Liderlik missiyası
Xalqların, dövlətlərin taleyini dəyişən
liderlər olur. Azərbaycan xalqı xoşbəxt xalqdır
ki, Ulu öndər Heydər Əliyev və onun layiqli
davamçısı İlham Əliyev kimi iki əvəzolunmaz
lider nəsibi olub. Ümummilli lider Heydər Əliyev
1993-cü ildə ikinci dəfə hakimiyyətə gələndə
ölkə başdan-başa xaos içərisində idi. Məhz
Heydər Əliyevin mahir idarəetmə bacarığı sayəsində
Azərbaycan qısa müddətdə özünü
toparlamağı bacardı. Bu gün Heydər Əliyevin
memarı olduğu Azərbaycan Respublikası Prezident İlham
Əliyevin rəhbərliyi altında dünyanın ən
parlaq ölkələrindən birinə çevrilməyi
bacarıb. İlham Əliyevin özünün unikal siyasi
bacarığı ilə ölkəmizin tərəqqisi
yolunda böyük nailiyyətlərə imza atıb.
Müzəffər Ali Baş Komandan İlham
Əliyevin böyük sərkərdəlik məharəti,
güclü iradəsi və qətiyyəti, şanlı
ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı
dəstəyi və onun ətrafında monolit birliyi sayəsində
əldə olunan qələbə öz miqyası və əhəmiyyəti
baxımından bölgəmizin sərhədlərini
aşır, türk dünyası kimi daha geniş coğrafi
arealı, eyni zamanda Avropa hüdudlarını əhatə
edir.
İlham Əliyev bu gün həm türk
dünyasında, həm də Avropada ən parlaq siyasi liderlərdən
biridir. Bunu Avropa dövlətlərinin rəhbər şəxsləri
də etiraf edirlər.
"Dostumuz İlham Əliyevin iştirakı
olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə
də elektrik enerjisi təchizatının şaxələndirilməsinə
ümid etmək asan olmazdı". Bunu Serbiya Prezidenti
Aleksandar Vuçiç Bolqarıstan Respublikasının
paytaxtı Sofiya şəhərində
Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB)
açılış mərasimində
çıxışı zamanı bildirib. O, Azərbaycan
dövlət başçısına üz tutaraq deyib:
"Əziz dostum, görürəm ki, indi Siz Avropada çox
məşhurlaşmısınız. Mən Sizinlə əlaqə
saxlamaq istəyirəm. Mən onunla dəfələrlə
danışmışam. O, Avropada çox məşhurlaşıb.
Bu arada, bilmirəm o, nə edib, amma etiraf edim ki, bunun sirrini mən
də bilmək istərdim".
Həmin tədbirdə çıxış edən
Şimali Makedoniyanın Prezidenti Stevo Pendarovski də layihənin
təkcə ev sahibləri üçün deyil,
bütövlükdə Cənub-Şərqi Avropa regionu
üçün mühüm əhəmiyyət kəsb
etdiyini bildirib: "Avropada ən çox arzuolunan şəxs
- Azərbaycan Prezidenti barədə söz
düşmüşkən, onun yeni nömrəsini bilmirik. Ola
bilsin ki, o, telefon nömrəsini dəyişib".
Mərasimə yekun vuran Bolqarıstan Prezidenti Rumen
Radev Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun artıq
Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə
dəyişdiyini vurğulayıb: "Nəhayət ki, 10 il
bundan əvvəl Prezident Pırvanovla əldə edilən
razılaşmaya sadiq qalan Prezident Əliyevin simasında
özünü etibarlı tərəfdaş kimi sübut
etmiş Azərbaycandan real qaz axını var. Dünən mən
çox mühüm bir təklif aldım, faktiki olaraq 4
ölkənin - Bolqarıstan, Rumıniya, Macarıstan və
Slovakiyanın qaz nəqli şirkətləri və təchizatçıları
tərəfindən, belə demək mümkündürsə,
mənə səlahiyyət verilib. Onlar məndən Avropa
Komissiyasının Prezidentinə birgə imzalanmış məktubu
təqdim etməyi xahiş edirlər və iyulda Avropa
Komissiyasının Prezidenti ilə Prezident Əliyev
arasında imzalanmış Memorandumla paralel olaraq, Azərbaycandan
nəql olunan qazın həcminin artırılmasını təklif
edirlər".
Azərbaycan bu gün nəinki region ölkələri
ilə əməkdaşlığa, həm də müxtəlif
qitələrdə yerləşən ölkələrlə əməkdaşlığın
genişləndirilməsinə və möhkəmləndirilməsinə
yüksək önəm verir. Hazırda dünyanın
üz-üzə qaldığı problemlər haqda
bütün liderlər danışırlar. İlham
Əliyevin isə fərqi odur ki, o, problemlərin kökü,
mahiyyəti haqda təhlili sadə dildə ifadə etmək bacarığına
malikdir, eyni zamanda problemin həlli yollarını bilir və
söyləyir. Azərbaycan Prezidenti bu addımları ilə
dünya liderləri üçün nümunə olacaq
yanaşma ortaya qoyur. Bütün bunlar onu deməyə əsas
verir ki, hazırda qlobal mənada dünyada İlham Əliyev kimi
liderlərə böyük ehtiyac var.
Hələ 2021-ci ildə Azərbaycan Televiziyası
Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin 60 illik yubileyi ilə əlaqədar sənədli
film hazırlamışdı. Film "Prezident. Təkrarsız
diplomatiya" adlanır. Ekran işində prezidentlər,
dövlət və hökumət başçıları,
dünyanın aparıcı siyasi xadimləri, beynəlxalq təşkilatların
rəhbərləri və nüfuzlu jurnalistlərin müsahibəsi
yer alır. Onlar Azərbaycan Prezidentinin şəxsi keyfiyyətləri,
prinsipial mövqeyi və qlobal liderliyini şərtləndirən
xarakterik məqamları şərh ediblər.
Filmdə Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstanın
birinci Prezidenti - Elbası Nursultan Nazarbayev, Moskva və
Bütün Rusiyanın Patriarxı Kirill Prezident İlham
Əliyevin Azərbaycan üçün gördüyü
işlər barədə danışıblar.
R.T.Ərdoğan qeyd edib ki, İlham Əliyevlə
davam edən inkişafla Azərbaycan bölgədə cazibə
mərkəzinə çevrilib.
V.Putin isə Azərbaycan Prezidentinin əsas məqsədinin
öz ölkəsini, Azərbaycan xalqını xoşbəxt
görmək olduğunu vurğulayıb.
N.Nazarbayev Azərbaycan xalqının müstəqillik
illərində çətin şərtlər daxilində
enerjili, müdrik liderin rəhbərliyi ilə inkişaf
etdiyinə diqqət çəkib.
"Prezident. Təkrarsız diplomatiya" filmində
Azərbaycanın iqtisadi arenadakı uğurlarından
danışılıb, həyata keçirilən əhəmiyyətli
layihələrdən bəhs edilib. Müzəffər Ali
Baş Komandanın və ordusunun Vətən müharibəsindəki
qələbəsinə filmdə xüsusi yer ayrılıb.
İlham Əliyev bir lider kimi həm klassik
çağların müdrikliyini, həm sənaye
dövrünün praktikliyini, həm də post modern dönəmin
məqsəd, struktur, prosedur və qaydaları dəyişdirmək
qabiliyyətini öz şəxsiyyətində cəmləyir.
Tarixi zəfərimizdən sonra regionda və
dünyada yarananan yeni reallıq Yeni Azərbaycanı Yeni
Qafqazın, Yeni Şərqin qurucu dövlətinə
çevirir. Bu gün Azərbaycan Cənubi Qafqazda lider və
söz sahibi olan dövlətdir. Respublikamız hər zaman əməkdaşlığa
sadiq olub, çətin vəziyyətə düşən tərəfdaşlarına
həmişə arxa durub. Bütün bunlarla yanaşı, Azərbaycan
qlobal problemlərin yoluna qoyulmasına mühüm töhfələr
verən, beynəlxalq enerji təhlükəsizliyi problemlərinin
həllində iştirak edən, dünyanın enerji xəritəsinə
mühüm korrektələr edən dövlətdir. Məhz
İlham Əliyevin qətiyyəti ilə ərsəyə gələn
Cənub Qaz Dəhlizi artıq 5 ildir ki, təbii qazı Avropa
bazarlarına çatdırır. Son illərdə dünyada
baş verənlər Azərbaycanın enerji siyasətinin nə
qədər düzgün və uzaqgörən olduğunu
göstərir.
Azərbaycanın razılığı və
iştirakı olmadan Cənubi Qafqazda hər hansı transmilli
layihənin həyata keçirilməsi
qeyri-mümkündür. Azərbaycan o dövlətdir ki,
tarixdə ilk dəfə olaraq Xəzərin karbohidrogen
ehtiyatlarını alternativ yollarla dünya bazarlarına
çıxarır. Bundan başqa, Azərbaycan qlobal nəqliyyat
dəhlizlərinin kəsişdiyi məkandır. Nəqliyyat
dəhlizlərinin qlobal münasibətlərdəki əhəmiyyətini
zamanında qiymətləndirən Prezident İlham Əliyevin
sayəsində respublikamız bu gün həm də qlobal nəqliyyat
yollarının kəsişdiyi coğrafi məkana
çevrilib. Təsadüfi deyil ki, dünyanın ikinci ən
böyük iqtisadi gücü olan Çin dövləti
respublikamızın bu sahədəki təşəbbüslərini
təqdir edir, Azərbaycanda nəqliyyat əməkdaşlığını
yüksək qiymətləndirir.
Bu gün Azərbaycan yalnız özünün maliyyə
resurslarına arxalanaraq sıfırdan yeni şəhər və
kəndlər salır. 2020-ci ildən başlayaraq 2025-ci il də
daxil olmaqla dövlət büdcəsindən Qarabağda
aparılan bərpa-quruculuq işlərinə toplam 22 milyard
manata yaxın vəsait ayrılıb. Üç hava
limanının inşa olunması, 100 kilometrlərlə dəmir
yolunun çəkilməsi regionun logistik simasını tamamilə
dəyişdirir. Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz
ay ərzində tikilib. Zəngilan Beynəlxalq Hava
Limanının açılış mərasimi artıq olub.
Bir neçə gün öncə Laçında Beynəlxalq
Hava Limanı istifadəyə verildi. Minlərlə kilometr
avtomobil yolu çəkilir. Təsdiq olunmuş investisiya
planına əsasən, işğaldan azad edilmiş Qarabağ
və Şərqi Zəngəzur ərazisində ümumi
uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq,
uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq.
Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı
tamamilə bərpa edilib. Artıq bir neçə su elektrik
stansiyasının açılışı olub. Azad
olunmuş ərazilərin təsdiqlənmiş
potensialını 7200 meqavat günəş və 2000 meqavat
külək enerjisi təşkil edir. İçməli su və
bununla bağlı işlər, kənd təsərrüfatı
işləri, bir milyon insanın doğma məkanlarına
qaytarılması, yüzlərlə məktəb, xəstəxana,
idman kompleksləri, mədəniyyət ocaqlarının
inşası, habelə digər irihəcmli işlər məhz
Böyük Qayıdış çərçivəsində
reallaşdırılacaq.
Azərbaycanın lideri İlham Əliyevin iyunun 19-da
Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan"
məhəlləsinin açılış mərasimində
iştirakı da böyük coşqu ilə
qarşılandı. Prezident İlham Əliyev səhnəyə
dəvət olunarkən aparıcının "Qarabağdan
Kahramanmaraşa uzanan bir səmimiyyət, sərhədləri
aşan bir qardaşlıq, çətin gündə
çiyin-çiyinə duran can yoldaşımız gəlir.
Qafqazların ulduzu cənab İlham Əliyev..." deməsi
və insanların Prezident Əliyevi böyük coşqu ilə
qarşılaması bütün dünyanın gözü
qarşısında baş verdi.
Prezident İlham Əliyev bu dəfə də
Türkiyədə böyük coşqu və səmimiyyətlə
qarşılandı. Təkcə dövlət yetkililəri səviyyəsində
yox, həm də ictimai kəsimdə İlham Əliyevə
böyük rəğbət ifadə edildi. İlham Əliyevə
Türkiyə ictimaiyyətinin böyük sevgisi təsadüfi
deyil. Təbii ki, bunun əsasları var. Azərbaycan Prezidenti
İlham Əliyevin Türkiyəyə son səfərində
sadə insanlar, ictimaiyyət tərəfindən belə səmimi
və hərarətlə qarşılanmasının
başlıca səbəblərindən biri də onun şəxsi
keyfiyyətləri və xarizması ilə
bağlıdır. Bu, eyni zamanda Türkiyə dövlətinin
və Türkiyə ictimaiyyətinin Prezidentimizə olan
hörmətinin, sevgisinin təzahürüdür. Türkiyə
vətəndaşları çox yaxşı bilirlər ki,
2023-cü ilin fevralında Türkiyədə baş verən
dəhşətli zəlzələ zamanı onların
köməyinə ilk yetişən Azərbaycan dövləti
və xalqı oldu.
Eyni zamanda Türkiyədə baş verən dəhşətli
meşə yanğınları zamanı da bizim xilasedicilər
birbaşa Azərbaycan Prezidentinin göstərişinə əsasən
qardaş harayına yetişdilər. Prezidentimizin məsələyə
həssas yanaşmasını, qardaş ölkəyə
lazım olan dəstəyi göstərmək
üçün o andaca qərar verməsini Türkiyə
ictimaiyyəti yaxşı bilir və yüksək qiymətləndirir.
Azərbaycan liderinin həm də türk dövlətləri
arasında böyük nüfuzu var. İlham Əliyevin tarixə
yazılmış bu cümlələrinə diqqət edin:
"Türk Dövlətləri Təşkilatına üzv
olan bütün ölkələrlə qardaşlıq
münasibətlərimiz var və bizim siyasətimiz Türk
Dövlətləri Təşkilatını gücləndirməkdir.
Bu, böyük coğrafiyadır, böyük ərazidir,
böyük hərbi gücdür, böyük
iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat
yollarıdır, gənc əhalidir, artan əhalidir və bir
soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik
ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək
səylərlə elə etməliyik ki, Türk Dövlətləri
Təşkilatı qlobal arenada önəmli aktora və
güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə
nail ola bilərik".
İlham Əliyevin bu sözləri o deməkdir ki,
Türk Dövlətləri Təşkilatı indiki statusundan
daha ciddi və əhatəli, vahid mövqedən
çıxış edən, eyni kökdən və soydan
olan xaqların yaratdığı mühüm güc mərkəzi
olacaq. Xüsusi ilə "Türk dövlətləri
böyük hərbi gücdür!" ifadəsi yaxın
perspektivdə TDT coğrafiyasında hansı mühüm proseslərin
gedəcəyindən xəbər verən, bu strateji istiqamətə
işarə vuran olduqca vacib və tarixi cümlədir
Mübaliğəsiz olaraq deyə bilərik ki,
İlham Əliyev bu gün Avropada ən çox arzuolunan
siyasi liderlərdəndir. Bu amil isə Azərbaycan vətəndaşları
olaraq bizim hər birimizi qürurlandırır.
Yaşasın Azərbaycan!
Yaşasın Müzəffər Ali Baş Komandan!
Səyyad ARAN
Milli Məclisin deputatı
525-ci qəzet .- 2025.- 9 iyul(№117).-S.8.