün
Atlıxan üç illik əmək fəaliyətindən
sonra 1935-ci ildə Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun kimya-biologiya fakültəsinin daxil oldu.
Atlıxanın təbiətə vurğunluğu onu təbiəti
öyrənməyə istiqamətləndiribmiş. Bu sevginin
ödənci zəhmət olacaqdı, zəhməti nəticəyə
daşıyan maraq, istək, niyyət olacaqdı. "Təbiət
ən ustad müəllimdir..." - Atlıxan müəllim həmsöhbətlərinə
belə deyərmiş...
Ali təhsil aldıqdan sonra -1939-cu ildə doğma
rayonlarına qayıdaraq kimya-biologiya müəllimi işlədi.
Az müddətdən sonra onu məktəb direktoru təyin
etdilər; bacarıqlı müəllim kimi tanınan (və
sevilən!) Atlıxan İsgəndər oğlu həm də
tədris təşkilatçısı kimi tanındı (və
sevildi!). "Böyük dünyaya aparan yol sinif
otağından başlayır..." - Atlıxan müəllimin
deyimlərindəndir...
Tələbəlik illərindən elmi tədqiqatlara
marağı vardı. Azərbaycanımızın
faunasını öyrənmək istəyirdi, hamının
bildiklərini bilirdi, hamının bilmədiklərini də
bilməyə niyyətli idi. Bu niyyət Atlıxan İsgəndər
oğlunun düşüncələrinin
işığına dönmüşdü...
Yüksək mənəvi keyfiyyətlərə malik
olan, qarşılıqlı ünsiyyəti münasibət
düsturu bilən, kollektivin fəaliyyətində yaranan
irili-xırdalı hadisələrə ağsaqqal münasibəti
ilə fərqlənən, sözü eşidilən
Atlıxan Xanməmmədov istəyini gerçəkləşdirmək
üçün Bakıya döndü. Azərbaycan Elmlər
Akademiyasının Zoologiya İnstitutunda davam etdirdi fəaliyyətini.
Gördü ki, istəkdən niyyətə, niyyətdən
gerçəkliyə yetməyə bir qətiyyət bəs
edirmiş. O qətiyyətə Atlıxan Xanməmmədov
Zoologiya institutunda kiçik elmi işçi, baş elmi
işçi, onurğalılar şöbəsinin müdiri vəzifələrində
işləyib.
1954-cü ildə "Azərbaycanda toyuqkimilərin təsərrüfat
əhəmiyyətli əsas növlərinin yayılması və
ekologiyası" mövzusunda namizədlik dissertasiyası
müdafiə etdi, biologiya elmləri namizədi alimlik dərəcəsi
aldı.
Azərbaycanın faunasını (heyvanlar aləmini,
Azərbaycanda yaşayan, Azərbaycanın göylərində
qanad çalan quşların həyat tərzini,
anatomiyasını, təbiətlə ünsiyyətini)
öyrənirdi - məmləkətimizi bölgə-bölgə,
kənd-kənd, oymaq-oymaq, oylaq-oylaq gəzirdi. Bu, səyahət
deyildi, elmə sərf edilən aylar-illəriydi, aylardan-illərdən
aldıqlarını elmi axtarışlar biçimində elmə
verirdi. Belə alimlərə "Quşu uçuşundan
tanıyır" - deyirlər.
Atlıxan Xanməmmədov Azərbaycanda toyuqkimi
quşların növ tərkibini, biologiyasını tədqiq
edirdi. Təbii ki, belə tədqiqlər nəzəri biliklər
əsasında müşahidələrlə davam etdirilir. Səbr,
həvəs, məsuliyyət və sevgi - elmi fəaliyyətin,
həm də təcrübi elmi fəaliyyətin nəticələri
bu parametrlərlə müəyyənləşir. Atlıxan
Xanməmmədov mükəmməl elmi nəticələrə
görə Azərbaycanın müxtəlif zonalarına
ekspedisiyalara gedirdi. Həm də özünün elmi təxminlərini
gerçəkləşdirə biləcək zonalara. Gedirdi,
quşların təbiətdə davranışını (həm
də təbiətlə davranışını) izləyirdi,
çoxalma yollarını, sayını müəyyənləşdirirdi;
gediş-gümanlar, dönüş-elmi məqalələr
olurdu...
60-cı illərin sonlarında Atlıxan Xanməmmədov
Zoologiya İnstitutunun Həmkarlar Komitəsinin sədri idi.
İşgüzarlığının, gileyi gerçəklikdən
ayırd etmək bacarığının, çətinliyi
olanlara kömək etmək istəyinin,.. zəmanəti ilə
kollektivinin rəğbətiylə əhatələnmişdi.
Həmkarlar Təşkilatları
Konfederasiyasının plenumunda komitənin fəaliyyəti dəyərləndirilmiş,
sədr olaraq Atlıxan Xanməmmədova pul mükafatı
verilmişdi. Xarakteri etibarilə səxavətli, dost-yoldaş
mehr-ülfətli Atlıxan müəllim 7-8 nəfər əməkdaşla
"Dostluq" restoranına gedib. Məclisin bir məqamında
Atlıxan müəllim harasa çıxıb (bir azdan biləcəkdilər
ki, onu dostlarının əhatəsindən gələndə
gördüyü bir mənzərənin marağı çəkib-aparıb).
Gözləyiblər, gəlməyib. Çox gözləyiblər.
Narahat olublar. Kimsəyə hiss etdirmədən axtarıblar.
Atlıxan müəllimi binanın bir tərəfində yuva
qurmuş quşun hərəkətlərini diqqətlə izləyən
görüblər. Əlində kağız-qələm:
balalarını necə yemləyir, hər uçuşa nə
qədər vaxt gedir, dimdiyində nə gətirir,.. -
bunları müşahidə edirmiş; "Ovu bərəsində
vuran ovçu" istilahı var və bu istilah əksər
hallarda xarakter göstəricisi olur. Atlıxan müəllim həmin
gün "ovu bərəsində vurmuşdu". Həmkarlarına
məsləhət görürdü ki, materialları
müşahidə əsasında toplayın...
Sənəd (diplom) yiyəsi olmaq üçün təhsil
alanlar ictimaiyyətdən əvvəl özünü
aldadır. Mövlanə demiş, belələri nə
göründüyü kimi olur, nə də olduğu kimi
görünür. Belələrinin diplomu olsa da, bəsit
düşüncəli kimi tanınırlar, onların
dünyagörüşü məhdudluğuyla, hadisələrə
münasibətiylə, səbatsızlığıyla,
sürüşkənliyiylə seçilir. Atlıxan müəllimin
ali təhsilə münasibəti həmişə belə
olub. İllərini belə yaşayıb - təhsil, elm fədaisi
kimi. "Təhsil işıqdı, özünü
işıqdan məhrum eləmə" - bu kəlamı
Atlıxan müəllim də sevib. Sevib və sevdirib.
Özü ali təhsil alanda da, orta məktəbdə müəllim
işləyəndə də, elmlə məşğul olanda
da.
"Oxumaq, öyrənmək istəkdir, məqsəddir.
Bu məqsədin başlanğıcı kitablarla ünsiyyətdir.
Başlanğıcdan nəhayətə aparan yol ürəyindən
keçmirsə, ruhun yorulacaq, yorulan ruhun ömrünü
yoracaq. Unutmayın ki, yarı yolda yorulan ömür sonda
unudulur..." - Atlıxan müəllim tələbələrinə,
aspirantlarına, gənc iş yoldaşlarına belə
deyirdi. Elmə bu niyyətlə gələnlər
böyük uğurlar qazanırlar..." - demişdi,
qürurla bir-neçə aspirantının adını
çəkmişdi, onların böyük uğurlar
qazanacağını bildirmişdi...
Zəngilanı da sevirdi. Zəngilanın timsalında Azərbaycanı
da. Bu sevgidə bir aludəlik vardı, vurğunluq vardı. Bu
sevgi onun düşüncələrinin nizamı idi,
duyğularının işığı. Atlıxan müəllim
əkiz qardaşı Ziyadla dost idi. Müqayisəyəgəlməz
mehriban münasibətləri vardı. Tanıyanlar deyirdi ki,
Ziyada böyük qardaş ehtiramı vardı. Bu münasibət
milli mentalitet səviyyəsindəydi və görənlərin
əksəriyyəti bilmirdi ki, onlar arasında
böyüklük-kiçiklik fərqi cəmi... on dəqiqədir.
Bu qardaşların Zəngilana sevgisi də, Azərbaycana
sevgisi də bir-birinin bənzəri idi. Biri Azərbaycanın
faunasını öyrənirdi - Azərbaycanı öyrənirdi.
Biri florasını öyrənirdi - Azərbaycanı öyrənirdi.
Tanıyanlar Atlıxan İsgəndər oğlunu
gözəl insan, qayğıkeş yoldaş, sədaqətli
dost kimi xatırlayırlar. Onu da deyirlər ki, Atlıxan
müəllim lətifə danışmağı da sevərdi,
lətifə dinləməyi də. Bu anlamda güclü yumor
hissi olub Atlıxan müəllimin. Belə bir insanın elmdə
ciddi tələbkarlığı da bəyənilirdi; hamı
bilirdi ki, nə tələb olunursa, elmə görə tələb
olunur, bir də alimin nüfuzuna görə. Elmi işləri
dəqiqliklə, ardıcıllıqla, vaxtında yerinə
yetirmək - Atlıxan Xanməmmədovun elmi-tədqiqat aparma
düsturu həmişə belə olub.
Tarixdə tikilən qalır, yaradılan qalır.
Ancaq hər tikilən, hər yaradılan tarixə tarixi hesabat
olmur - yarandığı dövrdə xalqın mədəniyyətinin
nişanəsidirsə, xalqın mədəniyyətindən
nişanəsidirsə, təfəkkürün
yaratdığı xalqın düşüncələr
sisteminin zərrəsidirsə, yaşadılır.
Atlıxan Xanməmmədov institutda "Zoologiya
muzeyi" yaradılmasını zəruri sayırdı.
Bilirdi ki, respublikaların bəzilərində belə muzey
var. Zoologiya İnstitutunun rəhbərliyi Atlıxan müəllimin
təşəbbüsünü bəyəndi: Zoologiya
İnstitutunun nəzdində "Zoologiya muzeyi" yaratmaq. Rəhbərlik
bu məsuliyyətli işi Atlıxan müəllimə həvalə
edib. Düşüncələrdən fəaliyyətə, fəaliyyətdən
gerçəkliyə başlanğıcın özünə
də sevgi gərəkdi. Atlıxan müəllim muzeyi bu sevgi
ilə yaradırdı. Muzey eksponat deməkdir. Belə muzeylərin
eksponatını haradansa götürüb ekspozisiyada yerləşdirmək
mümkün deyil. O eksponatları yaratmalısan. Həm də
yaradacağın (yaradılacaq) eksponatın fiziologiyasına
mükəmməl bələd olmalısan. Muzeyin
eksponotları təkcə Azərbaycanın faunasının
tarixi deyildi, həm də Azərbaycan ərazilərinin həyat,
yaşayış nişanələri idi. Bu muzeyi zooloji-tarixi
muzey adlandıranlara haqq qazandırıram.
Atlıxan Xanməmmədov Azərbaycanın
rayonlarından müxtəlif növ sürünənlərin,
məməlilərin, suda-quruda yaşayanların, ...nümayəndələrinin
müqəvvalarının hazırlanması (Respublika Təbiəti
Mühafizə Komitəsinin icazəsi ilə) diqqət tələb
edirdi, məsuliyyət də, təfəkkür də.
Atlıxan müəllim 1971-ci ildə zoologiya muzeyini yarada
bilmişdi. Sonra bu muzeyin müdiri vəzifəsində işləmişdi
(1971-1986).
Atlıxan Xanməmmədov Azərbaycanda
qırqovulların sayını artırmaq üçün Bərdə
rayonunda xususi baza
yaratmış, bu təbiət gözəllərinin
yetişdirilib respublikamızın müxtəlif meşə və
guşələrinə buraxılması yolunda diqqətəlayiq
işlər görmüşdür. Sevindirici haldır ki, tanınmış
alim olan həmyerlimizi Azərbaycanın ilk ornitoloqu hesab edirdilər.
Həyatının son illərində Atlıxan Xanməmmədov
respublika kimya-biologiya təmayüllü məktəbdə
biologiya müəllimi işləmişdi. Burada müasir tipli
biologiya muzeyinin yaradılmasına da nail olmuşdu.
Mütəxəssislər Atlıxan Xanməmmədovun
"Azərbaycan toyuqkimiləri" əsərini analoqu
olmayan dəyərli monoqrafiya adlandırır.
"Azərbaycanın şimal-şərq bölgəsinin
ornitofaunası" kitabının, "Azərbaycan
faunası" elmi monoqrafiyasının həmmüəlliflərindən
biri, "Naxçıvanın ornitofaunası", "Azərbaycanın
ov quşları", "Azərbaycan quşları və
onların təsərrüfat əhəmiyyəti" kimi
kitabların müəllifidir. "Azərbaycanın toyuqkimiləri"
monoqrafiyasını Moskva Dövlət Universitetinin,
Sankt-Peterburq Zoologiya İnstitutunun zooloq-alimləri yüksək
dəyərləndirirdi.
Atlıxan müəllim elmə auditoriyadan gəlməmişdi,
ictimaiyyətin nəfəsiylə süslənmiş xarakteri
ilə həyatdan gəlmişdi. Bu gəliş təbii ki,
dönməzliyin başlanğıcı olacaqdı.
Atlıxan müəllimin elmi təcrübəsini, təcrübəsi
isə elmini zənginləşdirmişdir. Bu
qarşılıqlı vəhdət həm elm, həm də
təcrübə sahəsində daha çox fayda
vermişdir. Bu, elmə həyatdan gəlməyin bəhrəsidir.
Apardığı elmi-tədqiqat işlərinin səmərəliyinə
görə dəfələrlə Elmlər
Akademiyasının Rəyasət Heyətinin təşəkkürlərinə,
Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanlarına,
"Əməkdə fərqlənməyə görə"
medalına layiq görülüb...
Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet .- 2025.- 8 iyul(№116).-S.14.