Ramiz Əsgər -
türkçülüyün əsgəri
(Əvvəli ötən sayımızda)
General Dubinyaka "sürpriz"
Ramiz Əsgər cəsarətli jurnalist idi. Sovet
qoşunlarının təpədən dırnağa qədər
silahlanmış əsgərlərlə, ağır texnika ilə
Bakıya təcavüz etdiyi 1990-cı il yanvarın 19-dan 20-nə
keçən dəhşətli gecəni yaxşı
xatırlayıram. R.Əsgər gülləbaran altında
peşə vəzifəsini yerinə yetirir,
"Azadlıq" radiosuna reportajlar hazırlayırdı. Səhər
açılanda isə "Vətən" Cəmiyyətindəki
teleks vasitəsilə xarici KİV-lərə, xüsusən
Türkiyə mətbuatına materiallar
ötürürdü. Bakı komendantı general Dubinyak şəhərdə
komendant saatı tətbiq etdiyindən həmişəki
qaydada qəzet buraxmaq, şəkil çəkmək və s.
qadağan olunmuşdu. Sovet əsgərlərinin qətlə
yetirdiyi uşaq və qadınların meyitlərin
fotolarının qəzetdə verilməsi, onlar barədə
materialların dərc edilməsi qəti qadağan
edilmişdi. "Azərbaycan" nəşriyyatında
general Jukovun rəhbərliyi ilə hərbi senzura
yaradılmışdı. Jukov beşinci mərtəbədə
yerləşən nəşriyyat direktorunun kabinetini zəbt
etmişdi. O, məqalələri bir-bir tərcümə
etdirir, oxuyur, yalnız üzərinə "çapına
icazə verilir" yazıb imza-möhür qoyduqdan sonra qəzeti
nəşr etmək olardı. Ona bizim yerli "Qlavlit" əməkdaşları
da yardım edirdilər. Həmin əməkdaşların
çoxu Jukova, hərbi senzuranın digər əməkdaşlarına
nifrət etsələr də, bu hissi güclə boğur,
gizlədirdilər. Onlardan Allahverdi adlı "Qlavlit" əməkdaşının
fədakarlığı yaxşı yadımdadır. O,
Qanlı Yanvarla bağlı materialların qəzetdə dərc
olunması üçün canfəşanlıq edirdi.
20 Yanvar qırğınına dair tükürpədici
nömrəni çapa hazırladıq, qətl edilmiş əliyalın
mülki Bakı sakinləri, o cümlədən uşaq,
qadın fotoları səhifələrdə əks
olunmuşdu. Biz başqa materialları hazırlayıb,
senzuradan keçirdik, lakin mətbəəyə 20 Yanvar faciəsini
əks etdirən materialları göndərdik. Ertəsi
gün ağılarla müşayiət edilən fotolar, bir də
Mehmet Akif Ərsoyun "Şəhidlər
üçün" adlı məşhur şeiri dərc
olunmuş qəzet bütün şəhəri "silkələdi",
bu, hərbi senzuraya sərt zərbə oldu. Televiziya, radio və
qəzetdən məhrum olunmuş oxucular qəzeti əl-əl
gəzirdi. Xalq yazıçısı Elçin general
Dubinyakın axtardığı qəzetin əməkdaşlarına
bir neçə günlüyə işə gəlməməyi,
gizlənməyi tapşırmışdı. Yeri gəlmişkən,
onu da deyim ki, istedadlı həmkarımız, mahir redaktor Məzahir
Süleymanzadənin redaktor olduğu "Səhər" qəzeti
də bütün yasaqlara baxmayaraq, şəhidlərin xatirəsinə
həsr olunmuş xüsusi nömrə buraxmışdı.
Bu hadisədən bir neçə gün sonra redaksiya yenə
eyni cəsarətlə işini davam etdirməyə
başladı...
Allah sənə rəhmət eləsin, Mirzə Cəlil!
Hərbi senzura öz aləmində idi, sanki
sayıqlığını, nəzarəti
artırmış, materialları daha ciddi oxumağa
başlamışdı. Onlar yazıları oxuyub icazə verməklə
kifayətlənmir, mətbəədə çarçap
prosesinə də nəzarət edirdi. Bu şəraitdə
dövrün ruhuna, oxucunu istəyinə uyğun materiallar
hazırlamaq və çap etməklə bağlı
redaksiyada fikir mübadiləsi gedirdi. Qəfildən Ramiz
Əsgər dilləndi: "Mirzə Cəlil "Ölülər"
pyesinin proloqunda "Müfəttiş" əsərini nəzərdə
tutub yazmışdı ki, "Allah sənə rəhmət
eləsin, Qoqol". İndi biz də deyəcəyik ki, Allah sənə
rəhmət eləsin, Mirzə Cəlil". Sonra o, fikrini
izah etdi: "İşğalı ifadə və ifşa edən,
ən kəskin şəkildə, ən sərt sözlərlə
əks etdirən yazılar hazırlamağa davam edəcəyik.
"Molla Nəsrəddin" jurnalı çar
senzurasının yasaq etdiyi materialların yerini boş qoyurdu.
Biz də o taktika ilə hərəkət edəcək, hərbi
senzurasın çapına icazə vermədiyi
yazıların yerini boş buraxacağıq, yol vermədiyi
abzasların əvəzinə qayçı şəkli
qoyacağıq. Elə də etdik. Senzura aradan
götürülənədək qəzet bu şəkildə
nəşr olunmağa başladı...
"Mövsüm, sən yaz, qalanı bizlikdir..."
Qəzet letuçkalarının birində "Vətən"
Cəmiyyətinin sədri Elçin dedi: "Ölkədə
böyük tarixi proseslər gedir. Milli azadlıq hərəkatı
gündən-günə genişlənir. Bu şəraitdə
xalq bir ideyaya xidmət etmək üçün qüvvəsini
birləşdirməlidir. Ölkəmizin ərazi
bütövlüyünün qorunması istiqamətində
xalqımızın əzmi, iradəsi qırılmazdır.
Eyni zamanda respublikanın suverenliyi, azadlığı
üçün ideoloji zəmin də olmalıdır.
Şükürlər olsun ki, bizim bu sarıdan bəxtimiz gətirib
və Şərqdə ilk müstəqil dövləti- Azərbaycan
Xalq Cümhuriyyətini qurmuşuq. Qəzet bu şanlı
tarixi əks etdirən yazıları, Cümhuriyyət liderləri,
onların həyatı, fəaliyyəti, dövlətin
simvolları barədə yazıları müntəzəm dərc
etməli, milləti maarifləndirməlidir. Siz ehtiyat etməyin,
Mərkəzi Komitədən gələcək təzyiqlərin
qarşısını mən alacağam".
Bu söhbətdən sonra "Odlar yurdu"
üçün əvvəllər "Azərbaycan sərkərdələri"
rubrikası ilə generallarımız haqqında materiallar
hazırlayan Mövsüm Əliyev "Bu barədə ilk dəfə"
rubrikası ilə yeni yazılara start verdi. Onun Cümhuriyyət
qurucularına dair ilk yazısı Azərbaycanın görkəmli
siyasi xadimi, xalqımızın diplomatiya tarixində müstəsna
xidmətləri olmuş Əlimərdan bəy Ələkbər
oğlu Topçubaşova həsr edilmişdi. Sonra digər
Cumhuriyyət xadimləri barədə materiallar dərc
olunmağa başladı. Mövsüm Əliyev növbəti
yazını redaksiyaya təqdim edəndə R.Əsgər:
"Bunlar yaxşıdır. Bəs Cümhuriyyətin lideri Məhəmməd
Əmin Rəsulzadə haqqında yazı nə vaxt
olacaq?", - deyə soruşdu. M.Əliyev özünəməxsus
diksiya ilə: "Tez deyil? Məncə, bir az keçsin,
görək kommunist məmurların reaksiyası necə olur?
Sonra bunları da qoymazlar". R.Əsgər qətiyyətlə:
"Yox, Mövsüm, sən ləngitmə, yaz, qorxma,
qalanı bizlikdir", - dedi. Çox çəkmədi ki,
1988-ci ilin sentyabr ayında Sovet hakimiyyətinin vaxtı ilə
"vətən xaini", "millət düşməni"
kimi damğaladığı M.Ə.Rəsulzadə haqqında
qəzetin bir səhifəsi həcmində məqalə dərc
olundu. Düz iki il sonra, 1990-cı ilin sentyabrında, müstəqilliyimizin
elan olunması ərəfəsində R.Əsgərin tərcüməsində
M.Ə.Rəsulzadənin "Bir türk milliyyətçisinin
Stalinlə ixtilal xatirələri" əsərinin qəzetdə
hissə-hissə verilməsinə başlandı.
Xəlil Rza Ulutürk və "Sumqayıt
dastanı"
Bir gün azadlıq nəğməkarı, istiqlal
carçısı Xəlil Rza Ulutürk çox vaxt
özü ilə gəzdirdiyi məşhur çantası ilə
həyəcanla redaksiyaya daxil oldu. Üzünü R.Əsgərə
tutdu: "Sumqayıt qırğınına aid bir poema
yazmışam, sovetin simasını, erməni hiyləsini, vəhşiliyini
ifşa edən bir əsərdir. Hansı redaksiyaya getdimsə,
hamısı "pəh-pəh" deyib bəyəndilər,
amma çap etməyə çəkindilər, qorxdular.
Böyük dostum Elçinə dedim. O, qəbul etdi. Buyurun,
bu, "Sumqayıt dastanı"dır".
Kiçikhəcmli poema 1988-ci ilin fevralında
Sumqayıt şəhərində ermənilər tərəfindən
törədilmiş təxribat xarakterli qırğını,
sovet milli siyasətin, qaniçən sovet əsgərinin
simasını bütün çılpaqlığı ilə
açıb göstərir, ifşa edir. Burada şair tariximizə
nəzər salır, faciənin kökünü
araşdırır. Xəlil Rzanın sovet əsgərinə
nifrəti hüdudsuzdur, o, öz haqqını müdafiəyə
qalxan əliyalın gənclərimizin üzərinə tank
sürən, onları qanına qəltan edən sovet əsgərini
hiddətlə lənətləyir.
Ramiz Əsgər əvvəlcə astadan, sonra bəzi
misraları təkrar-təkrar ucadan oxudu:
"Kəbinsiz gəlin kimi
veriləndə Xankəndi,
Zəlzələlər nəhri tək
Sumqayıt silkələndi!
Tankçı, əlin qurusun!
Tankçı, dilin qurusun!
Tankçı, belin qurusun!
Söylə hansı üzlə sən,
Belə xalqın üstünə
öz tankını sürürsən?!"
Xəlil Rza R.Əsgərin münasibətindən təsirlənmiş,
coşmuşdu, o, son dövrlərdə yazdığı bir
neçə şeiri özünəməxsus tərzdə
ifa etdi. Ramiz poemanın ən qısa vaxtda veriləcəyini
bildirdi və əsər şairin kəskin şəkildə
yazılmış ön sözü ilə qəzetin
1990-cı ildə çıxan son nömrəsində dərc
olundu.
Yazmaqla bitməyən ömür dəyərli
şair, tərcüməçi, publisist, ədəbiyyatşünas,
pedaqoq, filologiya elmləri doktoru, professor R.Əsgəri əcəl
aramızdan vaxtsız apardı. Onun yarımçıq qalan
arzuları, hələ həyata keçirmədiyi planları
vardı. Hələ neçə-neçə türk
diyarlarını gəzməyi, yeni-yeni əsərlər
yazmağı düşünür, az qala sayını
itirdiyi elmi əsərlərinin siyahısını
artırmaq həvəsi ilə yaşayırdı. Sən
saydığını say... Ürək bu iş rejiminə
dözmədi. Ondan geriyə böyük miras, zəngin irs
qaldı. Türkçülüyün təbliğinə
xidmət edən, türkologiyanın inkişafına, yeni
istiqamətlər və mövzular üzrə
axtarışlarına təkan verən "Qutadğu
bilig", "M.K.Atatürk TBMM-nin banisidir", "Mahmud
Kaşğari və onun "Divanü
lüğat-it-türk" əsəri", "Mahmud
Kaşğarinin 1000 illik yubileyinə 1000 biblioqrafik göstərici",
"Mahmud Kaşğarinin "Divanü
lüğat-it-türk" əsəri üzrə biblioqrafik
və qrammatik göstərici", "Mahmud Kaşğarinin
"Divanü lüğat-it-türk" əsərinin tədrisi",
"Türk xalqları ədəbiyyatı oçerkləri"
və sair kimi sanballı elmi-tədqiqat əsərləri,
çox sayda tərcümələri milli sərvətimizdir.
Ramiz Əsgərin ömrü cismən bitdi, lakin əmanət
qoyduğu irsi ilə əbədiyaşarlılıq haqqı
qazandı. Onun həyat yolu haqqında yazılmaqla bitməyən
bir mövzudur.
Ruhu şad olsun!
19.06.2025
Abid TAHİRLİ
525-ci qəzet .- 2025.- 16 iyul(№122).-S.15.