Azərbaycan təbabətinin
görkəmli siması
Akademik Mustafa
Topçubaşov-130
Azərbaycan xalqı həmişə ona şöhrət
gətirən görkəmli elm xadimləri, bacarıqlı
alimləri ilə öyünüb, fəxr edib. Belə elm
xadimləri sırasında akademik Mustafa bəy
Topçubaşovun xüsusi yeri var.
Görkəmli alim-cərrah, SSRİ Tibb Elmləri
Akademiyasının (1960) , Azərbaycan SSR Elmlər
Akademiyasının (1945) həqiqi, Bolqarıstan Xalq
Respublikası Elmlər Akademiyasının müxbir üzvü
(1951), Sosialist Əməyi Qəhrəmanı (1975), 1-10-cu
çağırış Azərbaycan SSR Ali Sovetinin
deputatı, Əməkdar elm xadimi (1940), SSRİ Dövlət
mükafatı laureatı (1943), profesor Mustafa Ağabəy
oğlu Topçubaşov 1895-ci il avqustun 5-də qədim Azərbaycan
torpağı olan İrəvanda dünyaya gəlib. XIX əsrin
sonu-XX əsrin əvvəllərində İrəvanda dini məktəblərlə
yanaşı, dünyəvi savad verən yeni tipli məktəblər
də açılmışdı. Dövrünün mütərəqqi
ziyalıları tərəfindən açılan bu yeni məktəblərdə
təbiət, coğrafiya, hesab, dil dərsləri əsas fənn
kimi keçirilirdi. Balaca Mustafanın dünyaya gəldiyi ailədə
elmə, maarifə marağın böyüklüyündən
və həm də bu azyaşlı uşağın
oxumağa çox ciddi meyilliliyindən, onu bu dövrdə
yenicə yaranan, görkəmli Azərbaycan rəssamı Mirzə
Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun
azyaşlılar üçün açdığı məktəbə
qoyurlar.
1904-cü ildə ibtidai təhsilini bitirən Mustafa
Topçubasov İrəvanda fəaliyyət göstərən
rusdilli kişi gimnaziyasında orta təhsilini 1914-cü ildə
başa vurur. Hələ məktəb illərindən elmi
biliklərə yiyələnməyə meyl göstərən
Mustafa Bəy Azərbaycanın maarifpərvər
oğulları tərəfindən yaradılan İrəvan
gimnaziyasını bitirdikdən sonra Kiyev Darülfünunun
tibb fakültəsinə daxil olub. Gələcək alimin tələbəlik
illəri tarixin ən çətin dövrlərindən birinə
- I Dünya müharibəsinin getdiyi, Rusiyada çar
üsul-idarəsinin devrildiyi və Oktyabr İnqilabının
baş verdiyi illərə təsadüf edib. Vətəndən
uzaqlarda təhsil alan gənc möhkəm iradə və
dözüm nümayiş etdirərək tibbi biliklərə
tam yiyələndikdən sonra - 1919-cu ildə Azərbaycana
qayıdır. Mustafa bəy 1919-cu ildə Bakı Universitetinin
rektoru, professor Razumovskinin və universitetin fakültətiv cərrahiyyə
kafedrasının müdiri professor Oşmanın
razılığı və köməkliyi ilə kafedrada
ordinator vəzifəsinə qəbul edilib.
M.Topçubaşov 1926-cı ildə bir qrup gənc həkimlərlə
birlikdə Almaniyaya elmi ezamiyyətə göndərilib və
orada məşhur tibb alimlərinin qabaqcıl iş təcrübələri
ilə, elmi-tibbi yeniliklərlə yaxından tanış olub,
bütün bunları vətənə qayıtdıqdan sonra
səhiyyə praktikasına müvəffəqiyyətlə tətbiq
etmişdir. Fəaliyyətinin ilk dövrlərindən elmi tədqiqatlara
böyük maraq göstərən cərrah 1930-cu ildə
"Malyariya mənşəli splenomeqaliyanin klinikasi, patogenezi
və cərrahi müalicəsi" mövzusunda doktorluq
dissertasiyasi müdafiə edib, tibb elmləri doktoru elmi dərəcəsi
və professor elmi adına layiq görülüb.
Müdafiədən sonra o, Azərbaycan Dövlət
Tibb İnstitutunun Fakültətiv cərrahiyyə
kafedrasının müdiri seçilərək,
ömrünün sonuna qədər (1981-ci il) həmin vəzifəni
şərəflə yerinə yetirib. Bu yolda həm elmi, həm
təlim-tərbiyə, həm də ictimai həyatda misilsiz
xidmətlər göstərib, adını ölkəmizin səhiyyə
tarixinə yazmışdır.
Akademik Mustafa Bəy Topçubaşov daim yeniliklərə
can atır, bir-birinin ardınca cərrahiyyədə möhtəşəm
ixtiralar, yeniliklər edir, dünya tibb elmini yeni nailiyyətlərlə
zənginləşdirirdi. O, 1938-ci ildə "Analgezin"
adlı efir-yağ ağrikəsicisini və ondan istifadə
üsulunu kəşf etdi. 1945-ci ildə SSRİ Xalq Səhiyyə
Komissarlığının Elmi-Tibbi Şurasının
Farmakologiya Komitəsinin iclasında Topçubaşovun kəşf
etdiyi sürəkli analgeziyada istifadə olunan efir-yağ
qarışığının "Analgezin" adi
altında buraxılmasına icazə verilmişdir. Təklif
olunan efir-yağ qarışığı (ağrıkəsici)
inyeksiyalarından təkcə cərrahi əməliyyatlarda
deyil, həm də öddaşı sancıları, travmatik
şok, tetanus, doğuş zamanı
ağrısızlaşdırma vasitəsi kimi istifadə
olunurdu. 1964-cü ildə SSRİ miqyasında bu üsulun tətbiqində
qazanılan uğurlu nəticələrə görə
akademik M.Topçubaşov keçmiş SSRİ
dövründə elm adamlarına verilən ən yüksək
mükafatlardan olan A.Vişnevski adına mükafata layiq
görülərək, xatirə medalı ilə təltif
edilib.
Mustafa Bəy Topçubaşov SSRİ-də ilk dəfə
olaraq evakohospitalların ixtisaslaşdırılması və
növbələşdirilməsinin təşəbbüskarı
kimi çıxış edib. Müharibə illərində
(1941-1945) hərbi-səhra cərrahiyyəsi işinin təşkilində
bu üsuldan geniş istifadə olunub. O, Xalq Səhiyyə
Komissarlığı evakohospitallar idarəsinin baş cərrahı
təyin edilib və bu işdə də özünü
bacarıqlı təşkilatçı, novator cərrah kimi
göstərib. Evakohospitallarda apardığı
çoxsaylı əməliyyat və müşahidələr
professora bir sıra səmərəli təkliflər irəli
sürmək imkanı da verib. Hərbi səhra cərrahlığının
ən aktual problemlərindən olan insan bədəninə
daxil olmuş metal-yad cismin lokalizasiyası və onun xaric edilməsi
problemi üzərində çalışan alimin
konstruksiyası əsasında hazırlanan stereoskop aparatı
portativliyinə və yad cismin lokalizasiyasını dəqiq təyin
etmə imkanına görə böyük müvəffəqiyyətlə
təcrübədə tətbiq edilib. M.Topçubaşov
periferik sinir zədələnmələrinin cərrahi
müalicəsində mum-parafin tubajı, ətraflarda əmələ
gələn və müalicəyə tabe olmayan ifliclər
zamanı tendomioplastika, kəllə sümüklərinin
kranioplastikası, termiki yanıqlar zamanı parafinin tətbiqi,
yaraların müalicəsində naftalanın tətbiqi kimi
böyük əhəmiyyət kəsb edən orijinal təkliflərinə
görə respublikadan kənarda da böyük şöhrət
qazanıb. O, bir-birinin ardınca mürəkkəb cərrahi əməliyyatlar
apararaq yüzlərlə döyüşçünü həyata
qaytarıb. 1940-cı ildə M.Topçubaşova Əməkdar
elm xadimi fəxri adı verilib, 1943-cü ildə isə o,
Dövlət mükafatı laureatı olub. Azərbaycan SSR
Elmlər Akademiyasının ilk 15 həqiqi üzvündən
biri olan Mustafa bəy Topçubaşov, eyni zamanda, 1945-ci ildə
Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan
Milli Elmlər Akademiyasının) yaradıcılarından, təsisçilərindən
idi.
Akademik M.Topçubaşov 1945-50-ci illərdə
respublikanın baş cərrahi və Azərbaycan SSR Səhiyyə
Nazirliyi Tibb Xidməti İdarəsinin sədri vəzifəsini
yerinə yetirib, 1947-1949-cu illərdə
Eksperimental Təbabət İnstitutuna rəhbərlik edib. O,
1949-cu ildə SSRİ Tibb Elmləri Akademiyasının
müxbir üzvü, 1960-cı ildə isə həqiqi
üzv seçilib.
Mustafa bəy 1951-ci ildən ömrünün sonunadək
Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti olub və
1952-ci ildə Bolqarıstan Elmlər Akademiyasının
müxbir üzvü, 1954-cü ildə XI Lissabon Konqresində
Ümumdünya Cərrahlar Assosiasiyasının üzvü
seçilib. O, Ümumittifaq Cərrahlar Cəmiyyətinin
üzvü, Vişnevski adına Cərrahlar Cəmiyyətinin
fəxri üzvü, Respublikada Siyasi və Elmi Bilikləri
Yayan Cəmiyyətin sədri, Azərbaycan Cərrahlar və
Uroloqlar Cəmiyyətinin fəxri sədri, SSRİ
Böyük Tibb Ensiklopediyasinın redaktorlarından biri,
"Abdominal cərrahiyyə" jurnalının redaktoru,
respublika və İttifaq miqyaslı elmi-tibb jurnallarının
redaksiya heyətlərinin üzvü olub.
1956-cı ilin sentyabrında M.Topçubaşov Berlində
Cərrahların Beynəlxalq Konqresində sovet tibb elmini təmsil
edən görkəmli alim, novator-cərrah kimi
çıxış edib. Onun "Öddaşı xəstəliyinin
efir-yağ keyitməsi ilə müalicəsi"
mövzusundaki məruzəsi mütəxəssislər tərəfindən
yüksək qiymətləndirilib. Məruzə əsasında
tərtib edilən elmi məqalə həmin ildə Leypsiqdə
çıxan beynəlxalq tibb jurnalında dərc olunub.
Mustafa bəyin tələbələri respublikada və
onun hüdudlarından kənarda bacarıqlı cərrah kimi
fəaliyyət göstərir, müəllimlərinin
adına layiq çalışırlar. Onun rəhbərlik
etdiyi klinikada müasir cərrahiyyənin problemləri, öd
yollarının, xərçəng xəstəliyinin cərrahiyyəsi,
travma məsələləri, bərpa cərrahiyyəsi və
s. problemlər üzərində daim axtarışlar
aparılıb.
Ömrünün 62 illik əmək fəaliyyəti
dövründə akademik M.Topçubaşov 100 mindən
artıq uğurlu cərrahiyyə əməliyyatı
aparıb. Onun gərgin elmi və praktik fəaliyyəti ilə
yanaşı, tibb kadrlarının hazırlanması işində
böyük xidmətləri var. O, 300-dən artıq elmi və
elmi-kütləvi məqalənin, 8 monoqrafiyanın,
"Xüsusi cərrahlıq" adlı beşcildlik dərsliyin
və dərs vəsaitlərinin müəllifi olub. Onun rəhbərliyi
altında 12 elmlər doktoru və 30 elmlər namizədi
alimlik dərəcəsi almaq üçün dissertasiya
müdafiə edib.
Bakıda inşa edilən Akademiya şəhərciyi,
həmçinin, hazırda akademik M.Topçubaşovun
adını daşıyan Elmi-Cərrahiyyə Mərkəzi,
AMEA-nin mətbəəsi bilavasitə Mustafa bəyin təşəbbüsü
və rəhbərliyi ilə yaradılıb. Akademik
M.Topçubaşov görkəmli ictimai xadim və
bacarıqlı təşkilatçı kimi respublikada
çox əhəmiyyətli işlər görüb. O, uzun
müddət respublika Ali Sovetinin sədri vəzifəsində
çalışıb, SSRİ Ali Sovetinin deputatı olub, Azərbaycan
KP MK bürosu üzvlüyünə namizəd seçilib.
Akademik M.Topçubaşov 1950-ci ildən
ömrünün sonunadək Azərbaycan Sülhü
Müdafiə Komitəsinin sədri, Sovet Sülhü
Müdafiə Komitəsinin, Asiya və Afrika Ölkələri
ilə Həmrəylik Komitəsinin üzvü olub. Bu sahədə
gördüyü ardıcıl və səmərəli fəaliyyətinə
görə o, 1959-cu ildə Ümumdünya Sülh
Şurasının gümüş medalı və Sovet
Sülhü Müdafiə Komitəsinin fəxri fərmanları
il təltif edilib.
1975-ci ildə anadan olmasının 80 illik yubileyi ərəfəsində
SSRİ-nin ali mükafatına - Sosialist Əməyi Qəhrəmanı
fəxri adına layiq görülən akademik
M.Topçubaşov çoxillik məhsuldar fəaliyyətinə,
xalqın rifahı naminə göstərdiyi əvəzsiz xidmətlərinə
göra 4 dəfə Lenin Ordeni, Bolqarıstanın III dərəcəli
"Kirill və Mefodi" ordeni, eləcə də
"Qırmızı əmək bayrağı",
"Şərəf nişanı", "Qızıl
ulduz", "Oktyabr İnqilabı" ordenləri,
"Qafqazın müdafiəsinə görə", "Almaniya
üzərində qələbəyə görə",
"Fədakar əməyə görə" medalları ilə,
SSRİ-nin "Sanitar müdafiəsi əlaçısı"
döş nişanı və çoxsaylı digər
mükafatlarla təltif edilib.
Tibb elminin inkişafinda misilsiz xidmətləri olan,
SSRİ-nin varlığı zamanı beynəlxalq aləmdə
sovet alimi kimi tanınan, insanlara tibb və səhiyyə xidmətləri
göstərdiyi 62 illik yaradıcı fəaliyyəti
dövründə 30 ilə yaxın bir müddətdə Azərbaycan
Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsində
çalışan, 51 il Azərbaycan Dövlət Tibb
İnstitutunun fakültə cərrahlığı
kafedrasına rəhbərlik edən, elmi kəşf və
ixtiraları, tədqiqat işlərinin nəticələri
tibbi təcrübəyə tətbiq edilən Mustafa Ağabəy
oğlu Topçubaşovun anadan olmasının 100 illik
yubileyinin dövlət səviyyəsində keçirilməsi
haqqında 31 iyul 1995-ci il tarixində sərəncam imzalayan
Ümummilli lider Heydər Əliyev həmin yubiley gecəsindəki
çıxışında demişdi: "Mustafa bəy
Topçubaşovun həyat yolu,
yaradıcılığı, onun bizim üçün və
gələcək nəsillər üçün qoyduğu
irs milli sərvətimiz və milli iftixarımızdır...
Mustafa Bəy XX əsrdə Azərbaycanın ən görkəmli
şəxsiyyətlərindən biridir".
1995-ci ilin yubiley təntənələrinin davamı
kimi ATU-nun III Cərrahi xəstəliklər kafedrasında - 51
il çalışdığı iş otağında
(Əfəndiyev adına 2 saylı şəhər xəstəxanası)
Xatirə Muzeyinin təntənəli
açılışı olub. Hazırda muzey öz fəaliyyyətini
davam etdirir.
Bu il avqust ayında akademik Mustafa Topçubaşovun
anadan olmasının 130 ili tamam olur. Yubileyin təntənəli
şəkildə qeyd olunması ilə əlaqədar bu il
iyun ayının 10-da Azərbaycan Respublikası Prezidenti cənab
İlham Əliyev sərəncam imzalayıb.
M.Topçubaçov geniş
dünyagörüşü, hərtərəfli biliyi və
yüksək musiqi zövqü olan bir şəxsiyyət idi.
Onun Azərbaycanın görkəmli şairləri Səməd
Vurğun və Süleyman Rüstəm ilə, həmçinin
görkəmli incəsənət xadimləri Müslüm
Maqomayev və Bülbül ilə dostluq əlaqələri
olub. Üzeyir bəy Hacıbəyli istedadlı həkim
dostunu "təbabətin filosofu və bəstəkarı"
adlandırırdı. İştirak etdikləri məclislərin
birində dahi bəstəkar demişdi: "Əgər təbabəti
musiqi kimi səsləndirmək mümkün olsaydı, bizim
Mustafa bəy təbabət musiqisinin ən böyük bəstəkarlarından
biri olardı".
Dünyaşöhrətli alim M.Topçubaşov
1981-ci il noyabrın 20-də Bakı şəhərində vəfat
edib.
Azərbaycan xalqının sədaqətli oğlu,
alovlu vətənpərvər, görkəmli alim, ictimai-siyasi
xadim, gözəl insan, pedaqoq, həssas və
qayğıkeş həkim-cərrah Mustafa Ağabəy
oğlu Topçubaşovun xatirəsi qədirbilən
xalqımızın qəlbində həmişə
yaşayacaqdır.
Ş.ƏLİYEV
ATU-nun III Cərrahi xəstəliklər
kafedrasının dosenti, Akademik M.A.Topçubaşov Xatirə
muzeyinin rəhbəri
525-ci qəzet .- 2025.- 11 iyul (№119).- S.13.