Siyasi lider obrazı
dövlətin rəmzi kimi
Tarixin hər bir dövrü liderlik etməyi bacaran
şəxsiyyətlərə ehtiyac duyur. Parlaq zəkası,
cəsarəti, sədaqəti ilə cəmiyyətin inam və
güvənc yerinə çevrilən liderlər həmişə
insanları vahid ideya ətrafında birləşdirərək
ən çətin anlarda belə onları ümidsizliyə
qapılmağa qoymayıb, mübarizəyə
ruhlandırıblar. Bu gün öz ərazi
bütövlüyünü bərpa edərək yeni intibah
dövrünü yaşayan, dünya miqyasında söz
sahibinə çevrilən müstəqil Azərbaycanın həmin
əvəzolunmaz şəxsiyyəti öz siyasi fəaliyyəti
ilə xalqımızın Ümummilli lideri adını
qazanmış Heydər Əliyevdir.
Heydər Əliyevin möhtəşəm obrazı
zaman-zaman şairlərimizin, alimlərimizin, nasirlərimizin əsərlərində
parlaq şəkildə təsvir olunur. Artıq uzun illərdir
ki, Heydər Əliyev haqqında saysız-hesabsız şeirlər,
poemalar, bədii-publisistik yazılar, elmi-tədqiqat əsərləri
yazılıb. Yüzlərlə rəsmlər, portretlər
çəkilib, filmlər lentə alınıb. Lakin ona olan
ümumxalq məhəbbəti nəinki bitir, daha da genişlənir,
yeni müəlliflərin diqqətini cəlb edir. Bir vaxtlar “Nə
qədər ki, Azərbaycan var, mən də varam” deyən
Heydər Əliyev ən böyük abidəsini dövlətimizin
parlaq gələcəyi naminə gördüyü işlərlə
insanların qəlbində ucaldıb. Hər il olduğu kimi,
bu il də may ayında Ulu öndərin anadan olmasının
102-ci ildönümü ilə əlaqədar həm yerli, həm
də xarici mətbuatda yüzlərlə məqalə dərc
olundu, sənədli filmlər nümayiş etdirildi.
Həmin məqalələrdə Heydər Əliyevin
müstəqil Azərbaycan dövlətinin yaradılması,
qorunması, təməlinin möhkəmləndirilməsi,
inkişafı, tərəqqisi, qüdrətli ölkəyə
çevrilməsi uğrunda göstərdiyi əvəzsiz xidmətləri,
qətiyyətli fədakarlığı, dönməz
mübarizliyi nə qədər geniş vəsf olunsa da, yenə
azmış kimi görünür. Çünki Ulu öndərin
atdığı hər bir tarixi addımı bilavasitə bir
amala - Azərbaycan dövlətinin və xalqının
müstəqillik məfkurəsinin yaradılmasına yönəlmişdi.
Əbəs deyil ki, bu dahi şəxsiyyət Azərbaycan
xalqı, ölkəmizin müstəqilliyə qovuşması
uğrunda canını, sağlamlığını belə əsirgəməyib,
bu yolda nəinki özünün, hətta ailə üzvlərinin
həyatını təhlükədə qoymaqdan çəkinməyib.
Biz bu tarixi məqamların təhlilini apardıqca, hər dəfə
yeni şərəf səhifəsini açmış oluruq.
Bu baxımdan onun haqqında yazılanlara münasibət
həm siyasi, həm də tərbiyəvi mənada
maraqlıdır. Onların yazıları ilə bütöv
bir siyasi şəxsiyyətin portretini yaratmaq
mümkündür. Odur ki, mətbuatda yazılarla ciddi
maraqlanmaq hər bir ziyalı vətəndaş
üçün vacibdir. Bu nöqteyi-nəzərdən bu
günlərdə “Azərbaycan” qəzetində
ayrı-ayrı vaxtlarda dərc olunmuş eyni mövzuda iki məqalə
diqqətimizi cəlb etdi. Onlardan birincisi Azərbaycan
Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyasının sədri professor Famil Mustafayevin, ikincisi
yazıçı-dramaturq Hüseynbala Mirələmovun məqalələri
idi.
Professor Famil Mustafayevin böyük maraqla oxuduğumuz
“Sədaqət və cəsarətin manifesti” adlı essesi (“Azərbaycan”
qəzeti, 08.05.25-ci il) və
professor, yazıçı-dramaturq Hüseynbala Mirələmovun
həmin yazıya cavab olaraq qələmə aldığı
“Xalqımıza xas ali əxlaq” (“Azərbaycan” qəzeti, 21.05.2025-ci
il) adlı bədii-publisistik yazısı haqqında söhbət
açılan məfhumların yalnız sözdə deyil, əməldə
necə yaşandığını göstərən
canlı örnəkdir. Famil müəllimin atasının
öz dostunu xilas etmək naminə canından keçməsi əslində
ən ali insani keyfiyyət olan fədakarlığı
özündə ehtiva edir. Sədaqətlə sübuta yetirilən
dostluq bu məqalədə artıq sadəcə münasibətə
yox, əqidəyə çevrilir. F.Mustafayevin
yazdığı kimi, “Sədaqət - sadəcə dostluq yox,
həm də əqidədir. Cəsarət - sadəcə
qorxmamaq deyil, gərəkli anda doğrunun yanında
olmaqdır”, - deyə qeyd olunur. Bu sözlər bir insanın
ailəsi ilə bağlı xatirələrində yer alsa da, əslində
yaxşı mənada cəmiyyətin ruhuna toxunan ifadələrdir.
Həmin olay bizə sədaqət və cəsarətin nə
qədər ali bir dəyər olduğunu sanki yenidən
xatırladır.
H.Mirələmov da yazısında bununla bağlı
öz dəyərli mövqeyini açıqlayır: “Məqalədə
məntiqi və mənəvi ardıcıllıqla Ulu öndər
Heydər Əliyevin obrazına keçid edilir, sədaqət
və cəsarətin dövlət səviyyəsində necə
təcəssüm etdiyi gözəl tərzdə izah olunur...
Sədaqətin sadəcə şəxsi münasibətlərdə
yox, həm də siyasi mübarizədə, millət
qarşısında götürülən məsuliyyətdə
özünü necə büruzə verdiyini Heydər
Əliyevin taleyində gördük. Moskvada təqiblərə
baxmayaraq, millətinə olan sədaqəti bir an belə
sarsılmadı. 1993-cü ildə ölkənin
varlığı sual altında olduğu anda xalqının
çağırışına cavab verməsi - bu, həm cəsarət
idi, həm də misilsiz sədaqət!”
Ümummilli liderin keçdiyi çətin və
şərəfli ömür yolunu göz önünə gətirərəkən
onun nə dərəcədə xalqına sədaqətli
olduğuna, heç bir halda təhlükə
qarşısında qalmaqdan çəkinməyəcək dərəcədə
cəsarətli olduğuna bir daha əmin oluruq. İstər
onun Bakıya qayıdışı, istər Sürət
Hüseynov kimilərini “sakitləşdirməsi”, istərsə
də əlisilahlı müxalif dəstələrlə
ölüm-dirim mücadiləsi aparması bu dahi şəxsiyyətin
tariximizdə danılmaz cəsarət sahibi olmasından xəbər
verir. Təkcə bir faktı qeyd edə bilərik ki, Heydər
Əliyevin dərin təhlilə ehtiyacı olan bir vəziyyətdə
onun Prezident Aparatı önündə çıxış
üçün qərar verməsi idi. Şahidlərin dediklərinə
görə, həmin saatda binada cəmi dörd nəfər
qalıbmış. Əlisilahlı müxalif qüvvələrin
binanı mühasirəyə alaraq oradakı insanları girov
götürmək və ya məhv etmək ehtimalının
olduğunu bilə-bilə sarsılmadan inam və iradə
nümayiş etdirən Heydər Əliyev dövlət
televiziyası vasitəsilə xalqa canlı müraciət edərək
öz cəsarətli çıxışı ilə minlərlə
həmvətənini meydana səslədi.
Çıxışını bitirdikdən bir qədər
keçmiş o binanın önünə çıxıb
minlərlə insanın qarşısında yaddaqalan tarixi
çıxışını etmişdi. Əminik ki, Ulu
öndər Heydər Əliyev xalqımızın
yaddaşında fədakarlıq simvolu kimi əbədi
yaşayacaq.
Bu dahi şəxsiyyətin timsalında müdrikliklə
cəsarət və fədakarlıq sanki müqayisəyəgəlməz
bir harmoniya yaradırdı. O, ən kritik məqamlarda belə
gözləmə mövqeyi tutmadan xalq, Vətən
üçün zəruri olan addımları atır,
taleyüklü qərarlar qəbul edirdi. Azərbaycan xalqının
qan yaddaşına daxil olan 20 Yanvar faciəsi zamanı
xalqın səsinə hər kəsdən əvvəl səs
verən məhz Ümummilli lider olub. O zaman Moskvada, Kremldə
xüsusi nəzarət altında olsa da, hadisələrdən
dərhal sonra, 1990-cı il yanvarın 21-də ölkəmizin
Moskvadakı daimi nümayəndəliyinə gələrək,
bu qanlı təcavüzə kəskin etirazını bildirdi,
faciəni törədənləri ən sərt şəkildə
ittiham etdi, qoşunların Bakıdan
çıxarılması tələbini irəli sürərək,
bütün dünyaya qanlı yanvar olayları ilə
bağlı səs saldı. SSRİ-nin hələ süqut
etmədyi bir vaxtda o dövrdə qəddarlıq
nümayiş etdirən Qorbaçov rejiminə açıq
şəkildə, özü də imperiyanın mərkəzində
etiraz etmək sözün əsl mənasında cəsarət
tələb edirdi. Məhz Heydər Əliyev özünün
və ailə üzvlərinin həyatını açıq
təhlükə qarşısında qoyaraq, bu addımı
atdı, hər şeydən əvvəl Vətən, xalq
qarşısında öz vətəndaşlıq və milli
mövqe missiyasını həyata keçirdi və bu yolda
lazım gələrsə, canını da əsirgəməyəcəyini
nümayiş etdirdi. Bəlkə də həmin tarixi bəyanat
olmasaydı, xalqımız və dövlətimiz öz
müstəqilliyini elan etməkdə çətinlik
yaşayardı.
20 Yanvar hadisəsi tarixə faciə kimi deyil, Azərbaycan
xalqının azadlıq istəyinin oyanışı kimi
düşdü. Bu tarixi gün yetmiş ildən artıq
sovet rejimində yaşayan bir xalqın öz suverenliyi
uğrunda cəsarətinin təntənəsi oldu. Həmin
gündən etibarən xalqımız yeni tarixi mərhələyə
qədəm qoydu. Ölkəmizin müstəqilliyi ideyası
inkişaf edərək ümummilli məqsədə
çevrildi. Xalqımız öz cəsarətini, mərdliyini,
torpağının hər qarışı uğrunda
canını qurban verməyə hazır olduğunu 30 ildən
sonra bütün dünyaya nümayiş etdirdi. Ali Baş
Komandanın rəhbərlik etdiyi rəşadətli ordumuzun
gücü, qüdrəti sayəsində 44 gün ərzində
tarixi ədalət bərpa olundu. Şəhidlərimizin
qanı yerdə qalmadı. İşğal altında olan
torpaqlarımız tam şəkildə azad edildi.
Famil müəllim öz məqaləsində
Ümummilli liderin daxili və xarici siyasətinin nə qədər
düzgün olduğundan bəhs edərək qeyd edir ki, onun
öz sözünün ağası olmaq kimi xüsusiyyəti
sayəsində böyük dövlətlərin rəhbərlərinin
imza atdıqları taleyüklü “Əsrin müqaviləsi”
bağlanmışdır. Heydər Əliyev neft və qaz
hasilatının artımına ölkənin
qarşıdakı iqtisadi və sosial çətinliklərinin
aradan qaldırılmasında əsas vasitələrdən
biri kimi baxırdı. Belə bir şəraitdə maliyyə
imkanlarının məhdudluğu xarici şirkətlərin və
sərmayəçilərin cəlb olunmasını strateji zərurətə
çevirmişdi. Heydər Əliyevin hakimiyyətə
qayıdışından dərhal sonra xarici sərmayəçiləri
neft müqavilələri üzrə fəal
danışıqlara başlandı və çətin proseslərdən
sonra Azərbaycanın maraqlarına cavab verən müqavilə
şərtləri əldə edildi. 1994-cü il sentyabrın
20-də Bakıda “Gülüstan” sarayında Qərbin neft
şirkətləri ilə bağlanmış neft sazişi
müstəqil Azərbaycan Respublikasının yeni tarixinin
vacib səhifəsini açdı. Sonradan haqlı olaraq
“Əsrin müqaviləsi” adlandırılan bu saziş həqiqətən
müstəqil Azərbaycanın neft salnaməsinə əbədi
həkk olundu. “Əsrin müqaviləsi” adı ilə indi
bütün dünyada tanınan bu sazişin imzalanması və
onun gerçəkləşməsi müstəqil Azərbaycanın
iqtisadi inkişaf konsepsiyasını təşkil edən və
böyük siyasətçi Heydər Əliyev tərəfindən
işlənib hazırlanmış neft strategiyasının həyata
keçirilməsinin parlaq təzahürü oldu.
Milyonlarla insanın ümid çırağına
çevrilərək qəlblərdə əbədi yurd
salmaq çox az rəhbərlərə, liderlərə nəsib
olmur. Hələ sağlığında canlı əfsanəyə
çevrilmiş Heydər Əliyev ürəklərdə
özünə əbədi abidə ucaldıb. Onun parlaq
ideyaları hələ uzun illər boyu gələcəyə
gedən yollarımızı işıqlandıracaqdır.
Bütün mənalı ömrünü xalqa həsr edən
bu nurlu şəxsiyyətə bəslənilən sevgi
tükənməzdir.
Qədirbilən xalqımız onun Ümummilli
liderimizin bizə əmanət olaraq qoyub getdiyi zəngin mənəvi,
siyasi irsi bu gün də, sabah da öyrənilməli, onun əsas
mahiyyəti dərk edilməlidir. Bu zəngin tarixi dövr,
yuxarıda adlarını çəkdiyimiz müəlliflərin
məqalələrində gördüyümüz kimi,
müstəqil Azərbaycan dövlətinin onurğa
sütunudur. Bunun əsasında Ulu öndərin ortaya
qoyduğu “azərbaycançılıq” ideyasıdır.
Xalqımızda əsaslı əminlik var ki, bu ideya cəmiyyətimizdə
insanların şüurlarında özünə yer taparaq
uzunmüddətli idealogiyaya çevrilərək, xalq kütləsini
öz ətrafında birləşdirəcəkdir.
Rafiq ƏLİYEV,
Rövşən AĞAYEV
525-ci qəzet .- 2025.- 16 iyul(¹122).-S.8.