Hər zaman öndə
Elə yaradıcı insanlar var ki, onlar
üçün zamanın keçidi daha həvəslə
çalışmağa sanki stimul yaradır. Bu insanlar
zamanın gedişinə fikir vermədən
çalışır, yeni əsərlər yaradır, bundan
sevinc hissi keçirirlər. Biz belə insanları, ilk
növbədə yaradıcı ziyalıları xoşbəxt
adlandırardıq. Çünki onlar həqiqi xoşbəxtliyi
yaradıcı əməyin çinar kimi boy atmasında, illər
ötdükcə daha da ucalmasında görürlər. Bu sadə,
lakin mənalı həqiqəti dərk etmək onlara ruhi və
fiziki güc verir, onları daim ön cərgələrdə
saxlayır. Belə insanlar zamanla zəifləmir, əksinə,
illər ötdükcə çalışmaqda, əsl gənclik
həvəsi ilə qurub yaratmaqda davam edirlər. Onlardan biri də
görkəmli tədqiqatçı alim, filologiya elmləri
doktoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevdir.
Timuçin müəllimi geniş oxucu kütləsinə
tanıtmağa ehtiyac yoxdur. Yorulmaz tədqiqatçı alim
bütün ömrü boyu çalışmış, ədəbiyyatın,
mədəniyyətin, incəsənətin inkişafına təmənnasız
xidmətlər göstərmişdir. Onun qələmə
aldığı kitab və məqalələr Azərbaycan bədii
mədəniyyətinin əhatəli mənzərəsinin
yaradılmasında mühüm mənbə kimi hər zaman dəyərlidir.
Timuçin müəllim erkən gənclik illərindən
elm və sənət yollarında inamla
addımlamışdır. Belə bir deyim var: "Ot
kökü üstündə bitər". Xalq
yazıçısı İlyas Əfəndiyev
ocağında doğulub böyümüş, boya-başa
çatmış bir insan başqa cür ola bilməzdi.
Timuçin müəllim həyatda məhz olmalı olduğu
kimi də oldu - Vətənini, ocağını və əlbəttə
ki, ədəbiyyatı, incəsənəti ürəkdən
sevdi, elmlə məşğul oldu, böyük təşkilatçılıq,
idarəçilik, rəhbərlik məharətini
nümayiş etdirdi.
Timuçin Əfəndiyev hələ gənclik illərində
o, zamanın mühüm qurumu olan, Azərbaycan gənclərinin
təşkilatlanmasında, inkişafında aparıcı rol
oynayan Respublika Gənclər təşkilatında
çalışmışdı. Ulu öndər Heydər
Əliyevin 1969-cu ildə respublikada rəhbərliyə
başlaması ilə gənclər təşkilatı daha
böyük nüfuz sahibi oldu. Azərbaycanın müstəqilliyini
irəlicədən görən Heydər Əliyev gənclərin
ideyaca formalaşmasında, onlara Vətən sevgisinin
aşılanmasında bu qurumun rolunu xüsusi qiymətləndirirdi.
Timuçin Əfəndiyevin elmi-təşkilatı fəaliyyətinin
mühüm mərhələsi onun indiki AMEA-nın Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda işlədiyi dövrlə
bağlıdır. Hüseyn Cavidin ideyalar aləmi
mövzusunda müdafiə etdiyi dissertasiya böyük mütəfəkkir
və dramaturqun ədəbi irsinin yeni rakursda öyrənilməsinin
başlanğıcını qoydu. Bu, həm də uzun illər
adının çəkilməsi yasaq olan ədibin
yaradıcılıq fəaliyyətinin öyrənilməsində
daha bir uğurlu addım oldu.
Ədəbiyyat İnstitutunda elmi katib vəzifəsində
işləyən gənc alim qısa müddətdə səriştəli
təşkilatçı kimi ad çıxartdı. Ədəbiyyat
İnstitutu kimi böyük, nüfuzlu müəssisədə
elmi katib işləmək asan iş deyildi. Lakin gənc alim bu
işin öhdəsindən məharətlə gəldi. Bu,
onun daha böyük, daha məsuliyyətli idarəçilik fəaliyyəti
üçün bir sınaq məktəbinə çevrildi.
Professor Timuçin Əfəndiyevin
elmi-yaradıcılıq və idarəçilik fəaliyyətinin
böyük bir mərhələsi indiki Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
adı ilə bağlıdır. Timuçin müəllim
uzun illər burada dekan, rektor vəzifələrində
çalışıb. Hansı vəzifəni tutmasından
asılı olmayaraq hər zaman tədris proseslərinin,
yaradıcılıq aurasının mərkəzində
dayanıb.
Tale elə gətirib ki, bu sənət məbədinin
həm çətin, həm də uğurlu dövrləri
Timuçin müəllimin rektor işlədiyi zamanlara təsadüf
edib. Onun zamanında - 1990-cı ildə İncəsənət
İnstitutu Universitetə çevrildi. Bu, respublikada ilk analoji
hadisə idi. Həmin dönəmdə "Bakıda ikinci
universitet" deyimi də gündəmə
düşmüşdü. 90-cı illlərin əvvəllərindəki
çətinliklərə sinə gərmək, Universiteti
qorumaq onun alın yazısı idi. Sonralar, Ulu öndər Heydər
Əliyevin xalqın tələbi ilə ikinci dəfə
hakimiyyətə qayıtması ilə Universitetdəki
mütərəqqi dəyişikliklər, tədris prosesinin
inkişafı da Timuçin müəllimin millətə, Vətənə
xidmətləri cərgəsindədir.
Professor Timuçin Əfəndiyevin
yaradıcılıq və rəhbərlik fəaliyyətinin
başqa bir mərhələsi Bakı Xoreoqrafiya Akademiyası
ilə əlaqədardır. Böyük sənət ənənələrinə
malik Xoreoqrafiya məktəbinin bazasında nüfuzlu ali təhsil
müəssisəsinin yaradılması günün tələbi
idi. Bu məqamda Timuçin müəllimin geniş
yaradıcılıq və təşkilatçılıq təcrübəsi
özünü əməli işdə bir daha göstərdi.
Tumuçin müəllim hələ Mədəniyyət və
İncəsənət Universitetində işlərkən
öz təşəbbüsü ilə orada "Xoreoqrafiya sənəti"
kafedrasını yaratmışdı. Bu kafedra iki sənət
ocağı arasında bir növ körpü rolunu ifa edirdi.
Kafedranın müəllimləri həm də xoreoqrafiya məktəbində
dərs deyirdilər. Timuçin müəllim yeni
yaradılmış Akademiyaya rektor təyin edildi, bu çətin
işin məsuliyyətini öhdəsinə götürdü.
Harada işləməsindən asılı olmayaraq
professor Timuçin Əfəndiyev bütün həyatı
boyu elmin və sənətin qoşa məcrasında
yaşayıb-yaradıb. Bu, yorulmaz tədqiqatçı alimin
yaradıcı irsinin çoxcəhətli xarakterini müəyyən
etmişdir. Alimin qələmə aldığı kitabların
böyük qismi dramaturgiya və teatr, ədəbiyyat nəzəriyyəsi,
incəsənət, kulturologiya ilə bağlıdır. Hesab
edirik ki, bu sırada incəsənətin mövqeyi daha önəmlidir.
Timuçin Əfəndiyev incəsənətin əksər
sahələrini əks etdirən kitablar, monoqrafiyalar müəllifidir.
Elm ilə təhsilin qovuşmasında yazılmış bu
kitablar həm elmi tədqiqat işi, həm də dərs vəsaiti
kimi dəyərlidir.
Timuçin müəllim hər zaman öndə olan
insanlardandır. Bu gün o, yaradıcı ömrünün
zirvə çağlarını yaşayır. Biz
yazının əvvəlindəki fikrə bir daha diqqət
çəkmək istərdik: o adam xoşbəxtdir ki,
işini, əməyini sevir, çünki bu sevgi ona güc
verir. Filologiya elmləri doktoru, Əməkdar elm xadimi, professor
Timuçin Əfəndiyev məhz belə bir sevgiyə malik
xoşbəxt insanlardandır. Böyük ustadımıza,
müəllimimizə ömrünün məsul zirvə
çağında daha böyük nailiyyətlər arzu
edirik!
Xəzər ZEYNALOV
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet .- 2025.- 10 iyul(№118).-S.13.