Ramiz Əsgər -
türkçülüyün əsgəri
Əli Şamildən mesaj var...
Azərbaycan və Türkiyə
ziyalılarının səmimi, sadiq dostu, görkəmli tədqiqatçı
Əli Şamillə ünsiyyətimiz daha çox fikir,
informasiya mübadiləsi səpkili olur. O, nəzərimi,
xüsusən, işıqlı düşüncələri,
opponentləri ilə polemikada ciddi, prinsipial mövqeyi, ətrafına
qarşı diqqətli, həssas, qayğıkeş
münasibəti ilə çəkib. Neçə illər
bundan əvvəl “Gültəkin” imzası ilə
bağlı mənə ünvanladığı bir sorğusu
indiki kimi yadımdadır: “Abid bəy, Siz
yazılarınızda bu imzanın Əmin Abidə məxsusluğunu
yazmısınız. Amma nəyə əsasən bu qənaətdə
olduğunuzu, hansı mənbəyə istinad etdiyinizi göstərməmisiniz.
Mümkündürmü, bu məsələ ilə
bağlı bir qədər ətraflı məlumat verəsiniz”.
Bu minvalla söhbətimiz davam edirdi... Əli Şamilin
Türk dünyası, o cümlədən və xüsusi ilə
Cənubi Azərbaycanla bağlı
paylaşımlarını da məmnuniyyətlə və
mütəmadi izləyirəm...
Bu günlərdə Əli Şamildən daha bir mesaj
aldım. O, rəhmətlik Ramiz Əsgərin bacısı
Nailə Əsgərli ilə birlikdə Ramiz Əsgər
haqqında doğmalarının, dostlarının,
keçmiş iş yoldaşlarının xatirələrindən
ibarət bir toplu hazırlamaq niyyətində
olduqlarını bildirdi. Əli Şamilin mesajı təsadüfi
deyildi. İstedadlı həmkarım Ramiz Əsgərlə
uzun müddət bir yerdə çalışmış,
sıx dostluq münasibətlərimiz olmuşdu...
Təməl tələbəlikdəndir
Ötən əsrin 70-80-ci illərində Azərbaycan
Dövlət Universitetinin (indiki Bakı Dövlət
Universiteti) Jurnalistika fakültəsi bir çox cəhətləri
ilə fərqlənirdi. Universitetin İstiqlaliyyət
küçəsindəki korpusunda bizdən başqa məhdud
sayda tələbələri olan Şərqşünaslıq,
Hüquq fakültələrinin tələbələrinin az
qala hamısı bir-birini tanıyırdı. Mətbuatla
sıx bağlılığına görə isə
Jurnalistika fakültəsinin, demək olar ki, I kursdan V kursa kimi
bütün tələbələri hər gün dəhlizdə,
xüsusi ilə divar qəzetinin önündə
görüşür, yaradıcılıq söhbətləri
edir, redaksiyalarla əməkdaşlıq və əlaqələri
barədə bir-birini məlumatlandırırdı.
Orta məktəbi qızıl medalla bitirən
R.Əsgər 1972-ci ildə Azərbaycan Dövlət
Universitetinin jurnalistika fakültəsinə daxil olmuş,
1975-ci ildən M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin jurnalistika fakültəsində təhsilini davam
etdirmiş, 1978-ci ildə həmin məktəbi uğurla
bitirmişdi. Ramiz Bakıda olduğu kimi, Moskvada da təhsil
aldığı illərdə Jurnalistika fakültəsinin tələbələri
ilə sıx dostluq münasibətində olmuş, daim
köhnə dostları ilə əlaqə
saxlamışdı. Bizim kursdan (biz R.Əsgərdən bir il
sonra Jurnalistika fakültəsinə qəbul olmuşduq) o, daha
çox Müzəffər Maşayev, Qafar Çaxmaqlı ilə
görüşür, dərdləşirdi. Mənim R.Əsgərlə
sıx ünsiyyətim onun Azərbaycan radiosunda
çalışdığı 1978-ci ildə başladı.
Tanınmış diktor Qara Tağızadə bizə, səhv
etmirəmsə, radio dilindən seminar aparırdı. Digər
müəllimlərimiz kimi o da, demək olar ki, hər
görüşdə bizi redaksiyalarla, o cümlədən
radio ilə əməkdaşlığa dəvət edirdi.
Unudulmaz Qara müəllim deyirdi: “Siz indi
özünüzü, öz imzanızı təsdiq etməlisiniz.
Digər tərəfdən də yaxşı qonarar
alarsınız. Ailəyə maddi yardım etmiş
olarsınız”. Onun sözlərində böyük həqiqət
vardı. Mən yuxarı kursda oxuyarkən Nəsir
İmanquliyevin redaktor olduğu “Bakı” axşam qəzeti ilə
sıx əməkdaşlıq edirdim. Hər ay azı 30 (!)
manat qonorar alırdım. Günlərin birində bir neçə
xəbərlə radioya da yolumu saldım. Qara Tağızadə
ilə görüşdüm. O, xəbərlərlə
tanış oldu, bəyəndiyini dedi. Radionun “Xəbərlər”
redaksiyasından çıxanda R.Əsgərlə
üz-üzə gəldim. Bir-birimizdən hal-əhval tutduq, həyətdəki
çayxanada xeyli söhbət etdik. Məni radionun xarici dillər
redaksiyası ilə də əməkdaşlığa dəvət
etdi: “Bizim redaksiya bir qədər fərqlidir, yəni hər kəslə
əməkdaşlığa yol verilmir. Adil müəllimlə
- o da bir az çətin adamdır (türk
redaksiyasının müdiri Adil Əfəndiyevi nəzərdə
tuturdu), danışım, razılığını
alım, əlaqə saxlayaq, bizim verilişlərimiz çox
maraqlı olur”. Ayrılanda kimdənsə
ehtiyatlanırmış kimi sağa-sola boylanıb
qoltuğundan bir rəngli qəzet çıxardı: “Evdə
baxarsan, qəzetdir”, - dedi. Mən marağımı gizlətmədim:
“Rənglidir, adı nədir?” R.Əsgər “rənglidir”
sözümü təbəssümlə qarşıladı:
“Hə, rənglidir, evdə baxarsan”. Ayrıldıq. Səbrim
çatmadı, radiodan çıxıb, Kirov (Allah
xalqımızın bütün düşmənlərinə
lənət eləsin!) parkına (Şəhidlər
xiyabanıdır. Allah bütün şəhidlərimizə
rəhmət eləsin!) gəldim, dalda bir yerə çəkilib
qəzeti açdım. Türkiyənin “Hürriyyət” qəzeti
idi (sonralar 1990-cı illərdə R.Əsgər “Hürriyyət”
qəzetinin Azərbaycan üzrə müxbiri işləmişdi).
Qəzetin bütün materiallarını az qala birnəfəsə
oxudum. Bundan sonra R.Əsgərlə sıx-sıx
görüşməyə başladım...
Nəbi Xəzri ilə bir görüş
Universiteti bitirdikdən sonra “Bakı” axşam qəzeti
və digər mətbu orqanlarla sıx əməkdaşlıq
etsəm də, əsas iş yerim “Bakelektrikməişətcihaz”
İstehsal Birliyinin “Texniki tərəqqi uğrunda”
çoxtirajlı qəzeti idi. Qəzetə “Bakı” axşam
qəzetinin sabiq şöbə müdiri Şaban Şabanov
redaktorluq edirdi. Köhnə iş yerindən məni
tanıdığı üçün onunla işləməyə
dəvət etmişdi. Çox səriştəli qəzetçi,
öz işinin peşəkarı idi. Qəzetin məsul
katibliyini mənə həvalə etmişdi. Həftədə
bir dəfə çıxan qəzet “Azərbaycan” nəşriyyatında
buraxılırdı. Mən də qəzet çap olunan
günlər nəşriyyata gedər, tərtibat, korrektura
işləri ilə məşğul olurdum. İndiki ilə
müqayisədə qəzetlər primitiv üsullarla, uzun və
yorucu prosesdən sonra ərsəyə gəlirdi: tökmə
sexində qurğuşundan müxtəlif şriftlər
yığılır, sonra qonşu sexdə metrampajlar müxtəlif
dəzgahlarda fərqli formatlarda qəzetləri tərtib edir,
daha sonra otdisk (surət) çıxardır, korrekturaya verirdilər.
Orfoqrafik qüsurlar olduqda həmin hissə yenidən tökmə
sexinə qaytarılır, şrift yenidən
tökülürdü... Qonşu dəzgahda metrampaj Səfurə
xanım “Vətənin səsi” adlı bir qəzeti
yığır, hərdən əsəbiləşərək
“Bu Rafiq müəllim (Azərbaycanın Xarici Ölkələrlə
Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin
orqanı “Vətənin səsi” qəzetinin baş redaktoru)
hara getdi, indi bu şəkli necə, hansı
ölçüdə verim, mətnini hansı şriftlə
yığdırım (dediyimiz kimi, mətn şriftləri
qurğuşunla başqa sexdə tökülürdü -
A.T.), gün axşam olur, iş vaxtım qurtarır”, - deyə
dodaqaltı gileylənirdi. Mən ona: “Səfurə xanım,
niyə əsəbiləşirsiniz, deyin, kömək edim”, -
deyəndə o, bir qədər duruxdu. Sonra “Axı, bu gizli qəzetdir,
kənar adam oxuya bilməz, icazə vermirlər”, - deyəndə
marağım birə-on artdı. “Heç nə olmaz, Rafiq
müəllim heç nə deməz, o gec gələcək,
İsmayıl müəllimin (“Bakı” axşam qəzetinin məsul
katibi İsmayıl Tağızadə - Üzeyir Hacıbəylinin
qohumu) yanındadır. Deyin, nə lazımdırsa, köməklik
edim”, - deyib dəzgaha yaxınlaşdım. Təvazökarlıqdan
uzaq olsa da, deyim ki, tərtibat işini mükəmməl
bildiyim üçün qısa müddətdə
bütün materaialları yerbəyer etdik. “Otdisk” (surətini)
çıxardıb korrektura da etdim. Qəzet çapa tam
hazır vəziyyətə gətirildi. Bu arada Rafiq müəllim
təngnəfəs, qızarmış vəziyyətdə
özünü çatdırdı, Səfurə
xanımı qabaqlamaq üçün:
“Yuxarı-aşağı qaçmaqdan həlak oldum, tək qəzet
buraxmaq olar?”, - deyə şikayətlənmək istəyirdi
ki, Səfurə xanım qəzetin surətini ona uzatdı:
“Rafiq müəllim, buyurun, çapa imzalayın, qəzet
hazırdır”. R.Həşimov gözlərinə
inanmadı, sevincdən Səfurə xanımı qucaqladı.
Səfurə xanım məni göstərərək “Ona
sağ ol, düşür”, - dedi. Rafiq müəllim: “Axı
bu qəzeti kənar adam oxuya bilməz” - demək istəyirdi
ki, Səfurə xanım onun sözünü kəsdi: “Nə
etməliydim, səhərə kimi Sizi gözləməliydim?”
Rafiq müəllim mənə yaxınlaşdı, təşəkkür
etdi. Sonrakı həftələrdə də eyni hadisə
baş verdi. Mən artıq qəzetin qeyri-rəsmi
işçisi kimi fəaliyyət göstərirdim. Bundan xəbər
tutan Şaban müəllim dedi: “Rafiqə de, Nəbi Xəzri
səni işə götürsün. Ora yaxşı yerdir”.
Xırdalamaq istəmədiyim çox mətləblər var,
bu xəmir çox su apardı, sonda Rafiq Həşimov Nəbi
Xəzridən qəzetdə yarımştat korrektor kimi
çalışmağıma razılıq aldı. Bir
gün R.Həşimov mənə dedi: “Hazırlaş, bu
gün Nəbi müəllim səni qəbul edəcək”.
Sonra o, özünəməxsus şəkildə məni təlimatlandırdı.
Axşamüstü Azərbaycanın Xarici Ölkələrlə
Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinə
(indiki Fransa səfirliyinin yerləşdiyi bina) getdim. Qəbul
otağında Ramiz Əsgərlə rastlaşdım. Ramiz məni
görcək sevincini gizlətmədi: “Ayə, xeyirdimi?” Mən
qısaca məlumat verdim. Sonra məlum oldu ki, Nəbi Xəzri
R.Əsgəri Cəmiyyətin Azərbaycan, türk, ərəb,
fars, ingilis, fransız və alman dillərində
buraxdığı “Azərbaycan bu gün” adlı jurnalına
işə götürmək üçün qəbula dəvət
edib. Nəbi Xəzri bizi birlikdə qəbul etdi. O, əvvəlcə
idarənin çox ciddi, intizamlı, nüfuzlu, daim diqqət
mərkəzində olan bir təşkilat olduğunu söylədi,
sonra bizə suallar verdi, ümid etdiyini bildirdi ki, göstərilən
etimadı doğruldacağıq. R.Əsgər jurnala baş
redaktor, mən qəzetə yarımştat korrektor təyin
olundum...
(Ardı var)
Abid TAHİRLİ
525-ci qəzet .- 2025.- 15 iyul(¹121).-S.15.