YAZILARI SOLMUŞ
VƏRƏQLƏRDƏKİ HƏYAT
Onda hər mənzildə divarlardan asılı bir
radio vardı və gün boyu səslənərdi. Azərbaycanın
dörd bucağında belə idi - şəhərlərdə
də, ən ucqar kəndlərdə də radio xətti
olmayan yer, radiosuz ev tapılmazdı.
Yəqin, o vaxt bütün Sovet İttifaqı boyunca
belə imiş və bu da dövlət siyasətinin tərkib
hissəsiymiş.
Radio ilk növbədə dövlətin səsi idi,
onun siyasəti də, xəbərləri də hər vətəndaşa
çatmalıydı. Əlbəttə, qəzetlər də
vardı. Ancaq qəzet harasa yetişməzdi, harasa gecikərdi,
kimsə oxuyardı, kimsə oxumazdı, radio isə belə
idi ki, o səs hər yana uçurdu və görünür,
ölkəni tam radiolaşdırmaq da dövlətin siyasətiymiş
ki, daim onun xətti, sözü insanlarla birgə olsun.
Radio cəmiyyətə hakim idi. Dan yeri
çırtlayandan gecə saat 12-də gün bitənədək
açıq idi. Radio günləri dövlət himni ilə
başlayıb dövlət himni ilə də bitirərdi.
Ancaq radio həm də cəmiyyətdən asılı idi.
Yalnız xəbər oxusaydı, təkcə siyasətdən
danışsaydı, şübhəsiz ki, insanları yorar və
ona qulaq asan da olmazdı, ya lap az olardı. Radionu isə
hamı həvəslə dinləyirdi, hamı onun cazibəsində
idi. Çünki bu səslər qutusu cəmiyyətdən
ötrü hər şey demək idi - həm bilik verən məktəb,
həm biliyi olanın savadını daha da artıran
universitet.
Radio həm konsert salonu, həm teatr səhnəsi idi,
həm qızğın idman yarışlarının getdiyi
tamaşaçı dolu stadion, həm bir-birindən maraqlı
kitablar, həm də tanınmış şəxsiyyətlərlə
görüş yeri. Məhz bu qədər çox vəzifəni
daşıdığından radio cəmiyyətə hakim
olmaqla yanaşı, həm də ondan asılı idi. Radio
onillərcə mötəbər bir məktəb, zövq və
səviyyə tərbiyəçisi, yönəldici oldu.
Azərbaycan insanlarının sıra-sıra nəsilləri
təhsil aldıqları orta və ali məktəblərdən
savayı, həm də hamınınkı sayılan radionun
şagirdi, tələbəsi, müdavimi oldular.
Azərbaycan insanı XX əsr boyunca, xüsusən həmin
yüzilin ikinci yarısı davam etdikcə həmişə
yüksək səviyyəli müştərək mədəni-ədəbi-elmi
mühit içərisində olmasına, bu ab-havada yetişib
inkişaf etməsinə görə radioya borcludur.
Gün boyu evlərdən səsi kəsilməyən
Azərbaycan radiosu insanlarımıza yalnız qulaq
yoldaşı deyil, həm də könül hayanı idi.
Zəhmətdən usanmayan arılar çəməndən-çəmənə,
çiçəkdən-çiçəyə uçur, zərrə-zərrə
topladığını pətəyinə daşıyır,
bala döndərir, əməyinin bəhrəsindən
özü də qidalanır, insanlara da pay düşür.
Radiomuz var olduğu bir əsrə çatan müddətdə
beləcə bir arı yuvası kimi daim qaynayıb və
yaşadığı şərəfli ömürlə də
millətinki olduğunu çoxdan sübuta yetirib.
Təbii ki, zaman-zaman radioda əməkdaşlar
çalışırdı, hazırlanan verilişlər, səsləndirmələr
onların əməyi ilə dalğalara dönərək
yaxın-uzaq ünvanlara baş alırdı. Lakin radionu
hamınınkılaşdıran, bunca sevimli və gərəkli
edən o idi ki, burada bütün millətin zəkası,
istedadı, qabiliyyəti, həmin üstün keyfiyyətləri
özündə birləşdirən parlaq övladları
birləşirdi.
Radio bütövlükdə Azərbaycanın
qovuşan düşüncə və ilham gücünün bəhrəsi
idi, milli radiomuz nəhəng bir sinif otağı, əzəmətli
bir tədris auditoriyası, əngin dənizdə nuru heç
zaman kəsilməyən mayak idi ki, buradan hər kəsə
işıq çatırdı.
Sovet dönəmində SSRİ-yə daxil digər
respublikalarda olduğu kimi, Azərbaycanda da hər il mayın
7-si “Radio Günü” kimi bayram edilirdi.
Vaxt gəldi, təqvimə əl gəzdirildi, daha
mayın 7-si bizdə “Radio Günü” kimi qeyd edilmədi.
Ancaq Radionun bayramı da bayramlığında qaldı. Dəyişən
siyasətlər insanların sədaqətli yol yoldaşı
radionu xalqdan ayıra bilməzdi ki! Müstəqillik dönəmində
Azərbaycan noyabrın 6-sını özünün Milli
Radio Günü kimi təqviminə daxil etdi. Azərbaycan
radiosunun 1926-cı ildə daimi yayımlarını
başladığı gün Millət təqvimimizdə Radio
Günümüzə çevrildi və yəqin, bundan belə
dalğaları yayılmaqda davam etdikcə həmin gün elə
həmişəlik Radio Bayramımız olaraq qalacaq!
Əslində isə radiomuzun yaşı daha əvvəldən
başlayır - Cümhuriyyət dönəmindən, 1919-cu
ildən.
O çağlar Parisdə, Eyfel qülləsində
Avropa Radiostansiyası yerləşirdi. Azərbaycanın da həmin
radiostansiyaya qoşulması, öz radiosunun fəaliyyətə
başlamasından ötrü razılıq almaq məqsədilə
Azərbaycan Məclis-i Məbusanının - ilk parlamentimizin
sədri Əlimərdan bəy Topçubaşov (1863-1934) Azərbaycan
dövləti adından rəsmi məktublarla Fransa Müdafiə
Nazirliyinə, Fransa Xarici İşlər Nazirliyinə
müraciətlər etmişdi.
Və 1919-cu ilin noyabrında Əlimərdan bəy
Eyfelin zirvəsindəki Avropa Radiostansiyasında idi, oradan Gəncədəki
Azərbaycan Radiostansiyasına birbaşa xətlə
qoşlaraq hökumətin başçısı Nəsib bəy
Yusifbəyliyə (1881-1920) teleqram göndərirdi: “Əziz Vətənimizin
iqtisadi və mədəni tərəqqisində böyük
rol oynayacaq ilk Azərbaycan radiostansiyasının fəaliyyətə
başlaması münasibətilə Sizi təbrik edirəm!”
Sovet dönəmində Radio günü bayram olaraq təqvimlərə
1945-ci ilin 7 mayından etibarən düşdüsə və
Sovet İttifaqı ərazisindəki xalqlara radionun
ixtiraçısının rus alimi Aleksandr Stepanoviç
Popovun (1859-1906) olduğu qəbul etdirilmişdisə də, həmin
vaxtlarda bizlərçün qapalı olan Qərb
dünyasında və ümumən dünyada bununla
bağlı qənaət başqa idi.
Dalğa kimi ötürülərək səsə
çevrilə biləcək möcüzəyə
çatmaq yolunda dünyanın irəligetmiş ölkələrinin
bir çoxunda alimlər ən ciddi çalışmalara
başlamışdılar və təqribən
aşağı-yuxarı eyni illərdə hamısı
öz ixtirasını etmişdi. Ona görə də hər
ölkə öz aliminə üstünlük verir, bu ixtirada
məhz özünün birinci olduğunu iddia edirdi.
Elektrik siqnallarının naqilsiz ötürülməsini
ixtisasca diş həkimi olan amerikalı
araşdırıcı Malo Lumis hələ 1866-cı ildə
kəşf edərək patentini 1872-ci ildə alsa da, Birləşmiş
Ştatlarda bu sahədəki ixtiraçılıq Devid Hyuzla
(1878) Tomas Edisona (1876), bir də 1891-ci ildə rezonans
transformatorlu ötürücü qurğunu yaratmış
Nikola Teslaya (1856-1943) aid edilir. Bir sıra Balkan ölkələri
də Teslanı bu sahədə birinci kimi qəbul edib.
Almaniyada Henrix Hersi (1888), Fransada Eduard Branlini (1890); Braziliyada
Landela de Morunu (1893-1894), Böyük Britaniyada Oliver Cozefi
(1894), Hindistanda Caqadiş Çandra Boşeni (1894-1895),
Rusiyada Yakov Narkeviç-İodkonu (1890) və Aleksandr Popovu
(1895) ilkin sayıblar.
Qərb ölkələrinin əksəri isə ənənəvi
olaraq italyan mühəndisi Qulyelmo Markonini (1895-1896) radionun
atası hesab edib.
Bu ixtiraçıların hər biri sonsuz ehtiram və
sevgiyə layiqdir. Bəzən onlardan hansınısa qabağa
çəkərək digərini qırağa qoymağa
edilmiş cəhdlər insafsızlıqdır. Axı
onların hamısını birləşdirən xoş məram
insanlara indiyəcən misli olmamış bir gözəllik bəxş
etmək idi. Kimin kimdənsə nəyisə
çırpışdırdığını dilə gətirmək
də rəva deyil. Onların hər biri ayrılıqda dəyərli
araşdırıcılar, məsuliyyətli
ixtiraçılar idilər. İxtiraların fərqli məkanlarda,
bir-birindən xeyli aralı ölkələrdə təxminən
eyni vaxtda baş verməsinin anlatdığı ayrı bir
hikmətsə ondan ibarətdir ki, bu, zamanın
hökmüymüş, başlanan yeni çağın
umacağıymış. Bəşəriyyətin həyatında
yeni səhifələr açacaq radionu da, kinonu da XIX
yüzilin bitər-bitməzində yeni əsrə ən vacib
hazırlıqlardan biri kimi dövr özü yaradırdı.
1896-cı il sentyabrın 2-də Solsberi düzənliyində
öz ixtirasını nümayiş etdirərək ilk dəfə
radioqrammanı oçağacan ən uzaq sayılan 3 kilometrlik
məsafəyə göndərən Markoni əslində
çox da uzaq olmayan sabahlarda dalğaların onminlərlə
kilometrləri aşaraq səsə və təsvirə
çevriləcəyi fövqəladə əyyamların
müjdəsini verirdi.
Dünya dəyişirdi, yeni zaman gəlirdi və
dünyanın dəyişməsinin, zamanın yeniləşməsinin
ən aşkar göstəricilərindən biri elə
doğulan radio idi.
Azərbaycan bu tərəfdən də bəxtlidir ki,
yeniləşən dünyanın dəyərləri
sırasında əhəmiyyətli yer tutacaq radioya sahib olmaq
baxımından da o, dünyanın ilkləri sırasında
oldu.
1922-ci ildə Amerika Birləşmiş
Ştatlarında eyni proqramları ölkə boyu yayan 22
ötürücü stansiya vardı. Elə həmin ilin 15
dekabrında İngiltərə də müntəzəm radio
yayımlarını başlayır. Almaniya və Fransa da daimi
radio efiri tarixini 1922-ci ildən hesablayır. İtaliya fasiləsiz
radio efiri tarixini 2 il sonra - 1924-də başlayıb. Bizə
coğrafiyaca ən yaxın və sovet onillərində sıx
bağlı olduğumuz Rusiyada ardıcıl sınaq səslənişlərindən
sonra 1924-cü ilin 23 noyabrından radionun daimi yayımları
başlanır.
Düz ikicə il sonra artıq Azərbaycanın da
öz radiosu var. Həm də qısa müddət ərzində
təcrübələnərək bu yolu çoxdan
gedirmiş təəssüratı yarada biləcək
sanballı radiosu. Müvəffəqiyyətin əsas
açarı isə bu idi ki, Azərbaycan
ziyalılığının ən aparıcı qüvvələri
lap əvvəldən radio ilə birlikdə idi.
Və sonra bunun özü də yazılmamış
bir qaydaya, üstün ziyalılığın səliqə
ilə riayət etdiyi vərdişə çevrildi.
Varlığının bir əsrinin 90 ili ərzində
Azərbaycan radiosunun özündə də həmişə
sanballı bir ziyalı özək, bacarıqlı qələm
sahibləri, iti yaradıcı təfəkkürlü insanlar
çalışdı, kənardan da ölkə
ziyalılığının müxtəlif yaş nəsillərinə
mənsub seçkinlər müdam radioya can atdılar - həm
radionun sabit müəllifləri sırasında oldular, həm
də radio verilişlərində iştiraka məmnunluqla mail
oldular. Ancaq yeni minillikdəki çoxistiqamətli cəmiyyət
dəyişmələrinin bir əks-sədası da radiodan
keçdi. Ənənə daşıyıcısı
köhnə radioçuların hansılarısa həyatdan
getdi, hansılarısa yaşlaşıb təqaüdə
çıxdı, asta-asta sıralar seyrəldi, radioya
yürüdülən tələblər dəyişdi, məzmun
da başqalaşdı, keçmişdəki şöhrətli,
dinləyicili verilişlərin əksəri qaldı dünəndə,
radio bütövlükdə maarifçilikdən daha çox
əyləncəliliyə doğru çöndü.
Dünənki radionun xiffətini çəkməyə
dəyərmi? O radio o epoxanın övladı idi, o
dövrün istəklərindən, ehtiyaclarından
doğmuşdu, qarşısında duran vəzifələri də
onillərcə şərəflə yerinə yetirdi. Ən
mühümü sovet dövlətinin məfkurə
silahlarından biri hesab edilsə də, həmişə millətinki
olaraq qalmağı bacardı.
Lap bircə kəlmə söz deməyib, şərh
də vermədiyi konserti ilə də milli ideyaya xidmət
etdi. Hər bazar günü saat 14-də radio Azərbaycan boyu
hamını başına yığaraq muğamat konsertini
dinlətdirərdi. Hakim sovet ideologiyasının istədiyi əslində
bu deyildi. O siyasətin tələbi “sovet xalqları”
adlandırdığı və çətiri altında
saxladığı millətləri bir-birində əritmək,
onların milli özünəməxsusluqlarını tədricən
yeknəsəqləşdirmək, birovuzlaşdırmaqdı.
Ancaq hər bazar günü muğam səslənirdi, hamı
dinləyirdi və hamının o konserti dinləməsində
xoşu gəlməkdən daha artıq bir
etirazçılıq vardı ki, bu bizik, bu bizə
babaların mirasıdır, ondan ayrılan deyilik.
Bazar günlərinin həmin muğamat konserti yenə
Azərbaycan radiosunda həmin saatda qalır. Lakin düşəsən
Azərbaycan boyu araşdırasan, sorğu aparasan, müəyyənləşdirməyə
səy edəsən ki, görən, bəs indi əhalinin nə
qədəri həmin saatda radionun yanındadır. Beş
faizmi, onmu, ya daha az? Yox, bu, heç bir xəyal
qırıqlığı yaratmayacaq, o dövrün öz rəngi
vardı, bu dövrün ayrı hüsnü.
Fəqət istənilən halda qoca və həmişəcavan
radiomuzdan bugünəcən etdiklərinə, həm də
bir çox hallarda bunu etməyin müşkül olduğu
çağlarda gerçəkləşdirdiyinə görə
sayğımızı və minnətdarlığımızı
əsirgəməyək.
Azərbaycan yeddi sovet onili ərzində öz milli
kimliyini çox cəhətdən qoruyub saxlamağı
bacardısa, dilinin saflığını hifz etməyə
qadir oldusa, milləti millət edən ümdə mənəvi
sütunlarını yaşada bildisə, bunda radionun xidməti
sözəsığmaz dərəcədə nəhəngdir.
Qala divarlarının yanında, o yerdə ki, indi Mirzə
Ələkbər Sabirin əzəmətli heykəli hər
gün insanlarla üzbəüzdür, ora elə 1926-cı
ildə də Sabir bağı idi, amma heykəl bu heykəl
deyildi. Orada Sabirin ayaq üstündəki abidəsi
ucalırdı, bu, bir Azərbaycan şairinə yüksəldilmiş
ilk abidə idi və üstündəki örtük vur-tut 4
il öncə çəkilmişdi. O abidə
açılanda Azərbaycan ziyalılığının, Azərbaycanın
ovaxtkı rəhbərliyinin təmsilçiləri,
böyük şairi sevənlər, onu 15-20 il öncə həyatda
görüb həmsöhbət olanlar, “Hophop”un
tanışları, dostları
yığışmışdılar və
yarandığı gündən bəri o bağ ilk dəfə
o cür izdihamlı olmuşdu. Ancaq 1926-cı ilin noyabr
günlərində həmin bağ elə Sabir heykəlinin
açılışında olan sayaq hər gün adamla
daşırdı. Bakılıları o bağa çəkən
həmin bağla “İsmailiyyə” binasının
aralığındakı bir hündür dirəyə bənd
edilmiş iri qara reproduktor idi.
“İsmailiyyə”, indiki Elmlər Akademiyası
binasının 3-cü qatında yenicə işə
başlamış Azərbaycan Radiosuna 3 otaq
ayırmışdılar. İlk verilişlər oradan səsləndirilirdi
və Sabir bağındakı reproduktorun yanına
toplaşanlar diktorun oxuduğu xəbərləri, arada səslənən
musiqiləri heyrət və heyranlıq içində dinləyirdilər.
Ömrünün ilk günlərini yaşayan Azərbaycan
radiosu “Danışır Bakı” deyirdi. Ömründə ilk
dəfə radio görüb-eşidən insanların
arasında elə sadədillər də vardı ki, bunu elə,
doğrudan, Bakının, Azərbaycanın
danışması kimi anlayırdılar.
İndi, aradan bir əsr ötürkən birinci dəfə
radio eşidən o insanlara “sadədil” deyirik.
Amma məgər zahirən sadəlövhlük təsiri
bağışlayan həmin düşüncələri ilə
insanlar haqlı deyildimi?
Məgər danışan elə gerçəkdən
Bakı, Azərbaycan deyildimi?
Ogünəcən camaat məşhur xanəndə
Cabbar Qaryağdıoğlunu (1861-1944) toylarda, el şənliklərində,
Filarmoniyadakı Şərq konsertlərində oxuyan
görmüşdü. İndi isə diktor elan edirdi ki, Cabbar
oxuyacaq və o qara reproduktordan yayılan səs bağı
doldururdu, qala divarlarını aşıb İçəri
şəhərə doğru havalanırdı.
Hələ 1926-cı ilin noyabrı idi, hələ
çalğıçılar, oxuyanlar mikrofon
qarşısında dayanıb oxumurdular, hələ səsləndirilən
vallar idi. Bir neçə ay sonra “İsmailiyyə”nin
üçüncü qatında radio üçün
ayrılmış otaqlardan biri, ən iri olanı xalılarla
döşənəcək, hər gün
çalğıçılar, oxuyanlar gəlib növbə
ilə mikrofon qarşısına keçəcək,
çalıb-oxuyacaq və Sabir bağına
toplaşanların sayı həmin oxuların,
çalğıların həvəsinə birə-beş
artacaq. Amma aylar ötdükcə Bakının bir neçə
başqa yerində də belə reproduktorlar asılacaq və
asta-asta radionun səsinin gedib yetişdiyi nöqtələr
daha uzaqlarda olacaq.
Radionun o tək studiya otağında döşəməyə
xalılar salıb divarlara məxmər örtüyü
yaraşıq üçün çəkməmişdilər.
Məqsəd yaraşıqdan əvvəl səsin daha keyfiyyətli
alınması, xalıların kənar küyləri
udması idi. İlk addımlarını atdığı o
günlərdə radionun varı-yoxu bircə dəftərin
bir neçə səhifəsindəki qeydiyyatla
tamamlanırdı. Onda, 1926-cı ilin son aylarında, 1927-ci
ilin əvvəllərində radionun fonotekası cəmi 40-ca
valdan ibarət idi. Hələ lent
yazılışlarının başlanacağı illərə
çox qalırdı. Bütün çıxışlar
da, musiqi də canlı idi.
Radiomuz o günlərdən 100 yaşına
çatanadək nə qədər zənginləşib
sualının cavabı qarşı-qarşıya qoyulan ikicə
rəqəmdədir. Yolunu başlayanda Azərbaycan Radiosunun 40
valı vardı, bu gün səs xəzinəmizdəkilərin
sayı 140 mini çoxdan aşıb, 200 minə
yaxınlaşmaqdadır. Bu isə misilsiz bir sərvətdir.
Millətin səs irsi!
...1970-ci illərdə Azərbaycan radiosunun köhnə
diktorlarından olan Soltan Nəcəfovla (1911-1981) tez-tez
görüşərdik. Ayrı-ayrı verilişlərə
vaxtaşırı qonaq olar, xatirələrini söylərdi.
Əruzlu şeirlər oxumaqçün də aktyorlardan daha
çox məhz Soltan müəllim dəvət edilərdi. Səbəb
bu idi ki, Soltan müəllimin həm səsi cazibəli idi, əski
şeirlərin ruhu ilə daha uyğun gələrdi, həm də
köhnə şairlərin şeirlərini vəzni
sındırmadan, daha düz oxuyardı.
O dövrdə Soltan Nəcəfova da, elə radiomuza
da “qocaman” deyərdik.
Mənim bəlkə də haqqım vardı.
Çünki özüm çox gənc idim. 20-21
yaşım vardı. Ancaq məndən qat-qat yaşlılar
da Soltan müəllimi “qocaman” deyə təqdim edirdilər
axı!
Ancaq Soltan müəllim də, sən deyən,
yaşlı deyildi, 60-nı təzəcə başa
vurmuş, heç 70-nə çatmamışdı. Radio isə
ondan da gənc idi - yaşı 50-nin həndəvərində
idi. Amma hər ikisi də artıq klassik kimi
qavranılırdı. Çünki ovaxtacan radiomuz da, onun ilk
diktorlarından biri Soltan Nəcəfov da şirin hekayətləri
olan maraqlı bir yolu arxada qoymuşdular. Ancaq nə qədər
ki Soltan Nəcəfov həyatda idi, xatirələrini
bölüşürdü, sanki uzaq tarix də
yaxınlaşırdı, radiomuzun ilk illəri adama lap
yaxın görünürdü.
Soltan Nəcəfov radiomuzun ən köhnə
diktorlarından idisə də, ilk deyildi, ondan qabaq
diktorlarımız olmuşdu. Mikrofon qarşısında
dayanmış ilk kişi diktorumuz o çağlarda Politexnik
İnstitutunda oxuyan İsmayıl Əlibəyov (1902-1988)
olmuşdu. O, radioya 1927-ci ilin iyununda birinci dəfə qədəm
basmışdı, bir il sonra isə radiodan ilk milli qadın
diktorumuzun da səsi gəldi.
Bu, Bakıya Salyandan gələrək Azərbaycan
Dövlət Darülfünunundakı Hüquq-iqtisad fakültəsində
yenicə təhsil almağa başlamış Raya İmanova
idi. Onun radioya gəlib çıxmasına səbəb elə
qonşusu İsmayıl Əlibəyov olmuşdu. Təsadüfən
söz düşür, Raya İsmayıla iş axtardığını
bildirir. İsmayıl da qayıdır ki, bilirsən, indi bu,
çətin məsələdir, gərək əmək
birjasına müraciət edəsən, sənədlər verəsən,
sonra da oturub gözləyəsən haçan
çağıracaqlar. Ancaq bir başqa münasib yol da var.
Həmin daha qısa və əlverişli yolun da nədən
ibarət olduğunu İsmayıl Rayaya başa salır. Deyir
ki, mən Xalq Rabitə Komissarlığı nəzdindəki
Radio Mərkəzində işləyirəm. Diktor bir mənəm,
bir də rusca mətnləri oxuyan bir qadın var. Azərbaycanca
mətnləri oxuyacaq qadın diktorumuz yoxdur. İndi diktora
çox ehtiyac duyulduğuna görə bu işə əmək
birjasını aşaraq, elə birbaşa müsabiqədə
iştirak etməklə girmək mümkündür.
İsmayıl bunu da əlavə edir ki, sən həm
savadlı qızsan, həm də, baxıram ki, nitqin də
aydındır, səsin mikrofona yaxşı yatacaq.
Bir neçə gün sonra Raya İsmayılla birgə
artıq “İsmailiyyə”də, orada Radio Mərkəzi ilə
ayrılmış 3 otaqdan birində idi. Onu yoxlayan münsiflər
3 nəfər idi. Üzeyir Hacıbəyli və təzə
ayaq tutan radionun 2 işçisi - diktor İsmayıl Əlibəyovla
texniki şöbənin müdiri İosif Qotlib. Əvvəlcə
söhbət edirlər, mətnlər verib oxutdururlar, “o biri
otağa keç” deyərək səsinə mikrofondan da qulaq
asırlar və qərarları da bu olur ki, “sabahdan işə
çıx”.
Çox keçməyəcək, Raya İmanova diktor
kimi şöhrətlənəcək və lap az sonra Azərbaycan
radiosunun bu ilk qadın diktorunun adına da, soyadına da
yüngülvari əl gəzdiriləcək. Bunu edən də
Cəfər Cabbarlı olacaq.
Söz yox, bu sevimli şeirin əvvəlinci
misraları səslənincə ardı yaddaşınızda əks-sədalanacaq.
Qaranlıq gecədə səni gözləyib
Durmaqdan yoruldum, ey dan ulduzu!
...Oxşatdım, yanıldım, könül verdim mən,
Bilmədən vuruldum, ey dan ulduzu.
Arxasınca qoşdum sonsuz bir yola,
Hər addımda tuş gəlincə bir kola,
Qaranlıqda çox baxındım sağ-sola,
Hər yana buruldum, ey dan ulduzu!
Büsbütün yorulub gücdən düşərkən
Bir ulduz parladı uzaq üfüqdən.
O görünən səndin, artıq gəldin sən,
Axır səni buldum, ey dan ulduzu!
Bu sətirlər parlaq Cəfər Cabbarlının qələmindən
çıxıb. Elə Cəfər özü də ədəbiyyatımızın,
mənəvi həyatımızın səmasında bərq
vuran bir dan ulduzu kimi idi. 1920-1930-cu illər mədəniyyətimizin
hansı səmtinə üz tutursansa, oradan Cəfər
Cabbarlı sorağı gəlir. Və Cəfər
özü də hansı sahədə görünürsə,
oraya mütləq yeni olan nəyisə gətirir.
Teatr mühitimiz çağlayır və bu təlatümü
yaradanların önündə gənc Cəfər gedir. Bədii
kinomuz oturuşmağa, gücünü artırmağa,
uğurlu sözünü deməyə başlayıb və
burada da Cəfər qabaq sıradadır. Radiomuzun xalqla təmasları
dərinləşir, mikrofon qarşısında mütəmadi
dayananlardan biri Cəfərdir.
Elə Cəfərin “İsmailiyyə”yə növbəti
gəlişlərindən birində Radio Mərkəzinin
Ədəbi verilişlər bölümünün rəhbəri
olan Məmməd Səid Ordubadi onu diktor Raya İmanova ilə
tanış edr.
Cəfər Cabbarlının bütün başqa məziyyətlərindən
savayı bir gözəlliyi də dilimizin saflığına
çalışması, Azərbaycan türkcəsini səslənişi
ağır ərəb-fars kəlmələrindən
bacardıqca xilas edərək onları öz kökdən gələn
sözlərimizlə əvəz etməsi, məlum söz
yatırımızdan qaneedici qarşılıqlar
tapılmayanda yeni uğurlu sözlər yaratması idi. Cəfərin
söz yaradıcılığının bir yönü də
adlar sarı çevrilmişdi. Bu gün Azərbaycanda
sayı-hesabı bilinməyən Sevillərin də,
Yaşarların, Dönməzlərin də ilkinini Cəfər
yaratmışdı, onun qələmində doğulmuş bu
adları ən birinci daşıyan onun ədəbi qəhrəmanları
olmuşdu.
Azərbaycanın milli radiosundakı ilk qadın
diktorun adı və soyadı canında bu yenilikçi və
təmizləyici şakər olan Cəfər
Cabbarlının döşünə yatmır. Axı səsindən
savayı bu diktorun adı və soyadı da hər gün efirdən
eşidilirdi: “Raya İmanova”. Təbii ki, adın və
soyadın əvəzində yenisini təklif edən deyildi.
Söyləyir ki, əvvələn, soyadınızı
İmanova yox, bundan sonra İmanzadə deyin və yazın.
İkincisi də, “Raya”, yəqin ki, sizin adınızın
qısaldılmış şəklidir. Ola bilsin ki,
adınızın əsli “Rayihə” imiş, amma sevərək,
əzizləyərək uşaqlıqda sizi “Raya”
çağırıblar, ad da beləcə qalıb. Qoy bundan
sonra ad-soyadınız radiodan Rayihə İmanzadə kimi elan
edilsin.
Beləcə, Cəfər Cabbarlı iki daş
arasında, bir-iki dəqiqəlik söhbət əsnasında,
elə ayaqüstü daha bir faydalı işini görməyə
macal tapır, Raya İmanova o gündən dönüb olur
Rayihə İmanzadə.
Və bu danışan həmin Rayihə
xanımdır. Bu səs yazısının yaşı 60
ildir və ilk qadın diktorumuz bu xatirələrində 1920-ci
illərin sonlarında, 1930-cu illərin lap əvvəllərindədir.
Danışdıqca bizi də o günlərə aparır:
“RV stansiyasının açılışı 29-cu ilin
axırında oldu. Müslüm Maqomayev (1885-1937) buna bir
marş həsr elədi. O təzə studiyada birinci dəfə
o “RV8” marşı çalındı. Mənim çox
yaxşı yadımdadı Məmməd Səid Ordubadi, biz
ona Mirzə deyərdik. O, çox tez-tez səhnəciklər
yazardı. Hər bir kampaniya keçirilirdisə, hər bir
bayramlar, hər bir əlamətdar günlər olurdusa, səhər
o, səhnəcik, ya bir ədəbi veriliş yazıb gətirərdi.
Çox, olduqca səmərəli işləyən bir ədib
idi. Özü də o, həmişə biz diktorlara
baxardı, hərənin özünə xas olan rollar
yazardı”.
Böyük Müslüm Maqomayevin indi
çoxlarına bəlli olmayan bir təxəllüsü də
varmış: “Çahargah”. Muğamlar içində ən
çox sevdiyi “Çahargah”mış, bəstələrində
də “Çahargah”a vaxtaşırı müraciət edərmiş.
Ona görə də bu muğamı dostlar onun adıyla
qoşalaşdırıbmışlar. Ancaq Müslüm
Maqomayev 1929-cu ildə radioda bədii rəhbər olduğu
dövrdə yaratdığı bir musiqi incisi ilə elə
möhür vurub ki, nə qədər radiomuz var, onun adı həmişə
radiomuzla birgə çəkiləcək.
1929-cu ildə radiomuz 3 yaşına
çatırdı. Ancaq bu 3 il ərzində istər texniki təchizatı,
istərsə də bədii səviyyəsi, verilişlərin
keyfiyyəti baxımından bir neçə 3 ilə
sığacaq qədər inkişaf etmişdi.
Köhnə radioçular danışırdı ki, məhz
1929-cu ildə radionun həyatında kəskin
dönüşün başlanmasının əsas təkan
nöqtələrindən biri RV8 radiostansiyasının istifadəyə
verilməsi oldu. Buna qədər RV8-dən müqayisəedilməz
qədər zəif olan RV47 stansiyasından istifadə
edilirmiş. Stansiyanın ötürücülük
gücü aşağı olduğundan verilişlərə
Bakının yalnız məhdud bir dairəsində qulaq asmaq
mümkünmüş.
1929-cu ilin sonlarında Radio Mərkəzi “İsmailiyyə”
binasından Bakı Baş Poçt-Teleqraf binasına
köçür. Həm qat-qat güclü RV8
stansiyasının işə düşməsi, həm yeni
binadakı daha uyğun iş şəraiti, həm
radiodalğaların yayılış əhatəsinin
artması yaradıcı kollektivi daha da ruhlandırır.
Konsertlərin, bədii proqramların saatı
artmağa üz qoyur. Bakı və ətrafında
reproduktorların quraşdırıldığı məntəqələr
də çoxalır. Radioya yeni nəfəs gəlmişdi və
sevincli günlərdə Müslüm Maqomayev də yeni
radiostansiyanın şərəfinə “RV8” adlandırılacaq
və ilk səslənişindən də qan qaynadacaq, hər
kəsin qəlbinə yatacaq, onillər sonra da təravətini
itirməyəcək radio marşını bəstələyir.
Qismət elə gətirmişdi ki, “Axşam
görüşləri”, “Nəğməli ömürlər”
verilişlərimi montaj etdiyim vaxtlarda bir neçə dəfə
təsadüfən unudulmaz Soltan Nəcəfovla
rastlaşmışdıq. Elə dəhlizdən keçəndə
tanış melodiyanı eşidərək montaj
otağına daxil olmuşdu, əyləşib həmin radio
marşını dinləmişdi və hər dəfə də
mütəəssir olmuşdu.
Bu marş bizimçün sadəcə gözəl, qəlbəyatan
musiqi idi.
Onunçünsə bu musiqi ömrün bir daha
qayıtmayacaq, sabahlara arzu və ümidlərlə dolu gənclik
parçasıydı.
Bu melodiya ondan ötrü köhnə, munis
çöhrələrlə yenə üz-üzə qalmaq
fürsəti idi...
Azərbaycan Radiosunun səsləndiyi illər boyunca həmişə
musiqi və ədəbiyyat istiqaməti yüksək səviyyəsi
ilə seçilib, örnək ola bilib, zövq, dəb,
üslub diktə edib. Həmişə də bu redaksiyalarda
sanballı ədiblər, istedadlı qələm ustaları,
səriştəli, qabil musiqiçi və
musiqişünaslar çalışıb. Bünövrədən
ənənələr elə gəlib ki, bu sağlam xətdən
kənara bircə addım atmaq belə mümkünsüzləşib.
Səbəb sadədən-sadədir. Azərbaycan radiosu yolunu
başlayanda musiqi sahəsinə Müslüm Maqomayev, ədəbi
işlərə isə Məmməd Səid Ordubadi rəhbərlik
etdi. Onların yaratdığı mükəmməl
özüldür ki, sonra onillərcə işlək
qaldı.
Unudulmaz Soltan Nəcəfov ilk müəllimlərindən
saydığı Müslüm Maqomayevin radio illərini həmişə
xüsusi həyəcan və riqqətlə xatırlardı.
Soltan müəllimlə mən bu söhbətimizi lentə
alanda 1975-ci il idi, hələ tələbə idim və o il
Üzeyir bəylə Müslüm bəyin 90 illiyi bayram ediləcəkdi.
O iki dahi sənətkarla ünsiyyətdə olmuş
insanları danışdıraraq xatirələrdən ibarət
iki ayrıca veriliş hazırlamışdım. Həmin
xatirə söyləmişlərin özləri hamısı
çoxdan xatirədir. Səslərsə qalır. Düyməni
basınca adam canlanır, Soltan Nəcəfov sanki
yanımızdaymış kimi danışmağa
başlayır: “Müslüm Maqomayev 1928-ci ildən 1933-cü
ilədək radioda bədii rəhbər vəzifəsində
işlədiyi müddət ərzində müxtəlif
janrlı konsertlərin efirdə qüsursuz səslənməsinə,
konsert proqramlarının yüksək məzmunlu olmasına
böyük diqqət verərdi. Ara-sıra konsert ərəfəsində
bəstəkarın ifaçılarla şirin
yaradıcılıq söhbətlərinin şahidi
olmuşam. O, bəzən məşq zamanı gənc
ifaçılara dəyərli məsləhətlər verərdi.
Müslüm Maqomayev təşkilati işlərlə
yanaşı, yaradıcılıqla məşğul
olmağa da vaxt tapırdı. Onun bəstələdiyi “RV8”
radio marşı, “Azərbaycan çöllərində”,
“Karvan, Şüştər”, “Şəlalə”
rapsodiyaları, “Neft, mazut ordusu” və başqa mahnıları
radioda xidmət etdiyi illərin məhsuludur. O zaman radioda ədəbi
rəhbər vəzifəsində çalışan
yazıçı Məmməd Səid Ordubadi ilə
Müslüm Maqomayevin sıx yaradıcılıq əlaqələri
və səmimi dostluq münasibətləri vardı. Belə
ki, Müslüm Maqomayevin bəstələdiyi “Yaz”,
“Kolxozçular marşı”, “Bizim kənd” və başqa
mahnılarının sözlərini Məmməd Səid
Ordubadi yazmışdı. Eləcə də həmin illərdə
Məmməd Səid Ordubadinin qələmə
aldığı “Aprel gəlini”, “Altı nömrəli otaq” və
“Çobanlar” radio səhnəciyinin musiqi tərtibatını
Müslüm Maqomayev vermişdi. Bu radio səhnəciyinin
maraqlı yaranma tarixi ilə sizi tanış etmək istəyirəm.
“Çobanlar” mənzum radio səhnəciyində Azərbaycanın
yoxsul kəndlilərinin müsavatçılara qarşı
mübarizəsindən bəhs olunurdu. Əsərin baş qəhrəmanları
kəndli qızı Nərgiz və çoban Əlyar idi.
Müslüm Maqomayev bu radio səhnəciyi üçün
orijinal musiqi parçaları bəstələmişdi. Əsər
1932-ci il aprelin 28-də efirdə səsləndi. Kəndli
qızı Nərgizin parlaq obrazı bəstəkara
yaradıcılıq ilhamı verdi. O, bu fikri Məmməd Səid
Ordubadiyə söylədi. Fikir bəyənildi. 1933-cü ildən
“Nərgiz” operası yazılmağa başlandı. 1935-ci il
dekabrın 24-də isə “Nərgiz” operasının ilk
tamaşası böyük müvəffəqiyyət
qazandı”.
...Radionun ilk illərində hər gün verilən
konsertlərin proqramları makinada çap olunurdu, təsdiqlənirdi.
Konert oldu, bitdi, növbəti gün, yeni konsertlər gəlirdi
və sanki dünənki, srağagünkü konsert elanı
proqramları əhəmiyyətini itirirdi. Axı o vərəqlərdə
zahirən xüsusi diqqətə layiq bir şey yoxdu. Konsertin
günü, radioda hansı saatda səslənməsi, hansı
ifaçının nəyi oxuyub çalması. Vəssəlam!
Xəsis sətirlər. Radioda o kağızların
hamısını yığıb saxlasaydılar, 3-4 ildən
sonra oralarda tərpənməyə yer olmazdı, heç
saxlamağa lüzum da yoxdu. Odur ki, atırdılar gedirdi.
Soltan Nəcəfovsa illərin saraltdığı həmin vərəqlərin
hamısını ömrünün sonunacan ən əziz
yadigarlar kimi qoruyub saxladı. Başqalarının nəzərində
sadəcə ayrı-ayrı musiqi nömrələrinin
elanından ibarət bu vərəqlərin hər biri Soldan
müəllimçün xatirələr
dağarcığı, qərib dünənlərdə
sayrışan yaddaş adalarına aparan bələdçilərdi.
Hər adı oxuyunca o gün o saat bütün
ayrıntılarıyla hafizəsində dirçəlirdi,
Soltan müəllim başlayırdı gah Seyiddən, gah
Zülfidən, gah Qurbandan, gah Yavərdən sıra-sıra
xatirələri nağıl etməyə, elə bil bu
saralmış, üstündəki yazıları solmuş vərəqlər
ömür səhnəsinin qalın pərdəsiymiş,
çəkilincə ardındakı dünənki həyat
bütün rəngləri və çalarlarıyla göz
önündə sayrışırdı,
axarındaysanmış kimi canlanırdı...
10 iyul 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 16 iyul(¹122).-S.12-13.