Qadınlar həyatı bəzədiyi
kimi, tarixdə də fərqlənmişlər
(Əvvəli ötən şənbə
sayımızda)
Tarixi bəzəyən qadınlar
Tarixdə elə bir cəmiyyət mövcud
olmamışdır ki, orada qadınlar öz ləyaqətləri
və cəsarətləri ilə heyranlıq, qürur mənbəyinə
çevrilməsinlər. Salnamələrdə onların zəhməti, qabiliyyəti
az xatırlansa da, qadınlar tarixi inkişafa öz töhfələrini
vermişlər. Onlar müxtəlif rollarda
çıxış etsələr də, mühüm hadisələrdə
ən azı orkestrdəki birinci skripka rolunu oynamışlar.
Qadınlar arasında Misir faraonuna, Massaget
çariçasına,
Çin imperatriçəsinə, Fransa milli qəhrəmanına,
Amerikanın kəşfinə yol açan ispan
kraliçasına, Rusiya imperiyasını xeyli
böyütmüş çariçaya, İngiltərəyə
sənayenin və mədəniyyətin inkişafı
dövrünü bəxş etmiş kraliçaya rast gəlmək
mümkündür. Onlar taxt-tac sahibi, hərbi lider kimi
şöhrət tapmış tarixi şəxsiyyətlərdən
bəhs edən kitabların səhifələrinə
daxil olmağı da bacarmışlar.
Lakin qadınlar arasında elm və incəsənət
sahəsində məşhurlaşanlar da heç də az
deyildir. Təkcə XX əsrin əvvəlində
fizika və kimya elmləri sahəsində fərqlənməklə,
iki dəfə Nobel mükafatına layiq görülən
Mariya Küri-Skladovskayanı və onun davamçısı
olan qızı, Nobel mükafatı laureatı İren
Kürini misal göstərmək kifayətdir. Həmin əsrdə
böyük şöhrətə çatmış kino
ulduzları sayılan aktrisalar da öz istedadları
hesabına milyonlarla ürəkləri fəth etmişlər.
İngilis Viviyen Li, Niderland mənşəli Odri Höpbern,
hindistanlı Nərgiz, amerikan Elizabet Teylor, italyan Sofi Loren
yaratdıqları obrazlar vasitəsi ilə taxt-tac sahiblərindən
daha böyük şöhrətə yiyələnmişdilər.
Onların milli mənsubluğunu göstərmək də bəlkə
düzgün deyildir, çünki onlar ekranlardan həyata
addımlamaqla, bütün dünyadakı
sarsız-hesabsız pərəstişkarlarının qəlbinə
yol tapa bilmiş, onlara insan taleyinin çətinliklərindən
söhbət açmaqla, üzləşdikləri problemlərə
tabe olmamaq dərsi keçmişlər. Viviyen Linin ekranda
yaratdığı gənc qız Amerikada Vətəndaş
müharibəsinə qədər Cənubun bir ştatında
şən, qayğısız həyat sürmüş, sonra
sərt küləyin xoş olan nə varsa hamısını
sovurduğuna bənzəyən çox sayda bədbəxtliklərlə
üzləşsə də, təslim olmamış,
torpağa bağlılığı onun ruhunun canlanmasına
səbəb olmuşdu. Odri Höpbern bəlkə də həyatda
mövcud olmayan şahzadə obrazında, gənc qızın
qısa müddətdə Romada kanikulunu keçirdiyi vaxt az
qala platonik xarakter daşıyan məhəbbət hisslərinə
baş vurmasını, Nərgiz varlı
atalığının himayəsində böyüsə də,
toxunulmazlar sayılan və cəmiyyətin iyrənc
münasibət bəslədiyi təbəqənin nümayəndəsinə,
onlar həm də Hindistanda avara adlanırlar, vurulmaqla, onu
böyüdən insana qarşı ittihamla
çıxış etməsi ilə, Elizabet Teylor sonuncu Misir
çariçasının obrazında vətəninə və
məhəbbətinə özünü qurban verməsini təsvir
etməklə, Sofi Loren məhəbbət naminə
övladını qətlə yetirən ana obrazında,
sevgilisinə bəslədiyi hisslərin daha qüvvətli
olmasını göstərməklə, bütöv nəsillərə
insan həyatının müxtəlif, bəzən gizli qalan
cəhətlərini açıb göstərə bilmiş,
öz istedadları ilə XX əsr
tamaşaçısının dünyasını fəth etməyi
bacarmışdılar. Hansı taxt-tac sahibi öz ölkəsinin
sərhədlərindən kənara çıxıb,
bütün dünyanı, əksər bəşəriyyəti
heyran etməyi bacarmışdır. Bu kino ulduzları isə
öz ecazkar sənətləri ilə əsl qloballaşma əhval-ruhiyyəsi
yaymış, onlara tanış olmayan xalqlara məxsus
insanların da könlünə yol tapa bilmişdilər.
Qadın aktrisaları öz istedadları ilə əslində
fərqli bir sivilizasiya meydana gətirmişlər, bu
sivilizasiya başqa inkişaf cəhətləri ilə
öyünə bilməsə də, onun zərif və məhəbbət
aşılayan nümayəndələri başqalarına xas
olmayan qaydada qeyri-adi bir sərkərdəlik, əsl
döyüşçülük qabiliyyəti göstərməklə,
heç bir silahın gücü çatmadığına
nail olaraq, könülləri xoş məramla işğal etməyi
bacarmışlar.
Onlardan bəziləri heç də gözəllikdə
Titsianın "Urbinalı Venerasına" bənzəmirlər,
lakin öz sənət ecazkarlıqları ilə gözəllik
simvoluna çevrilmiş, məhəbbətə əsl himn bəstələmişlər.
XX əsrin 1940-cı illəri ərəfəsindən meydana
gələn görkəmli kino əsərləri, onların
da parlaq istedadları hesabına dahi yazıçıların
və şairlərin yaratdıqları incilərlə
müqayisə edilmək səviyyəsindədir. Bu kino
aktrisaları nə ərazilər tutmuş, nə şəhərlər
işğal etmiş, nə xalqları köləliyə
salmağa cəhd etmişlər. Lakin onlar heç bir qalib sərkərdənin
bacarmadığını həyata keçirə bilmiş,
az qala bütün sivilizasiyalanmış dünyada yaşayan
milyardlara insan könüllərini heç də müharibə
dağıntılarına məruz qoymamış, əksinə,
onları dərin hisslər zəminində və notlarında
sazlamağı bacarmışdılar. Mövcud bəzi nadir
istisnalarla yanaşı, onların heç birinə heykəl
qoyulmamışdır, axı onların buna ehtiyacları da
yoxdur, çünki öz ecazkar vurğunluq mənbəyi
sayılan sənətləri ilə özlərini canlı
abidəyə çevirməyi bacarmışdılar. Ona
görə də tarixdə şöhrət tapmış
görkəmli qadınlarla birlikdə, onları da ehtiramla yad
etmək, insan qəlbi adlanan labirintdə öz sənətləri
ilə Ariadna sapı rolunu oynamaqla, könül ziddiyyətlərindən
xilas yolu göstərdiklərinə görə bu canlı mələklərə
nəinki baş əymək, hətta təzim etmək
lazımdır. Onlar insanlığa böyük xidmətlərinə
görə nəciblik simvollarına çevrilmişlər və
əvvəlki iki-üç nəsilin sevgisi miqyasında, bəşəriyyətin
gələcək davamı tərəfindən də, onlara
öz böyük duyğu töhfələrinin qiyməti
kimi layiq olduqları hörmət və məhəbbət bəslənməlidir.
Hatsepşut - Misirin qadın faraonu
Hatsepşut qadın faraon olmaqla, b.e.ə. 1525-ci ildən
1503-cü il kimi taxt-tac sahibi tək Qədim Misirin Yeni
çarlığında XIII sülaləyə məxsus
olmuşdur. Onun adı "nəcib qadınların qabaqda gedəni"
mənasanı verirdi. Taxt-taca çıxanda adını dəyişdirməmişdi,
lakin mənbələr onu Maatkara kimi qələmə verir. O,
həmçinin "Çarın böyük arvadı"
və "Allah Ammonun xanımı" titullarını
daşıyırdı.
Hatsepşut taxt-taca b.e.ə. 1525-ci ildə
çıxmışdı. Onun nəsil şəcərəsi
saf idi, çarın qızı, bacısı və arvadı
olmuşdu. Dini anlayışda Hatsepşut tam hüquqla
"Allah Ammonun arvadı" adlana bilərdi.
Hatsepşut, iki yaşında olarkən taxt-taca
çıxmış II Tutmosla sonralar birgə
hökmranlıq etmişdi. O, III Tutmosun atası olan II Tutmosun əsas
arvadı idi. Baxmayaraq ki, Tutmos adı bizə daha çox faraon
Exnatonun arvadı Nefertitinin gözəl portretini
yaratmış heykəltaraşa görə tanış idi.
Misirşünaslar Hatsepşutu ən uğurlu
qadın faraonlardan biri hesab edirlər. Bir ingilis tarixçisi hətta
onu "bizə məlum olan tarixdə ilk böyük
qadın" adlandırmışdı.
Faktiki olaraq, o, azyaşlı uşaq olan II Tutmosu
hakimiyyətdən kənarlaşdırıb, özünü
faraon elan etdi. Hiksosların öz ölkəsinə
basqınından sonra o, Misirin bərpası işlərini
yekunlaşdıra bildi. Bütün ölkədə
çoxlu abidələr yaratdı. Ona görə də o, II
Ramses və VI Kleopatra kimi ən məşhur hökmdar
sayılır.
Hatsepşut faraon I Tutmosun birinci arvadından olan yeganə
övladı idi. II Tutmos isə I Tutmosun ikinci arvadından olan
oğlu idi. II Tutmosun Nifura adlı bir qızı
doğulmuşdu, sonralar onun uşağı
olmamışdı. III Tutmos isə II Tutmosun ikinci
arvadından olan oğlu olmaqla, ölən Hatsepşutu
taxt-tacda əvəz etdi.
Hatsepşut 22 il ərzində hökmranlıq
etmişdi. Bu dövr b.e.ə. 1525-1503-cü illər kimi, bəzən
isə 1504-1482-ci illər kimi göstərilir. Atası öləndən
sonra Hatsepşut, qəddar və zəif hökmdar olan, cəmi
dörd il ərzində hökmranlıq etmiş öz
qardaşı, II Tutmosa ərə getmişdi. Beləliklə,
çar sülaləsinin vərəsəliyi
saxlanmışdı. Çünki qadın təmiz çar
qanına malik idi. Faraon olmamışdan əvvəl də,
atasının və ərinin hakimiyyətləri
dövründə xeyli təsir gücünə yiyələnərək,
o, real hakimiyyəti öz əlində cəmləşdirməyi
bacarmışdı. Az yaşlı faraon hakimiyyətdən kənarlaşdırıldıqda,
Hatsepşut taxt-taca sahib olmuşdu. Onu bu vaxt təhsil
görmüş kahinlər və kübarlar müdafiə
etmişdilər. Məşuqunun da bu işdə fəal
iştirakı heç də az rol oynamamışdı.
Taxt-taca çıxması ilə Hatsepşut faraon
adlanmaqla, Ammon-Ranın qızı kimi qəbul olunmuşdu. Belə
rəvayət uydurulmuşdu ki, guya Göylərdən enən
Ammon onun anası ilə fiziki yaxınlıq etmiş və hələ
atasının sağlığında bu əlaqədən
Misir taxt-tacının varisi kimi seçilən Hatsepşut
doğulmuşdu. Onun ilahi mənşəyi barədəki rəvayət,
rəsmi təbliğatda Hatsepşutun taxt-tacda olmasına haqq
qazandırmaq üçün geniş istifadə olunmuşdu.
Farpaon titulunu qəbul edən Hatsepşut heykəltaraşlıq
portretlərində başını papaqla örtmüş
qaydada və süni qoyulan saqqalda təsvir edilirdi. Lakin o,
qadın olmasından nəinki imtina etmişdi, hətta
özünü qadınların ən gözəli hesab
edirdi. Buna görə də çar titulu kimi kişilərə
məxsus "Qüdrətli öküz" adından imtina
etmişdi. Axı Misirdə faraon, allah Xorun təcəssümü
sayıldığından, yalnız kişi cinsindən
olmalı idi.
Hatsepşutun hakimiyyəti Misirin görünməmiş
çiçəklənməsi və yüksəlməsi ilə
əlamətdar oldu. Bütün fəaliyyət sahələri
ilə yanaşı, o, hər şeydən əvvəl qurucu
faraon idi. O, atasından qalmış kompleksin mərkəzindəki
Karnak məbədində çoxlu yeni tikintilər inşa
etmişdi. Burada "Qırmızı müqəddəs məkan"
abidəsi ucaldıldı. Tikinti qırmızı və qara
qranitdən hörülmüşdü. Karnakda həm də
çariçanın göstərişi ilə dörd nəhəng
obelisk ucaldılmışdı. Onlardan biri, piramidalar istisna
olunmaqla, Misirdəki bütün tikililərdən daha
hündür idi.
Hatsepşutun ən məşhur arxitektura abidəsi
Deyr-əl-Bəxridəki məbəddir. Onun tikintisi doqquz il
çəkmişdi. Deyr-əl-Bəxridəki məbədin
üzərindəki unikal relyeflər böyük ustalıqla
işlənmişdi.
Hatsepşut tikinti-abadlıq işlərinə
xüsusi diqqət verirdi, təkcə Fivada deyil, bütün
ölkə ərazisimdə inqilab xarakterli fəal işlər
aparmışdı. Onun hakimiyyəti dövründə Misir
iqtisadi cəhətdən də inkişaf etmişdi. O, beş
gəmidən ibarət donanma ilə Punt ölkəsinə
(indiki Somali yarımadasına) yürüş etmişdi, bu
ölkə mirra ağacının əsas
ixracçısı idi. Buradan həm də qara ağac və
buxur idxal edilirdi. O, həmçinin Nubiya səhrasına da
yürüş etmiş, Sinay yarımadasına və Finikiya
sahillərinə nəzarət etmişdi.
Hatsepşut hakimiyyətinin 22-ci ilində vəfat
etmişdi. Güman edilir ki, o, qoca yaşına çatmadan həyatdan
getdiyinə görə, zorakı ölüm hadisəsi də
baş verə bilərdi. Lakin onun ölümünün səbəbinin
kosmetik vasitə kimi istifadə etdiyi maddədə xərçəng
xəstəliyi əmələ gətirən inqrediyentin
olması da mümkün bir variant kimi qəbul edilir.
Uzun müddət Hatsepşutun qeyri-adi faraon olması,
elm aləminə məlum deyildi. Lakin aparılan tədqiqatlar
onun həyat yolunu öyrənməyə kömək etdi və
onun şəxsiyyətinə böyük maraq yarandı. Hətta
güman edilir ki, Bibliyada təsvir olunan tək, Moiseyi körpə
vaxtı çayda üzən səbətdən tutub
çıxaran və həmin uşağı tərbiyə
edən Misir hökmdarı da, məhz Hatsepşut olmuşdur.
Beləliklə, bu qadın faraon, yəhudilərə Moisey
kimi bir peyğəmbər bəxş etmişdi.
Marağın böyüməsi nəticəsində
Qərbdə Hatsepşut obrazı ağıllı və
böyük fəaliyyət sahibi olan bir hökmdar kimi qəbul
edilməklə, ondan populyar mədəniyyət elementi kimi
istifadə edilməyə başlanmışdı.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 12 iyul(№120).-S.22.