Azərbaycan-Ermənistan
sülh prosesi: İrəvan maneələri aradan qaldıra biləcək?
Azərbaycanla Ermənistan arasında 17 bəndlik
sülh sazişi layihəsinin mətni bu ilin mart ayında tam
şəkildə razılaşdırılıb. Ermənistan
sülh sazişini imzalamağa hazır olduğunu dəfələrlə
bəyan etsə də, rəsmi Bakı regionda dayanıqlı
sülhün, təhlükəsizliyin bərqərar olması
üçün qarşı tərəfin daha iki şərtə
əməl etməli olduğunu açıqlayıb. Bunlar Ermənistan
konstitusiyasının dəyişdirilməsi və artıq
de-fakto mövcud olmayan ATƏT-in Minsk qrupunun de-yure ləğvi
ilə bağlı birgə müraciətin edilməsidir.
Əslində İrəvan həqiqi sülh istəyindədirsə,
bu şərtləri yerinə yetirməlidir. Birincisi ona
görə ki, bu ölkənin konstitusiyasında Azərbaycana
və münasibətlər qurmaq, sərhədləri
açmaq istədiyi Türkiyəyə qarşı ərazi
iddiaları var. Münasibətlərin bərpası, diplomatik
əlaqələrin qurulması, ən əsası etimadın
formalaşması üçün bu addımın
atılması mütləqdir.
Digər tərəfdən, Minsk qrupunun rəsmi olaraq
qalmasının heç bir mənası yoxdur. Qarabağ
münaqişəsinin nizamlanması üçün
yaradılmış bir təsisatın münaqişənin
mövcud olmadığı halda qalması anlaşılan
deyil.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar
üzrə nümayəndəsi Elçin Əmirbəyov bu
günlərdə Meksikaya işgüzar səfəri
zamanı “Mundo Internacional” jurnalına verdiyi müsahibədə
deyib ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin
normallaşdırılması üçün saziş layihəsinin
mətni üzrə müzakirələr tamamlanıb.
E.Əmirbəyov 30 illik münaqişədən sonra Cənubi
Qafqaz regionunda dayanıqlı və dönməz sülhün
əldə olunması üçün tarixi bir fürsətin
yarandığını qeyd edib. Eyni zamanda, sazişin
imzalanmasına mane olan amilləri açıqlayaraq, bunlar
arasında Ermənistan konstitusiyasında Azərbaycana
qarşı ərazi iddialarının mövcudluğu kimi
sülh sazişinin məzmunu və ruhuna zidd olan məqamların,
habelə Minsk qrupu kimi öz əhəmiyyətini itirmiş təsisatların
ləğv edilməsi zərurətinin olduğu
vurğulanıb.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan
isə yenidən bəyan edib ki, Azərbaycanla indi sülh
sazişini imzalamağa və daha sonra ratifikasiya etməyə
hazırdırlar: "Biz regionumuzda sülhlə
maraqlanırıq. Müasir tarixdə, son bir neçə il ərzində
müharibə yaşamış bir ölkə kimi yalnız sərhədlərimizdə
deyil, daha geniş bölgələrdə və dünyada da
sülhün bərqərar olmasında maraqlıyıq. Bizim
bir sülh gündəmimiz var və bu, Ermənistan
Respublikasının əsas prioritetlərindən biridir. Azərbaycanla
danışıqlar aparırıq. Sülh sazişi layihəsi
üzrə razılığa gəlmişik. İndi bu
sülh sazişini imzalamağa və sonra ratifikasiya etməyə
hazırıq".
Mirzoyan Ermənistanın Türkiyə ilə də
münasibətlərin normallaşmasında maraqlı
olduğunu vurğulayıb: “Həmçinin qərb
qonşumuz Türkiyə ilə münasibətlərimizi
normallaşdırmağa çalışırıq”.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə
bir neçə gün əvvəl yenə də konstitusiya
barədə danışıb. Bildirib ki, ölkənin
mövcud reallıqlara uyğun yeni konstitusiyaya ehtiyacı var.
Ermənistan konstitusiyasının qəbul edilməsinin 30
illiyi münasibətilə keçirilən tədbirdə
Paşinyan deyib ki, xalqın doğma hesab edəcəyi
konstitusiyaya ehtiyac var. Yeni konstitusiya ölkənin bu gün
mövcud olduğu reallığı əks etdirən konkret məqsədə
malik olmalıdır.
Qeyd edək ki, Ermənistanda konstitusiya 1995-ci il iyulun
5-də qəbul edilib. Ötən 30 il ərzində əsas
qanunda iki dəfə - 2005-ci il noyabrın 27-də və
2015-ci il dekabrın 6-da - referendum yolu ilə dəyişikliklər
edilib. İndi yeni konstitusiyadan söhbət getsə də, hələ
ki, konkret addım atılmır və vaxt göstərilmir.
Ölkənin ədliyyə naziri Srbui Qalyanın fikirləri
də bunu deməyə əsas verir. Nazir bildirib ki, sənəd
layihəsinin mətni hələ hazır deyil: "Hələlik
Konstitusiya islahatları üzrə Şura prinsipial əsasları
müzakirə edəcək. Bir çox istiqamətlər
üzrə müəyyənlik var, başqa məsələlərlə
bağlı razılıq hələ yoxdur".
Onun sözlərinə görə, konstitusiyanın
yeni mətni 10 ay ərzində hazır ola bilər, ancaq
müddətlər müzakirələrin gedişindən
asılıdır. Qalyan qeyd edib ki, layihənin müzakirəsi
açıq ola bilər: “Mətn hazırlanma mərhələsindədir.
Əsas konseptual müddəalar üzrə müzakirələr
aparılacaq və yalnız bundan sonra sənəd ictimaiyyətə
təqdim ediləcək”.
Hazırda Ermənistanda siyasi gərginlik hökm
sürür. Paşinyan həm revanşist qüvvələr,
həm də kilsə ilə mübarizə aparır.
Görünən budur ki, həmin qüvvələr ölkədə
hakimiyyət çevrilişinə çalışır, din
xadimləri birbaşa siyasi proseslərdə iştirak edərək,
revanşistlərə dəstək verirlər. Onlar əlbəttə
ki, həm də sülh prosesinin irəliləməsinə
mane olurlar.
Ermənistanın Baş naziri Nikol Paşinyan dünən
bildirib ki, Eçmiadzin Kilsəsi (II Qaregin) antixristian, əxlaqsız,
antimilli və antidövlət qrupu tərəfindən ələ
keçirilib. Onun sözlərinə görə, o, erməni
Apostol Kilsəsinin azad edilməsinə şəxsən rəhbərlik
etmək niyyətindədir.
Xatırladaq ki, mayın sonundan bəri Paşinyan II
Qareginə və Erməni Apostol Kilsəsinin
arxiyepiskoplarına qarşı sərt bəyanatlarla
çıxış edərək, katolikosların subaylıq
andının pozulması ilə bağlı xəbərlərə
görə taxtdan getməsini tələb edir. Baş nazir,
eyni zamanda, bütün ermənilərin katolikosuna növbədənkənar
seçkilərin keçirilməsinin zəruri olduğunu bəyan
edib.
İstənilən halda, top indi Ermənistan tərəfindədir.
Azərbaycan sülh prosesi üçün hər şey edib.
Müharibə bitən kimi sülh təşəbbüsü
ilə çıxış edib, saziş layihəsinin
hazırlanmasında, düzəlişlər edilməsində,
nəhayət 17 bəndlik sənədin
razılaşdırılmasında əsas rolu oynayıb.
İrəvan da üzərinə düşən öhdəlikləri
nəhayət yerinə yetirməlidir. Təbii ki, Zəngəzur
dəhlizi də, Qərbi azərbaycanlılarla bağlı məsələ
də istisna deyil.
Politoloq İlyas Hüseynov mövzu ilə
bağlı “525”ə deyib ki, Ermənistanın
konstitusiyasının dəyişdirilməsi Azərbaycanın
əsas şərtlərindən biridir. Digər şərt
isə ATƏT-in Minsk qrupunun buraxılması ilə
bağlıdır: “Hesab edirəm ki, bu iki şərt, bu iki tələb
yerinə yetirilərsə, sülh müqaviləsi imzalana bilər
və artıq bəzi ehtimallara görə, Dubayda tərəflər
arasında görüşün keçirilməsi gözlənilir.
Hələ rəsmi şəkildə təsdiqlənməsə
də, düşünürəm ki, bu görüş
regional sülh prosesnə müsbət təsir göstərə
bilər. Qardaş Türkiyənin vasitəçiliyini də
burada xüsusi qeyd etmək lazımdır. Türkiyə əlindən
gələni edir ki, Cənubi Qafqazda sülh və təhlükəsizlik
sistemi bərqərar olsun. Dayanıqlı təhlükəsizlik
həm də iqtisadi inkişafı situmullaşdırır.
Lakin maraqlıdır ki, sülh prosesləri ilə
yanaşı, Ermənistanın silahlanması və digər tərəfdən
sülhə əngəl ola biləcək proseslər də
müşahidə olunur. Xüsusilə Ermənistanın
Baş naziri ilə Apostol kilsəsi arasında olan son
qarşıdurmalar heç də yaxşı ssenarilər vəd
etmir. Çünki kilsə Ermənistanda elə bir gücə
malikdir ki, Nikol Paşinyanı devirə də bilər,
ayrı-ayrı güc mərkəzləri kilsədən
istifadə edərək öz məqsədlərinə
çata da bilərlər. Bu da sülh prosesini
yarımçıq qoya bilər. Ona görə də
çox ehtiyatla, lakin hədəfi düzgün müəyyənləşdirərək
sülh prosesinə yaxınlaşmaq lazımdır”.
Politoloq deyib ki, əgər Baş nazir Nikol Paşinyan
erməni Apostol kilsəsinin rəhbərliyində olan şəxsləri
kənarlaşdıraraq öz məqsədlərinə nail
olsa, bu, sülh prosesinə də müsbət təsir
göstərəcək, referendum keçirilərək Ermənistan
konstitusiyası da dəyişəcək. Belə olan halda
sülh müqaviləsi imzalana, kommunikasiya xətləri
açıla, iqtisadi əlaqələr formalaşa bilər.
Bu da uzun müddətli və dayanıqlı sülh sistemini
gücləndirəcəkdir.
Pərvanə
525-ci qəzet .- 2025.- 9 iyul(¹117).-S.5.