Səmimiyyət və
cəsarət
Bizim malik olduğumuz ən qiymətli şey bizim həyatımızdır.
Doğrudan da belədir. Həyatdan qiymətli nə ola bilər?
Onu mənalı, məhsuldar, zəngin yaşamaq isə bizim hər
birimizin borcudur. Bəzən biz fərqinə varmadan
yaşayır, ötən günlərin hesabını
çəkmir, qayğısına qalmır, onun hər dəqiqəsini
özümüzün və cəmiyyətin inkişafı
naminə sərf etmirik. Beləcə, havayı yaşayır,
ömrün qiymətli anlarını yelə veririk. Lakin elə
nadir insanlar da var ki, yaşadığı ömrün hər
anını mənalı edə bilir, bir gününü belə,
fota vermir, comərd və məhsuldar ömür sürür.
Bunlar elə də çox deyil. Amma belə nadir insanlar bizimlə
çiyin-çiyinə, göz-gözə, nəfəs-nəfəsə
yaşayır. Onlar bizim vətəndaşlarımızdır,
dostumuz, qohumumuz, həmkarlarımızdır. Biz, bəzən,
fərqinə varmadan, adi həyat faktı kimi qəbul etdiyimiz
bu halı görməzdən gəlirik, yaxud adi fakt kimi qəbul
edirik. Lakin bu fenomenləri hiss etməli, möcüzələri
qiymətləndirməli, belə nadir insanları
qorumalıyıq. Çünki onlar cəmiyyətin əsas
ağır yükünü öz çiyinlərində
daşıyır, insanlıq naminə fədakarlıq
nümayiş etdirirlər, özlərini şam kimi əridib
başqalarının, hər kəsin ömür yolunu
işıqlandırırlar. Belələri seçkin
insanlardır, insanlıq naminə böyük insani dəyərləri
yaşadan varlıqlardır. Özündən daha çox
xalq üçün, vətən üçün zəhmət
təri axıdan vətəndaşlardır. Belə insanlar
haqqında düşünəndə gözüm önünə
ilk gələnlərdən biri ictimai-siyasi həyatı, mənəviyyatı,
əxlaqi ilə daim xalqın qulluğunda durmuş, öz
titanik fəaliyyəti, qiymətli əməllərilə
möcüzələr yaratmış və bu gün də
yaradan Həsən Əziz oğlu Həsənov gəlir. Bu
böyük şəxsiyyət Azərbaycan xalqına
Allahın bir qənimət payıdır. Uzun
ömrünün bir anını fəna yaşamamış,
hər dəqiqəsini qiymətli, məhsuldar, faydalı əməyə
çevirmiş Həsən müəllim öz zəhməti,
əməyi, istedadı ilə seçkin bir mərtəbəyə
yüksəlmiş, cəmiyyətin ruporuna çevrilən
bir şəxsiyyət kimi Azərbaycanın yaxın tarixində
öz imzasını, izini qoymuşdur.
Allah insanı faili-muxtar yaratmışdır.
İnsandan başqa heç bir canlıya verilməyən bu
azadlıq, sərbəst hüquq və fəaliyyət özəlliyi
ilahi lütf kimi bəşəriyyətin gələcəyini
təyin edən seçimdir. Təbii, insanın ilahi təyinatı
da, qəzavü-qədər anlayışı da yox deyildir.
Lakin həyatını qurmaq, ömrünü zənginləşdirmək,
hissi-emosional, intellektual səviyyəsini artırmaq, bir
sözlə, insanda insan oyatmaq missiyası hər kəsin
öz ixtiyarına verilir. İnsanın daxilən zənginləşməsi,
cəmiyyətin layiqli nümayəndəsinə çevrilməsi,
yaşaması, yaratması, bəşəriyyət naminə
çarpışmaları özünüyaratmadan,
özünüformalaşdırmadan keçir. Kamil insanı
insanın özü yetişdirir. Həsən Həsənovun
ömür yolu buna bariz nümunədir. Bu zəngin, mənalı
həyat insan nəsli içərisində nümunəvi
faktorlardan biridir. O, ömrü boyu özünü yaratmaqla,
öz səviyyəsini artırmaqla, şəxsiyyətini
formalaşdırmaqla, ağlın, intellektin işığında
öz gələcək həyatını qurmaqla məşğul
olmuşdur.
...Bizim ilk şəxsi
tanışlığımız o vaxt Kirovabad adlanan indiki Gəncə
şəhərindən başlamışdır. Mən onda
Kirovabad şəhər prokurorluğunda böyük müstəntiq
vəzifəsində çalışırdım. Həsən
müəllimin Kirovabad şəhər Partiya Komitəsinin
birinci katibi kimi ilk gəlişindən şəhərdə
böyük canlanma yaşanmağa başladı. Şəhərin
durğunluğu və sükunəti pozuldu. Onun gəlişi
Kirovabad şəhərinə əsl Gəncə ab-havası
gətirmişdi. İxtisasca inşaatçı olan Həsən
müəllimin ilk işi qədim binalarda, tikililərdə
pozulmuş Gəncə izini, qədimliyi, keçmişi bərpa
eləməkdən başladı. Binaların fasadında kobud
boyalar altında gizlədilmiş, kölgələndirilmiş
tarix, Azərbaycanın qədim mədəniyyətini
yaşadan memarlıq ünsürləri, arxitektura detalları
üzə çıxarılır və şəhərin
simasına yenilik kimi (əslində qədimliyin bərpası
kimi) əlavə edilirdi. Binaların üzə
çıxarılmış qədim bişmiş
qırmızı kərpicli hörgüləri, sanki dil
açıb insanlarla söhbət edirdi, qədim tarixdən
danışırdı.
Bu arxitektura bumuyla yanaşı, Həsən müəllim
dövlət idarəçiliyində də yeniliklər etməyə
başladı. Partiya-siyasi işə, ideoloji sahəyə
açıqlıq, aşkarlıq və o dövr
üçün hələ qəbul edilməyən, yaxud
heç kəsə məlum olmayan demokratik prinsiplər gətirdi.
İşçilərinə, partiya-sovet nomenkulaturasına fəaliyyət
sərbəstliyi, təşəbbüskarlıq, ifadə və
iradə azadlığı tanıyan birinci katib az müddətdə
rəhbər partiya aparatı sırasında işlək və
məhsuldar bir kollektiv formalaşdıra bildi. Mən
özüm bu demokratik ab-havanın şahidi olmuşam. O
vaxtlar prokurorluq orqanı işçilərinin partiya
sıralarına qəbulu nadir hadisə idi. Odur ki, mənim
partiyaya qəbul prosedurum büroda böyük həyəcanla
gözlənilirdi. Həsən müəllimin büronun
gedişində yaratdığı son dərəcə normal
demokratik ab-hava bu həyəcandan əsər-əlamət
qoymadı. Həsən müəllim, işgüzar, məhsuldar,
çevik, hətta yeri gələndə, sərt idarəçilik
üsulu tətbiq edirdi. Amma idarəçilikdə onun
demokratik üslubu da hər an öz sözünü deyirdi.
Gəncədə işlədiyi az müddət ərzində
illərin yaddaşına hopmuş işlərə imza atdı.
Coşqun, sürəkli, yaradıcı fəaliyyəti məhdud
zaman kəsiyində həm şəhərin simasında, həm
də idarəçilik və ictimai-siyasi sferada öz
sözünü dedi. Ondan sonrakı rəhbərlər
qoyulmuş bu qayda-qanunları, bu ənənəni dəyişə
bilmədilər. Əksinə, inersiya ilə bu qaydalar idarəçilikdə
davam etdirildi. Həsən müəllimin idarəçilik
üslubu Gəncənin qədim ənənələri ilə
mayalanmış yeni baxış kimi öz simasını uzun
müddət yaşatdı.
Həsən müəllim partiya orqanlarında işlədiyi
müxtəlif ali vəzifələrdə həmişə təşəbbüskarlığı
ilə seçilmiş, rəhbərlik etdiyi sahələrə
yeniliklərlə imza atmışdır. Azərbaycan KP
MK-nın ideoloji məsələlər üzrə katibi,
Nazirlər Kabinetinin sədri, BMT-nin Azərbaycan üzrə
nümayəndəsi, müstəqil Azərbaycanın xarici
işlər naziri və s. vəzifələrdə işlədiyi
dövrdə həmişə təşəbbüskar,
yenilikçi, işgüzar keyfiyyətləri ilə yadda
qalmışdır.
Tale belə gətirdi ki, biz Mərkəzi Komitədə
də bir müddət eyni iş prosesini bölüşməli
olduq. Həmin Həsən müəllim idi. Təşəbbüskar,
işgüzar, qaynar, bir an belə, sakit dayanmayan dinamik insan. Mərkəzi
Komitənin standart tələbləri çərçivəsində
belə, o, öz orijinal fəaliyyətini davam etdirir, yeniliklərlə
partiyanın donuq və statik tələblərinə də
yeniliklər qatırdı.
Həsən müəllim sovet dövrünün
yetişdirməsidir. Bu dövrdə də daim partiya işində
yüksək vəzifələrdə işləmişdir.
Onun birdən-birə xarici işlər naziri kimi yüksək
posta gətirilərək gənc dövlətin mühüm
strukturunun, xarici siyasət sahəsinin ona
tapşırılması gözlənilməz olsa da, az
müddət keçəndən sonra təsadüfi
olmadığı üzə çıxdı. O, ilk gündən
professional diplomat, xarici siyasəti layiqincə idarə edən
səriştəli siyasətçi kimi özünü
göstərdi. Bu vəzifədə Həsən müəllim
daim polemikaya hazır, diskussiyaya açıq tendesiyası ilə
həmkarları və opponentləri arasında çox
böyük nüfuz qazandı. Siyasətdə səmimiyyət
olmur, - deyirlər. Məsələ burasındadır ki, Həsən
müəllimin diplomatiyası, siyasəti də səmimiyyət
üzərində qurulmuşdu. Hamıya açıq olan bu
adam elə açıqlığı və səmimiyyətilə
də udurdu. Həsən müəllimin xarici siyasətdəki
fəaliyyəti Ulu öndərimiz Heydər Əliyevin kəşfi
idi. Uzun müddət Ulu öndərimizin rəhbərliyi
altında fəaliyyət göstərmiş Həsən Həsənov
bütün yaradıcı keyfiyyətləri ilə böyük
rəhbərə yaxşı tanış idi. Məhz, Həsən
Həsənovun diplomatik səriştəsi də Ulu öndərin
nəzər-diqqətini təsadüfən çəkməmişdi.
Həsən müəllim uzun illər ayrı-ayrı
ölkələrdə səfir işləyərkən də
bu səmimiyyətlə siyasətdə udmuşdur. Onun siyasi qələbələri
coşqun ruhi vəziyyətindən, kəskin əqli
yetkinliyindən süzülüb gəlirdi. Bu iki tandem onun
siyasi qələbələrinin kökündə
dayanırdı.
Filosoflardan biri deyib ki, ali hakimiyyətə yalnız o
şəxs nail olur ki, bütün canlılarda
özünü və bütün canlıları
özündə görür. Bu vəhdət Həsən Həsənova
çox yaraşır. O, işlədiyi bütün vəzifələrdə
xalq adamı olub, özünü camaatdan, eldən-obadan, sadə
insanlardan ayrı tutmayıb. İnsancanlılığı,
ünsiyyətcilliyi, yanımlılığı onu həmişə
xalqa, insanlara yaxın edib. Açıqlığı,
ünsiyyət mədəniyyəti, mühasibliyə meyilliyi
onu daim kütlənin sevimlisinə çevirib.
Həsən Əziz oğlu bu gün təqaüddədir.
Amma bu təqaüd sözü çox şərtidir. Həsən
müəllim yaşının bu çağında gənclik
həvəsindən də çox çalışır desək,
yanılmarıq. Onun gecə-gündüz fasiləsiz, permanent
fəaliyyəti, tarix elmləri doktoru kimi tədqiqatları
haqqında düşünəndə bu enerjiyə, bu
qarşısıalınmaz potensiala heyran olmaya bilmirsən. Azərbaycan
və dünya tarixinin açılmamış səhifələri
bu gün Həsən müəllimin tədqiqat obyekti kimi
ictimaiyyətin halal malına çevrilir. Azərbaycan tarixinin
uzaq keçmişlərin kölgəsində unudulub
qalmış mübahisəli məqamları Həsən
müəllimin yaradıcı tədqiqatlarında həqiqi
akademik qiymətini almaqdadır. Atropatenadan tutmuş
Suraxanı od məbədinə qədər polemika doğuran
bir sıra tarixi faktlar onun intellekti işığında yeni,
orijinal təhlilini tapır, doğru-düzgün
fokuslanır.
Böyük rus yazıçısı K.Paustovskinin qəhrəmanlarından
biri deyir ki, adam gərək özü üçün təzə
daxma kimi yaxşı, işıqlı həyat qursun. Həsən
Əziz oğlu öz əməlləri, ləyaqəti, şəxsiyyəti,
ömür payı ilə belə bir işıqlı həyatı
qurub. Bu həyatın simptomplarını formulə eləsək,
əsas bu sözlərin üzərində dayanmış
olarıq: səmimiyyət və cəsarət. O, öz səmimiyyəti
ilə işıqlı həyatını qurub, cəsarətilə
bu işığa doğru daim, durmadan irəliləyib. Yolun,
ömrün daim işıqlı olsun, Həsən müəllim!
Yusif İLDIRIMZADƏ
525-ci qəzet .- 2025.- 11 iyul (№119).- S.10.