İslamda ekoloji mədəniyyətin
formulu
Bütün dinlərdə olduğu kimi, İslam
dinində də təbiətin və ətraf mühitin
mühafizəsi ön plandadır. Hətta digər dinlərlə
müqayisədə İslamda ekosistemə qayğı
anlayışı daha geniş və inteqrasiya olunmuş
formada təqdim olunur. Qlobal ekoloji böhranın kəskinləşdiyi
indiki dövrdə dinimizin təbiətlə, ətraf
mühitlə bağlı baxış və prinsiplərinin
aktuallığı göz önündədir. İslam təbiəti
hər bir şeyin ilahi başlanğıcı kimi təqdim
edir. Ətraf mühiti bəşər həyatının zəruri
şərti sayır. Belə demək caizsə, çox
geniş sosial tənzimləmə sistemi olan dinimiz bizə təbiəti
mühafizənin və eko-mədəniyyətin konkret formulunu
(məzmununu, qaydasını və yollarını) verir.
Eko-etika məsələlərində mükəmməl əxlaqi
çərçivə təqdim edir ki, bu da eko-problemlərin
qlobal xarakter aldığı bir dövrdə çox əhəmiyyətlidir.
Norveçli professor A.Naes Quranın insanın
qarşısına qoyduğu vəzifələri ekoloji aspektdən
qiymətləndirərkən İslam dininin mövqeyini
xüsusi vurğulamışdır. Dinimizdə ekologiya, təbiətin
mühafizəsi ilə əlaqədar mövzular, demək olar
ki, öz yüksək və bəlağətli ifadəsini
tapmışdır. Quranda və İslamın digər
qaynaqlarında əhalinin sağlamlığı və ətraf
mühitə qayğıkeş münasibət əsas
götürülüb. Dinin təbiətə verdiyi önəm
və onun mühafizəsi ilə bağlı buyruqları cəmiyyətin
ekoloji mədəniyyətinin formalaşmasına əhəmiyyətli
töhfə verir.
İbtidai və qədim inanclarda, son monoteist dinlərdə,
o cümlədən İslamda (Quranda, hədislərdə və
məşhur İslam alimlərinin kəlamlarında) dəfələrlə
bəyan olunmuşdur ki, təbiət müəyyən qanunlara
və nizama tabedir. “Əl-Hicr” surəsinin 85-ci ayəsində
göy, yer və onların arasında olan hər şeyin
yerli-yerində, bir-birinə uyğun şəkildə
yaradıldığı, bütün canlı
varlıqların qarşılıqlı əlaqədə
olduğu göstərilir. Təsadüfi deyildir ki, imam Cəfər
Sadiq kəlamlarının birində deyirdi: “Bu üç
şey olmasa, yaşayışın nizamı pozular: təmiz
hava, təmiz, bol su, və münbit torpaq”.
Quranın “əl-Nəhr” və “əl-Ənam” surələrində
bitki həyatının müxtəlifliyindən,
canlıların bir-biri ilə bağlı olmasından,
ağac və yaşıllıqların həyatı təmin
etməsindən bəhs olunur. Bu nizam və ölçülərin
canlı varlıqların, o cümlədən insanların həyatı
üçün mühüm əhəmiyyəti vardır.
“Əl-Muminun” surəsinin 71-ci ayəsində təbiətdə
nizam-intizamın
pozulmasının dəhşətli nəticələrə
səbəb olacağı aydın göstərilir. Orada
deyilir: “Əgər haqq onların nəfslərinin istəklərinə
tabe olsaydı, göylər, yer və onlarda olanlar korlanıb
gedər, aləm bir-birinə qarışıb nizamı
pozulardı. Ona görə də dinimiz təbiətdəki
ekoloji tarazlığın qorunmasının vacibliyini xüsusi
olaraq vurğulayır.
Təbiət Allahın yaratdığı müqəddəs
bir əmanət olaraq qəbul edilir və insanın bu əmanətə
qarşı məsuliyyət daşıdığını
göstərilir. İslam dini təlqin edir ki, ekoloji
tarazlığı qorumaqla mükəlləf olan insan təbiət
ünsürlərinə sonrakı nəslə
ötürüləcək “əmanət” kimi ilə
yanaşmalı, həmişə və hər yerdə buna bir
missiya məfkurəsi tək baxmalıdır. Bilməlidir ki,
təbiətin insan əli ilə dəyişdirilməsi və
ya keyfiyyətsiz hala salınması tarazlığı pozan
amildir ki, bu da canlı aləmin təsirlənməsinə və
ya məhvinə aparır. Quran ətraf mühitə bu cür
münasibəti “təcavüz” adlandırır və belə
hərəkət edənləri ilahi rəhmətdən uzaq
düşmüşlərdən sayır.
Quranda və hədislərdə ekoloji amillərdən
də geniş bəhs olunur. Belə ki, “əl-Ənam” surəsinin
6 və 99-cu, “əl-Əraf” surəsinin 57-58-ci, “əl-Hicr”
surəsinin 12-ci ayələrində, digər surə və ayələrdə
abiotik amillərin - torpağın, suyun, küləyin, günəşin
(hərarətin və işığın) təsirlərindən
söz açılır. Müqəddəs kitabda günəşə,
küləyə, torpağa, buluda, göyə and içilməsi
həmin amillərin canlıların həyatı
üçün ciddi önəm kəsb etməsindən xəbər
verir. Ümumiyyətlə, dinimizdə su, bitki aləmi, torpaq,
hava, heyvanlar və quşlar yaradılmışların ilkin
substantları (mövcudluğu öz-özündən
doğan və varlığı başqa şeylərdən
asılı olmayan başlanğıc) hesab olunub, müqəddəs
sayılır.
İslam dini təbii sərvətlərdən qənaətlə
istifadə etməyi buyurur və
israfçılığı pisləyir, həddi aşmamaq və
nəfsə uymamaq məsləhət görülür.
İhramda olarkən ov etməyin, məişətdə
qızıl və gümüş əşyalardan yersiz istifadənin
qadağan olunması, cümə günlərində heyvan
qanı axıdılmasının təqdir edilməməsi və
s. əslində israfçılığın
qarşısını almaq məqsədi daşıyır. Məhəmməd
peyğəmbər buyururdu ki, “axar suyun kənarında
olsanız belə, dəstəmaz alarkən suyu israf etməyin!”
“Əl-Ənam” surəsinin 141-ci ayəsində bitki
yetişdirmək, “əl-Nəhl” surəsinin 6-cı ayəsində
heyvan bəsləmək kimi amillərdən bəhs olunur.
Quranda əncir, zeytun, xurma, buğda, üzüm, nar və digər
ağacların qədr-qiymətini bilmək tövsiyə
olunur.
Quranda və hədislərdə heyvanat və bitki aləminə
humanist münasibət bəslənildiyini görməkdəyik.
Florida Universitetinin professoru, ekoloq R.Foltz yazır ki, “Ətraf
mühitə və heyvanlara ən çox diqqət göstərən
və yer verən Qurandır”. İslam dinində heyvanlara
qarşı hər cür qeyri-insani münasibət pislənilir.
Hətta şəriət heyvan kəsmək üçün
iti əşyadan istifadə edilməsini tələb edir ki, kəsilən
heyvan çox da əziyyət çəkməsin. Heyvanın
döşünün yaralanmaması üçün,
sağan adamın dırnaqlarını qısaltması belə
bəyənilən əməl sayılır. Heyvan
balalarının və ya digər heyvanların gözləri
qarşısında kəsilməməlidir. Yemək
üçün diri heyvandan ət qoparmaq (məsələn,
qoyunun quyruğunu), kəsməmişdən oncə onun dərisini
soymaq və s. qadağandır. Susamış heyvana su vermək
isə savab hesab olunur.
Yeməli bitkilər üstündə namaz qılmaq
belə yasaqlanır. Çöldə yemək yeyilərsə,
qida qalıqlarının quşlara və heyvanlara verilməsi
məsləhət bilinir. Bar verən ağac müqəddəs
sayılır, belə ağacların kəsilməsi və ya
icarəyə verilməsi məsləhət bilinmir. “Kim
yolçuların və heyvanların kölgələndiyi
ağacı boşuna və haqsız olaraq kəsərsə,
Allah onu başıaşağı cəhənnəmə
atar” deyilir.
Peyğmbər bitki və ev heyvanları ilə
yanaşı, çöl quşlarına və heyvanlarına
da xüsusi qayğı göstərməyi tövsiyə
edirdi. Şəriətə görə, heyvanların və
quşların qaça və uça bilməyən
balalarını anasından ayırmaq və ya ovlamaq, heyvan
döyüşdürmək, onları daş-qalaq etmək,
qarışqaları yandırmaq və s. qadağan
olunmuşdur. Peyğəmbər arını, şanapipiyi,
hörümçək quşunu və digər ziyansız
quşları öldürməyi də qadağan etmişdi.
Dəhşətli nəticələrə səbəb
ola biləcək təbii fəlakətlərin (erroziya, zəlzələ,
tufan, qasırğa, daşqın və s.) önlənməsi
üçün ayət namazının müəyyən
olunması təbiətə qayğıkeşliyin daha bir
sübutu sayıla bilər.
İslam dinində təbiətin və ətraf
mühitin mühafizəsi bütün ciddiliyi ilə tələb
olunur. Göstərilir ki, təbiətə hörmət,
Allahın yaratdıqlarına hörmətdir və bu,
insanın dünya üzərindəki məsuliyyətinin bir
hissəsidir. Həm də ətraf mühitin qorunması
yalnız bir məsuliyyət deyil, eyni zamanda bir ibadətdir.
İslam təbiətin bir əmanət olduğunu və ona
hörmətlə yanaşmağı öyrədir. Təbiətə
zərər vermək, onu məhv etmək insanın
özünə qarşı zülmüdür. Çünki
təbiətdə baş verən immanent dəyişikliklər
öz növbəsində cəmiyyətə cavab
reaksiyası verir, ekoloji ziddiyyətləri gücləndirir,
onların kəskinləşməsinə səbəb olur. Həyatı
təhlükə qarşısında qoyur.
Antisanitariyanı günah sayan Peyğəmbərimizin “sizdən
biri suya bövl etməsin!” hədisi də təbiət
ünsürlərinin təmizliyini qorumağın vacibliyini
bildirir. Bundan başqa, Peyğəmbər Qurban bayramı
zamanı kəsilən qurbanların artıq hissələrinin
dərhal basdırılması və kəsim yerlərinin təmizlənməsini
əmr edirdi. O, küçələrə tullantı
tökülməsini də qadağan etmiş, yerə
düşən zibilin qaldırılaraq ətrafdan təmizlənməsini
sədəqə kimi qiymətləndirmişdi. O deyirdi ki,
“tullantı şeytanın məkanıdır”. Başqa bir hədisdə
oxuyuruq ki, “hər kim yoldan daşı (zibili) götürsə,
onun adına yaxşılıq yazılar”.
İslam dünyasında torpaq və ondan istifadə
olunması məsələsinə olduqca zəruri, toxunulmaz və
müqəddəs bir nemət kimi baxılır.
Torpağın becərilməsi haqqında şəriət
müqaviləsində onun yararlı olması, yararlı hala
salınması və yararlı saxlanması vacib şərtlərdən
biri kimi irəli sürülür. Torpaq həyatın
çox vacib komponentlərindən biri hesab olunur. Hədislərin
birində deyilir: “Kim torpağın bir qarışına
zülm etsə, yerin yeddi qatı onun boğazına dolanar”.
İslam dini ancaq təbiətin mühafizəsi ilə
kifayətlənmir, həm də onu zənginləşdirməyi
tələb edir. Bu iş hər bir insanın borcu hesab olunur və
savab sayılır. Məhəmməd peyğəmbər hədislərin
birində belə buyurur: “Kim bir ağac əkər və o
ağac meyvə verərsə, Allah həmin meyvələrin
sayı qədər ona savab verər”. Bir digər hədisdə
deyilir ki, ələ götürülmüş fidanı qiyamət
saatı çatsa belə, macal tapıb əkmək
lazımdır. Quranda bir çox surələrin adları
(“Fil”, “İnək”, “Hörümçək”, “Bal
arısı”, “Qarışqa”, “Atlar”) heyvan adları ilədir
ki, bu da heyvana olan münasibətin ifadəsidir. Din at, dəvə,
balıq, delfin, qoyun-keçi, fil, inək və s.
heyvanların qədr-qiymətini bilməyi və onları bəsləməyi
tövsiyə edir.
Dinimiz təbiətə və ekoloji mühitə zərər
vuranların - onlardan şəxsi məqsədləri
üçün israfçılıqla və düşməncəsinə
istifadə edənlərin, qoyulmuş normaları pozanların
ciddi cəzalandırılmasını irəli sürür. Məsələn,
“əl-Əraf” surəsinin 163-cü ayəsində qadağan
olunmuş vaxtda balıq ovlayanların Allah tərəfindən
ciddi cəzalandırılacağı qeyd olunur. İmam Sadiq
deyirmiş: “Heç vaxt ağacları kəsməyin.
Ağacları kəsənə şiddətli əzab
vardır”. Nəsainin hədislər kitabında isə belə
yazılır: “Kim haqlı bir səbəb olmadan bir sərçəni
öldürsə, o canlı qiyamət günü Allaha
şikayət edər və “Ey Rəbbim, filan adam məni
heç bir səbəb olmadan öldürdü” deyər.
Şəriət ev heyvanlarının öldürülməsi
və onlara xəsarət yetirilməsi üstündə diyə
cəriməsi müəyyən edir.
Gördüyümüz kimi, İslam dini ekoloji mədəniyyət
və maarifləndirmənin formulunu təqdim etmişdir.
Yuxarıda qeyd etdiklərimiz bu formulun əsas mündəricatını
təşkil edir.
Bizcə, qlobal ekoloji problemlərin həllində,
ekoloji şüurun, əxlaq və etikanın
formalaşdırılmasında dinlərin, o cümlədən
də İslam dininin adı yerli və beynəlxalq təşkilatlarla
bir sırada çəkilməlidir. Məscid və dini
icmalarda (həmçinin ölkəmizdəki kilsə və
sinaqoqlarda) moizələr zamanı, müxtəlif rəsmi və
qeyri-rəsmi tədbirlərdə, ekomaarifləndirmə
işlərində İslam dininin ekoloji mədəniyyət
formulundan geniş istifadə olunmalıdır.
Araşdırmalar göstərir ki, bu cür məlumatlarla
maarifləndirmə ətraf mühitin canlıların həyatına
təsiri haqqında insanların biliklərini daha da dərinləşdirir,
onları ekoloji kəşfiyyat və təmizlik işlərinə
təşviq edir. Ekoloji şüurun və əxlaqın
formalaşmasına daha çox kömək edir.
Çünki İslam dininin buyuruqları insanların
şüuruna və düşüncəsinə daha
güclü təsir göstərir. İslam həm də
müəyyən həyat tərzindən, məişət
qaydaları və adətlərindən ibarət olduğuna
görə, bunlara dinə laqeyd adamlar belə riayət edirlər.
Quranın təbirincə, insan Allahın yerdəki xəlifəsidir.
Xəlifə olaraq o, Allahın əmanəti olan təbiəti,
onun substantlarını və ətraf aləmi qorumaq
üçün məsuliyyət daşıyır və bunun
üçün Yaradan qarşısında cavabdehdir. Buradan da belə
anlaşılır ki, xəlifə (insan) ilahi əmanəti
özündən sonrakı nəsilə ötürməyə borcludur. Və
bu onun Allah qarşısında borcudur.
Gəlin borcumuzu ləyaqətlə yerinə yetirək!
İmran VERDİYEV
Əməkdar müəllim
525-ci qəzet .- 2025.- 15 iyul(¹121).-S.14.