Yaddan
çıxmayan insan...
Yenə yazmaya bilmədim. Yenə xatirə rəfimdəki
günlərin seyrangahına çıxdım. Qəlbimdə
ömürluk özünə yurd salan günləri,
insanları, illəri xatırladım. Tələbəlik illərini...
Məni məndən alan illər. Ömrümün
qızıl fəsli, göylərin yeddinci qatında
uçduğum, arzularımın arxasınca yorulmadan getdiyim
illər. "Alçaq dağları" yaratmağa
hazır olduğum, güc duyduğum zamanlar. Yada düşəndə
içimin göynədiyi, sızladığı günlər.
Həyatımın bahar fəsli. Güllü-çiçəkli
anlarım...
Hamı onun zəhmindən çəkinirdi.
Qaşlarının ortası həmişə
düyünlü olardı. İti baxışları
vardı. Yuxarı kurslar da bizə ehtiyatlı olun, deyirdilər,
Qulu müəllimdən qiymət almaq asan deyil. Onun dərsini
yaxşı hazırlayın, dərsinə gecikməyin.
Çox tələbkardır.
Sən demə, onun o qədər gözəl ürəyi,
o qədər geniş qəlbi varmış ki...
Üzü dönsün ayrılığın... Nə
yamandır ayrılıq, nə çətindir, nə məşəqqətlidir
yurd həsrəti, vətən həsrəti... Bunu hamıdan
çox bəlkə də mən bilirəm. İllərcə
ürəyimdə yara açan, qəlbimi yandırıb-yaxan
o ayrılıq... Gözüm baxa-baxa, əl uzatsam çatan
bir yerdən insanların məcburi köçürülməsinin
tarixini dəfələrcə, bəlkə də hər
gün vərəqləmişəm. Dəfələrlə
göz yaşıyla danışdıqlarının şahidi
olmuşam. Ürəyimə yazmışam
ömürlük... O insanların ürək sözlərin
dinləmişəm. Dəfələrlə onlarla birgə
ağlamışam. Yas tutmuşam o torpaqlar üçün.
Uşaqlığımın, gəncliyimin keçdiyi o yurd
üçün. Cənnət Qarabağım
üçün. Üzüm gülməyib, könlüm
açılmayıb... Valideynlərimin,
doğmalarımın, yaxınlarımın nələr
çəkdiyini mən də yaşamışam onlarla bərabər.
Qarabağımın dərdindən, şəhidlərindən,
qəhrəmanlarından, qələbəsindən, məcburi
köçkünlərindən düz beş roman
yazmışam. Hələ də ürəyim soyumur, hələ
də sakitləşə bilmirəm. Hələ də
gözüm-könlüm doymur...
Yazıçı Qulu Xəlilov da yurdundan məcburi,
zorla köçrülənlərdəndi. Ürəyi yurd həsrətiylə
yananlardandı. Bəlkə buna görə heç zaman
qaşlarının arasındakı o düyün
açılmadı, ürəkdən sevinmədi,
yaşadığı illərdə həsrət onu
yandırıb-yaxdı. Onu dinc buraxmadı yaman ayrılıq.
Xəstəliklərə düçar etdi. Bəyan etməsə
də, ürəyi sızıldadı. O ayrılıq, o dərd
qaşlarının arasında düyünləndi
ömürlük. İçindəki dərdin, həsrətin
düyünü oldu...
Mən bunu sonralar bildim. Həmişə də ona
baxanda təəssüf edirdim. Soruşmaq, dərdinə şərik
olmaq keçirdi içimdən. Ancaq utanırdım, çəkinirdim.
Bir də dərdinin təzələnməsindən qorxurdum.
Professor Qulu Xəlilovu elə ilk gün kəşf
etdim. İlk auditoriyaya girəndən. Mühazirəsini bitirən
kimi kimin mövzu barəsində hazırlaşmaq istədiyini
soruşdu. Heç kim başını qaldırmadı.
Başımı qaldıran kimi gülümsədi, iti
baxışlarıyla mənə baxdı:
- Deməli, bu qədər cəsarətlisən...
Seminara sən hazırlaşacaqsan.
Dillənmədim, sözünü demişdi professor.
Geri yol yox idi. Yarı qərarlı, yarı qərarsız
razılaşdım. Yanımda oturan rəfiqəm məni
danladı. Özünü oda atdın, dedi. Gərək
başını qaldırıb ona baxaydın?
Olsun, dedim, bununla bir gün qarşılaşmaq, necə
müəllim olduğunu bilməyimiz lazım idi. Bu fənni
öyrənməliyik. Əgər söz Azərbaycanın
jurnalistikasının, mətbuatının tarixindən gedirsə.
Çəkinsəm də, hazırlaşdım və seminarda mözunu
danışdım. Heç nə demədi. Heç
müdaxilə etmədi, sual da vermədi danışıb
qutarana qədər. Dərsin sonuna qədər ürəyimi
yedim, fikirləşdim ki, yəqin bəyənməyib, ona
görə də dillənmədi, elə tələbə
yoldaşlarım da maraqla gözləyirdi onun münasibətini...
Sadəcə dərs bitəndə dilləndi:
- Yoldaşınızın da
çıxışını bəyəndim, deməli, bizə
tərəf çömçə tutanlardandır...
Elə bil üstümdən ağır yük
götürüldü. Və bildim ki, Qulu Xəlilov gözəl
insandır, sadəcə tələbkar müəllimdir. Bunu
da tələbələrinin yaxşı təhsil alması
üçün edirdi.
Dərsinə gecikməyi, gəlməməyi heç
sevməzdi.
Qulu Xəlilov 1930-cu ildə indiki Sisyan rayonunun
Qızılcıq kəndində anadan olub. 1948-ci ildə ailəsi
məcburi şəkildə Ağcabədi rayonun Poladlı kəndinə
köçürülüb. 1949-cu ildə daxil olduğu Azərbaycan
Dövlət Universitetinin jurnalistika fakültəsini
1954-cü ildə fərqlənmə ilə bitirib. Tələbə
ikən Tələbə Elmi Cəmiyyətinin sədri,
komsomol bürosunun üzvü, divar qəzetinin redaktoru olub.
1954-1955-ci illərdə "Ədəbiyyat və incəsənət"
qəzeti redaksiyasında tənqid şöbəsinin
müdiri işləyib. 1956-1959-cu illərdə Azərbaycan
Pedaqoji Universitetində aspiranturada təhsil alıb. 1959-cu ildə
vaxtından 6 ay əvvəl "Vaqif" pyesi və tarixi dram
janrı" mövzusunda namizədlik, 1968-ci ildə isə
"Azərbaycan romanının inkişafı tarixi"
mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək
filologiya elmləri doktoru elmi adını alıb. 1967-1970-ci
illərdə AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutunda baş elmi işçi, Azərbaycan Dövlət
Universitetinin jurnalistika fakültəsində Azərbaycan mətbuatı
tarixi kafedrasında müəllim, sonra kafedranın professoru
(1967) olub, filologiya fakültəsində dekan (1977-1978) işləyib,
sonra isə ömrünün sonunadək ADU-nun jurnalistika
fakültəsinin "Mətbuat tarixi və ideoloji iş
metodu" kafedrasının professoru (1968-1995) kimi
çalışıb.
Zəhmətkeş, dözümlü, məğrur,
mübariz insan idi Qulu müəllim. Ona baxanda üzündəki
cizgilərdə sətirlənmişdi bunlar. Zatən
soruşmağa gərək yox idi. Həmişə gələcəyə
inamla, məğrurcasına baxırdı. Yəni nə xəstəlikdən,
nə düşməndən, nə də ölümdən
qorxurdu. Doqquz dəfə əməliyyat olsa da, təslim olmamışdı
xəstəliyə. Bəzən insan xəstə olanda ikinci dəfə
həkim yanına getmək istəmir.
Ayaqdaydı, işini davam etdirirdi. Məcburən Vətənindən
ayrı düşsə də, yaşamağa daha canı
könüldən yapışdığı kimi. Düşmənlərinə
də, xəstəliyə də mən təslim olmayacam deyirdi.
Baxın, hələ də ayaqdayam, hələ də
gözünüzün içinə məğrurcasına
baxıram, deyirdi...
Həyatını ən çox "Yaşamaq istəyirəm"
sənədli romanında anladıb. Yaşamağa
inamını, xəstəliklərlə mübarizəsini,
heç nədən qorxmadığını o qədər təsirli
ifadə edib ki. Psixoloji sujetlərlə dolu bir əsərdir.
Mən bu romanı Dostoyevskinin əsərləriyə
müqayisə edirəm həmişə. Əsər
başdan-ayağa insanı mübarizəyə
çağırır, təslim olmamağı tövsiyə
edir.
Hardandı o insanda bu qədər güc? Bilmirəm, tək
onu deyə bilərəm ki, çətinliklər,
keçdiyi həyat yolu, yurd həsrəti onu mətinləşdirmişdi,
güclü, qorxmaz etmişdi.
Süleyman Rəhimov onu tənqidimizin "Koroğlu
toppuzu", Xalq şairi Bəxtiyar Vahabzadə "Babək
qılıncı" adlandırmışdı. Ümumilikdə
15 elmi-tənqidi-publisistik, 10 bədii kitabın və 1000-dən
çox elmi-publistik məqalələrin müəllifi idi.
Çox mərd insan idi Qulu müəllim.
Yaxşı yadımdadır, bizimlə oxuyan oğlanlardan biri
gecələr işləyirdi. Buna görə bəzən dərsi
hazırlamağa az vaxtı qalırdı. Qulu Xəlilovun da zəif
oxuyanlarla heç arası olmazdı. Mütləq cavab verməliydi
kimliyindən və kiminsə övladı və qohumu
olduğundan asılı olmayaraq. Oğlanı danladı bir
gün. O da susurdu. Səbəbini demək istəmirdi.
Uşaqlardan biri bunun səbəbini anladanda gülümsədi.
Sanki yumşaldı, öz gəncliyini xatırladı və
dedi:
- A bala, nolar işləyəndə. Ayıb deyil ki,
kişi işləyər də. Bundan utanmaq lazım deyil, fəxr
etmək lazımdır. Otur görüm.
Və həmin tələbə yoldaşımıza
imtahanda da yüksək qiymət yazmışdı təqaüdə
düşsün deyə.
Onu hörmətlə xatırlayan professor, BDU-nun
Jurnalistika fakültəsinin uzun müddət dekanı
olmuş Akif Rüstəmov deyir: "Rəhmətlik Qulu
müəllim çox haylı-küylü insan idi. Mühazirələri
maraqlı olurdu, özü də gur səslə
danışırdı. Mən onun əsəbləşdiyini
görməmişəm. Tələbələrə
münasibəti ata-oğul münasibəti idi. Bir neçə
dəfə evlərinə tələbə göndərəsi
oldum. Mənə deyirdi bizə göndərdiyin tələbə
rayon uşağı olsun. Deyirdim nə fərqi var? Onu belə
əsaslandırırdı ki, mən onlara ev yeməyi verməsəm,
yola salmıram.
Bir gün mənə dedi ki, get rektora de, Əməkdar
elm xadimi adını almaq üçün mənim
haqqımda Prezidentə təqdimat
yazsın. Sözünü yerə salmadım, getdim. Rektor dedi
ki, yuxarıların razılığı olmalıdır.
Yarı ciddi, yarı zarafat mənə dedi sən fakültənin
blankında yaz ver mənə, özüm bilərəm.
Yazdım, imzaladım, dedim xeyirli olsun. Düzü,
inanmırdım mənim imzama baxan ola. Aradan 3-4 gün
keçmiş Qulu müəllim mənə zəng elədi,
dedi ki, imzanın qədrini bil, arzuma çatdım.
Görünür, kimsənin köməyi olub.
Allah rəhmət eləsin!"
Səni həmişə belə xatırlayıram, mərd
insan, cəsarətli, mübariz, qürurlu müəllim,
qorxmaz, bütün çətinliklərin gözünə
dik baxan adam. Sadə insan. Fəxri xiyabanda deyil, atasına məzar
qonşusu olmağı seçən professor...
Vətən dərdiylə, torpaq həsrətini
özüylə məzara aparan Qulu Xəlilov, Allah sənə
rəhmət eləsin. Məzarınız nurla dolsun. Rahat
yatın əbədi məkanınızda, bilin ki, sizi hörmətlə,
sayğıyla anırıq...
Ulduz QASIM
Yazıçı-publisist, Moskva
525-ci qəzet .- 2025.- 8 iyul(№116).-S.13.