Azərbaycan-Suriya:
Əməkdaşlığın yeni dövrü
Suriyada Bəşər Əsəd rejiminin süqutu və
yeni qüvvənin hakimiyyətə gəlməsi Azərbaycanla
münasibətlərdə də yeni səhifə
açmış oldu. İki ölkənin tarixi-mədəni
əlaqələrə malik olmasına baxmayaraq,
keçmiş rejimin dövründə Azərbaycana
yanaşmada qeyri-adekvat, ermənilərin təsirindən
formalaşmış münasibət sərgilənirdi.
İyulun 12-də Suriya Ərəb Respublikasının
keçid dövrü Prezidenti Əhməd Əl
Şaraanın Azərbaycana ilk səfəri iki ölkənin
münasibətlərində mühüm bir addım oldu.
Yada salaq ki, Əsəd rejiminin süqutundan sonra bu
ölkəyə ilk humanitar yardım göstərən,
Suriyanın ərazi bütövlüyünə, suverenliyinə
güclü dəstəyini ifadə edən ölkələrdən
biri məhz Azərbaycan oldu. Azərbaycan Türkiyə ilə
birlikdə Suriyanın münaqişədən sonrakı
dövrdə inkişafına, bərpa-quruculuq prosesinə
töhfə verməyə hazırlığını ifadə
etdi. Eyni zamanda, 12 illik fasilədən sonra ölkəmizin Dəməşqdəki
diplomatik missiyası yenidən fəaliyyətə
başladı. Prezident İlham Əliyevin
tapşırığına əsasən bu günlərdə
hökumətin yüksək səviyyəli nümayəndə
heyəti Suriyada səfərdə olub, bu ölkədə bərpa-quruculuq
işlərində Azərbaycanın nə kimi dəstək
verə biləcəyini araşdırıb.
Azərbaycan-Suriya əlaqələri, eyni zamanda
ölkəmizin Yaxın Şərq siyasətinin bir hissəsidir.
Bakının çoxşaxəli xarici siyasəti geniş
coğrafiyanı – Avropa, Mərkəzi Asiya, Yaxın Şərq
və s. regionları əhatə etməklə ona
böyük nüfuz qazandırıb. Rəsmi Bakının
bu siyasəti müstəqil, balanslaşdırılmış
olmaqla, ədalət prinsipini, beynəlxalq hüququn
normalarını üstün tutur. Prezident İlham Əliyevin
bu siyasəti nəticəsində Azərbaycan Yaxın Şərq
regionunda da etibarlı tərəfdaş olaraq qəbul edilir.
Azərbaycan Suriya ilə İsrail arasında gərginliyin
aradan qaldırılmasında və danışıqlar
prosesində “sakit diplomatiya” prinsipindən
çıxış edərək görüşlərin təşkilinə
öz töhfəsini verib. Həmçinin Türkiyə ilə
İsrail arasında və Suriya mövzusunda gərginliyin
aradan qaldırılmasında “qaynar xətt” mexanizmi
yaradılmasında önəmli rol oynayıb.
Bu gün Azərbaycanla Suriya arasında yeni istiqamət
Azərbaycan qazının Suriya bazarına
çıxarılmasıdır. Bu məsələ Suriya
liderinin Bakıya səfəri zamanı diqqət mərkəzində
olub.
Prezident İlham Əliyev Suriya lideri ilə
görüşdə uzun illər ərzində Azərbaycana
münasibətdə qeyri-dost siyasəti həyata keçirən
Suriyadakı əvvəlki hökumətin vaxtında
münasibətlərimizdə durğunluq olduğunu, yeni
hakimiyyətin qurulmasından sonra əlaqələrimizin
inkişafı üçün böyük perspektivlər
açıldığını söyləyib.
Azərbaycan Xarici İşlər Nazirliyinin və
Baş nazirin müavininin rəhbərliyi ilə nümayəndə
heyətinin Suriyaya səfərini xatırladan dövlət
başçısı, həmin səfər zamanı
keçirilən görüşlərdə müxtəlif
sahələrdə əməkdaşlığımızın
inkişafı ilə əlaqədar layihələrin müzakirə
edildiyini vurğulayıb.
Öz növbəsində Əhməd Əl Şaraa
Azərbaycanın Suriyaya göstərdiyi qardaşlıq dəstəyinə
görə Prezident İlham Əliyevə təşəkkürünü
bildirib, əvvəlki hakimiyyətin Suriyanın bir çox
ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrə
xələl gətirdiyini təəssüflə qeyd edib,
ölkəsinin Azərbaycanla siyasi, iqtisadi-ticari, mədəni,
humanitar və digər sahələrdə əməkdaşlıqda
maraqlı olduğunu deyib.
Azərbaycanın əldə etdiyi uğurlar və
torpaqlarımızın işğaldan azad edilməsi
münasibətilə təbriklərini çatdıran
Suriyanın keçid dövrü Prezidenti ölkəmizin
ötən əsrin 90-cı illərində çətinliklərlə
üzləşdiyini, amma onların öhdəsindən
layiqincə gəldiyini və hazırda inkişaf etdiyini
söyləyib.
Xatırladaq ki, Suriya hazırda ciddi enerji problemi ilə
üzləşib. İki ölkə liderlərinin
görüşündə, xüsusilə enerji sahəsində
əməkdaşlığın vacibliyi vurğulanıb,
yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən
Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi
qeyd edilərək, bunun Suriyanın enerji təhlükəsizliyinə
töhfə verəcəyi bildirilib. Əhməd Əl
Şaraa ölkəsinin üzləşdiyi ciddi enerji problemlərinin
həllində Azərbaycanın töhfəsinin əhəmiyyətini
vurğulayaraq, bunun Suriyanın inkişafına xidmət
etdiyini deyib.
Ölkəmizin işğaldan azad edilmiş ərazilərdə
aparılan bərpa-quruculuq işlərində təcrübəsinin
olduğu nəzərə alınaraq vurğulanıb ki, bu
xüsusda Azərbaycan Suriyanın postmünaqişə
dövründə bərpasına və quruculuq prosesinə
öz töhfəsini verə bilər.
Suriya liderinin işgüzar səfəri çərçivəsində
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
(SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti
arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Azərbaycanın
iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə
Şurasının sədri Mikayıl Cabbarov və
Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir
imzalayıblar.
Bu gün dünyada Azəbaycan qazına böyük
ehtiyac var. Azərbaycan təkcə Avropa bazarına deyil,
Yaxın Şərq ölkələrinə də öz
qazını ixrac edir. Xatırladaq ki, Azərbaycan hazırda
12 ölkəyə qaz ixrac edir və bunlar da əsasən
Avropa ölkələridir. Bu mənada Yaxın Şərq
enerji əməkdaşlığında Azərbaycan
üçün yeni coğrafiyadır. Artıq Türkiyə
üzərindən 1 mlrd kubmetr qazın Suriyaya ixracı məsələsi
Suriya prezidentinin Bakıya səfəri çərçivəsində
müzakirə olunub. Beləliklə, Azərbaycanın təbii
qaz ixrac etdiyi ölkələrin sayı 13-ə
çatır. Yada salaq ki,
Türkiyə ilə Suriyanı birləşdirən qaz kəməri
bərpa edilib, Suriyanı İordaniya ilə birləşdirən
qaz kəmərinin də bərpası nəzərdən
keçirilir ki, bu da Azərbaycan qazının gələcəkdə
Misirə qədər çatdırılması
imkanlarını artırır. Bundan əlavə, Azərbaycanın
elektrik enerjisi istehsalı və ixracı sahəsində də
yeni imkanlar yaranır. Yaxın Şərq bazarı bu
baxımdan perspektivli istiqamətlərdən biri kimi qiymətləndirilir.
Milli Məclisin deputatı Fatma Yıldırım “525”ə
deyib ki, Suriyanın keçid dövrü Prezidenti Əhməd
Əl Şaraanın ölkəmizə işgüzar səfəri
Azərbaycan-Suriya münasibətlərində yeni səhifənin
açılması baxımından mühüm əhəmiyyət
daşıyır. Bu səfər iki dost ölkə
arasında siyasi dialoqun intensivləşdirilməsi ilə
yanaşı, enerji, iqtisadiyyat və infrastruktur sahələrində
qarşılıqlı maraqlara əsaslanan praktiki əməkdaşlığın
inkişafı üçün real imkanlar yaradır.
Xüsusilə neft və qaz sahəsində təcrübəsi
ilə seçilən Azərbaycanın Suriyanın enerji
sektorunun bərpasında rol alması həm regional sabitliyə,
həm də tərəfdaşlığın dərinləşməsinə
xidmət edəcək mühüm addım kimi dəyərləndirilməlidir.
Deputat qeyd edib ki, Azərbaycan neft və qaz sahəsində
böyük təcrübəyə malik, regional və qlobal
enerji bazarlarında etibarlı tərəfdaş kimi
tanınır: “Əgər bu gün Suriyada neft və qaz
ehtiyatlarının təhlükəsiz və səmərəli
şəkildə işlənilməsi məsələsi
gündəmdədirsə, burada SOCAR-ın iştirakı məntiqli
və etibarlı seçimdir. Bu, təkcə iqtisadi əməkdaşlıq
deyil, həm də postmünaqişə dövründə
Suriyanın bərpasına töhfə verəcək sivil təşəbbüsdür.
Azərbaycanın neytral və balanslı xarici siyasəti,
xüsusilə Yaxın Şərqdəki mürəkkəb
geosiyasi şərtlər fonunda, ölkəmizi sabitlik və əməkdaşlıq
platforması kimi önə çıxarır. Azərbaycanın
Suriya ilə enerji əməkdaşlığı qurması,
heç bir tərəfi narahat etmədən, regional sabitliyə
və iqtisadi inkişafa xidmət edəcək səmərəli
model ola bilər. Azərbaycan bu prosesdə tərəfsiz və
qərəzsiz vasitəçi rolunda çıxış
edir”.
Onun sözlərinə görə, bu səfər, həmçinin
Cənubi Qafqaz və Yaxın Şərq bölgələrində
yeni strateji tərəfdaşlıq modellərinin qurulması
üçün zəmin yaradır: “Əməkdaşlıq
yalnız enerji sektoru ilə məhdudlaşmır – tikinti,
infrastruktur, kənd təsərrüfatı, təhsil və
humanitar sahələrdə də potensial genişdir. Azərbaycan
bu istiqamətlərdə öz təcrübəsini
bölüşməyə və tərəfdaş ölkələrə
dəstək göstərməyə daim hazırdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
öz xarici siyasətində prinsipial mövqe nümayiş
etdirərək, qarşılıqlı hörmətə və
bərabərhüquqlu əməkdaşlığa əsaslanan
münasibətlər qurur. Əhməd Əl Şaraanın
Azərbaycana səfəri də bu siyasətin məntiqi nəticəsi
olaraq qiymətləndirilməlidir”.
Politoloq İlyas Hüseynov “525”ə deyib ki, Bəşər
Əsəd rejiminin devrilməsindən sonra qardaş Türkiyənin
Suriya ərazisində maraqlarının təmin olunması Azərbaycan
üçün də geniş imkanlar formalaşdırdı.
Azərbaycan Yaxın Şərq regionunda postmüharibə
reallıqlarında fəal diplomatik fəaliyyət icra etməkdədir.
Bu da siyasi, iqtisadi, humanitar, mədəni, enerji, nəqliyyat
baxımından müstəsna əhəmiyyətə
malikdir. Digər tərəfdən qeyd etmək lazımdır
ki, Suriyada yeni keçid hökuməti formalaşandan sonra Azərbaycan
nümayəndə heyəti Suriyada səfərdə olub.
Bundan əlavə, Antalya Diplomatik Forumu çərçivəsində
də liderlər arasında görüş keçirilib. Bu
da çox yaxşı əməkdaşlıq formatları
üçün üfüqlər yaratmaqdadır.
Onun sözlərinə görə, Azərbaycan Suriya
ilə əməkdaşlıq çərçivəsində
həm də karbohidrogen ehtiyatlarını Yaxın Şərq
hövzəsinə çıxara bilər: “Burada İraq,
Türkiyə, Suriya potensial alıcılar arasındadır və
bir sıra uğurlu layihələr də artıq istifadəyə
verilib. “Cənub Qaz Dəhlizinin geniş perspektivləri var” -
deyəndə Azərbaycanın enerji resurslarının
şaxələndirildiyi, diversifikisasiya olunduğu və onun
alıcılarının sayının getdikcə
artdığı nəzərdə tutulurdu. Digər
mühüm məqam kimi qeyd edə bilərik ki, Azərbaycan
öz torpaqlarını işğaldan azad etdikdən sonra həmin
ərazilərdə geniş bərpa-quruculuq icra edərək
təcrübə qazanıb. Həmin təcrübəni
Suriyada da tətbiq etmək olar. Azərbaycanın tikinti,
memarlıq və dizayn istiqamətində ixtisaslaşmış
şirkətləri Suriyanın yenidən qurulmasında və
inkişafında töhfə verə bilərlər. Həmin
istiqamətdə Azərbaycanın geniş təcrübəsi
də paylaşıla bilər.
Hesab edirəm ki, Əhməd Əl Şaraanın səfəri
həm də Azərbaycan-Suriya əməkdaşlığının
güclənməsinə xidmət edəcək.
Çünki Azərbaycan fəal siyasi aktor kimi müasir beynəlxalq
münasibətlər sistemində öz nüfuzunu bir qədər
də genişləndirir. Eyni zamanda, Suriya-İsrail, Türkiyə-İsrail
münasibətlərinin Suriya kontekstində
yaxınlaşmasında da Azərbaycan vasitəçiliyini və
bütün diplomatik resurslarını səfərbər edib.
Bu da ölkəmizin artan nüfuzundan genişlənən
maraqlarından və gücündən xəbər verir”.
Pərvanə
525-ci qəzet .- 2025.- 15 iyul(¹121).-S.4.