Ağların qaraldığı yer

 

 

Atlantik okeanı darıxdırıcı, Amerika qitəsi maraqsız, siyasət Fidelsiz, iqtisadiyyat acı olardı Kuba olmasaydı...

Kolumbun qılıncının kütləşdiyi, gülləsinin tükəndiyi yerdir Kuba...

Amerikanın söyüldüyü, Çenin öyüldüyü, Lorkanın döyüldüyü, Heminqueyin sevildiyi Kuba...

Tanrının insana bəxş etdiyi, insanın isə Tanrıya hörmət əlaməti olaraq qoruyub saxlaya bildiyi çox az yerlərdən biridir Kuba... Baş gicəlləndirici ecazkar gözəlliyi var. Hətta paxıllıqdan Bakının adlarından birinin Badi-Kubə olduğunu da yadıma salıram. Zorla da olsa, eynilik tapmaq həvəsindəyəm. Açığı, çox axtarmağa ehtiyac yoxdur. Orada da bizim kimi qonağa çox hörmət edirlər və onlar da bizim kimi sonradan bu çoxun ağrısını çəkirlər. Amma şükür, müasir Kuba ayılıb, indi öz qəhvəsini özü içir.

Kubalılar 1 qram şəkər çuğunduru, 2 qram romu, 3 qram tütününü də heç kimə havayı verməzlər. Amma ürəklərini verərlər. Elə bil ürəklərini vermək üçün yaranıblar kubalılar. Adanın türmə olduğu vaxtlarda buraya gətirilən günahkarların vətənlərinə qayıtmaq, ailələrinə qovuşmaq üçün gecə-gündüz etdikləri dualardır bəlkə bunun səbəbi?! Kiçik bir torpaq sahəsinə bu qədər dua oxunubsa, buradakı insanların mərhəmətinin böyüklüyünü ölçmək mümkündürmü? Kubadan danışanda yadıma ilk düşən son gördüyüm mənzərədir: hava limanına gedərkən Havananın ən axırıncı kvartalında 3-4 gənc qızın bizə əl eləməsi, səmimi və məsum baxışları...

Qəribədir, bütün dünya Kubaya getmək istəyir, kubalılar isə dünyanın harasına olursa-olsun.

Havanada axırıncı kvartallar çoxdur. Çünki şəhər vaxtı ilə sahilboyu ensiz bir zonada salınıb. Çox gözəldir Havana. Yoxsul kvartalların bu qədər təmiz saxlanılmasına heç Avropanın Parisində də rast gələ bilməzsən. Kubalılar əcnəbilərə demək olar hər şeyi satırlar. Təbii, bir neçə şey var idi ki, onları heç təklif də etmirdilər. Ağlınıza başqa şey gəlməsin. Siqar, rom, qara koraldan söhbət gedir. Onları elə turistlər özləri böyük həvəslə alırlar. Kubaya bir neçə saatlıq gələn adam da bu üçündən birini alır. Vaxtım çox olduğundan üçündən də almışdım.

Gördüyüm şəhərlər arasında bu qədər böyük (bizim təbirimizcə desək) İçərişəhər görməmişdim. Havana başdan-ayağa İçərişəhərdir. Təzə şəhərləri yoxdur kubalıların. Bütün binalar 100 illik tikililərdir. Bu binaların birindəki mənzildə  qonaq qismində oldum. Nələri var düzürlər masanın üstünə. "Kimsən, hardan gəlmisən" soruşmazlar. Deyəsən, heç adımı da soruşmadılar. Kasıb elə kubalı olar!

Nə isə, oturdum Presli tərzində rəqs edən kətilə, Nyuton yadıma düşdü. Yıxılmadım. Bu boyda səmimiliyin qarşısında Preslini də, Nyutonu da unudursan. Elə də çox oturmağa qoymurlar. Salsa əla rəqsdir. Mən də dominodan başqa heç nə oynaya bilmədiyimə görə, çətinliklə girdim ritmə. Hamıya salsada ritmə düşməyi arzulayıram. Salsanın ritmi naşı adam üçün fantastikadır. Bir neçə taktdan sonra başlayırsan özünün istedadlı olduğuna inanmağa.

Bu rəqsdə sənin necə oynamağının heç bir əhəmiyyəti yoxdur. Tərəf-müqabilin hər şeyi özü edir.

Elə bil heç kim işləmir. Hamı səhərədək şənlənmək istəyir. Vaxt isə azdır, gərək Tropikanaya çatam. Möhtəşəm rəqs tamaşalarına dünyanın çox yerindən gəliblər. Şou-balet başlayır. Sakit publika bir neçə dəqiqədən sonra rəqqaslardan da çox hərəkət edir. Rəqqasələr də elə ürəkdən, elə həvəslə, elə fədakarlıqla oynayırdılar ki, sanki bu tempdəcə əsrarəngiz Marikon bulvarından qaçıb 20-25 metrlik qayalardan məşhur əlvida mahnısının sədaları altında, özlərini Atlantik okeanının ev boyda dalğalarının üstünə atacaqlar. Burada sanki zaman xarab olur. Gah qabağa gedir, gah da ki, dala. Ayaqlarını yerdən üzüb hoppanır, qışqırır, oxuyur, şənlənir hamı. Varlısı, kasıbı, ağı, qarası, böyüyü, kiçiyi, qadını, kişisi... Hamı bizim Azadlıq Meydanından kiçik bir yerdə xoşbəxtdir. Yaza-yaza özümü itirmişəm, bilmirəm haradayam.

Kubanı dünyada məşhur edən bir də Varadero turist mərkəzidir. Bura dünyanın hər yerindən gəlirlər. Buralar heç Kubaya bənzəmir, sanki Mayamidəsən. Hər çeşiddə içkilər, məzələr, çox baxımlı, maraqlı animasiya proqramları, rahat otaqlı otellər, istirahət üçün nə lazımdırsa hər şey. Varaderoya giriş üçün xüsusi buraxılışın olmalıdır. Burada yerli əhali dincəlmir. Çox bahalıdır onlar üçün. Kubalıların orta aylıq əmək haqqı 20-25 dollardır. Bu pula bir ay yaşayarlar? Bununla belə, ölkədə çox az səfil görərsiniz. Kubalılar çox qürurlu xalqdır. Müasir kubalı özünü kubalı kimi hiss edir, Vətənini sevir. Hər yerdən təcrid olunmalarına baxmayaraq, çox savadlı və dünyagörüşünə malik insanlardır. Fidel və onun qurduğu rejim barədə istədikləri fikri söyləyirlər. Kastro kubalıların qəlbindədir. Rejim ölkəsi olmasına baxmayaraq, Fidelin portretlərinə və heykəllərinə çox az rast gələ bilərsiniz. Əvəzində hər yerdə Çe Gevaranın şəklinə, onun taxdığı beretə rast gəlmək olar. Mən də Çenin beşguşəli ulduzlu qara beretindən aldım. Bu beret hamıya yaraşır. Yəqin hamının içində yaşayan azadlıq hissidir bunun səbəbi...

Okeanın kənarında oturub nəhəng dalğaların pəncəsindən qurtarmaq istəyən qum dənəciklərinin mücadiləsinə tamaşa edirəm. Qos-qocaman dalğaların sonda zərif sahilin qarşısında diz çökmələrinin şahidi oluram və Kubanın uzun müddət azad qalacağına inamım artır.

Havanada bir kafe var. Kubaya gələn hər kəs orada bir fincan qəhvə içmək arzusundadır. Nə vaxtsa Heminquey boş vaxtlarını keçirərmiş bu kafedə. Doğrudan da bir Heminquey havası var burada. Kafe köhnə şəhərin içəri şəhərinin ən mərkəzi küçəsində yerləşir. Divarda yazıçının şəkli, təbii ki, məşhur qəlyanı ilə... Kubada məşhur adamın siqarsız şəklinə az-az rast gələrsən. Hər yerdə siqar kultu hiss edirsən. Ən məşhur siqarlardan birinin adı "Romeo və Cülyetta"dır. Nə əlaqəsi var siqarın eşqlə, məhəbbətlə? Hətta məşhur Qohiba siqar mağazasının sahibi, 65 yaşlı Marselo da izah edə bilmədi. Əvəzində mənə Havanada keçirilən dünyada yeganə siqar festivalından danışdı. Kubalı qadınların tütün bükərkən oxuduqları mahnını zümzümə etdi mənə və fürsətdən istifadə edib Kastronun siyasətinə münasibət bildirdi. Kubalılar üçün Fidel Kastro doğmadır. Söysələr də, onu çox sevirlər. Varlının oğlu olub, kasıbların müdafiəsinə qalxıb, mübarizə aparan adamlar doğma olublar tarixən. Kastro Kubadan Vətən, kubalıdan Vətəndaş yaratdı. Təbii ki, neqativ proseslərdən də yan keçməyib 50 illik Kastro siyasəti, nə etmək olar? Bu yol elə də asan olmayıb axı. Kastro əslən Santyaqo de-Kuba şəhərindəndir. Kubanın ikinci, dünyanın isə birinci ən böyük məhəbbət şəhəri Santyaqo de-Kuba. Bu şəhərdə bir neçə gün qalandan sonra bütün məhəbbət əfsanələrinin qəhrəmanlarının elə bu yerlərdən olduğunu düşünürsən. İnsanın mənəvi dünyasının nə qədər dərin olduğunu anlayırsan. Bir şeir yazmışdım - "Bütün sevgilərin sonu kədərdir..." Bu kasıb, dünya sivilizasiyasından uzaq şəhərdə, qaradərili, yaşılgözlü qızın həsrət dolu baxışlarına rast gələndən sonra, indiyədək sevgi barədə yazan şairlərin hamısına inamım azalır, öz yazdığımı isə unuduram. "Məhəbbət bir bəladır, yoxdur onun dərmanı" əvəzinə "Məhəbbət bir dərmandır, sağaldar hər bəlanı" yazılsaydı, yaxşı olmazdımı deyə düşünürəm,  Santyaqo de-Kubanın dar küçələrinin birində, eyvandan asılmış paltarların altındakı qəhvəxananın həyətində "Havana Club" içə-içə.

Havana daha çox ticarət şəhəridir. Santyaqo de-Kuba isə hisslər şəhəri. Havanada aldığım qara koralı da Santyaqo de-Kubada bağışladım. Ən axırıncı pulumu da bu şəhərdə xərcləyib getmək istəyirdim. İnsanların səmimiliyi, məni bu sözə qoyulan abidənin, Nerudanın şeirlərində, Borxesin hekayələrində yox, kubalıların qəlbində olduğuna inandırdı.

Bu yazını yazarkən xəyalən bir neçə dəfə o yerlərdə oldum. Deyəsən, heç nə dəyişməyib. Dostlarımdan biri Kubaya gedəcəyini söylədi. Fikir məni götürüb. Hərdən öz-özümə fikirləşirəm, Kubanı görməsəydim, həyata münasibətim necə olardı? Nə dəyişərdi? Bu sualın cavabı Kubadan sonrakı həyatımın qalan hissəsinin axırında olacaq. Sağlıq olsun! Ən azı yaşadığımızdan daha çox yaşamaq üçün Kubanı görməyə dəyər...

 

Barat ƏLİOĞLU

525-ci qəzet .- 2025.- 8 iyul(№116).-S.8.