Səhnənin səssiz
gülüşü
VƏ YA MÖYLƏ MİRZƏLİYEVİN
YADDAŞLARDA QALAN ÖMRÜ
Hər teatrın özünəməxsus nəfəsi,
ruhu, zaman içində qazanılmış səssiz qəhrəmanları
olur. Onların adları nə afişalarda ən ön
sırada yazılır, nə də özləri qalmaqallı
çıxışlarla gündəmə gəlirlər.
Heç adları qulaqbatıran titullar, təltiflər
paylananda da çox zaman yada düşmürlər. Amma səhnə
pərdəsi aralandıqda, zalın işığı
sönüb tamaşa başlayanda səhnə həm də o
səssiz qəhrəmanların varlığı, istedadı,
peşəkarlığı ilə canlanır, daha
işıqlı, daha unudulmaz şəkil alır. Haqqında
söhbət açacağımız Möylə Mirzəliyev
də məhz belə sənətkarlardan idi - teatrın səssiz
nəfəsi, görünməyən dayağı, illərlə
səhnədə var olan, amma səsi,
qışqırtılı iddiaları ilə deyil,
istedadı, peşəkarlığı ilə seçilən
aktyor...
Mən Möylə Mirzəliyevi illər əvvəl
Akademik Musiqili Teatrın səhnəsində məşhur
"Toya bir gün qalmış" tamaşası ilə
özüm üçün kəşf etmişdim. Əli Səmədlinin
bu ikihissəli komediyası daha çox baş rolun
ifaçısı Xalq artisti Afaq Bəşirqızıya
görə yadda qalsa da, ümumilikdə aktyor heyəti peşəkar,
sevilən sənətkarlarımızdan ibarət idi. O
cümlədən, Qayınata rolunu böyük məharətlə
ifa edən mərhum aktyor Möylə Mirzəliyev irihəcmli
tamaşanın müəyyən hissəsində rol alsa da,
çevik hərəkətləri, dinamik oyunu və unudulmaz
replikaları ilə yaddaşımda qalmağı
bacarmışdı.
Bundan əvvəl isə onu dəfələrlə
televiziya tamaşalarında izləmək şansım
olmuşdu. Məsələn, onun E.Sabitoğlu və T.Vəliyevanın
məşhur "Bankir adaxlı" tamaşasındakı zərgər
obrazını kim unudar ki?!
Sonralar aktyoru Musiqili Teatrın səhnəsində
çox gördüm, ifalarına şahid oldum və bir daha
özlüyümdə yəqinləşdirdim ki, teatr təkcə
1-2 görünən sima ilə var ola bilməz. Teatrı teatr
edən onun bütövlükdə - ən kiçiyindən ən
böyüyünə qədər - yaradıcı heyəti,
bəzən isə elə o kiçik rolları ilə səhnədə
qısa, yaddaşlarda uzunmüddətli iz qoyan səssiz qəhrəmanlarıdır.
lll
Möylə Mirzəliyev 1959-cu ilin payızında - 24
oktyabrda Qərbi Azərbaycanın Ləmbəli kəndində
dünyaya göz açmışdı.
Uşaqlığı səssiz, sadə, amma müşahidə
ilə dolu keçmişdi. Elə həmin müşahidələr
gələcəkdə onun səhnədə
yaratdığı sadə, təbii, bəzən komik, bəzən
kədərli obrazların əsasını qoyacaqdı. Məktəb
illərində müəllimlərinin diqqətini çəkən
bu uşaqda onu digərlərindən fərqləndirən bir
istedad vardı - özü o istedaddan xəbərsiz olsa da.
Səhnə onun üçün sonradan seçilən
bir yol deyildi. Əslində, o, səhnəni yox, səhnə
özü onu seçmişdi və durmadan özünə
doğru çağırırdı. Tələbəlik illəri
ovaxtkı M.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində keçdi.
1980-ci ildə daxil olduğu "Musiqili komediya aktyoru"
ixtisası Möylənin özünü tapdığı,
var oluş səbəbini anladığı möcüzəvi
yer idi. Universitetdə keçirdiyi illər onun sənətə
olan sevgisini daha da gücləndirdi. Bu illərdəki təhsili,
həm də gələcəkdəki sənət yolunun təməlini
atmağa kömək etdi. O, səsi, bədən dili,
mimikası ilə, sadəcə danışıqla deyil, bircə
baxışla belə obraz qurmağı, müəllimlərinin
ondan tələb etdiyi bütün situasiyaları ən
yüksək şəkildə canlandırmağı
bacarırdı. Onun bu bacarığına illər sonra Azərbaycan
Dövlət Akademik Musiqili Teatrın səhnəsində
yüzlərlə, minlərlə tamaşaçı dəfələrlə
şahid oldu.
Möylə Mirzəliyevin teatr dünyasında ilk
addımları 1985-ci ilə təsadüf edir. O, M.F.Axundov
adına Opera və Balet Teatrında xor artisti olaraq fəaliyyətə
başlayıb. Bu, onun sənət yolunda vacib bir mərhələ
oldu. Çünki o zamanlar səhnə təcrübəsi
olan, amma adını müstəqil şəkildə
tanıtmağa çalışan bir aktyor üçün
bu fürsət çox qiymətli idi. Opera və Balet
Teatrında keçirdiyi illər Möylə Mirzəliyevin səsinin,
ritm hissinin və teatral bacarıqlarının inkişaf etməsi
üçün vacib təcrübə qazanmasına şərait
yaratdı. Xorun kollektiv bütünlüyü onun
üçün yad deyildi, çünki onun tək amalı sənətə
layiqincə qulluq etmək idi, istər fərdi şəkildə,
istərsə də, kollektivlə birlikdə.
Lakin onun üçün əsl sənət
yolları 1992-ci ildən Musiqili Teatrda aktyor kimi fəaliyyətə
başlaması ilə açıldı. Bu dövr, onun
karyerasında ən önəmli mərhələlərdən
biri idi. Burada o, otuz ildən çox fəaliyyət göstərdi
və ömrünün yarıdan çoxunu səhnəyə,
Azərbaycan teatr sənətinə bağışladı. Həmkarları
tərəfindən qeyd edilən ən mühüm
xüsusiyyəti onun səhnəyə olan təvazökar
yanaşması və çoxşaxəli rol
bacarıqları idi. Onun böyük ustalıqla
canlandırdığı onlarla rol var ki, təkcə
teatrın arxivində deyil, eləcə də teatrsevərlərin,
incəsənət həvəskarlarının
yaddaşında yaşayır.
O, ömrü boyunca nə "ulduz" olmaq
üçün çalışdı, nə də səhnəni
şəxsi ambisiyalarına qurban vermək haqda
düşündü. Möylə Mirzəliyev
üçün teatr həyatın davamı idi. Bu həyat nə
qədər realdırsa, səhnədəki obrazları da bir
o qədər gerçək olurdu.
Onun həm komediya, həm də dram janrında
yaratdığı onlarla obraz çox sayda
tamaşaçı tərəfindən sevildi, rəğbət
gördü. "Özümüz bilərik"də Səftər,
"5 manatlıq gəlin"də Nadir, Tahir,
"Qızıl toy"da Rəhim, "Hərənin öz
ulduzu"nda Şöhrət, "Əlin cibində
olsun"da Qəşəm, "Volqalı canan"da Müqəddəsov,
"Aldın payını, çağır
dayını"da Məlik, "Talelər qovuşanda"da
Balaş, "Şəhərdə manyak var"da Dursunsoy,
"İddialı qaraçı"da Estraqon, "Evlənmə"də
Starikov, "Ər və arvad"da Kəblə Qubad, "O
olmasın, bu olsun"da Məşədi Qəzənfər,
"Molla Nəsrəddinin beş arvadı"nda Qulam və
daha neçə obraz onun səhnə həyatının qiymətli
məqamları kimi bu günə qədər də teatrsevərlərin
yaddaşında qalmaqdadır.
M.Mirzəliyevin yaratdığı obrazların bir
ortaq cəhət vardı: səmimilik. Onun ifasında saxta
pafos yox idi, hansısa mimikası, replikası, ya da adicə baxışı,
duruşu ilə gülüş doğurmağı
bacarırdı. Tamaşaçı onun obrazlarında
özünü görürdü, kənddəki bənzərsizlikləri,
şəhərdəki xırda dramatizmləri, ailə
münaqişələrinin yumorlu tərəflərini bir daha
səhnədə kəşf edir və
düşünürdü. Onun oyun tərzi sadə, amma təsirli
idi. Bu təsir isə illərlə unudulmurdu.
Ən maraqlısı budur ki, o, səhnədə bəzən
baş rollarda görünməsə də, əsərin
taleyini həll edən ikinci və ya üçüncü
planlı obrazlarda belə tamaşaya öz damğasını
vurmağı, yaddaşlarda qalmağı yaxşı
bacarırdı. Çünki Möylə Mirzəliyev səhnəyə
"mən bu rolu oynamalıyam" düşüncəsi ilə
deyil, "bu obraz nə demək istəyir?" sualı ilə
çıxırdı. Ona görə də aktyorun hər
çıxışı həm rola, həm də sənətə
olan hörmətinin təcəssümü idi.
Əslində, onun sənətə olan münasibəti
öz insani keyfiyyətləri ilə də sıx
bağlı idi. Uzun illər onunla birgə
çiyin-çiyinə işləyən, bir səhnəni
bölüşən həmkarları deyirlər ki, Möylə
Mirzəliyev heç zaman ön cərgədə dayanmaq,
önə çıxmaq arzusunda olmazdı, özünü
irəli atmağı xoşlamazdı. O, həmkarlarını
hər zaman dəstəkləyir, səhnə arxasında
yaranan çətinlikləri gülüşlə
yüngülləşdirirdi. Aktyor karyerası boyunca heç
vaxt "ulduz" olmaq kimi bir məqsəd güdməyib, əksinə,
sadə və səbrli bir insan olaraq qalmağı seçib.
Onun üçün hər şeydən mühüm olan
oynadığı rol və təqdim olunan tamaşanın
yüksək keyfiyyəti idi.
Möylə Mirzəliyev uşaq tamaşalarında da
eyni həvəslə, şövqlə iştirak edər,
balaca teatrsevərlərin ürəyinə yol tapmağı
bacarardı. "Buratino"
nağıl-tamaşasındakı Karabas Barabas obrazı, uzun
illərdir, uşaqların çox sevdiyi və
unutmadığı obrazlardan biri kimi xatırlanır. O hər
dəfə səhnədə ikən uşaqların
reaksiyasını izləyər, onları qorxutmadan
güldürər, düşündürərdi. Səhnədə
uşaqla uşaq olan aktyor, tamaşaçının
yaşı neçə olursa-olsun, öz obrazını ona ən
yaxşı şəkildə təqdim etməyi yaxşı
bacarardı ki, elə aktyor kimi də, fikrimcə, əsas
üstünlüklərindən biri məhz bu idi.
Nə yazıq ki, ömür daha artığına
imkan vermədi. Bu ilin aprel ayında onlarla obraz qəfildən
yetim qaldı, Azərbaycan incəsənətinin bir
yarpağı da öz budağından ayrılıb
sonsuzluğa qarışdı. Möylə Mirzəliyevin bu qəfil
gedişi təkcə bir teatrın yox, ümumilikdə Azərbaycan
teatr sənətinin, aktyor məktəbinin ağır itkilərindən
biri oldu. Çünki XX əsrin 90-cı illərində
böyük bir məktəb keçərək səhnəyə
qədəm qoyan mərhum sənətkar məhz o aktyor məktəbinin
mahir davamçılarından biri idi.
Əgər bu gün Azərbaycan Musiqili Teatrı
canlı bir yaddaş, zəngin salnamədirsə, Möylə
Mirzəliyev də o yaddaşın, salnamənin səssiz, amma
silinməz bir sətiridir. O, səhnəni özünün təvazökar
məhəbbəti ilə sevən, rolunu reklam etmədən
oynayan, tamaşaçını gülüşə
alışdırmadan düşündürən bir aktyor idi.
İncəsənət tarixində bu cür insanların
sayı heç də çox deyil.
Teatr təkcə səhnədə yaşamır. O həm
də insanların xatirəsində, onu sevənlərin
yaddaşında əbədiyyətə çevrilir. Bəlkə
də aktyorların, ümumən yaradıcı şəxsiyyətlərin
ən böyük şansı da məhz budur: özündən
sonra buraxdıqları izdə yaşamaq, yaratdıqlarında
var olmaq. Bu gün pərdə arxasında onun səsi
eşidilməsə də, səhnədə o yoxdursa da, onun
yaratdığı obrazlar və tamaşaçı
yaddaşında buraxdığı təbəssüm
yaşamaqdadır. Hər bir teatr tamaşasında onun izləri
hələ də hiss olunur. Şübhəsiz ki, Azərbaycan
teatr sənəti var olduqca, bu tarixin önəmli səhifəsində
Möylə Mirzəliyevin də adı yaşayacaq.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 12 iyul(№120).-S.18.