Sarayevo, Sarayevo
Sarayevo... Niyəsini heç özüm də bilmirəm,
ancaq həmişə bu şəhəri görmək istəmişəm.
İllərin arzusundan doğan həvəslə şəhərə
çatar-çatmaz dərhal düşdüm küçələrin
canına. Əvvəlcə, ara məhəllələri xeyli
gəzdim. Məncə, bir şəhərin əsl ruhunu hiss
etmək üçün künc-bucaqdan başlamaq
lazımdır. Mərkəz həmişə hər şey
şeyi olduğu kimi danışmır, bəzən
işıqları ilə səni aldada bilir. Ara küçələri
isə boyamaq lazım gəlmir, şəhərin əsl rəngi
oralarda görünür.
Sarayevo dağlarla əhatələdir. Buranın təbiəti
çox gözəldir. Yol kənarında bitən meyvə
ağaclarının sayı-hesabı yoxdur. Evlərin əksəriyyəti
hündürmərtəbəlidir və rəngli hasarları
göz oxşayır.
Növbələşən məscid və kilsələr
təkcə şəhərin memarlığından yox, həm
də insanları haqqında çox şey deyir. Mənə
isə dinləmək o qədər xoş gəlirdi ki, təxminən,
iki saata yaxın piyada gəzdiyimi belə unutmuşdum. Dolanbac
yollar nəhayət ki, məni gətirib şəhər mərkəzinə
çıxardı. Gün yavaş-yavaş dağların
arxasına çəkilirdi. Mütləq bu mənzərədə
özümə yer etməli idim. Tək səyahət etməyin
yeganə pis tərəfi odur ki, şəkil çəkdirməyə
adamın olmur. Gərək tanımadığın kəslərə
minnətçi düşəsən. Mən də bu minvalla
iki nəfərə yaxınlaşdım. Biri gecikdiyini deyib
yola verdi, digəri isə üzündə xoş təbəssümlə
xeyli şəklimi çəkdi. Beləcə Stefanla
tanış olduq. O, Bosniya və Herseqovina haqqında bilmədiyim
xeyli maraqlı məqamlardan danışdı. Eyni zamanda, mən
də Azərbaycan, Qafqaz haqqında onun suallarını
cavablandırdım. Stefanın 20 yaşı var, musiqi ilə
məşğul olur. Sevgilisi gürcüdür. Ona görə
də, Qafqaz haqqında müəyyən qədər məlumatlıdır
və buralar ona çox maraqlıdır. Bosniya və
Herseqovina da əhali əsasən yerli dildə danışsa
da, ortabab ingiliscə ilə də vəziyyəti idarə etmək
mümkündür. Elə biz də Stefanla ingiliscə
ünsiyyət qurduq. Ancaq o, ara-sıra boşnak dilində ifadələr
işlədirdi. Stefanın atası boşnak, anası isə
serbdir. Bunu öyrənəndən sonra ailəsindəki
atmosfer haqqında ona bir neçə sual verdim. Məsələn,
soruşdum ki, bu torpaqlarda baş verənlər, iki xalq
arasında yaşananlar onun ailəsində hiss olunurmu?
Stefanın cavabı isə belə oldu: "Əlbəttə
ki, xalqlar arasında baş verən savaşlar asanlıqla
unudula bilməz. Ancaq söhbət sıravi ailələrdən
gedirsə, məsələyə başqa prizmadan baxmaq
lazımdır. Çünki hər şey insana görə dəyişir.
Mənim atam müsəlman, anam isə xristiandır. Ailəmdə
dindar adam olmadığı üçün inancla
bağlı məsələlərdə ziddiyyətlər
yaşanmayıb. Sarayevoya Avropanın Qüdsi deyirlər. Bu
şəhərdə atamla anam kimi yüzlərlə ailə
var".
Növbəti günlərdə şəhərdəki
məscid, kilsə, sinaqoqlara baş çəkdim. Gördüklərim
Stefanın sözlərini bir daha təsdiqlədi. Sarayevo
Avropanın Qüdsidir.
Küçədə bir tərəfdə hicablı
xanımlar görürsən, digər tərəfdə isə
boynunda xaç asan adamlar. Hər addımbaşı şərqlə
qərbin vəhdəti hiss olunur, bu da şəhərin ruhuna
xüsusi rəng qatır.
Bosniya və Herseqovina da, o cümlədən Sarayevoda
müxtəlif millətlərin nümayəndələri
yaşasa da, ölkə əhalisi əsasən boşnaklar,
serblər və xorvatlardan ibarətdir.
Sözsüz ki, bu müxtəliflik şəhərə
yalnız gözəlliklər bəxş etməyib. Zaman-zaman
xalqlar arasında yaşanan münaqişələr, xüsusən
də, qanlı-qadalı doxsanıncı illər Sarayevoda dərin,
ağrılı izlər qoyub. Həmin izləri müharibədən
sonra hələ də bərpa olmayan binalarda, tez-tez rast gəlinən
məlumat lövhələrində, hətta mərkəzə
yaxın ərazilərdə belə rastlaşacağın qəbiristanlıqlarda
görmək mümkündür. Sarayevo küçələrində
gəzərkən qırmızı boya ilə işarələnmiş
yerlər diqqətimi çəkdi. Maraqlananda isə məlum
oldu ki, sözügedən işarələr vaxtilə həmin
yerdə insan öldürüldüyünü göstərir.
Çox ağrılı mənzərədir.
Sarayevo tarixi ilə yaxından tanış olmaq
üçün şəhərdə olduğum müddətdə
bacardığım qədər muzeyləri ziyarət etməyə
çalışdım. Onların içərisində isə
"Sarayevo Muzeyi" xüsusilə diqqətimi çəkdi.
Burada Bosniya və Herseqovina tarixinə dair olduqca qiymətli
eksponatlar var. Ancaq ana xətt nəinki Bosniya və Herseqovina,
dünya tarixində önəmli yer tutan bir hadisə üzərində
qurulub. Söhbət Avstriya-Macarıstan taxt-tacının
varisi Hersoq Frans Ferdinand və həyat yoldaşı
Sofiyanın, serb millətçisi Qavrilo Prinsip tərəfindən
qətlə yetirilməsindən gedir. Tarixdən məlumdur
ki, 28 iyun 1914-cü ildə Sarayevoda baş verən bu hadisə
Birinci Dünya müharibəsinin başlanması
üçün bəhanə oldu.
Muzey binasının önündə qətlin baş
verdiyi yer xüsusi işarələrlə göstərilib. Həmçinin
divarda şahzadənin xanımı ilə rəsmi və məlumat
lövhəsi var.
Ekspozisiyada isə onların geyimləri, ev əşyaları,
maşın və silahların maketləri yer alıb. Həmçinin
Qavrilo Prinsipin də əşyaları və fotosu da
ekspozisiyada sərgilənir. Ümumilikdə isə muzeydə
nümayiş olunan video və interaktiv təqdimatlar vasitəsilə
o dövrə dair zəngin məlumatlar almaq
mümkündür.
Bu muzey mərkəzdə - şəhərin
simvollarından olan Latın körpüsündən
şimalda yerləşir. Körpünün cənubunda isə
Sarayevonun ən məşhur məkanlarından olan
"İnat kuca" görünür. Bu tikilinin çox
maraqlı hekayəsi var. Deməli, 19-cu əsrin sonlarında
hökumət Sarayevoda bələdiyyə binası tikmək
istəyir. Ancaq həmin yerdə evi olan şəxs hökumətin
ona evini sökmək üçün etdiyi pul təklifini qəbul
etmir və sona qədər sözünün üstündə
dayanır. Sonda hökumət evi daş-daş söküb,
çayın digər tərəfinə köçürməyə
məcbur olur. Beləcə xalq arasında bu evə
"İnad Evi" adı verilir. Hazırda bu məkan restoran
kimi fəaliyyət göstərir.
Restoran demişkən, Bosniya və Herseqovina mətbəxi
rəngarəngliyi ilə seçilir. Ən məşhur yeməklərindən
biri isə cevapidir. Bizim lülə kababa bənzəyən bu
yemək çörək arasında yanında
doğranmış soğanla təqdim olunur.
Görüntüsü kimi, dadı da mənə bizim lülə
kababı xatırlatdı.
Şirniyyatlarından isə Bosniya və Herseqovina
paxlavasını xüsusi olaraq qeyd edə bilərəm. Bu
şirniyyatın fərqli və ləziz dadı var. Təəssüf
ki, çay süfrələrı haqqında eyni sözü
deyə bilməyəcəm. Burada olduğum müddətdə
bir stəkan normal çay tapıb içə bilmədim. Belə
başa düşdüm ki, Bosniya və Herseqovina mətbəxində
çayı o qədər də önəmsəmirlər.
Əsas üstünlük isə qəhvəyə verilir.
Əgər yolunuz o tərəflərə düşərsə,
əvvəlcədən tədarükünüzü
görün. Əlbəttə, mənim kimi
çayxorsunuzsa...
Bir az da qiymətlərdən danışaq.
Sarayevoda yemək yediyim ilk restoranda hesabı görəndə
xeyli təəccüblənmişdim. Təxmin etdiyimdən
iki dəfə az məbləğ yazılmışdı.
Üstəlik, restoran mərkəzdə yerləşirdi.
Bosniya və Herseqovina Avropanın zəngin ölkələri
sırasında yer almır. Paytaxtın ümumi mənzərəsinə
baxanda da bunu aydın görmək olur.
Deyərdim ki, burada qiymətlər olduqca münasibdir.
Bunu həm restoranda hiss etdim, həm marketdə, həm də
xidmət sektorunda. Təəssüf ki, taksi qiymətləri
haqqında eyni şeyi deyə bilməyəcəyəm.
Sarayevoda olduğum müddətdə qiymət fərqini hiss
etsəm də, ən böyük təəccübü
Monteneqroya gedərkən yaşadım.
Söhbət açılmışkən, istəyirəm
Monteneqro səfərimdən də bir-iki yaddaqalan məqamı
sizlərlə bölüşüm. Deməli, əvvəlcədən
planlamışdım ki, Bosniya və Herseqovinadan sonra Serbiyaya
səfər edim. Ancaq son anda bəzi səbəblərdən
planım baş tutmadı. Mən də
düşündüm ki, barı quru yolla yaxın olan
başqa bir ölkə - Monteneqroya gedim. Beləcə bir
günün içərisində bilet alıb yola
çıxdım. Taksi qaldığım oteldən
vağzala kimi o qədər də uzun olmayan məsafəni 65
manata apardı. Tələsdiyim üçün
qarşıma çıxan ilk taksiyə minmişdim. Təbii
ki, taksini şirkətdən sifariş versəydim, qiymət
bu qədər baha olmazdı. Əlqərəz,
aldadıldığımı bilsəm də, mübahisəyə
vaxtım olmadığı üçün deyilən məbləği
verib vağzala tərəf yollandım. Burada isə başqa
problem məni gözləyirdi. Bilet alarkən, avtobusların
saatı qarışmışdı. Narahat halda gedəcəyim
avtobusu axtarırdım. Növbədə adamlar çox
olduğuna görə vağzalın işçilərinə
də yaxınlaşıb vaxt itirmək istəmirdim. Bu təlaşımı
görən orta yaşlı bir qadın yaxınlaşıb
kömək təklif etdi. Düzü, əvvəlcə tərəddüd
elədim. Çünki az əvvəl taksi
sürücüsü məni aldatmışdı.
Qeyri-ixtiyarı içimə qorxu düşmüşdü,
elə bilirdim, avtobusa minsəm, yenə onun kimi adamlardan
özümü qoruya bilməyəcəm. Ancaq nədənsə
bu qadına güvəndim. Əvvəlcə o məni sakitləşdirdi,
daha sonra qırıq-qırıq ingiliscə sözlərlə
başa saldı ki, gecikməmişəm və o məni
dayanacağa apara bilər. İkimizin də avtobusu eyni
olduğu üçün təkcə vağzalda yox, elə
bütün yolboyu həmin qadın mənim yanımda oldu.
Avtobus yolda dayananda da, pasport yoxlanışı zamanı da
körpə uşağın əlindən tuturmuş kimi əlimi
buraxmadı. Özü üçün aldığı su və
şirniyyatı mənimlə bölüşdü. Səfərimiz
gecə olduğu üçün dedi ki, yatım, çatanda
məni oyadacaq. Dediyi kimi də etdi. Fərqli şəhərlərə
getdiyimiz üçün daha tez düşməli oldum.
Sağollaşanda məni möhkəm qucaqladı və
öz dilində anlamadığım nəsə dedi. O
qadını heç vaxt unutmayacam.
Gecə saat üçə işləyirdi. Monteneqroda
tanımadığım bir vağzalda dilini bilmədiyim
adamların arasına düşmüşdüm. Hara gedəcəyimi,
neynəyəcəyimi bilmirdim. Düzdür, Bosniya və Herseqovinaya
da tək gəlmişdim, orada da bir neçə dəfə
çətin vəziyyətə düşmüşdüm.
Ancaq heç birində bu qədər ümidsizliyə
qapılmamışdım. Sarayevoda bir dostum yaşayır. Mən
orada olduğum dövrdə özü şəhərdə
yox idi. Lakin tapşırmışdı ki, nəsə bir
problem olsa, mütləq ona deyim. Hər ehtimala nömrəsini
əzbərləmişdim, ancaq xoşbəxlikdən bu
nömrəyə zəng etmək lazım gəlmədi. Amma əzbərlədiyim
beş-altı rəqəmin verdiyi güvənlə şəhərdən-şəhərə
getdim, günlərlə tanımadığım-bilmədiyim
ölkədə bir kərə də narahat olmadım. İnamın,
güvənin gücü bu olsa gərək ki. Ancaq Monteneqroda
çətinə düşsəm, axtaracağım heç
kim yox idi. Çox hesab-kitablı adam olsam da, bu dəfə son
anda planlar dəyişdiyi üçün belə bir vəziyyətə
düşmüşdüm. Səhərin
açılmağını gözləməli idim ki,
heç olmasa paytaxta gedə bilim. Sözün əsl mənasında
həyatımın ən çətin anlarından birini
yaşayırdım. Vağzalda bir stulda oturub çantamı
bərk-bərk qucaqladım. Filmlərdən tanış olan
pasportun oğurlanma səhnəsi gözümün
önündən keçdi. Bu isə məni lap təlaşlandırdı.
Bir müddət beləcə oturdum. Səhərə qədər
yata bilməzdim.
Vağzalda beş-altı işçi vardı.
Onlardan biri də yaşlı gözətçi idi.
Qapının ağzında oturduğumu görüb əli ilə
stollar olan tərəfə yönəltdi. Öz dilində nəsə
desə də, anlamadım. Dərhal pasportumu
çıxarıb göstərdim. Azərbaycan adını
görüb pis tələffüzlə də olsa, rus dilində
bir neçə kəlmə dedi. Beləcə bizim söhbətimiz
başladı. Əvvəlcə mənə öz stulunu verdi,
çünki vağzalda sərnişinlər
üçün qoyulan stullar çox narahat idi. Daha sonra
çay təklif etdi.
Bir az özümə gələndən sonra isə
dedi ki, tələşlanmayım, üç saat sonra
Podqoritsaya gedən avtobuslar gələcək və o, mənim
üçün bilet tapacaq.
Həmin vaxta qədər isə dincəlim və
heç nədən narahat olmayım. Sonra isə bir xeyli
söhbət etdik. Dedi ki, rus dilini uşaq vaxtı öyrənib
və uzun illərdir bu dildən istifadə eləmir. Söhbət
əsnasında hansısa sözü yadına salanda uşaq
kimi sevinirdi. Hətta biz ayrılanda məktəb illərini
yadına saldığım üçün mənə təşəkkür
elədi. Əlbəttə ki, ən böyük təşəkkür
ona düşürdü. Çox güman, o olmasa belə, bir
yolunu tapıb getməli olduğum ünvana çatardım.
Ancaq təlaşımı anlayıb göstərdiyi şəfqətli
münasibəti, üzündəki təbəssümü
heç vaxt unutmayacam.
Stefanın, avtobusdakı qadının,
vağzaldakı gözətçinin sayəsində bir daha
anladım ki, dinindən, dilindən, irqindən asılı
olmayaraq, yaxşı insan dünyanın hər yerində
yaxşıdır...
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 12 iyul(№120).-S.12;13.