Mirasla bağlı mülki
mübahisələrə son
Məlum olduğu kimi, Prezident İlham Əliyev Torpaq,
Mülki Prosessual, Mülki məcəllələrində,
"Notariat haqqında" və "İcra haqqında"
qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Dəyişikliyə əsasən, Azərbaycanda miras şəriklərinə
vərəsəlik şəhadətnaməsi verilməsi
zamanı şəhadətnamə almaq üçün
müraciət etməmiş şəxslərin də
hüquqları təmin ediləcək. Bununla yanaşı,
notarius vərəsəlik şəhadətnaməsinin əldə
olunması üçün müraciət edən vərəsəyə
şəhadətnamə verərkən vərəsə olan,
lakin şəhadətnamə almaq üçün müraciət
etməmiş digər vərəsələrin (miras şəriklərinin)
də mirasdan onlara çatacaq paylarını müəyyən
edərək həmin şəhadətnamədə göstərəcək.
Daşınmaz əmlakın dövlət reyestrini və
daşınar əmlakın rəsmi reyestrlərini aparan orqan
tərəfindən yuxarıda nəzərdə tutulmuş vərəsələr
(miras şərikləri) və onların payları barədə
məlumat müvafiq reyestrə daxil ediləcək. Bundan
başqa, vərəsənin mirasın siyahıya
alınmasını tələb etməsinə dair qaydalar dəyişib.
Dəyişikliyə əsasən, vərəsə mirasın
qəbulundan imtina üçün yuxarıdakı müddət
bitənədək notarius tərəfindən mirasın
siyahıya alınmasını tələb edə biləcək.
Həmçinin, irsi transmissiya mirasın qəbul müddətləri
ilə məhdudlaşdırılmayacaq. Dəyişikliklə
yuxarıda göstərilən müddət şərti aradan
qaldırılır.
Əgər vərəsə miras
açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin
ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin
miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə
keçəcək. Ölmüş vərəsənin vərəsəsinin
mirasın qəbulundan imtina üçün müəyyənləşdirilmiş
müddəti üç aydan az olarsa, həmin müddət
üç ayadək uzadılacaq.
Konstitusiya Araşdırmaları Fondunun prezidenti,
hüquqşünas Əliməmməd Nuriyev hesab edir ki, edilən
dəyişikliklər bütün vərəsələrin
hüquqlarının qorunması məqsədi
daşıyır: "Qanun layihəsinə əsasən,
notarius vərəsəlik şəhadətnaməsinin əldə
olunması üçün müraciət edən vərəsəyə
şəhadətnamə verərkən vərəsə olan,
lakin şəhadətnamə almaq üçün müraciət
etməmiş digər vərəsələrin, miras şəriklərinin
də mirasdan onlara çatacaq paylarını müəyyən
edəcək və bunu həmin şəhadətnamədə
göstərəcək. Daşınmaz əmlakın dövlət
reyestrini və daşınar əmlakın rəsmi reyestrlərini
aparan orqan tərəfindən vərəsələr və
onların payları barədə məlumat müvafiq reyestrə
daxil ediləcək. Hər bir miras şəriki yuxarıda
müəyyən edilmiş payına da vərəsəlik
şəhadətnaməsi ala bilir. Bu, vərəsələrin
hüquqlarının tanınmasıdır. Çünki bəzən
belə hallar olurdu, vərəsələr mirasdan xəbərsiz
olur, hansısa vərəsə mirası yalnız öz
adına rəsmiləşdirir, müəyyən vaxt
keçdikdən sonra digər vərəsə mirasdan pay tələb
etdikdə, bildirilir ki, bu, mümkün deyil artıq. Amma qanun
layihəsində vərəsələrə miras payı
üçün müraciət etmək müddəti
artırılır. Vərəsə məhkəmə
qaydasında müraciət edib haqqını tələb edə
biləcək. Qanun layihəsinə görə, nəzərdə
tutulmuş miras şəriklərinin miras paylarına sərəncam
vermək hüquqları olacaq. Həmin şəxslər vərəsəlik
şahadətnaməsi alanadək notariat qaydasında təsdiq
edilmiş müqaviləyə əsasən miras paylarına sərəncam
verə biləcəklər. Miras şərikləri
arasında miras paylara sərəncam verilməsi haqqında
müqavilə əsasında miras payı əldə etmiş
vərəsənin mirasdakı payı əldə etdiyi pay
nisbətinə uyğun artırılacaq və vərəsəlik
şəhadətnaməsində yekun payı göstəriləcək.
Mövcud qanunvericiliyə əsasən, vərəsəlik
şəhadətnaməsi həm bütün miras, həm də
onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə
həm bütün vərəsələrə birlikdə, həm
də ayrılıqda hər birinə arzularına uyğun
olaraq verilir. Vərəsələrdən birinə mirasın
bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin
verilməsi digər vərəsələri mirasın qalan
hissəsi üçün şəhadətnamə almaq
hüququndan məhrum etmir. Bu, müsbət haldır, o
baxımdan ki bütün vərəsələrin
hüquqları tanınır".
Əliməmməd Nuriyev qeyd edib ki, Mülki Məcəllənin
müvafiq maddəsində nəzərdə tutulmuş miras
şəriklərinin miras paylarına sərəncam vermək
hüquqları var. Həmin şəxslər vərəsəlik
şahadətnaməsi alanadək notariat qaydasında təsdiq
edilmiş müqaviləyə əsasən miras paylarına sərəncam
verə bilərlər: "Miras şərikləri
arasında miras paylara sərəncam verilməsi haqqında
müqavilə əsasında miras payı əldə etmiş
vərəsənin mirasdakı payı əldə etdiyi pay
nisbətinə uyğun artırılır və vərəsəlik
şəhadətnaməsində yekun payı göstərilir.
Əgər nə qanun üzrə, nə də vəsiyyət
üzrə vərəsə yoxdursa və ya bütün vərəsələr
mirasdan imtina edibsə, yaxud bütün vərəsələr
vərəsəlik hüququndan məhrum edilibsə, vərəsələri
olmayan əmlak dövlətə keçir. Əgər miras
qoyan şəxs sosial xidmət müəssisələrinin təminatında
olubsa, qanunla dövlət mülkiyyətinə keçməli
olan daşınar əmlak istisna olmaqla həmin şəxslərə
məxsus daşınar əmlak onların mülkiyyətinə
keçəcək. Bundan başqa, mirasın qəbul edilməsinin
xüsusi müddəti və mirasın qəbul edilməsi
vaxtının uzadılması ilə bağlı maddələr
ləğv edilib".
Millət vəkili Vüqar Bayramovun sözlərinə
görə, yeni dəyişikliklər ilə son illər daha
çox müşahidə edilən miras ilə bağlı
mülki mübahisələrin və eləcə də məhkəmə
işlərinin kəskin azalacağı gözlənilir. Son
illər dünyasını dəyişmiş şəxsən
övladları arasında bir sıra hallarda mirasa, yəni əmlaka
və sərvətə sahib olmaq ilə bağlı
mübahisələrin sayında artımlar müşahidə
olunurdu. Bəzən bu mübahisələr övladlar
arasında nəsil çəkişmələrinə belə
səbəb olurdu. Sözügedən bütün qanunverici
aktlarda edilən dəyişikliklərə əsasən
mirasdan imtina vərəslərinin mirası qəbul etmədiyi
halda deyil, bütün vərəsələrin mirasdan imtina
etdiyi halda rəsmiləşəcək. Yəni vərəsələrdən
hər hansı birinin miras ilə bağlı iddia irəli
sürməməsi heç də onun mirasdan imtinası
anlamına gəlməyəcək: "Dəyişikliklər
birmənalı şəkildə mirasın qəbulu
mexanizminin təkmilləşdirilməsinə xidmət edəcək.
Əvvəllər mirasın qəbulu ilə qanunvericilikdə
olan bir sıra ziddiyyətlər son illər varislər
arasında bir sıra mülki mübahisələrin
yaranmasına səbəb olmuşdur ki, yeni dəyişikliklər
bu problemləri aradan qaldıracaq. Əvvəllər miras ilə
bağlı vərəsənin susması, yəni mirası qəbul
və ya imtina etməməsi, onun mirasdan imtina etdiyinə ehtimallar
yaradırdı və bu da daha sonradan mübahisələrə
səbəb olurdu. Prezidentin təsdiq etdiyi son dəyişikliklər
mülkiyyət hüququnun konstitutsion təminatının
möhkəmləndirilməsi və mirasın qəbulu
institutunun tələblərinin daha da təkmilləşdirilməsi
və dəqiqləşdirilməsinə xidmət edir. Əvvəlki
qanunvericiliyə əsasən vərəsələrin
heç biri mirası qəbul etmədiyi halda əmlak xəzinəyə
keçirilirdi. Təsdiq olunan dəyişikliklərə əsasən
isə bütün vərəsələr mirasdan imtina etdiyi
halda bu baş verir. Daha sadə dildə izah etsək,
dünyasını dəyişən şəxsən
mirasına fərqli səbəblərdən vərəsələrdən
heç biri iddia etmədikdə bu mirasdan imtina kimi izah
olunurdu. Yeni qaydalara isə, yalnız vərəsələrin
mirasdan imtina etdiyi halda bu reallaşır. Eyni zamanda, mirasın
qəbulundan imtina etmədikdə miras vərəs tərəfindən
qəbul edilmiş sayılır. Vərəsə mirasdan
imtina üçün müəyyənləşdirilmiş
zaman bitənədək notarius tərəfindən mirasın
siyahıya alınması tələb edə bilər.
Müraciət daxil olduğu gündən 2 ay müddətində
miras siyahıya alınır. Miras açıldıqdan sonra vərəsənin
dünyasını dəyişməsi və onun vərəsəsinin
ilkin miras qoyandan pay almaq hüququnun qanunvericilik bazası da təkmilləşir
və mirasın qəbulu müddətləri ilə məhdudlaşdırılmır.
Mirasın siyahıya alınması üçün nəzərdə
tutulan müddətin mirasdan imtina müddəti ilə məhdudlaşdırılır
və daha əlverişli qaydalar müəyyənləşdirilir.
Dəyişikliklərə əsasən, ölmüş vərəsənin
varisinin mirasdan imtina üçün müəyyənləşdirilmiş
müddət 3 aydan az olarsa, həmin müddət 3 ayadək
uzadılır. Vacib dəyişikliklərdən biri də vərəsələrin
kreditorlar qarşısında öhdəlikləri ilə
bağlıdır. Yəni dünyanı dəyişən
şəxsin kredit borcları ilə bağlı öhdəlikləri
də aydın şəkildə
bölüşdürülür. Yeni dəyişikliklərə
əsasən mirasın siyahısı notarius tərəfindən
təsdiq edildikdə vərəsələr miras qoyanın
kreditorlar qarşısında mirasdan alınmış aktiv həddində
məsuliyyət daşıyırlar. Miras şəriklərinə
vərəsəlik şəhadətnaməsinin verilməsi
mexanizmləri də təkmilləşdirilib. Notarius vərəsəlik
şəhadətnaməsinin əldə edilməsi
üçün vərəsəyə şəhadətnamə
verərkən vərəsə olan, lakin şəhadətnamə
almaq üçün müraciət etməmiş digər vərəsələrinin
də payı ilə bağlı məlumatları həmin sənəddə
qeyd edir. Bu vərəsədən imtina etməyən, amma
şəhadətnamə almaq üçün müraciət
etməyən vərəsələrin hüquqlarının
qorunması baxımdan olduqca vacib dəyişiklikdir.
Bütövlükdə, yeni dəyişikliklərin mirasa
sahiblikdə vərəsələrin hüquqlarının
yaxından qoruyacağına və mülki mübahisələrin
sayının azaldacağına xidmət edəcəyi
gözlənilir".
Hüquqşünas Əkrəm Həsənovun dediyinə
görə, SSRİ vaxtından Azərbaycanda 2023-cü ilədək
miras hüququnun qaydası belə idi: şəxs vəfat
etdikdən sonra onun vərəsələri 3 ay ərzində
mirası qəbul etmək barədə notariusa müraciət
etməli idilər. Əgər müəyyən üzrlü
səbəblər varsa, bu müddət 3 aya qədər
uzadıla bilərdi. Yəni 3 ay ərzində müraciət
etmədinsə, məsələ bitmiş hesab olunurdu:
"İndi model dəyişir. Burada əsas məsələlərdən
biri ölən şəxsin borclarıdır. Düzdür,
qanun bu baxımdan dəyişmədi. Onsuz da hər bir vərəsə
miras qoyanın ona verdiyi əmlak həddində onun borclarına
görə cavabdehdir. Yəni indi qayda belə olacaq, şəxs
öldü, 3 ay ərzində qanuni vərəsələr,
yaxud da vəsiyyətnamə üzrə vərəsələr
notariusa müraciət edib imtina edə bilər. İmtina etmədinsə,
artıq vərəsəsən. Onun borcu varsa, sənə
çatan əmlakdan onun borcunu ödəməlisən".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 12 iyul(№120).-S.8.