Qanlı
gedişatı dəyişən padşah: Sultan Əhməd
Sultan Əhməd türbəsi
Tarixdə sayğı duyulacaq o qədər şəxsiyyətlər
var ki... Aradabir bəzilərinin məzarına baş çəkməyi,
onları yatdıqları yerdə ziyarət etməyi
özümə borc bilirəm. Axıdılan qanların dayandırılması,
insanların bilərək, istəyərək
öldürülməsini əngəlləyən, yaşatmaqdan
və yaşamaqdan yana atılan bütün addımlar, verilən
bütün qərarlar hörmətə layiqdir. Üstündən
istər yüz il keçsin, istər min il... Həmin şəxslərdən
biri də Osmanlı padşahlarından olan Sultan Əhməddir.
Çoxdan məzarını ziyarət etmək istəyirdim,
ancaq bu günlərə təsadüf etdi. Sultan Əhməd
elə Sultan Əhməd meydanındakı öz adını
daşıyan türbədə yatır. Külliyyə
parçası olaraq inşa edilən türbə, meydanın
cənubunda yerləşir. Abidənin memarı Mehmed
Ağadır. 1609-cu ildə təməli atılan Sultan
Əhməd külliyyəsinin bir parçası olaraq
inşasına başlanır, Sultan Əhmədin
ölümündən üç il sonra 1620-ci ildə
tamamlanır. Külliyyənin ilk tamamlanan hissəsi məscid,
hökmdar qəsri, atrium və "arasta" dedikləri ticarət
üçün dəhlizdir. Ən axıra saxlananlar isə
Darülşəfa, mədrəsə və bu türbə
olub.
Abidənin eyvan qismi portiklə əhatələnib,
dördbucaq plan əsasında tikilib. Öndə dörd,
arxada iki sütunun daşıdığı üç kəmərli
tağın orta hissəsi aynalı tağlarla, yan hissələr
isə qübbə ilə örtülüdür. Ön cəbhə
boyunca uzanan revakın (eyvan) divarından, III Mehmed türbəsinin
yanına qədər olan qapılar sədəf və
fildişi ilə bəzədilib. Türbənin Qərb
yönündəki çıxıntıda isə ayrı
bölmə mövcuddur. Türbəyə eyvanın
ortasındakı qapıdan giriş edilir. Türbənin eni və
uzunluğu on beş metrdir. İçəri üç
sıralı, fərqli ölçülərdə
ümumilikdə 52 pəncərə ilə aydınlanır.
Divarların alt qisimləri çinilərlə
örtülüdür. Taxta qapılı alt pəncərələrin
üstündə ikinci və üçüncü pəncərə
sıraları mövcuddur. İkinci sıradakı pəncərələrin
ölçüsü üçüncü sıradakı pəncərələrdən
daha kiçik asimmetriyaya sahibdir. Müxtəlif rənglərdən
ibarət vitraylı pəncərələr abidənin
görkəminə xüsusi dinamika qatır. Şərq
yönündə yerləşən sərt kəmərli
tağlar məhvil balkon şəklində çölə
doğru çıxıntılıdır. Türbənin
içində otuz altı nəfər yatır. Bunlar Osmanlı
imperatorları Sultan Əhməd, Sultan Osman, Sultan Murad, Kösəm
Validə Sultan, onların və Sultan İbrahimin
uşaqlarıdır.
Naxışlar
Türbənin içi çini və qələm
işi bəzəklərlə birlikdə daş və taxta
işçiliyi ilə yaradılan kompozisiyalar
baxımından olduqca zəngin bəzəyə sahibdir. Divar
örtüklərinin alt qismləri çini ilə
örtülüb. Ətrafı qələm ilə bəzənib.
Pəncərə, pəncərənin taxtadan olan
qapıları, qapı xüsusi incəliklə işlənib.
Çinilər
Türbə çini bəzək baxımından
olduqca zəngindir. Daxildə, giriş qisimlərdə, yan
divarlarda daha çox görmək olar. Alt sırada mövcud
olan pəncərə və dolab aralarındakı divar səthləri
dövrün zərif çiniləri ilə
örtülüdür. Bu səthlərdə ağ, firuzə,
yaşıl, mavi, qırmızı gülləri,
narçiçəklərini, yarpaq işləmələrini
görmək olar. Aşağı pəncərələrlə
ikinci sıradakı pəncərələr arasındakı səth,
göy çini örtük üzərində ağ hərflərlə
yazılmış ayətlərlə əhatələnib. Ayətlərin
bitişi al qırmızı rənglərlə tamamlanıb.
Giriş qismində şimal yönündə xəncərvari
yarpaqlar, kənarlarında isə düyünlər işlənib.
Künclərdə rumi kompozisiyası diqqət çəkir.
Rumilər yaşıl örtük üzərində ağ rəngli
motivlərlə bir-birinə bağlanmaqdadır. Divarlardan
birində qərənfil və bənzər çiçəklər
gül qabında təsvir edilib. İri yaşıl yarpaqlar
xeyli diqqət çəkir. Baxan kimi görürsən ki,
divarlardakı tək bir nöqtənin belə dərin mənası
var. Bütün bəzəklərin olduğu divarların
künclərində rumi kompozisiyasının təkrarını
görmək mümkündür.
Taxta işləmələr
Taxta işləmələr də göz
oxşayır. Pəncərə qanadları, dolab
qapıları və içəriyə girişi olan
bütün qapılarda işləmələr dərhal nəzərə
çarpır. Pəncərə qapaqları üç hissəlidir.
Hamısında eyni kompozisiyalar təkrarlanıb. Dolab
qapaqları da pəncərə qanadları kimi kündəvari
texnika ilə işlənib. Qapı qanadları olduqca sərt
materiala aid abanoz ağacından düzəldilib.
Daşın ruhu, qələm işi
Daş bəzəklər qapı boşluğu, tavan və
mehrablarda mərmər materialdan istifadə edilib. Qapı
tavanı boşluğunda, rumi və xətai tərzi işləmələr
eyni anda istifadə edilib. Mehrablarda isə müqərnanın
altında kitabə yerləşir. Kitabənin döşəməsi
yaşıl rəngdə olub üzərində
qızılı işləmələr görülür.
Türbə çiniləri qədər qələm
bəzəkləriylə də gözoxşayır. Qələm
işi, üst pəncərələrin ara səthləri ilə
kəmərlər, kürə qismi, qübbə içində
işlənib. Mavi rəngin çox istifadə edildiyi bu motivlər
arasında qərənfil, naçiçəyi, lalə və
rumilər diqqət çəkir. Qübbə olduqca sadədir.
Mərkəz qismində ərəb əlifbası ilə ayətlər
yazılıb. Yan tərəflərdə qələmlə
işlənmiş naxışlar getdikcə artır.
Osmanlının ən gənc padşahı
Türbəyə getməyimin məqsədi Sultan
Əhmədi ziyarət etməkdi. Sultan Əhmədə sevgim
və sayğım böyükdür. Çünki o, bir
neçə əsr davam edən qardaş qətli qanununu ləğv
edəcək qədər böyük şəxsiyyət idi.
Bu gün oturub o dönəmə nəzər salanda, 13
yaşlı bir yeniyetmənin belə bir qərarı verəcək
qədər dərin, uzaqgörən, olğun olmağı
insanı təəccübləndirir. Atası III Mehmetin
ölümündən sonra I Sultan Əhməd taxta
keçir. Hər kəs atasının cənazə namazı
üçün Ayasofyaya axın edərkən, o taxtında
oturub dərin düşüncələrə dalır.
Hamı yeni padşahın dəfn mərasiminə
qatılmağını gözləyir. Hətta
Şeyxülislam hüzuruna çıxır, dəfnə
qatılmağının gərəkliliyini xatırladır.
Fikirli halda oturan gənc Sultan deyir ki, "Bu gün otura bilmədiyi
taxta sahib olmaq üçün 19 qardaşını və bir
oğlunu öldürən adam atam da olsa, qatildir. Mən
qatilin cənazə namazını qılmaram,
çıxın gedib özünüz qılın". 19
qardaşın içində südəmər körpələr
də vardı. Körpələri boğduranda biraz əvvəl
əmdikləri süd ağızlarından
axmışdı. Atasının sarayda törətdiyi bu qətliam
onu dərdindən sarsıtmışdı. O dərəcədə
ki, qanunları dəyişdi. I Muradın padşah olduğu
dönəmdə şahzadə Xəlil və İbrahimin
boğdurulmağı ilə başlayan və Fateh Sultan
Mehmedin padşahlıq dönəmində qanuniləşən
qardaş qatili qanunu ləğv edildi. Yerinə, əkbər və
ərşad olaraq bilinən ailə içindən
ağlı başında olan ən böyük oğulun taxta
keçməsi sistemi quruldu. Qeyd edim ki, Əhməd Osmanlı
İmperatorluğunun sancaqbəyliyinə getmədən taxta
çıxan ən gənc sultandır. On dörd illik hakimiyyəti
boyu bir dəfə də olsun səfərə
çıxmır. 27 yaşında tifus xəstəliyindən
vəfat edir.
Kösəm Sultanın şahmat kimi siyasəti
Sultan Əhmədin yanında məzarı olan və mənim
də diqqətimi çəkən digər şəxslərdən
biri isə Kösəm Sultan oldu. Sultan Əhmədin həyat
yoldaşı idi. Osmanlının ən təhlükəli
qadınlarından hesab olunur. Doğrudur, ərinin hakimiyyəti
illərində içindəki canavarı üzə çıxara
bilmirdi. Ancaq padşahın ölümündən sonra hər
şey dəyişir. Əvvəlcə 27 yaşlı Kösəm
anidən saraydan uzaqlaşdırılır. Amma elə olur ki,
oğlu IV Muradın taxta oturmağı ilə yenidən saraya
qayıdır. Bu, onun üçün yarım əsrlik
fürsət olur. Belə ki, az yaşlı Muradın yerinə
ölkəni özü idarə etməyə başlayır.
Rüşvət çarxından gələn sərvət,
nüfuzundan istifadə edərək satışa
çıxardığı vəzifələr sayəsində
pula pul demirdi. Ölkə idarəçiliyində
ağaların gücünü bildiyi üçün
onları yanına çəkirdi. IV Muradı oğlanlarla əlaqəyə
cəlb edərək onu Hərəmdən uzaq tutmağa
çalışırdı. Əgər Murad hərəmə
əl atsa, ifşa olacağını bilirdi. Bir tərəfdən
də xanədan soyunun davamı gəlməliydi. Ona görə
də, digər oğlu I İbrahimi cariyələrlə məşğul
edirdi. Ölkəni şahmat kimi idarə edirdi, sırf öz
gücünə bir neçə xalq üsyanını dəf
etmiş, imperatorluğu bir neçə təhlükədən
qurtarmışdı. IV Murad iki qardaşını ona maneə
yaratmamağı üçün öldürməyə qərar
verəndə, Kösəm buna göz yummuş, müdaxilə
etməmişdi. Digər oğlu İbrahimi isə "dəli
olub" deyərək onu işə yaramaz kimi göstərməklə
Muradın qəzəbindən uzaq tutmağı
bacarmışdı. İbrahim onun ehtiyatda saxladığı
proyekti idi. Elə də oldu. Muradın ölümündən
sonra taxta İbrahimi keçirir. Lakin "Dəli" ləqəbi
ilə nam salan İbrahim tezliklə anasının kontrolundan
çıxır, Kösəm Sultan gücünü itirir.
İbrahimin dönəmində ölkə
çalxantılı günlərdən keçməyə
başlayır. Daha sonra vəziyət elə gətirir ki,
İbrahimin öldürülməsi gündəmə gəlir,
təklifi də Kösəmə edirlər, o da buna etiraz
etmir. Necə olsa, taxta nəvəsi keçəcək, ölkəni
idarə etmək yenə ona qalacaqdı. Belə də olur,
taxt IV Mehmetə keçir. Ancaq tezliklə Kösəm yenə
arxa plana düşür, çünki IV Mehmetin anası
Kösəmə imkan vermir. Qadın bu dəfə də nəvəsini
öldürtmək istəyir. Lakin ova gedərkən
özü ovlanır. Gəlin qayınana arasındakı
savaş, Kösəmin ölümü ilə sonlanır.
Əvvəlcə döyürlər, qulağını
cırıb zinətlərini qopardırlar.
Öldüyünü sanıb aparıb uzaq atırlar. Ancaq
yaşadığını görürlər. Bu dəfə
də elə öz saçı ilə boğub
öldürürlər. Yarım əsr ölkəni idarə
edən qadının ölümündən sonra 14 min
insanın ac qaldığı deyilir. İqtidar belədir də,
kim olursan ol, dadı damağına dəydimi, əl çəkə
bilmirsən. Daha artığın və əbədiyyən
sürməyini istəyirsən. Hər kəsə və hər
şeyə rəğmən. Yeri gəlir öz qanından,
canından olanları da gözün görmür.
Yeri gəlmişkən, ötən saylarımızda
bəhs etdiyim, təcavüz edilərək öldürülən
Sultan Gənc Osmanın məzarı da buradadır. Həm
memarlıq, həm də Sultan Əhmədi yad etmək
üçün görülməyə dəyər yerlərdəndir.
Türkan TURAN
525-ci qəzet .- 2025.- 12 iyul(№120).-S.19.