Azərbaycanın gələcəyinə
əsaslı sərmayə: xaricdə təhsil üzrə
Dövlət Proqramı
Son illərdə ölkədə gənclərin
xaricdə təhsil alması dövlət siyasətində
prioritetlərdən birinə çevrilib. "Gənclərin
xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022-2028-ci illər üçün
Dövlət Proqramı"nın əsas məqsədi gənclərə
xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsilalma imkanları yaratmaqla, onların Azərbaycan
Respublikasının gələcək inkişafını təmin
edəcək və qlobal çağırışlara cavab
verəcək müasir texnologiyaları çevik mənimsəyən,
praktiki bilik və bacarıqlara yiyələnən, müasir və
gələcək əmək bazarının tələblərinə
cavab verən rəqabətqabiliyyətli, yüksəkixtisaslı
peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.
"Gənclərin xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsil
almalarına dair 2022-2028-ci illər üçün Dövlət
Proqramı" çərçivəsində Böyük
Britaniyanın Bristol Universitetində ali təhsilini uğurla
başa vurmuş Nigar Fətəlova orta və bakalavr təhsilini
Azərbaycanda, magistr təhsilini isə Böyük Britaniyada
bitirib: "2018-ci ildə "Zəkalar" liseyini fərqlənmə
ilə başa vuraraq məzunu olmuşam. Məktəb təhsilindən
sonra 600-dən yüksək bal toplayaraq Azərbaycan Dillər
Universitetinə qəbul olunmuşam. Universitetdə daxili
imtahan verərək Böyük Britaniyanın Essex Universiteti
ilə birgə həyata keçirilən ikili diplom
proqramında, Essex qrupunda təhsil almağa başladım.
Daha sonra SABAH qruplarının seçim mərhələlərindən
uğurla keçərək bu proqramda təhsilimi davam etdirdim
və bakalavr səviyyəsini yüksək ortalama və fərqlənmə
diplomu ilə tamamladım. Bakalavr dövründə müxtəlif
yerli və beynəlxalq layihələrdə iştirak
etmişəm. "Erasmus+" proqramı çərçivəsində
beynəlxalq təlim kurslarında iştirak etmiş,
ATGTİ, AIESEC, UEFA, "Formula 1" və digər yerli və
beynəlxalq platformalarda aktiv fəaliyyət göstərmişəm.
Bu fəaliyyətlər mənə qlobal düşüncə,
komanda işi və liderlik bacarıqları qazandırmaqla yanaşı,
fərqli mədəniyyətlərlə işləmək və
sosial təsir yaratmaq imkanları da təqdim edib.
"2023-cü ildə "2022-2028 Dövlət
Proqramı" çərçivəsində tam təqaüd
qazanaraq Böyük Britaniyanın aparıcı ali təhsil
müəssisələrindən biri olan Bristol Universitetində
"Neuroscience and Education" ixtisası üzrə magistr təhsili
almaq imkanı qazandım. Bu yaxınlarda təhsilimi uğurla
tamamlayaraq ölkəyə qayıtmışam və
qazandığım bilikləri həm təhsil sahəsində,
həm də müxtəlif sosial və akademik təşəbbüslərdə
tətbiq etməyi qarşıma məqsəd qoymuşam".
Onun sözlərinə görə, gənclərin
xaricdə təhsil almağa can atması olduqca müsbət
bir haldır. Bu, həm onların fərdi inkişafına, həm
də ölkəmizin elmi və peşəkar
potensialının artmasına mühüm təsir göstərir.
Xaricdə təhsil təkcə akademik bilik qazanmaq deyil, həm
də fərqli mədəniyyətlərlə tanış
olmaq, dünyagörüşünü genişləndirmək
və beynəlxalq şəbəkələr qurmaq imkanı
yaradır. Gənclərin bu istiqamətdə fəallığı
onların dəyişən dünyaya adaptasiya ola bilmə
qabiliyyətini və inkişaf istəklərini göstərir.
"2022-2028 Dövlət Proqramı" isə bu arzuları
gerçəyə çevirmək üçün çox
ciddi bir dayaqdır: "Bu proqram mənim üçün də
həyatımda dönüş nöqtəsi oldu. Proqram sayəsində
dünyanın ən nüfuzlu universitetlərindən birində
tam təqaüdlə təhsil almaq imkanım oldu. Bu təhsil
təkcə bilik qazandırmadı, həm də özümə
və ölkəmdə yaradacağım təsirə olan
inamımı gücləndirdi. Dövlət Proqramı
çərçivəsində həm akademik mühitə
daxil oldum, həm də beynəlxalq səviyyədə
tanınan mütəxəssislərlə əməkdaşlıq
etmə, onların dərslərini yaxından izləmə və
tədqiqatlarda iştirak etmək şansı qazandım. Bu təcrübə
mənə göstərdi ki, ölkəmizdə istedadlı və
məqsədli gənclərə həqiqətən də dəyər
verilir və onların inkişafı üçün real
addımlar atılır. Mən də bu etimadı
doğrultmağa və qazandığım bilikləri ölkə
təhsilinin inkişafına yönəltməyə
çalışıram".
O qeyd edib ki, xaricdə təhsil onun üçün hələ
uşaq yaşlarımdan maraq doğurmağa başlayıb:
"İbtidai sinifdə oxuduğum dövrdə müəllim
olan qonşumuz məktəbdəki uğurlarımı görərək
valideynimə "Dünyanın ən yaxşı TOP 100
universiteti" adlı bir kitab vermişdi və demişdi ki,
"Nigar yaxşı oxuyur, ola bilər ki, gələcəkdə
bu universitetlərdən birində təhsil alsın". Anam
da həmin kitabı mənə verdi və oxumağımı
tövsiyə etdi. Bu kitab mənim üçün yeni bir pəncərə
açdı. O yaşda xaricdə təhsil, top universitetlər
haqqında anlayışım çox məhdud idi və
xaricdə təhsil çox uzaq və bir qədər əlçatmaz
görünürdü. Düşünməzdim ki, bir gün
o universitetlərin birindən məzun ola bilərəm. Amma
kitabın vərəqlərinə baxıb xəyallar qurmaq mənə
inanılmaz xoş gəlirdi. Hər səhifədə yeni bir
ölkə, fərqli bir kampus, başqa bir mədəniyyət
vardı, sanki mən artıq oradaydım. Həmin xəyallar
zamanla konkret məqsədə çevrildi, sonra isə bu məqsəd
üçün ardıcıl çalışmaqla
reallığa. Vaxt keçdikcə fərqli təhsil modellərini
tanımaq, daha dərin elmi yanaşmalar öyrənmək istəyi
məndə daha da gücləndi. Xaricdə təhsil mənim
üçün təkcə diplom almaq yox, həm də
öz potensialımı daha yaxşı anlamaq, fərqli
yanaşmaları kəşf etmək və cəmiyyətimiz
üçün daha faydalı olmaq baxımından
böyük bir fürsət idi. Xaricdə təhsil
üçün müraciət etdiyim dövrdə bir
neçə yüksək reytinqli universitetdən qəbul
almışdım. Lakin seçimim heç də təsadüfi
deyildi. Bristol Universitetini seçməyim bir neçə
mühüm səbəblə bağlı idi. İlk növbədə,
mənim üçün maraqlı olan "Neuroscience and
Education" sahəsi bu universitetdə kifayət qədər
güclü inkişaf edib və bu sahədə
çalışan aparıcı tədqiqatçılardan bəziləri
məhz Bristolda dərs deyirlər. Araşdırmalarım
zamanı onların elmi işləri ilə tanış oldum və
bu, məndə həmin sahədə "işin əsl
mütəxəssislərindən" öyrənmək istəyini
daha da gücləndirdi. Universitetin təqdim etdiyi imkanlar da
seçimimdə mühüm rol oynadı. Proqram təkcə
nəzəri biliklər deyil, həm də praktiki bacarıqlar
qazandıran dərslərlə zəngin idi. Kurs boyu real təhsil
mühitlərində tətbiq olunan neyroelmi bilikləri
öyrənmək imkanı yarandı və bu, mənim
üçün çox dəyərli bir təcrübə
oldu. Digər tərəfdən, Bristol şəhərinin
özü də qərarımda mühüm rol oynadı. Bura
İngiltərənin ən inkişaf etmiş sənaye və
elm şəhərlərindən biridir. Həm yerli, həm də
beynəlxalq tələbələr üçün
açıq, inklüziv və multikultural mühitə
malikdir. Bu da mənə müxtəlif ölkələrdən
olan tələbələrlə bir araya gələrək zəngin
qarşılıqlı öyrənmə mühiti yaşamaq
imkanı verdi".
Onun dediyinə görə, "Neuroscience and
Education" ixtisası mənim üçün çox
xüsusi və maraqlı bir sahədir, çünki təhsil
və beyin arasındakı əlaqələri
araşdırmaq, tədris metodlarını daha effektiv etmək
və öyrənmə proseslərini daha yaxşı başa
düşmək üçün böyük potensiala sahibdir.
İnsan beyninin öyrənmə qabiliyyətləri,
yaddaşın işləmə prinsipləri, beyin
inkişafı və təhsil mühitlərində bu proseslərin
necə tətbiq edildiyini anlamaq mənim karyera məqsədlərim
üçün çox vacibdir. Əsas maraq səbəbi həmçinin
təhsilin inkişafı, xüsusi ilə də tədrisin
daha inklüziv və individual yanaşma ilə həyata keçirilməsi məsələsidir:
"Təhsil hər bir insan üçün fərqlidir və
bu sahənin beyin tədqiqatları ilə birləşdirilməsi
tədrisin daha fərdi və təsirli şəkildə
inkişaf etməsinə şərait yaradır. Mənim məqsədim,
bu ixtisas sahəsində əldə etdiyim bilikləri praktikada
tətbiq edərək, təhsil sahəsindəki məsələlərə
daha elmi yanaşmalar gətirməkdir. Ayrıca, beyin və
öyrənmə arasındakı əlaqəni öyrənmək,
mənim üçün həm şəxsi, həm də
peşəkar inkişaf baxımından çox dəyərli
oldu. İxtisasım sayəsində əldə etdiyim biliklər
mənə tədris metodlarının necə
optimallaşdırılacağını, şagirdlərin
öyrənmə proseslərini necə daha yaxşı
başa düşəcəyimi və təhsildəki
mövcud problemlərə yeni yanaşmalar təklif etməyi
öyrətdi. Neyroelm və təhsil bir-biri ilə çox
sıx əlaqəlidir, çünki beyin
funksiyalarının öyrənmə və təhsil üzərindəki
təsiri dərindən anlaşılarsa, tədris proseslərini
daha effektiv şəkildə tərtib etmək
mümkündür. Bu, təhsil mühitində fərdi fərqlilikləri
anlamağa və hər bir tələbənin
potensialını daha yaxşı şəkildə inkişaf
etdirməyə imkan yaradır. Neyroelm və təhsil
arasındakı əlaqənin əsas nöqtəsi, öyrənmə
və yaddaşın beyin tərəfindən necə işlənməsi,
hansı şəraitdə daha yaxşı nəticələr
əldə olunduğu və müxtəlif mühitlərin bu
proseslərə necə təsir etdiyi ilə
bağlıdır. Məsələn, neyroelmi
araşdırmalar göstərir ki, öyrənməyə ən
yaxşı təsir edən faktorlar arasında emosional vəziyyət,
sosial mühit və motivasiya kimi elementlər mövcuddur. Bu
faktları nəzərə alaraq, müəllimlər və təhsil
siyasətçiləri daha fərdi və məqsədyönlü
tədris metodlarını inkişaf etdirə bilərlər.
Hazırda bu sahə xüsusilə prioritet təşkil edir,
çünki təhsil sahəsindəki inkişaflar və
elmi araşdırmalar beynin öyrənmə ilə əlaqədar
fəaliyyətlərini daha dərindən izah etməyə
başlayıb. Beynin strukturu və funksiyaları haqqında
daha çox məlumat əldə etmək, təhsil sistemlərinin
optimallaşdırılmasına və daha inklüziv təhsil
yanaşmalarının tətbiqinə imkan verir".
O deyib ki, DP məzunu olaraq, mənim üçün əsas
prioritet bu bilikləri Azərbaycan təhsil sistemində tətbiq
etməkdir. Neyroelm və təhsil sahəsindəki tədqiqatlar,
öyrənmənin necə baş verdiyini və bu proseslərin
fərdi tələbələrə necə
uyğunlaşdırıla biləcəyini anlamağa kömək
edir: "Mənim məqsədim, bu sahədə qazandığım
bilikləri təhsil proqramlarının inkişafında və
tədris metodlarının təkmilləşdirilməsində
tətbiq etməkdir. Birinci növbədə, təhsil sahəsindəki
müəllimlərə neyroelmə əsaslanan tədris
metodlarını öyrətməyi planlaşdırıram.
Eyni zamanda, müasir təhsil texnologiyalarının, xüsusən
də rəqəmsal vasitələrin tədrisə
inteqrasiyası ilə əlaqədar layihələrdə bu
biliklərdən istifadə edərək, daha effektiv və
maraqlı tədris yanaşmalarını təşviq etmək
istərdim. Bir neçə təhsil müəssisəsi ilə
əməkdaşlıq qurmaq, müəllimlərə neyroelmə
əsaslanan təlimlər təşkil etmək və fərqli
öyrənmə üsullarını tətbiq edən
proqramlar hazırlamaq, mənim üçün əhəmiyyətli
addımlar olacaq. Bu, həm də gənclərin
potensialını daha yaxşı inkişaf etdirmək və
onların təhsil prosesində daha uğurlu olmalarını
təmin etmək məqsədinə xidmət edə bilər.
Neyroelm və təhsilin kəsişmə nöqtələri,
öyrənmə proseslərinin beyində necə baş
verdiyini anlamaqda və bu anlayışları təhsil
metodlarına tətbiq etməkdədir. Hər bir tələbə
fərqli şəkildə öyrənir və onların
beyinləri müxtəlif yollarla yeni məlumatları işləyir.
Bu sahənin kəsişməsi, təhsil sistemində fərdi
yanaşmaları tətbiq etməyə imkan verir. Hər bir tələbənin
fərdi ehtiyaclarına uyğun tədris metodları və
strategiyalar hazırlanaraq, onların təhsil həyatını
daha səmərəli və faydalı etmək
mümkündür. Neyroelm sahəsi, beyin və öyrənmə
ilə bağlı araşdırmalarla təhsilin təkmilləşdirilməsi
arasında bir körpü rolunu oynayır. Məsələn,
öyrənmənin necə baş verdiyini başa düşmək,
müəllimlərə müxtəlif öyrənmə
üsullarını tətbiq etmək və müxtəlif təhsil
ehtiyaclarını qarşılayan materiallar yaratmaq imkanı
verir. Eyni zamanda, neyroelm təhsildəki bir çox problemin həllində
də mühüm rol oynaya bilər. Məsələn, diqqət
çatışmazlığı və yaddaş problemləri
yaşayan tələbələrə fərdi tədris yanaşmaları
və xüsusi proqramlar vasitəsilə dəstək verə
bilərik. Bundan əlavə, neyroelm sahəsindəki biliklər
təhsil siyasətində də yeniliklərə səbəb
ola bilər. Məsələn, təhsil proqramlarının
beynin inkişafına əsaslanaraq tərtib edilməsi, daha məhsuldar
öyrənmə mühiti yaradılmasına kömək edə
bilər. Tədrisin strukturunun və metodlarının beynin
müxtəlif yaş dövrlərində necə işlədiyini
başa düşərək, təhsil sistemindəki problemləri
daha düzgün şəkildə təhlil edib həll etmək
mümkündür".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 9 iyul(№117).-S.15.